Qeyri-peşəkarlıq göz
önündədir
Cavanşir Feyziyev: «Gözləməməliyik
ki, Azərbaycan jurnalisti BBC-nin əməkdaşı qədər
məvacib alandan sonra onun kimi peşəkara çevrilsin»
Mətbuat
Şurasının “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və
peşəkarlığın artırılması yolları”
layihəsinə start verməsindən bir il keçir.
Bu müddətdə mövzu
ilə bağlı silsilə tədbirlər təşkil olunub. “Heydər Əliyev və Azərbaycan
beynəlxalq münasibətlər sistemində” mövzusunda jurnalist
yazıları müsabiqəsi mediada diqqətçəkən
hadisə kimi yadda
qalıb.
Müsahibimiz layihənin rəhbəri, AMŞ
beynəlxalq münasibətlər komissiyasının sədri,
Milli Məclisin deputatı Cavanşir
Feyziyevdir.
– Cavanşir
müəllim, sizin təşəbbüsünüzlə
gerçəkləşdirilən bu
önəmli media layihəsi hansı zərürətdən
yarandı və necə ərsəyə gəldi?
– Azərbaycan Mətbuat Şurasının mediada himayə etdiyi məsələlərdən biri də jurnalistlərin peşəkarlığının yüksəldilməsi, ölkənin daxili və xarici siyasətinin prioritetlərinin professionallıqla işıqlandırılması, dünya ilə geniş inteqrasiyaya, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hərtərəfli informasiya dəstəyi yaradılmasıdır. Bu məqsədlə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər, tematik müşavirələr, seminar, konfrans və “dəyirmi masa”lar keçirilir. Bu sırada mediada beynəlxalq münasibətlər mövzusuna verilən önəm də təbiidir.
Ondan başlayaq ki, hər hansı sahənin gündəmə gətirilməsini zəruriləşdirən obyektiv və subyektiv səbəblər var. Bunlardan kifayət qədər söz açmaq mümkündür. Məsələn, jurnalistlərin hərbi- vətənpərvərlik mövzusunu, hüquqi məsələləri necə qələmə almalarına diqqət yetirsək, kəm- kəsirlərin mövcudluğunu görərik. Eləcə də digər istiqamətlərlə bağlı qeyri-peşəkarlıq göz önündədir. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi, jurnalistlərin spesifik sahələr üzrə peşəkar biliklərinin istənilən səviyyədə olmaması kimi səbəbləri başa düşmək olar.
Ancaq biz heç də o anı gözləməməliyik ki, Azərbaycan jurnalisti BBC-nin əməkdaşı qədər məvacib alandan sonra onun kimi peşəkara çevrilsin. O biri tərəfdən, bizim elə jurnalistlər var ki, bir çox hallarda hazırladıqları mateirallarla hər hansı qabaqcıl dünya media qurumunun əməkdaşlarından nəinki geri qalmırlar, hətta onları üstələyirlər. İstənilən qədər olmasa da gerçəkdə belə nümunələr var. Deməli, peşəkarlıq heç də həmişə maddi-texniki durumla ölçülmür və bu zaman dövriyyəyə subyektiv amillər girir.
Jurnalisti hazırlamaq, çağdaş anlamda maarifləndirmək, onun fəaliyyətini müəyyən mənada stimullaşdırmaq lazımdır. Artıq neçə ildir ki, “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul olunub. Onun işləkliyini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu o deməkdir ki, ölkəmizdə KİV-in problemlərinin həllinə diqqət, media işçilərinə qayğı dövlət siyasəti səviyyəsində kompleks, sistemli səciyyə daşıyır. Azərbaycan Mətbuat Şurasının medianın fəaliyyət dairəsinə daxil olan bir çox istiqamətlərdə əlaqələndirici rolu, xüsusən jurnalist peşəkarlığının artırılmasına yönələn səyləri də KİV-in problemlərinin həllini sürətləndirir.
Beynəlxalq münasibətlər mövzusundakı layihəyə gəlincə, Azərbaycanın bu sahədəki siyasi, iqtisadi, elmi və mədəni əlaqələri daim kütləvi informasiya vasitələrimizin maraq dairəsindədir. Mövzuya, insafən, əksər qəzet, jurnal, informasiya agentliyi və xəbər portalı çoxsaylı material həsr edir. Lakin bir çox hallarda məsələyə yanaşma səthi, birtərəflidir. Beynəlxalq mövzulu materiallar, əsasən, xronika şəbəkəsindən götürülür, jurnalist araşdırmasına, təhlillərə, oxucunun gözlədiyi milli təfərrüatlara və yanaşma incəliklərinə o qədər də diqqət yetirilmir. Layihə çərçivəsində ilkin olaraq aparılan monitorinqin nəticələri də bunu göstərir.
Mətbuat Şurası problemin həlli yolunu, ilk növbədə, Azərbaycanın beynəlxalq əlaqələrini KİV-lərdə işıqlandıran jurnalistlərimizin ixtisaslaşmalarında, qazanılan peşəkarlıq vərdişlərinin inkişafı üçün stimullaşdırıcı kompleks tədbirlərin həyata keçirilməsində görür. Qeyd etdiyim kimi, mövcud layihə Azərbaycanın beynəlxalq nüfuzunun və xarici əlaqələrinin daim yüksəlişdə olduğu indiki məqamda müstəsna önəm daşıyır. Düşünürük ki, jurnalistlərin beynəlxalq siyasət sahəsində ixtisaslaşması qlobal proseslərin ölkə oxucusuna daha səriştəli çatdırılmasına, bu sahədə obyektiv və faydalı ictimai rəyin formalaşdırılmasına kömək edə bilər.
Dünyada, xüsusən regionda baş verən hadisə, proseslərə doğru- düzgün, sistemli jurnalist yanaşması, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasını, həmçinin Qarabağ məsələsində daxili ictimai rəyin monolitliyini təmin etməyi hədəfə almalıdır. Layihə bu kimi məsələlərə fəal təsir göstərməyi, medianın səfərbəredici missiyasını məhz Azərbaycanın beynəlxalq əlaqələri müstəvisində gücləndirməyi nəzərdə tutur.
– Ötən bir ildə layihə hansı yeniliklərə yol açıb, jurnalistlərin beynəlxalq münasibətlər mövzusuna yanaşmasında müsbət meyllər müşahidə olunurmu?
–Əlbəttə, qənaətbəxş meyillər az deyil. Bu yaxşılaşma özünü təkcə Azərbaycanın beynəlxalq münasibətlərdəki fəallaşan mövqeyinin işıqlandırılmasında deyil, dünyada baş verən hadisələrin təhlili ilə bağlı da göstərir. Belə materiallar komissiyada qruplaşdırılır və mütəxəssislər onları dəyərləndirirlər. Jurnalistlər arasında keçirdiyimiz müsabiqədə qaliblərdən əlavə, beynəlxalq münasibətlər mövzusunu daha çox diqqətdə saxlayan KİV-lər də mükafatlandırıldı. Bununla belə, arzuladığımız nəticələrə çatmaq üçün hələ çox iş görməliyik.
Biz beynəlxalq prosesləri də, bununla bağlı dünyanın aparıcı KİV-lərində gedən şərhləri də izləyirik. Bəzən hansı fikirlərin nə məqsədə kökləndiyi aydın görünür. Əslində, ictimai rəy də məhz belə formalaşdırılır. Əksər hallarda aparıcı xarici ölkələrin mediasında formalaşdırılan ictimai rəy nəticə etibarilə hədəfə alınan ölkə və regionlara yönəlik ikili standartların formalaşmasına gətirir. Azərbaycan da ikili standartlar siyasətindən əziyyət çəkən ölkədir. Jurnalistikamız məhz bu kimi məqamlar üzərində düşünməlidir. Digər bir cəhət proseslərin özünün dərindən öyrənilməsidir. Bu, iki baxımdan vacibdir: birincisi, xaricdən olan təsirlərə zəruri reaksiyanın verilməsi, ikincisi, daxili ictimai rəyin yanlış yönləndirilməsinin qarşısının alınması.
Daha bir məqam isə nəhəng xarici media korporasiyalarının apardıqları məqsədəyönlü təbliğatdakı stereotiplərin aşkarlanmasıdır. Göründüyü kimi, bütün bunların həyata keçirilməsi məsələlərə sistemli yanaşan jurnalistika institutunun mövcudluğu şəraitində mümkündür. Hələlik bu iş media tədqiqatları üzrə ixtisaslaşan ayrıca mərkəzlər tərəfindən koordinasiya edilməlidir. Amma hər halda öyrənilməli və jurnalist fəaliyyətində tətbiq olunmalı cəhətlər çoxdur.
Layihə çərçivəsində aparılan aylıq monitorinqlərin nəticəsi göstərir ki, kütləvi informasiya vasitələrinin materiallarında əhatəli jurnalist araşdırmasına, dərin, obyektiv təhlillərə və oxucunu ayıq- sayıq qənaətə gətirən məsələlərə az rast gəlinir. Bu baxımdan qəzetlərdə vəziyyət nisbətən yaxşıdır. Onlarda analitik məzmunlu materialların təqdimatına xüsusi yanaşma mövcuddur. Beynəlxalq hadisə və proseslərlə əlaqədar analitik müsahibələr verilməsi baxımından da qəzetlər seçilirlər. Hazırda ənənəvi mediadan onlayn mediaya keçidin sürətlənməsini nəzərə alsaq, əlbəttə, internet üzərindən yayımlanan KİV-lərin beynəlxalq məsələlərə daha çox önəm verməsi xüsusilə vacibdir.
– Bütün bunlar kifayət qədər dərin məzmun daşıyır, əhatəlidir. Azərbaycanın hazırkı media reallıqları baxımından bu hədəflərə çatmaq o qədər də asan deyil.
– Elədir, amma, gözləməkdənsə, nəyəsə başlamaq lazımdır. Heç kəs bizə BBC-ni və ya CNN-i bağışlayan deyil. Amma hədəfimiz o olmalıdır ki, bizdə də bunlara bənzər qurumlar, orada çalışan mütəxəssislər səviyyəsində kadrlar olsun. Əlbəttə, bu təşkilatların arxasında dayanan dövlətlər həm ərazisinə, həm əhalisinə həm də iqtisadi imkanlarına görə nəhəng dövlətlərdir. Bu isə həmin media qurumlarının beynəlxalq nüfuzunu artıran əlavə amildir. Lakin unutmaq lazım deyil ki, onlar da bir zaman sıfırdan başlayıblar, nüfuzu və etimadı, eləcə də iqtisadi imkanları zaman- zaman peşəkarlığı artırmaqla qazanıblar.
Azərbaycanda KİV-in hazırkı maddi durumu nüfuzlu media korporasiyalarının iqtisadi imkanları ilə müqayisə oluna bilməz. Mediamızın bu gün beynəlxalq siyasi proseslərdə ölkəmizin mənafeyini ifadə edən avanqard rolunda çıxış etməsini gözləmək də sadəlövhlük olardı. Bununla belə, bu prioritet mövzunu diqqətdən kənarda qoymaq da düz olmazdı. Çünki bir ölkənin müəyyən maraqlarının müdafiəsində bəzən jurnalistlər siyasətçilərdən də üstün söz sahibi olurlar. Bu xüsusda siyasətçilərin jurnalistlərlə birgə fəaliyyət praktikası da var.
Belə birgə mövqe nəticəsində bir çox hallarda rəsmi səviyyədə açıqlanması mümkünsüz görünən məsələlər incə jurnalist qələmi ilə çox aydın şəkildə bəyan olunur. Qarşı tərəf də məsələnin hansı nəticələrə səbəb ola biləcəyinin mümkünlüyünü qabaqcadan görür. Biz də bu cür xidmət missiyasını üzərinə götürə bilən jurnalistikanın yetişməsinə çalışmalıyıq. Baxışlarını, mülahizələrini dünya ictimai rəyinin nəzərə alacağı jurnalistikamızın formalaşması olduqca vacibdir. Bu məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında da ifadə olunub. Dövlət başçısı 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışı zamanı idarə heyəti üzvləri ilə görüşdə “biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin” söyləyərkən mütəşəkkil ictimai institut kimi məhz jurnalistikamızın milli maraqlara sadiqliyini önə çəkmişdi.
O zaman ölkə rəhbəri xarici qüvvələrin sifarişi ilə hansısa mövzu ətrafında yanlış rəy formalaşdırmaq cəhdlərinə son qoyulmasının vacibliyini ifadə etmiş, jurnalistləri vətənpərvərliyə çağırmışdı. Göründüyü kimi, cənab Prezident prinsipial olaraq məsələnin həllini vətənpərvərlik üzərinə yönləndirib. Əlbəttə, bu onun jurnalist peşəsinə verdiyi yüksək dəyərdir. Digər tərəfdən, belə yanaşma milli jurnalistikamız qarşısında yeni vəzifələr qoyur. Aydındır ki, regionda və ya dünyada müəyyən siyasi dairələrin əli ilə ölkəmiz barədə yanlış rəy formalaşdırmaq istəyənlər var. Bu tendensiyaya qarşı mübarizədə isə yenə də beynəlxalq proseslərin mahiyyətini anlayan vətənpərvər qələm sahiblərimizin çox olması vacibdir.
– Layihə
çərçivəsində gələcəkdə
hansı işlərin görülməsi
planlaşdırılır?
– Beynəlxalq münasibətlərin strukturu olduqca çoxşaxəlidir. Qərb dövlətləri ilə əməkdaşlıq, MDB ölkələri ilə əlaqələr, Türk dünyası, Asiya regionu ilə işbirliyi və sair yönlərdə ölkəmizin maraqları mediadan həssas, ardıcıl, çevik ynaşma tələb edir. Bu və ya digər istiqamətlərdə həm Azərbaycanın strateji mənafeyini dəqiq ifadə edə bilən, həm də həmin areallardakı siyasi proseslərin mahiyyətini dərindən bilən və oxucuya anlatmağı bacaran jurnalistlərimizin çoxalmasına ehtiyac var. Bu isə öz növbəsində beynəlxalq münasibətlər mövzusunu işıqlandıran qələm sahiblərinin özlərinin də konkret istiqamətlər üzrə ixtisaslaşmasını labüdləşdirir. Layihənin gələcək mərhələlərində məhz bu cəhətə diqqət yetirəcəyik.
Mövzunu diqqətdə saxlamaq məqsədilə bundan sonra da müxtəlif tematik tədbirlər təşkil olunacaq. Aylıq monitorinqlər isə davam etdiriləcək və beynəlxalq münasibətlər mövzusunu ən çox işıqlandıran KİV-lərin siyahısı mütəmadi olaraq açıqlanacaq. Daha çox oxucu rəğbəti qazanan fəal jurnalistlərin gələcəkdə qabaqcıl ölkələrdə təcrübə kurslarına göndərilməsi də nəzərdə tutulur. Xarici media mütəxəssislərinin treninqləri təşkil olunacaq. Beynəlxalq münasibətlər mövzusunda yazı müsabiqələrini davam etdirmək də faydalı olacaq.
Komissiya layihəni davamlı şəkildə icra edəcək. Ümumən, çalışacağıq ki, beynəlxalq münasibətlər mövzusu, xüsusən Dağlıq Qarabağ münaqişəsi bütün spektrləri ilə daim milli mediamızda ən yüksək səviyyədə işıqlandırılsın.
Söhbətləşdi:
Əvəz
RÜSTƏMOV,
media eksperti
kaspi.-2014.-12 noyabr.-S.10.