“Biz insan
faktorundan asılıyıq”
Fariz Əhmədov: “Ən
böyük mükafat
tamaşaçı rəyi
və onların alqışıdır”
“Uğur hekayəsi” rubrikamızın
bu həftəki qonağı “Azanfilm” studiyasının rəhbəri
Fariz Əhmədovdur . O, 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. Mədəniyyət və İncəsənət
Universitetinin Ədəbi
yaradıcılıq və
ekran dramaturgiyası ixtisasında və Beynəlxalq Kino Məktəbində
təhsil alıb.
Professional Kinorejissorlar Gildiyasında və Beynəlxalq Audiovizual Festivalda koordinator
(2003-2005), ANS TV-də isə
rejissor (2005-2006) kimi çalışıb.
Filmə böyük marağı
olan Fariz Əhmədov “Kiçik Əmanət”, UNICEF üçün
“Gənclik və Sülh” mövzusunda sənədli, “Mayak” filminin müəllifidir.
2010-cu ildə Ümumrusiya
Dövlət Kinematoqrafiya
Universitetinə daxil olub və 2012-ci ildə həmin ali təhsil
ocağının magistr
pilləsini bitirib.
2012-ci ildə
“Azanfilm” animasiya filmləri studiyasının
direktoru vəzifəsində
çalışan müsahibimiz
gənclərin uğur
qazanmaları üçün
daim öz üzərilərində işləmələrinin
vacib olduğunu vurğulayır.
- Fariz bəy, gənc yaşda rəhbər vəzifədə çalışmaq
necə bir hissdir?
- İstənilən vəzifə,
rəhbərlik onun sahibindən böyük bir məsuliyyət tələb edir. İşçi vəzifəsində çalışarkən
yalnız öz işinə cavabdeh olursan. Amma hər hansı
qurumun rəhbəri vəzifəsində çalışdıqda
hər kəsin işinə nəzarət
etməyə məcbursan.
Həm istehsal prosesini aparmaq, həm də maliyyə sahəsinə rəhbərlik
etmək heç də asan məsələ
deyil. Mən yaradıcı insanam
və yaradıcı işlə məşğulam.
Bəzən olur ki, istehsalat prosesində elə problemlər yaranır ki, onun həlli üçün çox çalışmalı oluram.
Düşünürəm ki, necə edim ki, el dilində
desək “nə şiş yansın, nə də kabab”. Biz insan
faktorundan asılıyıq.
Bura zavod deyil ki,
nəsə istehsal edək. Burada istehsalçı hesab olunan rejissordan
tutmuş rəssama qədər hamının
nazı ilə oynamalıyam ki, nəticədə istədiyimi
onlardan ala bilim.
Biz digər istehsalat birliklərindən fərqli
olaraq başqa iş sistemi ilə çalışırıq.
Çalışıram ki, mənə
verilən işin öhdəsindən layiqincə
gəlim və mənə göstərilən
o etimadı doğruldum.
- “Azanfilm”
studiyasına rəhbər
vəzifəsində çalışacağınızı
eşitdikdə bu xəbəri necə qarşıladınız?
- Əslidə buna
səbəb mənim xaricdə təhsilim oldu desəm yəqin ki, yanılmaram. 2010-cu ildə
Rusiyada VGİK Kinematoqrafiya
Universitetinə qəbul
olunmuşdum. O universitet
qeyri-Rusiya vətəndaşları
üçün ödənişli
idi və ildə 10 min dollar təhsil
haqqını ödəmək
lazım idi. Mən də Mədəniyyət
və Turizm Nazirliyinə məktub yazdım ki, belə bir universitetə
daxil olmuşam, mənə təhsil haqqını ödəmək
üçün kömək
lazımdır. Cənab nazir
mənim təhsil haqqımı ödədi
və mən o universiteti oxudum. Döndükdən sonra isə
mənə söylədilər
ki, “Azanfilm” studiyasını yenidən
qaldırmaq üçün
bizə kömək lazımdır. Animasiya sahəsi
isə mənim ixtisasıma bir qədər uzaq sahə idi. Ancaq çəkdiyim bütün
filmlərin demək olar ki, prodüseri
özüm olmuşam.
Filmlərin istehsal prosesindən
xəbərim vardı.
Moskvada rejissor təhsili aldığım üçün
daha çox yaradıcı işlə
məşğul olmaq
istəyirdim. Ancaq başa
düşürdüm ki,
bu sahədə də kömək lazımdır. Ona görə
də mənə təklif olunan vəzifə ilə razılaşdım. Bu gün də animasiya sahəsindəki uğurları görməmək
qeyri mümkündür.
Belə ki, müstəqillik qazanandan bu yana ildə 5 animasiya filmi nümayiş olunur. Yeni kadrlar yetişir,
texniki bazamız çoxalır. Mədəniyyət və Turizm Nazirliyi studiyamıza yüz min manata yaxın texniki avadanlıq verib. Bu il ilk dəfə
olaraq animasiya serialının istehsalına
başlayacağıq. Hazırda
iş prosesi gedir. Sevindirici hal odur ki, nazirlik bizə
kömək edir və onlar da
bu işdə maraqlıdırlar.
- Rusiyanın
Kinematoqrafiya Universitetində
öyrəndikləriniz bu
gün sizin işinizdə kömək
olurmu?
- ÜmumRusiya Kinematoqrafiya
İnstitutu dünyada
yaranmış birinci kino universitetidir. Bu universitet bir əsrdən artıqdır
ki, fəaliyyət göstərir. Dünya kino
sahəsində mütəxəssislərin
yetişdirilməsində bu
təhsil ocağının
böyük və əvəzedilməz rolu
var. Bu təhsil ocağı
mənim üçün
məbəd idi.
Orada təhsil almaq mənim həyatımda çox böyük rol oynadı. Mənim mütəxəssis kimi yetişməyimdə demək
olar ki, rolu əvəzsizdir.
Müəllimlərim Rusiyanın,
SSRİ-nin tanınmış
xalq artistləri və tanınmış simaları idi. Orada oxuduğum müddətdə tanış olduğum
tələbə yoldaşlarım
bu gün dünyanın müxtəlif
ölkələrində reytinqli
filmlərin rejissorlarıdır.
- Sizin çəkdiyiniz filmlər
beynəlxalq festivallarda
mükafatlara layiq görülür. Sizcə,
rejissor üçün
bundan böyük sevinc ola
bilərmi?
- Fikrimcə, rejissor üçün ən böyük sevinc tamaşaçı alqışı
və tamaşaçı
rəğbətidir. İstənilən istehsal olunan film festival, yaxud hər hansı bir kino mütəxəssisləri
üçün deyil,
məhz tamaşaçı
üçün çəkilir.
Filmin göstərilmə və
istehsal obyekti tamaşaçıdır. Ən böyük mükafat isə tamaşaçı
rəyi və tamaşaçı alqışıdır.
Düzdür, festivallar da
rejissor üçün
vacibdir. İlk növbədə
festival filmi göstərib
peşəkar rəyi
almaq üçün
böyük rol oynayır.
- Bu gün gənclik kinematoqrafiya sahəsinə nələr
gətirir?
- İstənilən gənc
yaradıcılıq sahəsinə
yeni düşüncə
gətirir. İndi sürət, internet və texnologiya əsridir. Burada kinonun dili,
tempi, mövzusu gündən-günə
dəyişir. Bu sahəyə gələn gənc onu maraqlandıran,
gündəmdə maraqlı
olan mövzunu ekrana gətirir. İl ötdükcə insanların
zövqü, dünyagörüşü,
dünyaya baxışları
dəyişir. Gələn insan
yaşadığı tempə
uyğun olaraq yeni nəfəs gətirir. Sevindirici haldır ki,
bu gün Azərbaycan kinosuna gələn gənclər
öz sözlərini
deməyə iddialıdırlar
və deyirlər də. Azərbaycan kinosu bu gün dünya kinematoqrafiyasının bir
hissəsi kimi özünü göstərir.
Bu gün kino
sahəsinə gələn
gənclər dünya
kino sahəsində Azərbaycan gənci haqqında artıq müəyyən fikir formalaşdırıb. İstənilən xarici ölkədə Azərbaycan, Şərq ölkəsi olaraq maraq doğurur. Festivallarda nümayiş olunan filmlərdə Azərbaycan
mədəniyyəti, mentaliteti
orada öz əksini tapır.
- Animasiyada çalışan gənclər
hazırda nə yeniliklər gətirirlər?
- Animasiyada texnologiya dəyişikliyi baş verdi. Dünya prosesində
2-3D formatına keçirildi.
Demək
olar ki, çəkilən filmlərin
90 faizi bu formatda çəkilir.
“Azanfilm” studiyası
olaraq biz də bu texnologiyadan istifadə edirik. Kompyuter qrafikası 3D animasiya vasitəsi ilə həyata keçirilir.
Studiyamızın 80 faizindən çoxu
gənc kollektivdən
ibarətdir. Yaşlı mütəxəssislərlə
yanaşı işə
daha çox gənclər cəlb olunur ki, bu
da animasiya sahəsinə yeni nəfəs, yeni baxışda yanaşı
yeni texnologiyanın tətbiqinə gətirib çıxarır. İşimizi elə qururuq ki, peşəkar yaşlı nəsillə
sənətə yeni gələn gənc nəsil arasında bir bağlantı, əlaqə olsun.
- Ənənəvi
sualımız – uğur
qazanmağın sirri nədədir?
- Uğur qazanmağın sirri zəhmətkeşlikdə
və qarşınıza
qoyduğunuz məqsəddədir.
İnsan
ilk növbədə öz
zəhməti, biliyi, bacarığı ilə istədiyi nailiyyəti əldə edə bilər. Yetər ki, qarşılaşdıqları
çətinliklərə sinə gəlsinlər və həvəsdən düşməsinlər. Qarşıya qoyduğu məqsədə
doğru iri və möhkəm addımlarla irəliləsinlər.
Xəyalə Rəis
Kaspi.-2014.-14 noyabr.-S.15.