Medallı igidlərimiz

 

 «Düşməni məhv edib qələbə ilə qayıdacağam…»

 

Torpaq uğrunda şəhid olanların adları həmişə müqəddəs tutulub, şərəflə anılıb, hörmətlə xatırlanıb. Xalq belə cəsur oğullarının adlarını tarixin səhifəsinə böyük hərflərlə yazıb, şərəfinə heykəllər ucaldıb, abidələr qoyub. Torpaq uğrunda şəhid olaraq öz şirin canlarından keçən oğullardan biri də Bədəlov Vüqar Baloğlan oğludur. Erməni işğalçıları ölkəmizin ərazisinə hücum çəkəndə yurdumuzun müdafiəsinə atılan oğullardan biriVüqar Bədəlov oldu. Vüqar qısa, lakin şərəfli, yaddaqalan bir ömür yaşadı. Sanki bir gül kimi açıb, tezsoldu. Onun tale yolunu yazmağa heç qələm də əldə durmur. Axı cəmi on doqquz il ömür sürmüş və torpaqlarımız uğrunda şəhid olmuş bir əsgərdən, bir oğuldan necə yazasan? Necə yazasan ki, qələmə alınan sətirlər şəhid anasını kövrəltməsin, şəhid bacını ağlatmasın, şəhid qardaşını kədərləndirməsin. İnsanın cavan yaşda ölümü çox acıdır, çox üzücüdür. Amma bu ölüm torpaq uğrunda, Vətən yolunda olanda bu adama bir az təskinlik verir. Deməli, Vüqar kimi cəsur oğullar ömürlərini boş yerə qurban vermədilər. Canlarından da çox sevdikləri Vətən yolunda şəhid oldular.

 

Cəsur əsgər haqqında qələmə aldığım yazının bu yerində, bu məqamında onun keçdiyi ömür yolundan qısaca söhbət açmaq istəyərəm. Bədəlov Vüqar Baloğlan oğlu 1973-cü il mart ayının 3-də Bakının qədim kəndlərindən biri olan Bülbülədə dünyaya göz açmışdı. Göz açmışdı ki, bu işıqlı, bu yaraşıqlı dünyada yaşasın. Hamı kimi ömür sürsün, hamı kimi həyatını başa vursun. Taleyinin necə yazıldığından, qismətindənsə xəbərsiz idi. Dəcəlliklə dolu olan uşaqlıq çağları ötüb arxada qaldı. Yeddi yaşın tamamında tay-tuşları, yaşıdları ilə boy-boya verib, ürəyində bir dünya sevinc 208 nömrəli məktəbə yollandı. Gündüzlər uşaqlarla, müəllimlərlə, gecələrsə kitablarla baş-başa qaldı. Həyatı adi bir axarla getdi. Günlər həftələrə, həftələr aylara, aylarsa illərə döndü. Məktəb illəri çay suları kimi bir göz qırpımında axıb getdi. İllərin üstünə il, yaşın üstünə yaş gəldi. Bir-bir illəri yola salan Vüqar da böyüdü. Böyüdükcə ağıllandı, kamallandı, müəllimlərinin, dostlarının sevimlisinə çevrildi. Şirin dilli, xoş ovqatlı olması ilə hamıda özünə qarşı məhəbbət, sevgi oyatdı.

 

Artıq məktəb illəri arxada qaldı. Qarşıda isə onu hərbi xidmət gözləyirdi. Vüqar ordu sıralarına çox təlatümlü, çox narahat bir vaxtda getdi. Erməni işğalçılarının ölkəmizə qarşı hücumlarının tüğyan etdiyi, respublikamızın çalxalandığı bir vaxtda Vüqar Bədəlovu keçmiş sovet ordusunun sıralarına çağırdılar. Halbuki, həmin günlərdə özümüzün müdafiəyə böyük ehtiyacımız var idi. 1991-ci ilin aprel ayında Vüqar Bədəlov ordu sıralarına yollandı. Keçmiş ittifaqın paytaxtı olan Moskva yaxınlığındakı hərbi hissədə xidmət etməli oldu. Amma burada əsgəri borcunu axıra qədər yerinə yetirə bilmədi. O vaxtlar ölkədə hökm sürən özbaşınalıq hərbi hissələrə də təsirsiz ötüşmürdü. Nəzarətsiz qalan bir çox hərbi hissələr yavaş-yavaş dağılırdı. Əsgərləri öz Vətənlərinə göndərirdilər. Həmin günlərdə torpaqlarımızın azadlığı uğrunda gərgin və amansız döyüşlər gedirdi. Moskvadakı xidmətini yarımçıq qoyan Vüqar 1992-ci ilin sentyabrında doğma Vətənə döndü. Heç evlərinə də baş çəkmədən Daxili Qoşunların hərbi hissəsinin tərkibində Ağdam bölgəsinə yollandı. Qardaşı İlqar Vüqarın geri döndüyünü və döyüşlərə getdiyini öyrənəndən sonra onunla görüşmək üçün vaxt itirmədən cəbhə bölgəsinə yollanır. Ağdama yetişəndə ona Vüqarın Ağdərədə olduğunu deyirlər. Vaxt itirmədən onun görüşünə tələsir. Qardaşlar soyuq payız günlərinin birində Ağdərədə görüşürlər. İlqar komandirdən bir neçə günlük icazə alıb qardaşını evə aparmaq istəyir. İstəyir ki, onun yolunu gözləyən Baloğlan ata, Səmayə ana onun üzünü görsün, səsini eşitsin, nəfəsini duysun. Amma Vüqar buna razı olmayır «Valideynlərimin yanına qələbə sorağı ilə qayıtmaq istəyirəm. İnşallah çox keçməz ki, düşməni vurub geri oturdarıq, torpaqlarımızı azad edərik. Bax ondan sonra ata-anamın yanına alnıaçıq, başıuca, qələbə sorağı ilə dönərəm» - deyib.

 

Bu sözləri dilinə gətirəndən sonra Vüqar qardaşı ilə sağollaşaraq döyüşlərə – Ağdərənin müdafiəsinə yollanır. Neçə-neçə qanlı döyüşlərdə iştirak edir. Silahının nişangahına tuş gələn erməni qəsbkarlarını gəbərdir. Döyüşdən-döyüşə təcrübəsi və səriştəsi artır. Ürəyi Vətən eşqi ilə döyünən Vüqar müharibənin son gününə qədər vuruşmaq, Qarabağı erməni qəsbkarlarından azad etmək arzusu ilə yaşayırdı. Təəssüflər olsun ki, düşmən tərəfindən açılan qəfil bir atəş onun bütün arzularını yarımçıq qoydu. 1992-ci il noyabr ayının 5-i onun son döyüşü, son savaşı oldu. Həmin gün döyüş meydanında ağır yaralanan Vüqarı əsgər dostları xəstəxanaya çatdırdılar. Amma həkimlər əsgərin həyatını xilas edib, onu ölümün əlindən ala bilmədilər. Vüqar qəsbkarların gülləsindən şəhid oldu, əbədi olaraq gözlərini yumdu.

 

Bir gəncin, bir insanın ömür yolu yarımçıq qaldı. Cəbhədən qələbə ilə qayıdacaq oğul yolu gözləyən valideynlər yasa batdılar. Analar, bacılar başlarına qara bağlayıb acı göz yaşları axıtdılar. Vüqar Bədəlov qohumlarının, doğmalarının qolları üstündə Şəhidlər xiyabanında torpağa tapşırıldı. Bəlkə də Vüqar sağlığında keçmiş Dağüstü parkında çox gəzib dolanmışdı. O günlərdə heç ağlına da gəlməzdi ki, bir vaxlar bu yerlər ona məzar olacaq.

 

Yurdumuzun azadlığı uğrunda vuruşub şəhid olan Vüqarın xidməti layiqincə qiymətləndirildi. Bülbülə qəsəbəsindəki keçmiş Dzerjinski adına küçəyə cəsur əsgər Vüqar Bədəlovun adı verildi. Bir vaxtlar addımladığı küçə indi onun adını daşıyır. Valideynləri, doğmaları onunla fəxr edib öyünürlər. Bu küçədə qürurla addımlayırlar. Başqa şəhidlərimiz kimi Vüqarın da xatirəsi həmişə əziz tutulur. Təhsil aldığı 232 və 208 nömrəli məktəblərin pedaqoji kollektivi və şagirdləri həmişə onu hörmətlə anır, ehtiramla xatırlayır. Vüqarın doğumölüm günlərində məktəbdə anım günləri keçirilir. Onu tanıyanlar Vüqarla bağlı xatirələrindən söz açırlar, onu hörmətlə anırlar.

 

Qardaşı İlqar da Vüqarın adını ailələrində əbədiləşdirib. Oğluna Vüqarın adını verib həyatda əmisi kimi vüqarlı olmağı tövsiyə edib.

Daxili Qoşunlarda xidmət etmiş və hazırda ehtiyatda olan bacısı Səbirə Bədəlova ilə qardaşı haqqında söhbət etmək olduqca çətindir. Hələ gənc yaşlarından qardaş itkisi, qardaş yanğısı görmüş bacının ürəyi doludur. Vüqar haqqında qürurla, vüqarla danışır:

 

- Mən qardaşımla fəxr edirəm. Çünki o qoynunda dünyaya göz açdığımız Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhid oldu. Vətəni, torpağı canından çox sevirdi. Ona görə də Moskvadakı xidmətini yarımçıq qoyub yurdumuzu qorumağa gəldi. Doğmaları ilə görüşmədən birbaş cəbhə bölgəsinə, döyüşlərə yollandı. Bu vətənpərvərlik deyilmi, bu Vətəni sevmək deyilmi? Əgər Vətəni sevməsəydi, onu canından da çox istəməməsəydi, o sovet ordusunun sırlarından evə dönərdi. Amma Vüqar evə baş çəkmədən barıt qoxulu səngərlərə tələsdi, Ağdamı, Ağdərəni erməni işğalçılarından qorumağa can atdı. Onun gəlişi, onun qayıdışı bizi çox sevindirdi. Sanki anam Səmayə onu torpaqlarımızı qorumaq üçün dünyaya gətirmişdi. Hələ kiçik yaşlarından hiss edirdik ki, Vüqar qorxmaz və cəsurdur. Heç bir çətinlikdən qorxub geri çəkilməzdi. O, yalnız və yalnız uğur, qələbə qazanmaq haqqında düşünürdü. Və çətin də olsa, həyatda istəklərinə çatırdı. Qardaşım döyüşlərə də cəsarətlə, hünərlə, kişi kimi yollandı. Düşmənin topu, tüfəngi onu qorxutmadı. Torpaqlarımzın keşiyində cəsarətlə dayandı, döyüşlərdə rəşadət göstərdi, son damla qanına kimi vuruşdu. Hünəri ilə, igidliyi ilə düşmənə meydan oxudu. Hünəri, cəsarəti ilə ölümə meydan oxudu. Vuruşduğu müddət ərzində neçə-neçə erməni qəsbkarını cəhənnəmə vasil etdi. Vüqar böyük arzularla, ülvi amallarla yaşayırdı. Amma təəssüflər olsun ki, ömrü kimi arzuları da yarımçıq qaldı. İndi onun arzularını, amallarını biz həyata keçirməyə çalışırıq.

 

Söhbət zamanı onu da öyrəndim ki, Səbirə xanımın iki gül balası, iki oğul övladı var. Övladları RiyadVahid orta məktəbdə təhsil alırlar. Onlar tez-tez anaları ilə dayılarının məzarını ziyarət edir, qəbrinin üstünə gül-çiçək dəstələri qoyurlar. İgidlikdə, qəhrəmanlıqda dayıları Vüqara oxşamaq istəyirlər. Əminlik hissi ilə qeyd etmək olar ki, vətənpərvər ruhda böyüyən bu yeniyetmələr ölkəmiz üçün dəyərli vətəndaş, ordumuz üçün hünərli, rəşadədli əsgər olacaqlar.

 

Yurdumuzun azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş Bədəlov Vüqar Baloğlan oğlunun igidliyi layiqincə qiymətləndirilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2007-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsində göstərdikləri şücaətə və qəhrəmanlığa görə əsgər Bədəlov Vüqar Baloğlan oğlu ölümündən sonra «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunmuşdur.

 

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vüqar Bədəlov kimi oğullarla hər birimiz fəxr edib öyünürük. Qoy böyüməkdə olan nəsillər igidliyi və qəhrəmanlığı Vüqar kimi cəsur və oğullardan öyrənsinlər.

 

Vahid MƏHƏRRƏMOV

Kaspi.-2014.-6 noyabr.-S.15.