Azərbaycanın turizm potensialını dünyaya tanıtmaqda gec qalmayaq

 

Bir neçə il öncə Ümumdünya Turizm Təşkilatının keçmiş baş katibi Françesko Franjial Azərbaycanda olarkən Bakını və bölgələrimizi gəzmiş, təbiətimizin ecazkar gözəlliyindən, havasından, suyundan, turizm potensialından ağızdolusu danışaraq ölkəmizi ekoturizm üçün ideal hesab etmiş: “Turizm Azərbaycanın qarşısında yeni üfüqlər açır, burada hər cür infrastruktur var” - deyə təəssüratını bildirmişdi. Bəli, vətənimiz çox böyük turizm potensialına malikdir, lakin düşünürəm ki, onu sürətlə inkişaf etdirərək dünyada qəbul edilmiş turizm standartlarına çatdırmaqda bir az gec qalırıq. Çünki turizm dünyanın iqtisadi gücünü təmin edən çox böyük gəlir sahəsidir. Və birtarixi İpək Yolu olmaqla Avropadan Şərqi Asiya ölkələrinə gedən beynəlxalq yollar ölkəmizdən keçirsə bu fürsət heç fövtə verilməməlidir.

Ölkəmizdə 6500-dən çox tarix-memarlıq abidəsi və 130-dan artıq muzey var ki, paytaxtımızın simvolu sayılan Qız Qalasında, Şirvanşahlar sarayında, Əcəminin şah əsəri Möminə xatun, Yusif ibn Küseyir türbələrində, əsrarəngiz Göygöldə, Qobustan qayalarında, Böyük daş, Kiçik daş, Cingirdağ, Şonqardağ, Yanardağda və Şıxqayada xalqımızın qədim daş dövründən başlayan tarixi yaşayır. Bunlar milli turizmin şah damarı hesab olunurlar.

Turizmin inkişafının başlıca xüsusiyyətləri yüksək keyfiyyətli xidmət və təbliğatdır. Əlbəttə, bu sahədə ölkəmizdə ciddi addımlar atılıb. Turizm sənayesini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Turizm İnstitutunun, Mingəçevir Turizm Kollecinin, Qəbələ TurizmHotelçilik Mərkəzinin, İsmayıllıda Turizm üzrə peşə məktəbinin yaradılması ölkə Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Nəticədə ucqar dağ kəndlərimizdə yeni-yeni məktəblər açılır. Eyni zamanda çimərliklərdə, dağ-xizək turizmində xidmətin peşə standartlarının hazırlanması, turizm təhsilini təkmilləşdirmək üçün təhsil standartlarının yenilənməsi sahəsində ixtisaslı fənlərin əlavə olunması təqdir olunmalıdır. Çünki hər turizm sahəsinin özünə aid praktik vərdişlər tədris olunmalıdır.

Ölkəmiz 2001-ci ilin sentyabrından Ümumittifaq Turizm Təşkilatının tamhüquqlu üzvüdür. “A.Düma Qafqazda”, “Azərbaycanda Alman məskənləri”, “Şərab yolu”, “Böyük İpək Yolu”, “Babaların zəfər və şəhadət yolu”, “Xəzər dənizindəki kruizkimi beynəlxalq layihələrdə ölkəmiz fəal iştirak edir. Turizmin hər bir sahəsinin inkişafını Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində də aşkar görmək olur. Məsələn, mövcud turizm potensilaının beynəlxal aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin, həmçinin bu sahədə kiçikorta sahibkarlığın inkişaf etdirilməsi hər zaman qarşıda duran əsas prioritetlərdən biri hesab olunur. Ölkəmizdə “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Həmin sənəddə göstərilir ki, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilməsi ən mühüm vəzifə kimi qarşıda durur. Yəni Azərbaycan yaxın illərdə elitar turizmin mərkəzinə çevrilmək niyyətində deyərkən, etiraf etmək yerinə düşər ki, bu gün dünyanın ən nüfuzlu toplantıları, tədbirləri, festival və konsertləri, konfransları, sərgiləri, bir sözlə elitar məslisləri Bakıda və bölgələrdə keçirilir. Baxmayaraq ki, torpaqlarımızın 20 faizi, turizm üçün ən ideal yer hesab olunan cənnət Qarabağ iki onillikdən çoxdur ki, düşmən tapdağındadır.

Hazırdı respublikamızda 120-dən çox turizm mərkəzi lisenziya əsasında fəaliyyət göstərir. Turizmin inkişafının bir qolu da görməli, gəzməli və tarixi yerlərimizə bələdçilik edən broşurlar, açıqca və bukletlər, suvenir və miniatürlərdir. Yazını hazırlayarkən bu sahə ilə məşğul olan şirkət, istehsal sahələri və kustar sənətkarlar axtarmağa başladım. Ağac üzərində oyma işi ilə məşğul olan usta Fərhad dedi ki, ölkəmizin təbliğatı üçün suvenirminiatür nümunələri istehsal edən sahələrimiz, şirkətlərimiz çox olmalıdır: “Azərbaycanda nadir əl qabiliyyətinə malik sənətkarlar olsa da, suvenir və miniatürlərimiz çox zaman Çin müəssisələrinə sifariş edilir. Turist suvenirin altında Çin yarlığını görəndə almaqdan imtina edir. Usta Fərhad düşünür ki, bu sahədə milli istehsal sahələri yaradılmalı və bu Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilməlidir.

Turist səfərinə çıxmaq, səyahət etmək, macəra axtarmaq, getdiyi ölkənin ona məxsus dəyərlərini öyrənmək, mətbəx mədəniyyəti ilə tanış olmaq insan həyatının ən maraqlı və unudulmaz anlarıdır. Fərqli mədəniyyətlər, adət-ənənələr, yaşam tərzləri görür, fərqli düşüncəli insanlarla həmsöhbət olurlar. Bir neçə il öncə “hansı turizm növünə maraq göstərirsiniz” deyə dünyanın bir neçə ölkəsində sorğu keçirilmişdi. Alınan cavablarda daha çox ekoturizmə üstünlük verildiyi bəlli olmuşdu. Bu o deməkdir ki, səyahətə çıxan turistin istəyi getdiyi ölkədə göydələnli şəhərlərin kondisionerli otaqlarında yatmaq deyil, ucqar yerlərə getmək, təbiətin insan əli dəyməmiş, korlanmamış yerlərini gəzmək, dağa-daşa dırmanmaq, çayda çimmək, uşaqlarla əylənmək, o yerin tarixi, mədəniyyəti, arxeologiyası ilə maraqlanmaq, yerli əhali ilə ünsiyyət qurmaq, o bölgənin mətbəx mədəniyyətini bilmək və sairdir. Turizmin ən maraqlı növü budur desək, yanılmarıq. Bir xeyirli tərəfi də odur ki, yerli əhali də turistlərə göstərdikiləri xidmətlərdən qazanc əldə edirlər. Əvvəllər respublikamıza gələn turistlərə yalnız Suraxanıdakı Atəşgahı, Qobustanı, İçərişəhəri, Məhəmməd məscidini, bir sözlə, məhdud yerləri görmək nəsib olurdu. İndi durum başqadır. Qısası, müasir turizmin növləri və istiqamətləri hər turistin istəyinin sayı qədərdir.

Bir neçə il əvvəl çalışdığım qəzetin rəhbərliyi mənə ekoturizmdən maraqlı yazı yazmağı tapşırmışdı. Azərbaycanın bölgələrində olmuş bir turist tapmalı, təəssüratlarını yazmalıydım. Xeyli arayıb-axtarıb J.Bernetto adlı bir fransızı tapdım. Səfəri Bakı olsa da, burada qalmayıb Bərdəyə gedibmiş. Onunla söhbətimi ən qısa şəkildə diqqətinizə çatdırıram: “Hava çox istiydi, bir qapını döydüm, elə-belə marağa. Bir nənə açdı, salam verdim, nə dedimsə fikir vermədi, əliylə məni evə çağırdı. Az-çox bildiyim qədər rus dilindən istifadə etdim, qonşu uşaqlar da nənəyə az-çox başa saldılar. Uşaqlara nə dedisə, göz qırpımında bir yeniyetmə tut ağacının başına dırmaşdı, digər uşaqlarevin xanımları da tutun altında karxana açdılar. Çox keçmədən karxananın üstü tutla doldu. Əvvəlcə, yemək istəmədim, amma gördüm ki, mən əlimi uzatmasam, kimsə oradan bir tut götürməyəcək. Doyunca tut yedik. Sonra nənəylə keçmişlərdən, olan-olmuşlardan danışdıq. Dedi ki, anbarda bir tarix var, amma ora girən kimdi, uşaqlar toza batmaq istəmirlər. Qonşu uşaqların yardımıyla tozlu anbara düşdüm, mənə baxan uşaqlar gülməkdən qarınlarını tuturdular. Anbardan bir ədəd ikigözlü, ikiqapaqlı çaynikbiruzun mis aftafa çıxartdım. Mina nənə dedi ki, bu kəbləçaynikdir. Zamanlar öncə dədələrim aylarla uzun yolu Həccə, Kərbəlaya gedərkən bu çaynikin bir gözündə yemək bişirər, o birində çay qaynadarmışlar. Namaz qılmaq üçün də aftafanın suyuyla abdəst alarlarmış. Ona görə də adları kəbləçaynik və kəbləaftafadır. O

anbarda gerçəkdən qiymətli xəzinə vardı. Nənə çox sevimliydi, əli də, ürəyi də açıq, ayrılanda aftafanı hədiyyə etmək istədi, götürmədim. O tarix onlarındır. Mina nənəni və mənə hayta-hayta gülən uşaqları gözəl üzlərini heç unutmayacam...”

Bir xalqın tarixini, mədəniyyətini, kibarlığını, duyğusunu, içindəki sevgisini tanıtmağın ən gözəl ifadəsidir bu.

Ölkəmizdə turizmin elə sahələri var ki, dünyada tayı-bərabəri olmasa da, biz ondan yetərincə yararlana bilmirik. Götürək palçıq vulkanlarını. Məlumdur ki, ölkəmiz vulkanlar diyarıdır. Hər bir vulkan isə təbiət hadisəsidir. Lakin indiyə qədər vulkanlarlarımızdan nə səhiyyə turzmində, nə də milli turizmin inkişafında yetərincə istifadə olunmayıb. Gürcüstandaki Axtala vulkanını misal çəkə bilərəm. Bu ərazi sovet dönəmində ümumittifaq kurort zonası idi. İttifaqın hər yerindən, xarici ölkələrdən də oraya turist marşurutları, ekskursiyalar təşkil edilirdi. Təkcə Qobustandakı bir vulkan turistləri heyrətə salmağa yetər. Bir neçə il əvvəl püskürmüş həmin vulkan daim hərəkətdədir və sakitcə qaynayır. Eyn zamanda püskürmə nəticəsində gözəl təbiət mənzərəsi yaranıb. Qobustanın tarixi dəyərini də nəzərə almaqla həmin ərazini böyük turizm mərkəzinə çevirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” sərəncam imzalamışdı. Sərəncama görə hər bir palçıq vulkanı təbiət abidəsi kimi mühafizə edilməli, səhiyyə və ekoturizmdə istifadə olunmalıdır. AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevlə bu barədə söhbət etdik. Mütəxəssis deyir ki, Azərbaycandakı palçıq vulkanlarının tərkibi tükənməz xammaldır, nadir incidir, kimyəvi elementlərlə zəngindir, turizm üçün ən ideal yerdir: “Uzun illərdir bu məsələni qaldırırıq ki, vulkan palçığından təbabətdə geniş istifad olunsun, səhiyyə turizmi yaradılsın, o ərazilərə turist marşurutları təşkil edlsin. Çünki bu, bizim milli sərvətimizdir. Təəssüf ki, ölkəmizdə bu qiymətli xəzinədən yetərincə istifadə olunmur, əksinə, ətraf bölgələrdə yaşayan insanlar tərəfindən həmin ərazilər çirkləndirilir, ya da vulkan məhsulundan ev tikintisində xammal kimi istifadə edilir. Ölkəmizdə 350-yə yaxın palçıq vulkanları mövcuddur. Ən çox püskürmələr Qobustanda, Şamaxıda və Xəzər ekvatoriyasındadır. Vulkan püskürməsi nəticəsində təbiətin təkrarolunmaz gözəlliyi yaranır. Dünyanın hər hansı bir yerində vulkan püskürməsi varsa, turistlərin maraq etdiyi yer olduğundan həmin ərazi cənnətə çevrilir, ətrafda ideal şərait yaradılır. Azərbaycan vulkanlarının o sarıdan bəxti gətirməyib. İnanın hər vulkan xassəsinə görə bir sərvətdir, xəzinədir. Bəzilərinin tərkibi bir çox xəstəliklərin əlacıdır. Bura dəri, sinir sistemi xəstəlikləri, ginekologiya, kosmetologiya, zobbaşqa xəstəliklər daxildir. Bundan istifadə edərək vulkanların çevrəsində istirahət və müalicə zonaları yaratmaqla elə etmək olar ki, dünyanın hər yerindən buraya istirahətə və təbii müalicəyə gələnlərin sayı-hesabı olmasın. Dəfələrlə şahidi olmuşam ki, ölkəmizə gələn xarici turistlər vulkanlarımızı görmək istəyiblər. Turizmin bu sahəsi inkişaf edərsə, həmin çevrədə yaşayan insanlar da turistlərə buya digər xidmət növləriylə yaşayış imkanlarını yaxşıalşdıra bilərlər. Həm dövlətimiz qazanar, həm vətəndaşı, həm də xalqımızın turizm imkanları dünyada geniş təbliğ olunar”.

Adil müəllimlə söhbətimizdən o da məlum oldu ki, ötən əsrin 80-ci illərində vulkan palçığının tibbə tətbiqi ilə bağlı bəzi tədqiqatlar aparılıb. Həmin il Kurortalogiya İnstitutunun həkimləri AMEA-nın Geologiya İnstitutu ilə birgə palçıq vulkanlarının xassələrini öyrənib, xəritələr tətbiq ediblər. Sonra Səhiyyə Nazirliyinin razılığı ilə Bakının 17 xəstəxana və poliklinikasında vulkan palçığı ilə müalicə üsulundan istifadə olunub. Təəssüf ki, sonralar bu inkişaf etdirilməyib.

Yəqin ki, çoxumuz Türkiyənin BursaAfyonkarahisar bölgəsində olmuş, oranın yeraltı termal (İstisu) sularla zəngin olduğunu bilirik. BursaAfyon bölgəsi müalicəvi palçığı və yeraltı qaynar suları ilə təkcə Türkiyədə deyil, dünyada məşhurdur. Bütün hotellər termaldır, otaqlarda belə kaplıca sularından istifadə olunur. Sahibkarlarla söhbətlərimizdə bildirdilər ki, AvropaAmerikadan belə, qadınlar, xüsusilə sənət adamları, aktrisalar ən təbii kosmetaloji vasitə kimi “Gazlıgöl” çamuru sifariş verirlər. Biz də məhsulumuzu ünvanlarına göndəririk. Afyonda olduğumuz bir həftə ərzində bu bölgənin termal sular və palçıqla müalicə sahəsində dünyada xüsusi brendə sahib olduğunu heyrətlə izlədik.

Dendropark qorunan tarixi memarlıq nümunəsi olmaqla yanaşı, beynəlxalq turizm üçün də gözəl məkandır, xalqımızın tarixidir, qorunan saraydır. Lakin istər yerli, istərsə də xarici turistləri cəlb etmək üçün bu gözəl təbiət qoynunda elə də gözəl şərait yoxdur. Qəlyanaltı yerləri primitivdir, xidmətin keyfiyyəti aşağı səviyyədədir. Ona görə də xarici turistlərə orada az-az rastlaşmaq olur. Halbuki bu möhtəşəm bağı turizm məkanı etməklə xalqımızın təbliğatçısına çevirmək olar.

Turizm tariximizlə maraqlanarkən Qarabağ və Şəki haqqında vaxtilə bu şəhəri səyahət etmiş, rus, ingilis, fransız səyyah, şair və yazıçılarının fikirləri ilə rastlaşdım. Bu, o deməkdir ki, Azərbaycanda turizm mədəniyyəti və təcrübəsi, xüsusilə də ekoturizm əsrlər öncədən inkişaf edib.

Önəmli məsələlərdən biri daxili turizmin inkişafıdır. Bu məsələ o səviyyəyə çatdırımalıdır ki, insanlarımız pulunu xarici ölkəyə deyil, öz vətənimizə xərcləsin. Məktəblərdə ekskursiyalarsovet dönəmindəki yay düşərgələri bərpa olunmalıdır. Xarici turistlərdən öncə bu vətənin vətəndaşı öz ölkəsini tanımalı, tarixini öyrənməli, vətəniylə qürur duymalıdır. Bu həm də, əyani dərs vəsaitidir. Düşünürəm ki, daxili turizm inkişaf etməsə, insanlarımızda turizm vərdişi formalaşmasa dünyada turizm imkanlarımızın sürətli inkişafından danışa bilmərik.

Turizm hər bir xalqı dünyada tanıtmaq üçün ən yaxşı təbliğat vasitəsidir. Əminik ki, bu sahə də digər sahələr kimi ölkəmizdə sürətlə inkişaf edəcək, Azərbaycana gələn turistlər təbiətimizin gözəlliyinə, tariximizin qədimliyinə, insanlarımızın istiqanılığına və mətbəx mədəniyyətimizə heyran qalacaq, qonaqpərvərliyimizdən hər zaman ağızdolusu danışacaqlar.

 

Rəsmiyyə RZALI

Kaspi.-2014.-19 noyabr.-S..14.