Stereotipləri qıran adam
Tural İskəndərov alman
intizamı ilə cənub temperamentinin sintezindən
yararlanmaqdadır
Hər ilin yayında
telekanalların idman xəbərlərinin əsas
mövzularından biri də velosiped idmanı olur. Yüzlərlə velosipedçi “dəmir
at”larının belində Fransanı dövrə vurur,
dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb
edir. Yəqin ki, söhbətin məşhur - yüz ildən
çox tarixi olan “Tur de Frans” veloyürüşündən
getdiyini anladınız. Bu mötəbər
yarışda planetin bütün nöqtələrindən
idmançılar iştirak etsə də, indiyə qədər
heç bir velosipedçi orda Azərbaycanı təmsil etməyib.
Ancaq deyəsən, yaxın illərdə bu xoşagəlməz
ənənə pozulacaq. Gənc, enerjili,
çalışqan bir velosipedçi, “Synergy Baku” Klubunun
üzvü – Tural İskəndərovun sayəsində.
Velosiped üçün fəhləlik
etmək
12 yanvar 1992-ci ildə Sumqayıtda adi zəhmətkeş
ailəsində anadan olan Turalın veloidmana gəlişi çox
böyük vaxt aparıb. Valideynləri onu əvvəlcə
karateyə yazdırıb, sonra isə hərbi məktəbə
oxumağa göndəriblər. İskəndərov Cəmşid
Naxçıvanski adına hərbi liseyi
bitirsə də, zabit olmaq istəyindən vaz keçib. Uşaq vaxtı televizorda sükanı əyri olan
velosipedlərin arzusu ilə yaşayan gənc, bir dəfə
bu xəyalının arxasınca getməyi qərara alır.
Ailəsi kasıb olduğundan özünə
velosiped almaq üçün tikintidə işə düzələrək
fəhləlik etməyə başlayır. İşləsə də, maaşını ala
bilmir, aldadılır. Onun böyük istəyini nəzərə
alan valideynləri çətinliklə pul
toplayıb, Turalın arzusunu yerinə yetirirlər. “Dəmir at”ını əvvəlcə Bakıya,
sonra Xızıya qədər sürən və heç bir
çətinlik çəkməyən gənc, doğma
Yardımlıya getmək qərarına gəlir. Salyana qədər 15 saat dayanmadan velosiped sürən
gələcəyin idmançısı, oradan hədəfə
təxminən bir o qədər vaxt sərf edir. Yolda yıxılır, “dəmir at”ı əzilir,
başına çox problemlər gəlir. Ancaq Tural istəyindən dönmür və
böyük çətinliklə Yardımlıya
çatır. Oradan da eyni marşrutla
Sumqayıta. İlk sınağından uğurla
çıxır. Ancaq həvəs
böyük olsa da, maddi sıxıntılar ona istəyinə
çatmağa imkan vermirdi. Masallıya elektrik kimi
çalışmağa yollanan İskəndərova bir
müddət sonra dostundan zəng gəlir: “Elan gördüm.
Yazmışdılar ki, istəyən hər kəs gəlib
velosiped idmanı ilə məşğul ola
bilər. Bu, sənin şansındır, onu
qaçırma”. Bu, taleyin ismarıcı
idi. Tural gecikmədən evə
qayıdır.
Medalsız qalmağın sevinci
“20 yanvar” metro stansiyasının
yaxınlığındakı velotrekə gələn İskəndərov
mühitə tez uyğunlaşır. Məşqlər,
çalışmalar... 18 yaşlı idmançı bir də
özünü İranda keçiriləcək
veloyürüşə dəvət alanda tapır. Bu yarışda həvəskar olmağına
baxmayaraq finiş xəttini keçə bilir. Həmin vaxt bu, onun üçün böyük
uğur idi. Maraqlıdır ki, az qala
sonuncu gəlsə də, əllərini qaldırıb bunu
qeyd etməsi böyük təəccüb doğurub. “Sən ki medal qazanmadın, qələbəsiz
qaldın. Niyə sevinirsən” sualına
“bu, mənim ilk beynəlxalq yarışımdır, finişə
çatmağım da mənim üçün zəfərdir”
deməsi diqqətdən qaçmır, hörmətlə
qarşılanır. Ardınca Türkiyədə
yarış, ardınca başqa ölkələrdə...
Uğurları çoxdur
Sonra Almaniyadan bir klub seçim üçün
velosipedçiləri izləməyə başlayır. Bu sınaqda
gözə çarpan yürüş nümayiş etdirən
Tural müqavilə bağlayaraq Münhenə yollanır.
Orada yetərincə böyük təcrübə
qazanan, bir çox yarışlarda qüvvəsini sınayan,
püxtələşən İskəndərov artıq
peşəkar veloyürüşçü idi. Qarşısında əsas məqsəd “Qafqaz turu”
– mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr
olunmuş “Tur D Azərbaycan” olan velosipedçi, ilk cəhdindəcə
istəyinə çatır. O vaxtlar yaşı 23-ə
qədər olan gənclər arasında keçirilən bu
yarışda uğurla çıxış edərək
birinci mərhələni bürünc medalla başa vurur. Ailəsinin gözü qabağında bu qələbəni
qazanması ona böyük sevinc bəxş edir. Hətta bu haqda danışanda hisslərini hələ
də cilovlaya, göz yaşlarını saxlaya bilmir.
Bu günə
qədər onun aktivində Qəbələ şəhərində
keçirilən Azərbaycan Çempionatında fərdi
ötüşmədə qızıl və qrup
yarışında gümüş medal, 2012-ci ilin mayında
Türkiyədə keçirilən 2.2 kateqoriyalı Trakya
Turu beynəlxalq yarışında ümumi hesabda 8-cı yer,
İsveçrədə keçirilən dağ mərhələli
fərdi yarışlarda 5-ci yer, Azərbaycan Kubokunda
skretçdə qızıl, şossedə gümüş
medal, müxtəlif digər beynəlxalq turnirlərdə
uğurla çıxışlar, həmçinin bir neçə
dəfə dünya və Avropa çempionatında iştirak
var. O, 2012-ci ildə ilin ən yaxşı velosipedçisi
adına layiq görülüb. İndiyə qədər
beynəlxalq yarışlarda 20 min kilometrə yaxın məsafə
qət edib.
“Qara zolaq”dan çıxmaq üzrədir
Son iki ildə sevimli “Azərbaycan turu”nda iştirak etməməsi,
komandasında naməlum səbəbdən ikinci plana
düşməsi onun qısa karyerasındakı “qara zolaq”
kimi başa düşülür. Gənc Tural
böyük əzmlə çalışır, bütün
məşqlərdə verilən tapşırıqlara maksimum
riayət edir. Amma klubunda ona yox,
başqalarına daha çox üstünlük verilməsi, hətta
bu mötəbər yarışın doğma Sumqayıtda
keçirilən mərhələsində də startda yer ala
bilməməsi onu çox üzüb. Tural özünə
güvənir, istənilən turnirdə ən yaxşılar
sırasında ola biləcəyinə inanır.
“Qara zolaq” öz işini görür. Ancaq bunun da bir sonu var. Artıq çətinliklər
arxada qalmaqdadır və ən yaxın zamanda biz Turalın səsini
zirvələrdən eşidəcəyik.
Velosiped idmanı sayəsində dünyanı (o bu illər
ərzində 50-dən çox ölkə, bütün qitə
və materiklərdə olub) gəzən Turalın çox
böyük vətənpərvər olduğunu deyə bilərik. Hər
imkandaca ölkəsindən ağızdolusu danışan,
geyimlərində, bütün aksesuarlarında
bayrağımızdan istifadə edən gənc
idmançı, öz vətəniylə öyünür.
Haradan gəldiyini soruşanda qürurla “Azərbaycan”
deyə cavab verən, imkan düşdükcə həqiqətlərimizi
əcnəbilərə çatdıran İskəndərovun
bu səyləri alqışa layiqdir. Tural
İskəndərov həm də bir çox stereotipləri
qırmış idmançıdır. Ətrafındakı
insanların onu bu işdən döndərməyə
çalışması, bəzən məsxərəyə qoyması,
bəzən tənə etməsi belə idmançını
fikrindən döndərməyib. Dost-tanışın
küçədə şortiklə gəzib velosiped sürən
oğlanı qəbul etmək istəməməsi onu bir
çox çətinliklə üz-üzə qoyub.
“Velosiped nədi e, get, ciddi işlə məşğul ol”
kimi cümlələr çox olsa da, Tural uşaqlıq
arzusunu gerçəkləşdirmək üçün
bütün əzmini bir yumruğa toplamağı bacarıb. Bir neçə qələbə qazanandan, uğurlar
əldə edəndən sonra ona münasibət dəyişib.
İndi ona həm tanışları, həm ailəsi,
bir sözlə hər kəs hörmətlə
yanaşır, onunla fəxr edirlər. Bu,
bir əzmkarlıq nümunəsidir. İnsan
istədikdə hər şeyə qadirdir. Turalın
timsalında biz bunu rahatlıqla görə bilirik.
Universal velosipedçi
Bir
velosipedçi həm dağ yolunda, həm şosedə, həm
trekdə, həm eniş-yoxuşlarda eyni səviyyədə
yaxşı ola bilməz. Qəhrəmanımız
Tural İskəndərov bu növlərdən az
qala hər birində yüksək səviyyəyə malikdir və
sona qədər mübarizə apara bilər. Ancaq
məhz eniş-yoxuşlarda rəqiblərindən bir baş
üstündür (kumiri Fabian Kançellara kimi). Belə yolları olan traslarda Turalın qələbə
şansı daha böyükdür. Bundan
başqa, onun sprint etmək bacarığı da var.
Yarışın sonuna qədər sərf olunan böyük
gücə rəğmən, final həmləsini etməyə
də qüvvəsi qalan İskəndərovun bu
bacarığından məşqçiləri yararlana bilərlər.
Ancaq velosiped idmanının fərdi idman
növü olduğunu düşünürsünüzsə,
yanılırsınız. Bəli, qələbələri
konkret idmançılar qazanır. Ancaq hər
uğurun arxasında böyük komanda işi var. Trasda bir
neçə idmançı öz liderinin qalib gəlməsi
üçün həmlələr edir – küləyin
qarşısını alır, peloton təşkil edir, rəqiblərinin
fikrini yayındırmaq, yormaq üçün kiçik və
uzun sprintlər edir. Qrup
çalışması olsa, qələbə də rahat
qazanıla bilər. Universal İskəndərovun
komanda çalışması da yuxarı səviyyədədir.
Alman intizamı ilə cənub temperamentinin
velosiped üzərindəki sintezini məhz onun
yürüşündə tapa bilərsiniz.
Portreti
O, gəncdir.
Cəmi dörd il əvvəl sıradan
bir şəxs idi və dolanışığını fəhləlikdən
çıxarırdı. İndi isə ölkənin
aparıcı və böyük perspektivi olan velosipedçilərindəndir,
ümid yerimizdir. Buna görə sevinclidir,
üzündən təbəssüm əskik olmur. Bəli, başına çox problemlər gəlib,
velosiped almaq üçün kredit götürüb,
haqsızlıqlarla üzləşib, qeyri-obyektiv münasibətlərlə
rastlaşıb. Ancaq bütün bunlar onun
əzmkarlığını, istək və arzusunu
azaltmayıb. O, fəth edəcəyi məkanlara
doğru hərəkətini dayanmadan davam etdirir. Yolu eniş-yoxuşludur, çətindir, amma o, buna
hazırdır. Çünki əsl
döyüşçü ruhuna malikdir. Simasında
xoşbəxtliklə yanaşı, daima diqqətlilik, məsuliyyət
sezilir. Tural İskəndərov istənilən an “çətinliklər pelotonu”ndan
ayrılaraq arzuladığı finiş xəttini birinci
keçməyə hazırdır. Qalır, ona
bu şansı vermək. Əmin olun, o, bu
şansı qaçırmayacaq.
Kənan Məstəliyev
Kaspi.-2014.-14 noyabr.-S.23.