“Özündən razı insan,
ölü insandır”
Elgün Səfərov:
“İnkişaf edən gənclər ölkəmizə su kimi
lazımdır”
Gənclərin daim öz üzərində
çalışmalarının tərəfdarıdır. Düşünür ki, gənclər
işlərinə məsuliyyətli yanaşmalı, özlərinə
hər ay gördükləri işlə
bağlı hesabat verməlidirlər.
Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin (AQUPK) İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovdur.
E.Səfərov 2003-cü ilin aprel-may ayları ərzində Xarici İşlər Nazirliyində, 2005-ci ilin fevral-mart ayları ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsində təcrübəçi, 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Qadınların İnkişaf Fondunda (UNİFEM) əlaqələndirici kimi çalışıb. 2006-cı ilin may ayından isə karyerasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində davam etdirib. Belə ki, əvvəlcə AQUPK-də Beynəlxalq Əlaqələr şöbəsinin Hüquqi-təminat sektorunun baş məsləhətçisi (hüquqşünas), sonra Hüquqi-təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorun müdiri, Hüquqi Təminat şöbəsinin müdir müavini kimi çalışıb. Komitənin hüquqşünası qismində onlarla mülki məhkəmə işlərində qələbə qazanıb və bir neçə qanun layihələrinin, dövlət proqramlarının, qaydalarının hazırlanmasında iştirak edib (“Gender bərabərliyinin (kişi və qadınlar arasında) təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqında” və digərləri).
2013-cü ildən isə sözügedən komitədə İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışır.
2009-cu ildə “Beynəlxalq sülhün və təhlükəsizliyinin müdafiəsi sahəsində Birləşmiş Millətlər Təşkilatınıın fəaliyyəti” mövzusu üzrə doktor işini müdafiə etmiş və 2010-cu ildən hüquq elmləri üzrə fəlsəfə doktoru elmi adı almışdır. 20-dən çox Azərbaycanda və xarici dövlətlərdə elmi məqalələrin müəllifi.
2007-ci ildən bu günlərə qədər Avropa Şurasının gender bərabərliyi üzrə Komissiyasında Azərbaycan Hökumətini ekspert qismində təmsil edən şəxsdir.
Həmsöhbətimiz rus, ingilis, türk,
fransız, alman dillərini bilir. Ailəlidir, bir
oğlu var.
- Elgün bəy, gənc yaşınızdan rəhbər
vəzifələrdə çalışırsınız.
Rəhbər olmaq üçün
bir gəncə nə lazımdır?
- Öncə səbir və bugünkü reallığı başa
düşmək lazımdır.
Bu gün dövlət
başçısı hörmətli
cənab prezident İlham Əliyev də çıxışlarında
deyir ki, mən gənclərə arxalanıram, özüm də onlar üçün
arxayam. Bu gün vəzifəyə təyin olmaq istəyən, vəzifə
arzusunda olan gənclər ilk öncə
bunu bilməlidirlər
və işlərini vəzifə xatirinə və ya pul
qazanmaq üçün
yox, ölkəyə yararlı olmaq üçün etməlidirlər.
Mən məsləhətçi olanda
da, hüquq şöbəsində işləyəndə
də, ekspert kimi ölkəni təmsil edəndə də eyni işləri
görmüşəm. Bu gün vəzifəsindən
asılı olmayaraq, gənclər başa düşməlidir ki, onlar Azərbaycanı təmsil edirlər və gördüyü işlər Azərbaycanın
üzünü, simasını
göstərir. Rəhbər işləyə bilmək
üçün, əsas
faktor səbr, ikinci, təşkilatçılıq
işlərinin əməkdaşlar
arasında düzgün
bölgüsünün aparılması,
üçüncü, daim
özünü inkişaf
etdirmək. Gənclər anlamalıdırlar ki, hər vəzifə məsuliyyəti artırır.
- Bugünkü, gəncliyimizin fəaliyyətindən
razısınızmı?
- Çox təəssüf
olsun ki, bizim bugünkü gəncliyimiz fəal deyil. Çoxları yalnız işin
maddi tərəfini fikirləşirlər. İnkişaf edən dövlətlərdə
maddiyyat öndə gəlmir. Orada digər əmsallar
var. Bu, bizdə çox
nadir hallarda olur.
Məsələn, gənclər sevdiyi
sənətin ardınca
getməkdənsə, harada
pul var, o sənəti icra etməyi düşünür.
Bu gün gənclər
məsuliyyəti hiss etməli
və qarşısına
məqsəd kimi öz inkişafını
qoymalıdır. Mən hər
aydan bir özüm-özümə hesabat
verirəm. Hər gənc
özünə hesabat
verməlidir “bu il ərzində mən nələr əldə etmişəm,
nələr əldə
edə bilərəm,
gələcək üçün
nələr əldə
etməliyəm. Bir yerdə
dayanmaq olmaz. Gənclik illəri çox vacib illərdir. Bunları gənclər də hiss etməli, istiqamətlərini seçib
işləməli, onlar
üçün yaradılan
bütün imkanlardan
istifadə etməlidirlər.
Gənclər bilməlidir
ki, bizim bugünkü gəncliyimiz
10 il sonrakı
Azərbaycanımızdır. 16-17 yaşında uşaqlar 30 yaşında
artıq Azərbaycanı
təmsil edəcək.
- 15-dən çox
xarici ölkədə
olmusunuz. Azərbaycan gəncliyi ilə
xarici ölkələrin
gəncliyini necə fərqləndirirsiniz?
- Bu gün xarici gənclər bizimlə müqayisədə bir istiqamətdə iş görürlər. Biz həm işləyirik, həm təhsilimizi davam etdiririk, elmi məqalələr yazırıq, idmanla məşğul oluruq.
Bu, bizim üstünlüyümüzdür.
Biz kiçik dövlət olmağımıza
baxmayaraq, həmişə
təcrübəli və
işgüzarlığımızla fərqlənmişik. Bu gün bunu itirməmək,
işgüzarlığımızı, məsuliyyətimizi qorumalıyıq.
Gənclərimizin inkişaf etmələri
üçün hər
şərait yaradılıb.
Azərbaycanın dövlət idarəçiliyində
kadr çatışmazlığı
var. Buna cavab olaraq gənclərimiz öz məsuliyyətlərini artırmalı
və işlərini daha da gücləndirməlidirlər.
Bu günlə razı olmamalı, gələcəyə baxmalıdırlar.
Ola bilər ki, onlar gedib 1-2 il özəl
sektorda işləsinlər.
Maddi cəhətdən uğur
əldə edə bilərlər, ancaq gələcək perspektivlər
nəzərə alınmayacaq.
Uzunmüddətli nailiyyətlər planlaşdırmalıdırlar. Bu gün idman,
sosial təminat, məhkəmə, insan hüquqlarının müdafiəsi,
qadın və uşaq hüquqları sistemində islahatların
aparılması, xüsusilə
də zorakılıq
əleyhinə aparılan
layihələrə gənclərin
cəlb edilməsi yaxşı olardı.
Bu gün həm
işləmək, həm
də təcrübə
toplamaq üçün
gənclərə hərtərəfli
imkanlar yaradılıb.
Hər şey gənclərin əlindədir. Bütün gənclər
özünü inkişaf
etdirməlidir. Bu, bizə su kimi
lazımdır.
- Sizcə gənclərin fəal olmasında, karyera qurmasında ailənin önəmi nə qədərdir?
- Ailənin rolu çox böyükdür.
Mən bu gün nələrə
nail olmuşamsa, ailəmə
borcluyam. Azərbaycanın ailə formatı
digərlərindən fərqlənir.
Bu gün Azərbaycanın
inkişafının əsas
istiqamətlərindən biri
yalnız iqtisadi inkişaf deyil, ailə strukturudur. Biz ədəb-ərkan, özünü aparmaq qaydalarını ailədən
öyrənirik. Şəxsən mən öz atama, anama, babama
minnətdarlığımı bildirirəm. Çünki mənim bugünkü nailiyyətlərimin əldə
olunmasında onların
rolu böyükdür.
Anam rus dili, ədəbiyyat
müəlliməsi olub.
Ömür boyu mənim
və qardaşımın
üstündə işləyib.
Qardaşımla birlikdə, məsuliyyət
hissini biz ailəmizdən
almışıq. Biz məktəbdə də düşünmüşük ki, anamız bu məktəbdə müəllimədir, həmin
məktəbdə onun
üzünü ağ etməli, onu yaxşı təmsil etməliyik. Qoy deməsinlər ki, anası müəllimdir deyə qiymət alır. Bunun bəhrəsini də
görmüşük. Hazırda qardaşım da Vaşinqtonda Azərbaycanı
konsul qismində təmsil edir.
- Həyatda və işdə özünüzü necə
xarakterizə edərdiniz?
- Mən özümü qiymətləndirə bilmirəm.
Bunu edəndə də iradlarım çox olur. Özümü mütəmadi olaraq
tənqid edirəm.
Nəyəsə nail olanda,
ən sevincli məqamda belə həmişə fikirləşirəm
ki, mən burada nə isə səhv etmişəm və ya bundan sonrakı
addımım hansı
ola bilər.
Əslində, böyük nailiyyətlər
əldə etdiyimi düşünmürəm. Qloballaşma,
inteqrasiya dövründə
daim inkişaf etmək lazımdır.
Hər bir gənc cəmiyyətə
xeyir verməlidir.
O, uşaqlıq vaxtından
nə qazanıbsa - istər valideynlərindən,
istərsə də cəmiyyətdən, onu bir-bir qaytarmalıdır. İnsan heç zaman özündən razı olmamalıdır. Çünki, özündən razı olduğu an inkişaf dayanır. Bu, həyat fəlsəfəsində
də belədir.
Aristotel yazılarında deyib ki, özündən razı insan ölü insandır.
- Ənənəvi
sualımız. Uğurlu karyera qurmağınızın
sirri nədədir?
- Uğurlu karyeranın sirri mütəmadi öz üstündə işləməkdən və
işgüzarlıqdan ibarətdir.
Hər insan öz üzərində
mütəmadi olaraq işləməlidir. Hansısa nailiyyəti
əldə etdikdən
sonra orada dayanmaq lazım deyil. Karyerada dayanmaq və
tənbəllik qəbuledilməzdir.
Hər bir işdə olduğu kimi daim çalışmaq, çətinlikləri dəf
etmək və təslim olmamaq lazımdır. Bu inkişafın qanundur.
- 20 ildən sonra özünüzü
harada görürsünüz?
- 20 ildən sonra özümü beynəlxalq
hüquq, insan, uşaq hüquqlarının
müdafiəsi sahəsində
çoxcildli kitabların
müəllifi kimi görmək istəyirəm.
Şəxsi həyatıma gəlincə,
özümü gözəl
bir ailənin başçısı kimi
görməyi arzulayıram.
Azərbaycanın adının beynəlxalq
arenada tanıdılması
və təsdiq edilməsinə töhfə
verən insan kimi yadda qalmaq
istəyirəm. Azərbaycan
cəmiyyətində desinlər
ki, bu 50 yaşına qədər Azərbaycan üçün
hər hansısa iş görüb.
Aygün ƏZİZ
Kaspi.-2014.-7 noyabr.-S.15.