“Həyat gözəldir, yaşamağa
dəyər” – Təhsil
Əlil gənc
Tapdıq Süleymanov: “Sərt
baxışlar bizi yaralayır”
“Bu yaşıma qədər möhtac olduğum bu arabadan (əlil arabasını işarə edir-A.Ə) xilas olduqdan sonra özüm kimilərə dəstək olmaq istəyirəm. Mənim vəziyyətimdə olan gənclərlə mütəmadi söhbətlər aparacam və deyəcəm ki, bu xəstəliyin çarəsi var, ümidlərini üzməsinlər. Əlləri qaşıq tuta bilmir, böyük ürəkləri var, həyata ümidlə baxırlar, amma ayağa durmağa imkanları yoxdur. Məqsədim o insanlara dayaq olmaqdır”. Bu sözləri bizimlə söhbətində 18 ildir əlil arabasına möhtac olan, bir gün belə həyatdan ümidini üzməyən müsahibimiz Tapdıq İsmayılov dedi.
Tapdığın səbri, inamı öz bəhrəsini verir. O, Türkiyənin Bursa şəhərində yerləşən “ROMMER reablitasiya və fizik tedavi mərkəzi”ndə müalicə aldıqdan sonra öz qaşığını tutur, ayaqlarını hərəkət etdirə bilir.
Biz də onunla söhbətləşmək, vəziyyəti ilə maraqlanmaq üçün Tapdıqgilə üz tutduq. Bizi Tapdığın qayğıkeş nənəsi Fainə xanım qarşıladı. Nənə deyir ki, Tapdıq körpə olarkən həkim məsuliyyətsizliyinin qurbanı olub: “Nəvəm körpəykən zəif idi. 8 aylığında həkimə apardım, iynə vurdular. O iynədən sonra uşaq iflic oldu. Şükürlər olsun ki, onun xəstəliyini çarəsi Türkiyədə tapılıb. Türk həkimlər deyir ki, bir neçə seansdan sonra Tapdıq yeriyə biləcək”.
“Ən böyük arzuma çatdım”
Tapdıq isə artıq öz qaşığını tuta bilməyin sevincini yaşayır. O, ayaqlarını, əllərini tərpədərək sevinclə bizə göstərir. Türkiyənin məşhur serialı “Kurtlar vadisi”nin fanatı olan gənc həmsöhbətimiz deyir ki, onun ən böyük arzusu artıq həyata keçib: “Əlil olmaq, arabaya məhkum yaşamaq nə qədər dözülməzdirsə, onun müalicəsinə də dözmək bir o qədər çətindir. Mən bütün bu ağrılara, əzablara, müalicələrə “Kurtlar vadisi” serialından güc alaraq dözmüşəm. Serialda olduğu kimi, xəyalımda qurmuşam ki, mən də nə vaxtsa Polat Ələmdar (Serialın baş qəhrəmanı Necati Şaşmazı nəzərdə tutur- A.Ə) kimi ölkəm uğrunda savaşacağam. Ən böyük arzum isə mənə stimul verən o aktyorlarla görüşmək idi. Bunu türk həkimlərə də danışmışdım. Onlar mənə sürpriz etdilər və məni serialın aktyorlarından biri ilə görüşdürdülər. Sevincimin həddi-hüdudu yox idi. Hətta həmin aktyor məni Polad Ələmdarla da danışdırdı və mənə onun imzalı şəklini hədiyyə etdi”.
“Mənə ayaqlarımı verəcəklər”
Tapdıq deyir ki, ayağa qalxdıqdan sonra vətəni üçün qanından, canından keçməyə hazırdır: “İstər Türkiyə, istərsə də Azərbaycan. Biz iki dövlət, bir millətik. İki ölkə də müsəlman qanı daşıyır. İndi müsəlmanları bir-birinə qırdırmağa çalışırlar. Mən bununla mübarizə aparmaq istəyirəm”.
Tapdığın tək şikayəti insanların ona xəstə kimi baxmasıdır. O deyir ki, bəzən insanlar onu barmaqla kiməsə göstərəndə, çox pis olur: “Türkiyədə insana xəstə kimi davranmırlar. Mən ikinci dəfə oraya getmək üçün günlərimi sayıram. Çünki mənə ayaqlarımı verəcəklər. Mənə normal gözlə baxan, qayğı ilə yanaşan insan gördükdə çox sevinirəm. Hamı kimi bizim də gülər üzə, qayğıya ehtiyacımız var. Heç kim gələcəkdən sığortalanmayıb. Buna görə də bəzi “insanlar”ımız mənim kimilərə xəstə münasibəti bəsləməsin”.
“Xatirələrimi yazacam”
Müsahibimiz gələcək planlarında da danışdı. Onun sözlərinə görə, əlil arabasından xilas olduqdan sonra, keçirdiyi çətin illərdən bəhs edən kitab yazacaq: “Biz xəstə deyilik. Sadəcə, qayğıya möhtacıq. Bizə yazığı gələn insanlara deyil, bizimlə normal ünsiyyət quran, dərdlərimizə şərik olan insanlara ehtiyacımız var. Vəziyyətimizi anlamaq üçün, çox yox bir gün hərəkətsiz dayanın. Onda bizim qayğıya, sevgiyə, hörmətə necə ehtiyacımızın olduğunu şaşa düşəcəksiniz, sizin sərt baxışlarınızın bizi necə yaraladığını o zaman hiss edəcəksiniz. Bu arabadan xilas olduqdan sonra insanlar arasında maarifləndirmə işləri aparmağı qarşıma məqsəd qoymuşam. Düzdür, əllərim qaşıq tutmurdu, gedib özümə su belə gətirə bilmirdim. Amma həyatdan ümidimi heç zaman qırmadım. Qarşılığını da gördüm. Mənim kimi insanlara demək istəyirəm ki, həyat gözəldir, onu yaşamağa dəyər. Ondan heç vaxt ümidlərini üzməsinlər və daim dua etsinlər. Bu zaman onlar da bu xəstəliyin çarəsi olduğunu görəcəklər və normal insanlar kimi yeriyib qaça biləcəklər. Mən bu əlil arabasından qalxandan sonra əlillik dövründəki xatirələrimi yazacağam. İnsanlara ümidli olmağı tövsiyə edəcəm”.
“Nənəm mənim nəfəsimdir”
Tapdıq bizə Türkiyədəki xatirələrindən danışdı. O deyir ki, orada gəzdiyi hər türbədə şəhidlər üçün dua edib. Müsahibimizin dediyinə görə, qardaş ölkədə onu o qədər seviblər ki, hətta xəstəxanadan ayrılarkən ağlayanlar belə olub: “Türkiyədəki həkimim mənə şəhəri gəzdirdi və məşhur türbələrinə apardı. Mən orada əllərimi Allaha açdım və dua etdim ki, Allah ölkələrini qorumaq üçün qanlarından keçən bütün şəhidlərə rəhmət eləsin. Həkimim çox kövrəlmişdi. Mən Türkiyənin tarixi ilə bağlı onunla danışanda özü də məəttəl qaldı ki, bu qədər məlumatı haradan bilirəm. Xəstəxanada məni o qədər sevirdilər ki, dostlarını, nişanlılarını gətirib mənimlə tanış edirdilər. Hətta oradan ayrıldıqda hamının kövrəldiyini görüb dedim ki, “səbriniz olsun, bir də gələcəm””.
Hər kəs həyatda şanslı doğulmur. Kimisi bu həyatın ağrıları, əzabları
ilə dünyaya göz
açdığı gündən tanış olur, kimisi də sonradan. Amma belə bir deyim
var. Allah birini alanda, birini verir. Tapdıq şanssız
insan deyil. Düzdür, həyatın
əzabları ilə
çox erkən tanış olub. Amma ona dəstək
olan, daim onun nazını çəkən, onu qucağında ovunduran Fainə xanım kimi qayğıkeş nənəyə sahibdir.
Müsahibimiz özü də
bunun fərqindədir.
Deyir ki, nənəsinin borcundan heç vaxt çıxa bilməyəcək:
“Bəzi ailələr
var ki, övladları
fiziki qüsurlu olduğuna görə, onu cəmiyyətdən təcrid edib, onlardan utanıblar. Hətta belə uşaqlardan imtina edənlər belə olub. Amma mənim nənəm belə deyil. Ömrüm boyu çalışsam da, nənəmin borcundan çıxa bilmərəm. O, mənim
yaşama səbəbim,
gedib-gələn nəfəsimdir”.
Aygün ƏZİZ
Kaspi.-2014.-7 noyabr.-S.19.