SƏTTAR
BƏHLULZADƏ – 105
QARA RƏNGİN
İŞIĞI
Görkəmli
fırça ustası, Azərbaycanın xalq rəssamı,
Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin
(1909-1974) anadan olmasının 105-ci ildönümü ərəfəsində
onun doğma yurdu Əmircan qəsəbəsində qrafik əsərlərindən
ibarət fərdi sərgisi açılıb. Rəssamın ötən il
istifadəyə verilən ev muzeyində təşkil olunan bu
sərgi sənətsevərlərin böyük
marağına səbəb olub. Bunu şərtləndirən
başlıca səbəb sərginin ekspozisiyasına daxil
edilmiş 30 qrafik əsərin geniş ictimaiyyətə məlum
olmaması, bu vaxta kimi şəxsi kolleksiyalarda
saxlanılmasıdır.
Sərginin açılşında Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva, xalq rəssamı Arif Hüseynov və Ağali İbrahimov, xalçaçı-rəssam Eldar Mikayılzadə, “Qalereya” (Rusiya) jurnalının məsul katibi Natella Voyskunskaya, sənətşünas Pərzad Abdinova və b. çıxış edərək Səttar Bəhlulazadənin sənəti və şəxsiyyəti haqqında söz açmış, xatirələrini bölüşmüşlər.
Öncədən deyək ki, Bakıda və Moskvada ixtisas təhsili alan Səttar Bəhlulzadənin 34 illik yaradıcılığında qrafika çox geniş yer tutur. Bunun bir çox səbəbi vardır. Onun hələ Bakı rəssamlıq texnikumunda tələbə ikən həm də “Kommunist” qəzetində baş rəssam vəzifəsində çalışan görkəmli fırça ustası Əzim Əzimzadənin dəvəti ilə iki il - 1931-1933-cü illər ərzində mətbuatda çalışmasını və burada müxtəli mövzuda və janrda qrafik rəsmlər çəkməsini onun bu sahəyə olan marağının başlanğıcı saymaq olar. Qrafika sənətində əvəzedilməzliyini elə zamanında təsdiqləyən Ə.Əzimzadə gənc S.Bəhlulzadənin simasında özünün gələcək davamçısını görürdü. Ona görə də o, Səttarın bu sahədə ali təhsil almasını istəyirdi. Odur ki, 1933-cü ildə ali təhsil almaq arzusu ilə Moskvaya yollanan Səttarın V.İ.Surikov adına Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsinə qəbul olunması, əslində həm də sevimli müəlliminin istəyinin göyərməsi idi. Sağlığında rəssam Moskvadakı təhsil illərini xatırlamaqdan usanmazdı, dövrünün görkəmli qrafiki olan V.A.Favorski, P.Y.Pavlinov, K.N.İstomin və L.A.Brunidən sənətin bu növünün incəliklərinə yiyələndiyini fəxrlə söyləyərdi. Doğrudan da Səttar bu görkəmli sənətkarlardan, xüsusilə də bilavasitə emalatxanasında çalışdığı V.A.Favorskidən qrafikanın sayagəlməz texniki və bədii ifadə vasitələrini öyrənə və bunu bütün yaradıcılığı boyu çəkdiyi qrafik əsərlərin əlçatmaz bədii məziyyətləri ilə təsdiqləyə bilib. Lakin elə təhsil illərində Səttarın həyatında çox önəmli bir hadisə baş verir. Özü də hiss etmədən onun qeyri-adi rəng duyumunu müəllimləri görür və buna biganə qalmırlar. Krımda keçirilən yay təcrübəsi zamanı Səttarın uğurlu rəngkarlıq etüdlərini görən məşhur rəssam Q.M.Şeqal ona rəngkarlıq fakültəsinə keçməyi təklif edir və o da tərəddüd etmədən buna razılıq verir. Beləliklə, Səttar Bəhlulzadə üçüncü kursdan başlayaraq institutda Q.M.Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir, realist sənət ənələrini dərindən mənimsəyir. Bununla belə o, qrafikaya sevgisini bütün yaradıcılığı boyu qoruyub saxlayır. Bu yerdə qeyd edək ki, sənətsevərlərə daha çox ecazkar mənzərələri ilə tanınan rəssam zaman-zaman toplanan və böyük bədii irsə çevrilən qrafik əsərlərini uzun müddət ictimaiyyətə göstərməyib. Yalnız 1966-cı ildə baş verən bir hadisə ona özünün qrafik yaradıcılığına arifanə göz qoymağa məcbur edib. O vaxt Çexoslovakiyadan Bakıya gələn və Azərbaycan rəssamlarının yaradıcılığı ilə tanış olan xarici nümayəndə heyətini Səttarın da emalatxanasına aparırlar. Orada rəssamın qrafika əsərlərində hifz olunan böyük sənətkarlığı görən qonaqlar həmin lövhələrin Praqada nümayiş olunmasına qərar verirlər. Beləliklə, 1966-cı ilin payızında Praqanın “U rjeçitskix” qalereyasında Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgisi açılır. Bu sovet dönəmində Azərbaycan rəssamının xarici ölkədə açılmış ilk sərgisi idi. Sərginin açılşında çıxış edən rəssam həm də özünün qrafikaya münasibətini də açıqlayır: “Mən rəngkaram. Bu qrafika əsərləri gələcək işlərimə hazırlıqdır. Buna görə də həmin əsərləri heç yerdə nümayiş etdirməmişəm. Mənim emalatxanamda 600, bəlkə də 800 qrafika əsəri var. Yoldaşlarım mənə bu əsərləri sərgidə göstərməyi dəfələrlə təklif etmişlər. Bu əsərlər müşahidələrimin bəhrəsidir. Mən mənzərə rəssamıyam. Ağaclar, səma, çaylar, güllər, daşlar, dəniz, ot, quşlar mənim mövzumdur...”
Sərgi sonrası rəssam tuşla işlənmiş bir neçə qrafik lövhəsini Praqa Milli Qalereyasına hədiyyə etmiş və bunun müqabilində ona təklif olunan böyük qonorardan da imtina etmişdi.
Həmin sərginin açılşında iştirak edən görkəmli fırça ustası, Səttar Bəhlulzadənin yaxın dostu Toğrul Nərimanbəyov bu sətirlərin müəllifi ilə söhbətində həmin qrafika sərgisinin bir ayrı aləm, sənət hadisəsi olduğunu dəfələrlə vurğulamışdı.
Doğrudan da rəssamın qrafik irsi də çox zəngin və bənzərsizdir. Onun qrafik mənzərə və natürmortları, Füzuli poeziyasına olan ölçüyəsığmaz məhəbbətinin təcəssümü olan lövhələr geniş tamaşaçı kütlələrinə nisbətən az tanışdır. Düzdür, hələ rəssamın sağlığında 1966-cı ildə Praqada təşkil olunan sərgidən başqa, onun vəfatından sonra Simferopol (1975), Moskva (1977), Yalta (1978), Nyu-York (1994), İstanbul (1994), London (1995), Bonn (1996), Bakı (1999, 2004, 2009) şəhərlərində onun qrafik əsərlərinin bir qismi fərdi sərgilərində nümayiş etdirilmişdir. Amma bununla belə hələ də sənətsevərlərobyektiv-subyektiv səbəblər üzündən bu irsin hamısı ilə tanış deyillər.
Bu baxımdan rəssamın Əmircandakı ev muzeyində təşkil olunan qrafik sərgini hələ də müəyyən qədər “naməlum” qalan Səttarı bizə tanıtmaqda yeni və uğurlu addım saymaq olar. Düşünürük ki, bu hələ başlanğıcdır. Çünki, bütün yaradıcılığı boyu kifayət qədər məhsuldar işləyən rəssamın rəngkarlıq və qrafik irsi bizim bu vaxta kimə gördüklərimizdən qat-qat çoxdur. Bu yerdə deyək ki, rəsmi hesablamaya görə Azərbaycan və keçmiş SSRİ məkanındakı muzeylərdə rəssamın təxminən 200-ə qədər əsəri vardır. Təbii ki, onların qalan hissəsi şəxsi kolleksiyalarda saxlanılır. Xoşagəlməz haldır ki, çox vaxt həmin kolleksiya sahibləri həmin əsərlərin müvəqqəti də olsa sərgilənməsinə razılıq vermirlər. Bunun səbəbini sadəcə başa düşmək çətindir. Axı fərdlərin mülkiyyətinə çevrilmiş həmin əsərləri onlardan almağa heç kim hazırlaşmır. Belələri unudurlar ki, Səttar Bəhlulzadənin bədii irsi təkcə maddiyat yox, həm də böyük mənəviyyat qaynağıdır...
Rəssamın yeni sərgisində nümayiş olunan 30 qrafik əsərə gəldikdə isə, demək lazımdır ki, onların hər biri özündə dünyaya bənzərsizliyi ilə seçilən “Səttar baxıçı”nı yaşadır. Tablolarında olduğu kimi, bu lövhələrində də Səttar öz aləminə, öz fantaziyasına, həyat eşqinə sadiq qaldığını nümayiş etdirib. Belə ki. müxtəlif və qeyri-adi cizgilər toplusu həyatı, təbiəti lövhə-lövhə gözümüz önündə canlandırır. “Xəsisliklə” işlənən ağ-qara cizgilər vasitəsilə təbiətin bitkin obrazını, onun daxili “psixologiyası”nı görürük. Əsərlərin ifadə tərzində gənclik hərarəti ilə müdriklik birləşib, desək, yanılmarıq. Rəssam öz əsərlərində həyat həqiqətlərini, sözün əsl mənasında, əfsanələrdə olduğu kimi ilahiləşdirib, fantastik bir görkəm verib. Ona görə də sənətsevərlər həmişə belə əsərlərə baxarkən reallıqla qeyri-reallığın qovuşmasından yaranan gerçəkliklə - sənət möcüzəsi ilə qarşılaşırlar Sərgidə nümayiş olunan “Kəpəzin göz yaşları”, “Gülüstan”, “Günəş və dağlar”, “Meyvələrlə mənzərə”, “Qayalar” və s. bu qəbildəndirlər.
Əslində Səttarın görüntüyə gətirdiyi təbiət motivləri hamıya, o cümlədən də başqa rəssamlara yaxşı tanış olan yerlərdir. Amma onun bu yerlərə özünəməxsus baxışı hamıdan fərqlidir və elə buna görə də Səttar Bəhlulzadə təqdimatında Azərbaycan torpağı nağıl tutumlu və duyğulandırıcıdır. Çox vaxt onlara bu cür bədii münasibət tamaşaçını heyrətə gətirir və onu rəssamın təbiəti bu cür görməsinə və möcüzəvari-obrazlı görkəm verməsinə heyrətlənməyə məcbur edir. Odur ki, Səttar Bəhlulzadə öz yaratdıqları ilə Azərbaycan torpağını bizə təzədən tanıtdırdı, desək, həqiqəti söyləmiş olarıq. Gördüklərimizi sözün əsl mənasında “Azərbaycan nağılı” adlandırmaq olar...
Səttar Bəhlulzadənin sərgidə göstərilən qrafik işlərinə rəğmən demək olar ki, onlar rəssamın davamlı şəkil alan gərgin bədii axtarışlarının əyani görüntüsüdür. Rəssamın bütün janrlara, bədii – texniki vasitələrə münasibətini və bələdçiliyini özündə yaşadan bu qrafik nümunələr ilk növbədə onun bənzərsiz linear – xətti rəsmetmə bacarığını nümayiş etdirir. Həmin işlərdə cizgi improvizələri, onların intensivliyi o dərəcədə sərbəst, axıcı olduğu qədər də dramatikdir ki, çox vaxt ağ-qara cizgilər, bəzən də onlara əlavə edilmiş müxtəlif rənglər təbiətin dəyişkən ovqatını, maddi nemətlərin donuqluğunda “gizlənən” istiliyi, ayrı-ayrı obrazların çoxqatlı yaşantılarını obrazlı və yaddaqalan biçimdə gerçəkləşdirməyə imkan vermişdir.
Qrafika təsviri sənətin elə bir sahəsidir ki, orada heç bir yaradıcı özünün professionl hazırlığının səviyyəsini açıqlamağa məcbur olur, “özünü” gizlədə bilmir. Səttar Bəhlulzadənin sərgidə göstərilən müxtəlif janrlı əsərlərinin icra tutumu da bunu təsdiqləyir. Görkəmli sənətkarın bəzən bəlkə də çoxlarına sərt və ağır görünən qara tuşa münasibəti o dərəcədə heyrətamizdir ki, alınan uğurlu bədii nəticənin məhz bu materialla alındığına sadəcə inanmaq olmur. Rəssamın təqdimatında və təfsirində qara rəngin “işığı” kifayət qədər duyulandır. Odur ki, rəssamın qarşı-qarşıya qoyulmuş səthlərin təzadlı görüntüsünü yaradan qara rəng kifayət qədər rəng selinə bələnmiş kimidir. Bu mənada elə bu qara rəngin işığının onun qrafik əsərlərini birrənglikdən-yeknəsəklikdən çıxaran və duyğulandırıcı mənəvi qaynağa çevirəndir vasitə-qaynaq olduğunu söyləyə bilərik...
Ziyadxan Əliyev
Azərbaycan
Respublikasının əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
kaspi.-2014.-15-17 noyabr.-S.23.