Namiq Abdullayev
nümunəsi – Gənclərə örnək
O, həm tatami üzərindəki
çıxışları, həm də həyatdakı
davranışları ilə gənclərimizə yol göstərir
Azərbaycanlılar
həmişə fərdi idman növlərində
başqalarından fərqləniblər. İstən SSRİ
dövründə, istər də müstəqillik illərində
dünya və Avropa
çempionatlarında, olimpiadalarda əsas
uğurlarımızı fərdi idman
növlərində qazanmışıq. Bu, artıq ənənə
halını alıb. Əsas medal
ümidlərimiz də məhz fərdi idman
növlərində yarışan
idmançılarımız olub.
Fərdi idman növlərində isə güləş
azərbaycanlı idmançıların özlərini suda balıq kimi hiss etdiyi növlərdəndir.
Ta qədimdən Azərbaycan güləşçiləri
həmişə öz adlarından söz etdirməyi bacarıblar. İstər sərbəst,
istərsə də Yunan-Roman güləşçiləri
arasında bütün dünyada
adından söz etdirməyi
bacarmışıq. Azərbaycan güləşçiləri
arasında öz adından söz etdirməyi bacaranlardan
biri də Namiq Abdullayevdir. Ötən əsrin 90-cı illərində
adı dillər əzbəri olan bu oğlan öz
həyat yolu, karyerası ilə həyatını
idmana bağlamaq istəyən
istənilən gənc üçün
örnək ola bilər.
Futboldan güləşə
Müstəqil Azərbaycanın olimpiya hərəkatının bayraqdarlarından olan Namiq 4 yanvar 1971-ci ildə Bakıda anadan olub. Əslən Xızıdadır. Çoxuşaqlı ailədə böyüyüb. Dörd bacı, beş qardaş olublar. 1978-ci ildə Bakının Nəsimi rayonunda yerləşən 19 nömrəli orta məktəbin I sinfinə gedib.
1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib.
Uşaqlıq illərini xatırlayan Namiq deyir ki, bütün uşaqlar, xüsusən də oğlanlar kimi çox dəcəl olub. Uşaq yaşlarından idmana maraq göstərib. Amma balaca vaxtı əsasən futbola, bir də qaçmağa çox həvəs göstərib. «İdman sahəsində ilk seçimim də futbol olmuşdu. Hələ üçüncü sinifdə oxuyanda bir müddət futbol məşqlərinə getmişəm. Məktəbimiz üçüncü mikrorayonun ərazisindəydi. Geniş stadionumuz vardı. Orada bacarıqlı məşqçilər biz məktəblilərlə məşğul olurdu. İndi səbəbini özüm də bilmirəm, amma o vaxt valideynlərim futbolla məşğul olmağıma nədənsə qəti etiraz etmişdilər. Məktəbdə futbol, evə qayıdandan sonra həyətdə futbol... dərs kitablarını oxumağa lap az vaxt qalırdı. Yəqin ki, valideynlərimi də narazı salan məhz elə bu amil idi. İndinin özündə də futbola marağım qalır» - deyir Namiq.
Amma sonradan seçimi güləş olub. Bu da təsadüfi deyil. Əminliklə demək olar ki, güləş bacarıqları ona irsən keçib. Dayısı eldə-obada tanınan pəhləvanlardan olub. Əmisi oğlu Elxan Abdullayev də güləşlə məşğul olub. Qardaşı Arif Abdullayevin də seçimi güləş olub. Namiqin idmanla məşğul olan qohumları da yarışlara qatılıb, Azərbaycan çempionu olub, beynəlxalq turnirlərdə iştirak ediblər. Onlardan məşqçi olanları da olub. Həm Namiqə, həm də qardaşı Arifə güləşlə məşğul olmağı əmisi oğlu Elxan təklif edib. Onun məsləhəti ilə hər ikisi Əməkdar məşqçi Vahid Məmmədovun rəhbərliyi altında güləşin fəndlərini, texnikasını öyrənməyə başlayıblar.
Saymaqla bitməyən titullar
Keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycan əməkdar idman ustası, polis polkovnik-leytenantıdır. İlk uğurunu 1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirində qazanan Namiq daha sonra bir çox uğurlarla yanaşı, Avropa və Olimpiya çempionu adını qazanıb.
Abdullayev son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Uzun illər olimpiya yığmamızın kapitanı olan güləşçi daim öz qələbələri ilə idmansevərlərə sevinc bəxş edib. Abdullayev güclü məktəb keçdiyini, yığmamızın lideri olduğunu Avropa və dünya çempionatlarında bir daha sübut edib. 2000-ci ildə Sidneyə kapitan kimi yollanan Namiq Olimpiya oyunlarının açılışında apardığı bayrağa layiq yarışıb. Olimpiya çempionu və digər məsul yarışların qalibi kimi Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.
Namiq Abdullayevin karyerası nailiyyətlərlə zəngindir. Onun müxtəlif idman yarışlarında əldə etdiyi medallar böyük bir muzeyin eksponatı ola bilərlər.
Bəstəboy güləşçimiz
Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat Avropa çempionu, Dünya birinciliyinin gümüş mükafatçısıdır.
Karyerasının ilk illərindən
onun qabında nəyinsə olduğu məşqçilərin diqqətini
cəlb etmişdi. Məşqlərdə
həvəslə çalışan, bütün
tapşırıqlarını can-başla
icra edən Namiq elə
qatıldığı ilk turnirlərdəcə
nəticə verməyə başladı. Onun
ilk titulu 1988-ci ildə
Olimpiya Ümidi Beynəlxalq
turnirinə təsadüf etdi. Bir il sonra - 1989-cu ildə Namiq SSRİ birinciliyində II yeri tutdu. O vaxtlar SSRİ birinciliyində rəqabət
çox güclü idi. Bu baxımdan
SSRİ çempionatının mükafatçısı olmaq
artıq Dünya və Avropa çempionatlarında uğurun
qapısının açılması
idi. Belə də oldu.
Namiq 1990-cı il Kanadada SSRİ yığma komandasının
tərkibində Dünya
Kuboku yarışında
1-ci yeri qazanaraq ilk beynəlxalq titulunu qazanmış oldu. 1991-ci ildə SSRİ birinciliyindəki nəticəsini
daha da yaxşılaşdıraraq
1-ci yerə çıxdı.
Xoşbəxtlikdən Namiqin əsas
uğurları müstəqil
Azərbaycan bayrağı
altında çıxış
etdiyi illərə təsadüf etdi. O,
1994 və 1995-ci illərdə
İtaliya və İsveçrədə keçirilən
Avropa çempionatlarında
birinci oldu. 1994-cü ildə Dünya çempionatında
yalnız final görüşündə
uduzaraq gümüş
medal aldı. 1996-1997-ci
illərdə Budapeşt
və Varşavada keçirilən Avropa çempionatlarında da adından söz etdirərək mükafatçılar
sırasına düşdü
(2-ci və 3-cü yer).
Namiq Abdullayevin
karyerasında olimpiadaların
xüsusi yeri oldu. O, 1996-cı ildə ABŞ-da keçirilən Atlanta Yay Olimpiya Oyunlarında
Azərbaycana gümüş
medal qazandırdı. 4 il sonra -
2000-ci ildə Avstraliyanın
Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında isə inamlı qələbə qazanaraq birinci yeri tutdu
və ölkəmizə
olimpiya qızılı
bəxş etdi. Belə ki,
o, Sidneyə kapitan kimi yollanıb bu adı doğrultmağı
bacarmışdı. Bundan sonrakı
illərdə də Namiq Azərbaycan güləşinin inkişafı
üçün əlindən
gələni etdi.
Aldığı zədələrə, yaşının artmasına
baxmayaraq təcrübəsi
ilə uğur qazanmağa çalışdı.
2002-ci ildə Dünya
çempionatının gümüş
medalçısı, 2003-cü ildə Avropa çempionu, 2004-cü ildə
Dünya Kubokunun qalibi, 2006-cı ildə Dünya çempionatının
bürünc medalçısı,
2006-cı ildə Avropa
çempionatının gümüş
medalçısı oldu.
2008-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl
Qran-Pri" beynəlxalq
turnirinin gümüş
medalçısı olan
Namiq karyerasını
yalnız 2009-cu ildə
bitirdi. O, həmin
ilin 18 iyulda Bakı İdman Sarayında təşkil olunan Qızıl Qran-Pri turnirinin final mərhələsində alqışlarla
yola salındı.
Gənc
idmançılara tövsiyələri
Namiq təkcə
idmandakı uğurları
ilə deyil, həm də davranışı, həyat
tərzi ilə başqalarına nümunə
olub. Özü xatırlayır ki,
heç vaxt rastlaşdığı problemləri
qolunun gücü ilə həll etməyə çalışmayıb.
O deyir ki, idmançının hər
zaman qollarında gücü var. Bu gücü
isə təyinatı
olmayan yerdə sərf etmək suçdur. Ona görə də
bütün idmançılar
çalışıb hər
kəsdən daha çox səbirli olmalıdırlar. Onun
gənc idmançılara
verdiyi məsləhətlər
də faydalıdır:
«İdmançı oldunsa,
hamı kimi həyatını, asudə
vaxtlarını öz
istədiyin kimi keçirə bilməzsən.
İdmanın öz tələbləri,
öz məhdudiyyətləri
var. Üstəgəl əzilmələr,
sınmalar, çatlar,
zədələr hər
zaman mümkündür
və biz idmançılar
buna da hər
zaman hazır olmalıyıq. Əgər dünya,
olimpiya, Avropa çempionu olmaq barədə fikirləşirsənsə,
digər yaşıdlarından
fərqli olaraq günlərini, saatlarını
məşqlər üçün
səmərəli surətdə
bölməlisən. Ən azı,
gündə iki dəfə məşq minimumdur. Fikrin - zikrin öz
üzərində işləmək
olmalıdır».
Həyat
prinsipi: heç vaxt məğlubiyyətlə
barışma
Namiq heç
vaxt məğlubiyyətlə
barışan idmançı
olmayıb. Özünün
də dediyi kimi həmişə uduzduqdan sonra etdiyi səhvləri, texniki yanlışlıqları
düzəltmək, yeni
yarışlara daha əzmlə qatılmaq barədə düşünüb:
«Fikirləşmişəm ki, əgər bu yolu seçmişəmsə,
yalnız qələbəyə
doğru irəliləməliyəm.
Qalib gəlmək bir vəzifədir, biz idmançıların
boyuna biçilib».
Namiq Abdullayev
bu gün də aktiv fəaliyyətdədir. İndi o, Daxili
İşlər Nazirliyinin
tabeçiliyində olan
Daxili Qoşunların
İdman Komandasının
rəisi vəzifəsində
çalışır. Paralel olaraq həm də Milli Olimpiya
Komitəsində İcraiyyə
Komitəsinin, Gənclər
və İdman Nazirliyində fəxri adlarla bağlı komissiyanın üzvüdür.
Həmçinin Azərbaycan Güləş
Federasiyasının vitse-prezidentidir.
Öz təcrübəsini gənclərə
və yeniyetmələrə
öyrətməkdən yorulmur.
Kamran
Kaspi.-2014.-14 noyabr.-s.21.