«Sarı gəlin» toplusunun
təqdimatı keçirildi
Professor Minəxanım Təkləlinin yeni əsəri xalq
mahnılarımızı geniş təbliğ
etmək üçün qiymətli vəsaitdir
«Bu
kitabda çox zəngin
olan xalq türkülərimizin
böyük bir qismi toplanıb. Bu məcmuə
xalqımızın mənəvi həyatında mühüm yer tutan türkülərimizin mətnlərinin qorunub hifz olunması zərurətindən
yaranıb. Etiraf etmək lazımdır ki, indi mahnı və
şərqilərimizə münasibətdə məsuliyyətsizlik
və biganəlik daha çox
hiss olunmaqdadır. Bu,
ən çox mahnı mətnlərinin təhrifində
özünü göstərir». Bu fikirlər Qafqaz Universitetinin professoru Minəxanım
Təkləli Nuriyevanin Azərbaycan xalq türkülərindən ibarət
«Sarı gəlin» kitabının təqdimat mərasimində
səsləndi.
Mətbuat
Şurasının (MŞ) və Azərbaycan Jurnalist
Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı
ilə keçirilən, Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsinin müəllim
və tələbələrinin və media
nümayəndələrinin qatıldığı mərasimdə
M.Təkləlinin nəşr etdirdiyi toplu müəllifin
çoxillik elmi
axtarışlarının nəticəsi kimi
dəyərləndirildi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müəllifi böyük hörmətə malik alim və istedadlı qələm sahibi kimi dəyərləndirərək indiyə qədər 10-dan çox kitabının işıq üzü gördüyünü və yaradıcılığında türkçülüyün qırmızı xətlə keçdiyini diqqətə çatdırdı: «Minaxanım Nuriyevanın əsərlərində qədim türklər, türk xalqlarının yaşadığı ərazilərdə onların həyat və məişəti, ənənələri öz əksini tapıb. O öz işinə son dərəcə məsuliyyətlə yanaşaraq xalq mahnılarımızdan ibarət toplu formalaşdırıb. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir”. MŞ sədri yeni çapdan çıxan kitabı Azərbaycan xalqının milli-mənəviyyatını təsdiq edən dəyərli nəşr adlandırıb: «Mütəxəssislərin dediyinə görə, Azərbaycanda 900-ə yaxın xalq mahnısı var. Topluda isə 150-ə yaxın türkü yer alıb. Bu baxımdan, nəşr Azərbaycan mədəni həyatında hadisədir. Biz radionu dinləyir, televiziyaya baxır, internetdə axtarış aparıb istənilən mahnıya qulaq asa bilirik. Çox təəssüf ki, həmin mahnıları çox vaxt dəyişilmiş formada eşidirik. Bu mahnılar çox kobud formada yeniləşdirilir”. M.Nuriyevanın tərtib etdiyi topluda Azərbaycan xalq mahnılarının müxtəlif variasiyalarda verildiyini bildirən MŞ sədri xalq mahnılarımızı yaxşı təbliğ etmədiyimizi də qeyd etdi:“Ya bu mahnıları yaxşı mənimsəməmişik, ya da xalqa yaxşı çatdırmamışıq. Minəxanımın kitabı bu baxımdan böyük rol oynayacaq».
«Minəxanım Təkləlinin bütün kitablarında bir
Azərbaycan qadınının zəhməti, hissi,
həyəcanı, yuxusuz gecələri var» - deyən «Kaspi» qəzetinin
təsisçisi, filologiya üzrə fəlsəfə
doktoru Sona Vəliyeva
təqdimatı keçirilən kitabı türk
dünyasının mənəvi zənginliyini təsdiqləyən
nəşr kimi xarakterizə etdi: «Alim olmaq
da, cild-cild kitablar yazıb dünya
miqyasında tanınmaq da asandır. Günün birində «Nobel»
mükafatı və ya digər mükafatlar almaq da olar. Amma
o əsər xalqının
yaşantılarını, gününü,
güzəranını, tarixini, mənəviyyatını
əks etdirmirsə və milli qeyrətlə
yazılmayacaqsa, yazılmasa yaxşıdır». S.Vəliyeva qeyd etdi ki,
xüsusən xaricdə yaşayan azərbaycanlılar,
türklər öz keçmişlərini
bilməlidirlər. Belə ki, bunun üçün onlara yalnız bu mövzuda yazılan kitablar
bilgi verə bilər. «Kaspi»nin təsisçisi M.Təkləlinin ictimaiyyət
tərəfindən çox
tanınmamasına da diqqət çəkdi:
«Hər bir kitab təbliğ
olunmalı, oxunmalıdır. Bir var roman, povest oxuyasan, bir də
var tarixinə qayıdış edəsən”. S.Vəliyeva
«Sarı gəlin» kitabının nəşrinə
toxunaraq toplunu dönə-dönə oxumaq
lazım olduğunu bildirdi: “Bu türküləri
xalq mahnılarımızın
sirrini bilmək üçün öyrənməliyik.
Bu mahnılar ona görə əsrdən-əsrə, nəsildən-nəsrə
keçə bilib ki, göy qurşağı
kimi tərtəmiz, ilahi sirri yozulmayan
Azərbaycan muğamlarının
ladı üzərindədir.
Bir millətin hissi, həyəcanı, yaşantıları,
tarixi, bütövlükdə
mənəviyyatı toplandığı
üçün bu türkülər mütləq
işlənməli idi».
S.Vəliyeva çıxışında
topludakı bir sıra məqamlar üzərində dayanaraq
konkret nümunələrin
xalq yaradıcılığı
baxımından şərhini
verdi: “Bu, böyük zəhmət,
axtarış tələb
edən işdir. Hər mahnının üzərində
işləmək, onun
variantlarını göstərmək
zərgər dəqiqliyi
tələb edir».
S.Vəliyeva yeni toplunun Milli Konservatoriyada və musiqi məktəblərində
tədris ehtiyacını
ödəyəcəyinə inandığını bildirdi:
“Bu kitabın təbliğinin
əhəmiyyəti ondan
ibarətdir ki, bizim sanki bir
boyunbağı kimi qırılıb səpələnən
xalq mahnılarımızı
təzədən ipə-sapa
düzərək xalqın
özünə təqdim
edib. Bu incilər
üstümüzdə gəzdirəndə
bizi daha zəngin göstərəcək”.
Bakı
Dövlət Universitetinin
professoru Cahangir Məmmədli bu nəşrdə türk dünyasını görürdüyünü
dedi. Bu kitab
türk dünyasını
birləşdirmək mənasında
həzin duyğulu vasitədir». C.Məmmədli
son illər «təbliğat»
sözündən uzaqlaşdığımıza
da diqqət çəkdi: «Biz «təbliğat»
sözünü «maarifçilik»lə
əvəz etmək istədik. Amma ABŞ və s. kimi inkişaf etmiş dövlətlərin universitetlərinin
jurnalistika fakültələrində
təbliğat ayrıca
kurs kimi keçirilir». C.Məmmədli
M.Təkləlinin oxucular
tərəfindən çox
tanınmamasına təəssüfünü
gizlətmədi: «Etiraf
edim ki, mən də bu topluya qədər
Minəxanımı o qədər
də tanımamışam.
Ancaq qədim türkülərimizi
yenidən təqdim etdiyinizə, türkçülüyün
təbliği istiqamətində
yazdığınız kitablarınıza
görə sizə təşəkkür edirəm».
Əməkdar jurnalist Flora Xəlilzadə
M.Təkləlini milli
düşüncəmizin inkişafına
xidmət edən kitablar yazan alim kimi dəyərləndirərək
müəllifin yaradıcılığında
onu narahat edən bir çox
suallara cavab tapdığını bildirdi:
«Bu toplu mənim yaralı yerimə toxunub. Kaş ki bu məclisdə xalq mahnılarımızı ifa
edən müəyyən
ifaçılar da qatılaydı. Bu kitab onlara çatmalıdır».
Xalq mahnılarımızın
ilk dəfə Üzeyir
Hacıbəyli, Bülbülün
və Cabbar Qaryağdıoglu tərəfindən
toplandığını bildirən
F.Xəlilzadə xalq türkülərinin yenidən
toplanmasını təqdirəlayiq
hal kimi dəyərləndirdi: «Topluda
yer alan «Qaçaq Nəbi», «Qara gilə», «İrəvanda xal qalmadı» və s. xalq mahnılarını ifaçılar dəyişilmiş
formada təqdim edirlər. «Tello» və «Ay Laçın»
mahnılarının ikisini
qarışdırıb oxuyurlar.
İfaçılar mütləq
bu toplu ilə tanış
olmalı, mahnılarımızın
başına oyun açmamalıdırlar. Bu baxımdan, bu toplu vaxtında işıq üzü görüb. Mahnını xalqa müğənnilər
çatdırır, qoy
bu kitabı ifaçılar, telekanalların
rəhbərləri oxusunlar.
Qoy müğənnilər xalq
mahnılarımızı bizə
bayağı şəkildə
təqdim etməsinlər”.
Professor İlham Rəhimli yeni toplumun təqdimatını
Minəxanım Təkləlinin
vətənpərvərlik dünyasına pəncərə
adlandırdı: «Alim
var oturmaq vərdişinə alışdığı
üçün alim olur. Alim var mütəmadi
məşğul olduğu
üçün, alim
var böyük təfəkkür hesabına
alim kimi yetişir. Quru savadın hesabına
alim olanlar da var. Alim də
var, böyük fədakarlıq hesabına
uğur əldə edir. Mən Minəxanım Təkləlini
də fədakar alim adlandırardım”.
Müəllifin yazdığı bütün kitabları oxuduğunu bildirən İ.Rəhimli “Türkün
dostu Minəxanım Banu kimi olmalıdır
ki, türk xalqlarının yerini dünyada təqdim etməyi bacaraq. Bu baxımdan, Minəxanım
Təkləli türk
dünyasının yerini
göstərməyə qadirdir”-
deyə qeyd etdi.
Qafqaz Universitetinin
rektoru Əhməd Saniç toplunun rəhbərlik etdiyi təhsil ocağı tərəfindən nəşr
edildiyini diqqətə
çatdıraraq ümumiyyətlə,
məqsədlərinin qədim
millətin ruhundan çıxan sənət,
ədəbiyyat və
tariximizi doğru şəkildə yazıb
ortaya çıxarmaq
olduğunu vurğuladı. Belə ki,
bununla bağlı olaraq indiyə qədər 20-dən çox
kitab işıq üzü görüb.
Bunlardan biri də «Sarı
gəlin»dir». Ə.Saniç toplunun müəllifi M.Təkləliyə yeni-yeni
uğurlar arzuladı.
«Qadın yaradıcılıqla
məşğul olursa,
onun bu məşğuliyyəti
alqışlanmalıdır” - deyən filologiya elmləri namizədi Qərənfil Dünyaminqızı
M.Nuriyevanın çətin
bir sahənin məsuliyyətini boynuna götürdüyünü diqqətə
çatdırdı: «Biz bir
millət olaraq tariximizi mahnılarda yaşadırıq. Ona görə
də bu mahnıları təhrif etmək olmaz”. Q.Dünyaminqızı çıxışında geniş elmi axtarışlar tələb
edən nəşrin ərsəyə gətirilməsinin
məziyyətlərindən söz açaraq «Sarı gəlin» kitabını tarixi keçmişimizi xalq mahnılarımızda yaşadan
yaradıcılıq nümunəsi
kimi dəyərləndirdi.
“Mahnılarımızda xalqın ruhu yaşayır. Bu, sərvəti
qorumaq hər birimizin borcudur. Bu, həm də
sahiblik duyğusudur.
Mahnılarımıza qayıtmağımız özümüzə qayıtmağımızdır”-
deyə AMEA-nın Ədəbiyyat İnstitutunun
əməkdaşı Esmira
Fuad çıxışında
bildirdi.
«Xalq cəbhəsi»
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təqdimatı
keçirilən topluda
elmin və bədii yaradıcılığın
vəhdətinin olduğunu
vurğulayaraq bildirdi ki, kitabda türkçülüyün
etnik mahiyyətinin mədəniyyət nümunəsi
olaraq ortaya qoyulması vacib məqamdır. Baş redaktor nəşrin
məhz «Sarı gəlin» adlandırılmasının
da önəmli mesaj olduğunu qeyd etdi.
Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsinin
professoru Nəsir Əhmədli, filologiya elmləri namizədi Akif Rüstəmov, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev və b. çıxış edənlər
milli musiqilərimizin təhrif edilmədən xalqa çatdırılmasının
zəruriliyini qeyd edərək mövcud sahədəki çatışmazlıqların
aradan qaldırılması
üçün orijinal
mətnlərin toplandığı
«Sarı gəlin» toplusunun geniş yayılmasının vacibliyini
diqqətə çatdırdılar.
MŞ sədri Ə.Amaşov
professor M.Təkləliyə Azərbaycan Mətbuat Şurasının fəxri
diplomunu təqdim etdi.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
Kaspi.-2014.-13 noyabr.-S.9.