Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin ilk konstitusiyasının banisidir

 

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.

Tarixi qanunauyğunluq nəticəsində keçmiş Sovetlər birliyinin süqutu ilə əlaqədar xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb, hüquqi, demokratik cəmiyyət yaratmaq imkanı əldə etmiş oldu.

Ümummilli lider Heydər Əliyevin imzaladığı «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında» 30 yanvar 1998-ci il tarixli Sərəncamında göstərilir: «…Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır».

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdı.

Konstitusiya latın sözü olmaqla, «quruluş, təsisat» mənasını verir. Konstitusiya hər hansı ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunudur.

1918-ci il may ayının 28-də yaranmış Şərqdə ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmamışdır. Ancaq bu hökumət, həmin dövlət fəaliyyət göstərdiyi dövrdə Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul edilmiş və onların əsasında işləmişdir. Ona görə də onları, demək olar ki, müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həmin dövlətin zəruri atributu olan dövlət bayrağı haqqında, həmçinin, dövlət dili haqqında qərarlar qəbul etmişdir.

Təəssüflər olsun ki, 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritmiş, suveren Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini işğal etmiş, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirərək Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoymuşdur.

Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Konstitusiyasını qəbul etmək imkanı əldə etdi.

1989-cu il sentyabrın 23-də keçmiş Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş «Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında» Azərbaycan SSR-in Konstitusiya Qanunu, «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycanın müstəqilliyinə doğru atılan ilk hüquqi addımlar idi.

Bu sözlər, eyni dərəcədə, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 18 oktyabr 1991-ci ildə qəbul edilmiş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»na da aiddir.

Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir.

Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir.

Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində göstərilir ki, Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 2500-dən artıq qanun və qərar qəbul etmişdir.

Konstitusiyaya ehkam kimi baxmaq olmaz və heç bir qanun doqma kimi qəbul edilməməlidir.

Dünya təcrübəsi göstərir ki, Konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyada da dəyişiklikləri zəruri edir.

Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını götürək. O 222 il bundan əvvəl qəbul olunub və bugünədək cəmi 27 dəyişiklik edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında» 22 iyun 2002-ci il tarixli Fərmanı ilə 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyev demişdir: «Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmə prosesinin limiti, hüdudları yoxdur. Bu əbədi bir prosesdir. Bu gün Azərbaycan demokratik ölkədir. Amma demokratiyanın da sonu yoxdur. Bu sonsuz bir prosesdir. Biz növbəti illərdə ölkəmizin müasirləşməsi ilə bağlı əlavə tədbirlər görəcəyik».

Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisinin 26 dekabr 2008-ci il tarixdə «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında» qərar qəbul etmiş və 2009-cu il martın 18-nə referendum keçirilmişdir.

Bu ilin martın 30-da Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinə yekun vurmuş və Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum layihəsini qəbul edilmiş hesab etmişdir.

Mərkəzi Seçki Komissiyasının məlumatından görünür ki, seçicilərin 70,83%-i referendumda iştirak edərək, onların böyük əksəriyyəti Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə lehinə səs vermişlər.

Konstitusiyanın 12-ci maddəsinin I bəndində göstərilirdi ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

Referendum aktının birinci bəndində Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə «azadlıqlarının» sözündən sonra, «Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözlərinin əlavə edilmiş, başqa sözlə, Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə edilmiş bu əlavə, əslində, həmin maddənin I hissəsinin məzmununu daha da zənginləşdirmişdir. Ölkəmizin son beş ildəki iqtisadi inkişafının xarakteri və tempi göstərir ki, sosial siyasət və əhalinin maddi rifahı büdcə xərclərinin xüsusi çəkisində üstünlük təşkil etməklə, başqa sözlə, respublikamızın büdcəsi sosial yönümlü büdcə hesab edilir.

Məhz buna görə də Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə «əsasında» sözündən sonra «sosial yönümlü» sözlərinin əlavə edilmiş və bu isə son illərdə respublika büdcəsinin sosial xarakterli olması ilə sıx surətdə bağlı olmuşdur.

Heç də təsadüfi deyildir ki, Konstitusiyaya edilmiş 11 dəyişikliyin, 39 əlavənin, müvafiq olaraq, 5 dəyişikliyi və 22 əlavəsi Konstitusiyanın III fəslinə – Əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslinə aid olmuşdur.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının 17-ci maddəsinə aşağıdakı məzmunda V hissəsinə əlavə edilmişdir: «15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər». Doğrudur, ilk baxışda belə görünə bilər ki, bu müddəa əmək qanunvericiliyinin müvafiq normasında nəzərdə tutulmuşdur (Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndində), bu müddəanın təkrarən Konstitusiyaya daxil edilməsinə zərurət vardırmı?!. Cavab birmənalıdır: bəli vardır.

15 yaşına çatmamış uşaqların işə götürülməsinin qadağan edilməsi Konstitusiyada nəzərdə tutulmaqla, yeni xarakter alır, başqa sözlə, konstitusiyon prinsipi kimi formalaşır və nəzərə alsaq ki, Konstitusiyanın müddəaları birbaşa hüquqi qüvvəyə malikdir, cari qanunvericilik, konkret halda əmək qanunvericiliyi dəyişilsə də Azərbaycan Respublikası Milli Məclisinin bu konstitusiyon müddəanı dəyişmək səlahiyyəti yoxdur.

Konstitusiyanın 71-ci maddəsinə aşağıdakı məzmunda X bənd əlavə edilmişdir: «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüquqlarda fəaliyyət göstərə bilərlər». Konstitusiyaya edilmiş bu əlavə isə cəmiyyətdə baş verə biləcək məmur özbaşınalığının qarşısını almaq, mahiyyət etibarilə, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün əlavə bir təminatdır.

Həmçinin, Konstitusiyanın 67-ci maddəsinə «Cinayət törədilməsində təqsirləndirilən hər kəs məhkum edilməzdən əvvəl dinlənilməlidir» kimi II bəndinin əlavə edilmişdir. Konstitusiyaya belə bir müddəanın əlavə edilməsi bu müddəanın konstitusiyon prinsip kimi formalaşmasına gətirib çıxarır və gələcəkdə cinayət-prosessual qanunvericiliyində hər hansı dəyişikliyin edilməsi bu konstitusiyon prinsipin dəyişilməsinə səbəb ola bilməz. Əksinə, gələcəkdə cinayət–prosessual qanunvericiliyinə ediləcək hər bir dəyişiklik bu konstitusiyon prinsip nəzərə alınmaqla edilə bilər. Başqa sözlə, cinayət-prosessual qanunvericiliyinə sözügedən konstitusiyon prinsipə zidd dəyişikliyin edilməsinin qarşısı alınmış olur.

Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən biri Konstitusiyanın 101-ci maddəsi ilə bağlıdır. Referendum aktında Konstitusiyanın 101-ci maddəsinin V hissəsi aşağıdakı redaksiyada ifadə edilmişdir: «Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir».

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsini sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur.

Baxmayaraq ki, Konstitusiyaya əsasən Azərbaycan Respublikası dünyəvi dövlətdir, lakin dünyanın bir sıra xristian dövlətlərinin nəzərində Azərbaycan Respublikası İslam dövləti kimi səciyyələndirilir. Əgər belə olmasaydı, dünyanın 191 ölkəsinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı erməni silahlı qüvvələrinin dərhal çıxarılması barədə 4 qətnaməsi çoxdan icra olunardı.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra xaricə bütün səfərlərində Qarabağ həqiqətlərinə bütün dünya ictimaiyyətinə, olduğu kimi, çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider bu səfərlərdə, istər dövlət başçıları ilə, istərsə də həmin ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri ilə, iş adamları ilə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, bir sözlə, bütün auditoriyalarda xəritə ilə əyani surətdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq və fəlsəfə doktoru, Baş ədliyyə müşaviri

 

Kaspi.-2014.-12 noyabr.-S.15.