Mətbuat - dövrün siyasi hadisələrinə
münasibətdə
Tarixin və onunla təsdiq olunan nəzəri
fikrin təcrübəsi sübut edir ki, nə qədər ki,
cəmiyyətdə dövlət mövcuddur, onda müəyyən
ideologiyaya da tələbat qalacaq. Tarixdə bütün
ideologiyalar hansısa zümrəyə, siyasi partiyaya, hakim sinfə
məxsus olub. Məsələn, özünü dünyada ən
humanist, demokratik ideologiya hesab edən marksizim
“inqilabçı proletariyat”ın ideologiyası idi. Bu
ideologiya ölkəmizdə 70 ildən çox bir zaman
marksizim-leninzim ideologiyası adı altında təbliğ
edildi. Onun təbliğində bolşeviklərin hakimiyyəti
zəbt etdiyi zaman əsas rolu mətbuat və ədəbiyyat
oynayırdı.
Azərbaycanda 1920-ci il aprel işğalından sonra mətbuat və ədəbiyyat bir mənalı olaraq hakim partiyanın təbliğatcısına çevrildi. Hakim partiyanın ideologiyasını təbliğ etməyən, ona qarşı çıxan yazarlarımız 1930-cu ildən başlayaraq çox güclü repressiyaya məruz qaldılar.
“Repressiya hökmran olduğu bütün dövrlərdə və bütün cəmiyyətlərdə mümkün ola bilən anti-insani, anti-bəşəri bir prosesdir. İmperiyalı dövlət kiçik dövlətləri, imperiya ideologiyası ilə tabeçiliyində olan millətləri, onların düşünən zəkalarını, böyük şəxsiyyətlərini repressiyaya məruz qoya bilir. Dövlətin tabeliyindəki ölkəyə, xalqa belə münasibəti repressiya adlanır. Repressiya isə yad təfəkkürünün, əcnəbi əxlaqın və onu ehtiva edən totalitar ideologiyanın millətin genefonduna qarşı yönəldilmiş siyasi qəsdir”.
1937-ci ildə də belə oldu. Ölkədə hakim
partiya öz siyasətini marksizm-leninizim ideologiyasının təbliği
adı altında zor gücünə həyata keçirilirdi.
Bu yolla milləti şüurlu surətdə
öz adət-ənənəsindən, dünənindən,
tarixindən qopararaq onu manqurtlaşdırırdılar.
Əksər tədqiqatçıların fikrincə
“ideologiya cəmiyyətdə milli birliyi və ümumxalq
münasibətlərini qorumaq, millətin tarixdəki
mövqeyini izah və təsdiq etmək üçün
yaradılır. İdeologiya xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərindəndir.
O xalqın kimliyini əks etdirən təfəkkür, adət
və inaclar sistemidir”.
Lakin, sovet hökuməti isə tamamilə bunun əksinə
bir ideologiyanı təbliğ edirdi. Əksinə xalqı
öz kök-soyundan, dilindən, dinindən
uzaqlaşdıraraq, ölkə ərazisində ruslaşma
siyasətini aparırdı. Bu isə millətpərəst,
vətənpərvər ziyalılarımızın
etirazına səbəb olurdu. Onlar milli
ideologiyanın yaradılmasını tələb edirdilər.
Bütövlükdə millətin mənafeyini, istək
və arzularını ifadə edən ideyalar sistemi kimi milli
ideologiyanın yaranması obyektiv tarixi hadisə kimi ilk
növbədə milli mətbuatın rolu böyükdür və
danılmazdır.
Məlumdur ki, mətbuat yarandığı
dövrün, xalqın, onun həyat və məişət
şəraitini öz səhifələrində əks etdirməklə
yanaşı xalq mənəviyyatının inikası
olmalı, əsrin, ictimai həyatının nəbzini
tutmalı, günün zəruri və aktual məsələlərini
işıqlandırmalıdır. Sovetlərin
dövründə xüsusən də 1920-ci illərin
ortalarından, 1980-ci illərin ortalarına kimi SSRİ ərazisində
mətbuat yalnız və yalnız hakim partiyanın təbliğat
vasitəsinə çevrilərək onun diktə etdiklərini
yazırdı.
1930-40-cı illərdə isə mətbuat, ədəbiyyat
sırf olaraq “xalq düşməni” obrazı yaratmağa daha
çox önəm veribdi. Bu illər ərzində
“Müttəfiq, ya düşmən”, “Bizimlə deyilsənsə,
bizə düşmənsən!” şüarları
bütün ölkədə, xüsusən də türk-müsəlman
respublikalarında təhlükəyə çevrildi. Yazıçılar, şairlər, tənqidçilər
bir-birini xüsusi amansızlıqla ifşa edir, tənqid
planı şəkildə aparılırdı. Mərkəz
isə buna qanuni don geydirirdi. Belə ki, 1925-ci il 18 iyun da
“Partiyanın ədəbiyyat sahəsindəki siyasəti
haqqında” Qətnamə qəbul edən mərkəz bu qətnaməni
rəhbər tutaraq bütün ölkə ərazisində
bolşevizmin təbliği üçün
amansızcasına mübarizə aparırdı. Əslində bu mübarizə ədəbi-nəzəri
müstəvidən çox siyasi zamində gedirdi.
Arxiv
materialları və bu dövrlə baxlı olan tədqiqat əsərləri
ilə tanış olarkən bir daha bəlli
olur ki, bu illər ərzində mətbuatımız, ədəbiyyatımız
ümumən ədəbi prosesimiz çox gərgin şəraitdə
fəaliyyət göstərib. Çünki
ölkə ərazisində ədəbi qanunlar deyil siyasi
qanunlar mətbuatı və ədəbiyyatı idarə edib.
Deməli 1937-ci il hadisələrindən və
bu hadisələrin mətbuata təsirindən və yaxud mətbuatın
hadisələrə təsirindən danışarkən istər-istəməz
ölkədə əvvəlki illərdə baş verən
bütün siyasi, ictimai, mədəni hadisələri nəzərdən
keçirmək lazımdır.
Dövrü
sənədlər sübut edir ki, əslində 37-ci il hadisələrinin başlanması
üçün bunlar mərkəz tərəfindən
planlı şəkildə hazırlanmışdı. Tədqiqatçı
alim Aslan Kənan demiş: “Münasibətlərin
düyünləri hələ 1931-ci ildə vurulmağa
başlamışdı. Moskvada SSRİ Yazıçılar
İttifaqının rəhbərliyinə ədəbiyyata bir
siyasi-ideoloji pərsəng kimi baxan Averbax gəldi və belə
şüar irəli sürdü ki: “Bizimlə deyilsən, bizə
düşmənsən!”. Bu
bütün ölkədə, xüsusən də
türk-müsəlman respublikalarında təhlükəyə
çevrildi”.
1937-ci ildə istər mərkəzdə, istər
ölkəmizdə qurultaylar, plenumlar bir-birini əvəz etməklə
guya bu prosesi qanuniləşdirmək istəyiblər. Keçirilən
bu qurultay və plenumların tarixinə fikir versək
(xüsusən də 1937-ci ildə) Mərkəzin Azərbaycan
ziyalısını məhv etmək üçün tələskənliyi
açıq-aydın görünür. Məsələn,
1937-ci ilin fevralın 22-dən 24-nə kimi Moskvada Ümumrusiya
Yazıçılar İttifaqının IV plenumu
keçirilir. Cəmi 23 gün sonra
Bakıda Azərbaycan Sovet Yazıçılar
İttifaqının III plenumu keçirilir. İki ay 11 gündən sonra isə Azərbaycan
bolşeviklərinin 13-ü qurultayı
çağrılır. Bununla da ölkədə
bolşevizmin 17 illik qələbəsini qeyd etmək
üçün Azərbaycan xalqı faciələr
yaşamalı olur.
Bu gün
tariximizə qanlı faciələrlə həkk edilən
37-ci il hadisələrindən yarım əsirdən
çox bir vaxt keçir. O zaman bu hadisələrin cərəyan
etməsində mətbuatın rolunu öyrənmək aktual
olduğu kimi həm də mühüm elmi əhəmiyyət
kəsb edir.
Azərbaycan mətbuatında repressiya illəri ilə
bağlı ciddi tədqiqat əsərləri olsa da bu
çox azdır. Ayrı-ayrı alimlərin elmi
araşdırmalarında müəyyən mülahizələrə,
fikirlərə rast gəlmək mümkündür. Bu əsərlərin bəzilərində o
dövrün ədəbi-tarixi və siyasi-ideoloji prosesləri
geniş şəkildə təhlil edilir, bəzilərində
mətbuat tədqiqat obyekti deyil, yalnız bəzi məqamlarda
onun həmin dövrdə oynadığı rola müəyyən
münasibət bildirilir.
Bu danılmaz bir faktdır ki, 37-ci ildə qonşu
xalqlara nisbətən Azərbaycanda milli və ictimai zülm
daha amansız olub. Qonşu xalqların bəzilərində
yüz ziyalı repressiyanın qurbanı olubsa, bizdə minlərlə
ziyalı və onların ailələri bu faciənin
qurbanına çevrilib. Unutmayaq ki, o illərdə
milli təfəkkür bir mənalı olaraq yasaq edilmişdi.
Lakin millətin qabaqcıl, vətənpərvər,
millətsevər ziyalıları bu ideologiyanın təbliği
ilə razılaşmayaraq öz etirazlarını mətbuat və
ədəbiyyat vasitəsilə bildirirdilər. Məsələn,
H.Cavid, Ə.Cavad, M.Müşfiq, S.Mümtaz, S.Hüseyn,
Ümugülsüm xanım, T.Şahbazi və yüzlərlə
Azərbaycanlı yazar öz etiraz səsini qaldırdı. Lakin, təəssüflər ki, uzun müddət
xalqımız onların bu fədakarlığından xəbərsiz
yaşadı.
1937-ci illər
mətbuatından, ədəbiyyatından onun fəaliyyətindən
bəhs etmək üçün mütləq 1920-ci il aprel işğalından 37-ci ilə qədər
olan dövr ərzində baş verən bütün
siyasi-ictimai, ədəbi-mədəni proseslərə nəzər
salmaq vacibdir.
20-ci yüzilliyin əvvəllərində Azərbaycan ədəbiyyatında,
mətbuatında, ədəbi və mədəni mühitində
müxtəlif siyasi, ədəbi, mədəni hadisələr
baş vermişdi. Belə siyasi hadisələrdən biri də 1920-ci ilin
aprel işğalı idi ki, bundan sonra ölkəmizdə fəaliyyətdə
olan mətbuat orqanları, ümumiyyətlə ədəbi
proses bir mənalı olaraq hakim partiyanın
ideologiyasını dəstəkləməyə sövq
edildi.
Unutmayaq ki, hər dövr, nəsil öz məqsədləri,
ictimai meyilləri üçün keçmiş irsdə bir
dəlil, bir dayanacaq axtarır. Buna görə də
20-ci illərdən başlayaraq xüsusən də 1937-ci ildə
hakim partiya öz məqsədlərini həyata keçirmək
üçün ölkəmizdə ədəbi tənqidin və
fəlsəfi fikrin istiqamətini hakim partiyanın
ideologiyasının təbliğinə yönəltdi.
Azərbaycan ədəbi-mədəni mühiti milli mənafe,
azadlıq, müstəqillik, istiqlal düşüncəsindən
tamamlilə uzaqlaşdırıldı. Demokratik
respublika dövründə və əvvəllər nəşr
olunan qəzet və jurnallar öz nəşrini
dayandırmağa məcbur oldu. Belə
olduqda dövrün, zamanın tələblərinə
uyğun mətbu orqanları fəaliyyətə başladı.
Mövcud qəzet və jurnallar “Bütün
ölkələrin proletarları, birləşin!” devizi və
bolşevik senzurası ilə çıxırdı. Bu orqanların çoxu Kommunist Partiyasının
orqanı olur, marksizm-leninzm ideyalarını yayırdı.
Bolşevik mətbuatı səhifələrində
dərc olunan məqalələrdə tamamilə proletariat
diktaturası tərənnüm və təbliğ olunurdu.
Azərbaycanlı kommunistlər xalq adından
danışaraq Müsavat hökumətini pisləyir, Şura
Azərbaycanını, sovetlər ölkəsinin
qayda-qanunlarının təqdir edirdilər.
Əslində sovet hakimiyyəti elə ilk gündən mətbuatın,
ədəbiyyatın qarşısına müəyyən vəzifələr
qoymuşdu; xalq həyatındakı “müsbət dəyişiklikləri”
təsvir etmək, keçmişi hər vasitə ilə tənqid
atəşinə tutmaq, yeni bolşevik insanının müsbət
obrazını yaratmaq. Belə olduqda ədəbi prosesdə sinfi
mübarizə getdikcə genişlənir və hakim
partiyanın diqqətini daha çox özünə cəlb
edirdi.
Lakin ölkəmizdə həyata keçirilən bu
bolşevik yürüşü ədəbi həyatda 20-ci illərin
əvvəllərindən sonlarına kimi heç də maneəsiz
irəliləmirdi. Çünki “Yaşıl qələm” lərin
üzvləri epizodik də olsa, milli istiqlalın bolşevizim
irticası ilə əvəzlənməsini heç cür həzm
edə bilmir və öz əsərlərində o
dövrün həsrətini yaşadırdılar. Təbii ki, bu hakim partiyanın
yürütdüyü siyasətə zidd idi. Ona görə də bolşeviklər amansız tədbirlərə
əl atmalı oldular.
Deməli sovet dövründə hakim partiyanın
ideya-siyasi xəttini qəbul edənlərlə yanaşı
onu dəstəkləməyənlər də var idi. Xüsusən
də təbliğat sahəsində bu prosesə qarşı
çıxanlar arasında yazıçılar, şairlər,
jurnalistlər əsasən fərqləndilər. Belə olduqda isə yazarlarımızın
yaradıcılığı, şəxsiyyəti siyasi
ideologiyanın qurbanına çevrildi.
Tədqiqatçı
alim A.Kənan yazır ki: “İmperiyalı dövlət
kiçik dövlətləri, imperiya ideologiyası isə
tabeçiliyində olan millətləri, onların
düşünən zəkalarını, böyük şəxsiyyətlərini
repressiyaya məruz qoya bilir”. Əslində bu hər bir xalqa
qarşı yönəldilmiş siyasi qəstdir ki, bu haqda da
müəllif fikirlərinin belə tamamlayır: “Repressiya yad
təfəkkürünün, əcnəbi əxlaqın və
onu ehtiva edən totalitar ideologiyanın millətin genefonduna
qarşı yönəldilmiş siyasi qəsdir”.
Azərbaycan xalqı da 1937-ci ildə belə bir siyasi qəsdə
məruz qaldı. Bu siyasi qəsd uzun illər xalqın təfəkkür
tərzində çox qorxulu bir şəkildə
“yaşadı”.
Ətrafda
baş verən siyasi hadisələr, ictimai etiraz, zülm və
haqsızlıq əleyhinə aparılan mübarizələr
və s. baş alıb gedirdi. Bütün
bunları dəf etmək üçün Azərbaycan
ziyalıları ilk növbədə azlıqda qalan
xalqları əsarətdə saxlayan “mövcud siyasi
quruluşu devirmək deyil, onu bir qədər mülayimləşdirmək
tələbi ilə çıxış edirdilər”. Əvvəl bu siyasəti yürüdən
ziyalılar sonra çox haqlı olaraq bir mənalı şəkildə
xalqın tam azadlığı uğrunda mübarizəsinə
qalxdılar.
(ardı var)
Qərənfil Dünyamin
qızı,
BDU-nun dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Kaspi.-2104.-20 noyabr.-S.15.