«İnsanın öz
müəllimlərinə rəhbərlik etməsi sizə asan gəlməsin»
Region gənci Turan
Məmmədli: «İnsan
qarşısına məqsəd qoyduqda hər
şeyə nail ola bilər»
Naxçıvan Muxtar Respublikasının Babək rayonunu Payız kənd məktəbində direktor işləyir. Kənd mühitində böyüyüb başa çatan müsahibimiz təhsili,
əzmi, savadı nəticəsində məhz oxuduğu
məktəbə rəhbər təyin olunub.
Bir çoxlarının dediyi
kimi, “rayon, kənd
yerində qızın karyera qurması mümkün deyil” kimi fikirlə razı deyil.
O deyir ki, insan qarşısına məqsəd qoyduqdan sonra hər şeyə
nail ola bilər. Müsahibimiz Turan Məmmədlidir.
- 1984-cü ildə
Naxçıvanda anadan olmuşam.
Payız kənd məktəbini fərqlənmə ilə
bitirdikdən sonra Naxçıvan Dövlət
Universitetinin Təbiətşünaslıq
fakültəsinin biologiya ixtisasına qəbul
olundum. Buranı da fərqlənmə
ilə bitirdikdən sonra həmin universitetin magistratura
şöbəsində təhsil aldım və doktoranturaya qəbul oldum.
2012-ci ildə isə müdafiə etdim. 3
kitabın müəllifiyəm. İki
kitabım da hazır vəziyyətdə
nəşriyyatdadır.
Təhsilimi tamamladıqdan sonra çalışmağa başladım. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq fakültəsinin baytarlıq kafedrasında baş laborant işlədim. 2008-dən 2012-ci ilə qədər Naxçıvan Dövlət Universitetinin baytarlıq kafedrasında müəllim kimi çalışdım. 2012-ci ildə Xırdalan şəhərində müəllim işlədim lakin ailə vəziyyətimə görə, yenidən Naxçıvana köçdüm. Payız kənd məktəbində müəllim işlədikdən sonra, 2014-cü ilin avqust ayından sözügedən təhsil ocağında direktor kimi çalışıram.
- Gənc
yaşınızda direktor vəzifəsində
çalışırsınız. Bunun
müsbət və mənfi cəhətləri nədir?
- Çətinliyi odur ki, kənd yeridir.
Müəllimlərin çoxu yaşlıdır
və üstəlik həmin müəllimlər
mənə dərs deyib. Bir tərəfdən onlara bir söz
deyəndə çətinlik
yaranır. Çünki insanın öz müəllimlərinə rəhbərlik
etməsi, göstəriş
verməsi sizə asan gəlməsin. Amma öz boya-başa çatdığım kəndə,
onun təhsilinə belə xidmət etmək daha qürurvericidir.
- Adətən deyirlər ki, gənc müəllimlər
üçün şagirdləri
idarə etmək çətindir. Siz necə düşünürsünüz?
- Fərqi yoxdur. İstər gənc olsun, istərsə də yaşlı. Müəllimin pedaqoji təcrübəsi
olmalıdır. Universitetdə
müəllim ixtisasına
kim yiyələnirsə,
ona pedaqogika dərsi keçirilir. Bizim müəllimimiz o qədər
yaxşı dərs deyib ki, pedaqogikanın
hər sirrini bilirəm. İlk təcrübəmə də universitet tələbələri ilə
başlamışam. Baxmayaraq ki,
o qədər də aramızda yaş fərqi yox idi. Amma mən onları
ələ almağı
bacarırdım. Həmişə çalışmışam ki,
şagirdlər və
tələbələrlə daha yaxşı ünsiyyət qurum. Onları öz dilində danışdırmaq lazımdır
ki, səni daha yaxşı başa düşsünlər.
Şagirdlərə uşaq kimi
yanaşmaq düzgün
deyil. Onlara şəxsiyyət kimi yanaşmaq onların hisslərinə,
düşüncələrinə hörmət etmək lazımdır. Bu zaman onlar daha
yaxşı inkişaf
edir, özlərinə
inanırlar. Buna görə
də nə orta, nə də
ali məktəbdə
bu mövzuda heç bir çətinliyim olmayıb.
- Həm kənddə, həm də şəhərdə
çalışmısız. Kənd məktəbləri ilə
şəhər məktəbləri
arasında hansı fərqlər var?
- Fərq çoxdur. Kəndə uşaqları bağçaya
getmirlər. Şəhərdə müəllim işləmək
kənddən daha asan olur. Çünki şəhərdə uşaqlar bağçadan
gəldiyi üçün
müəyyən təhsili
və dünyagörüşü
olur. Kənddə isə belə
deyil. Təsəvvür edin, elə
ailələr var ki, hər birindən
başqa tərbiyədə
uşaqlar çıxır.
Onlarla danışmaq dili də başqadır.
Çünki valideynlərin
əksəriyyəti ali təhsilli olmur, öz övladlarına kömək
edə bilmirlər. Mən Bakıda da, universitetdə də, kənd məktəbində
də işləmişəm.
Şəhər məktəbinin şagirdləri
daha sərbəst olur. Bunun arxasında onların
həm bağça,
həm də şəhər mühitindən
aldığı tərbiyə
durur. Kənddə isə şagirdlər
daha qapalı, dünyagörüşləri zəif
olur. Məktəbdən sonra müxtəlif
kurslar, dərnəklər
əyləncə məkanları
olmadığı üçün
inkişafda, dünyagörüşünün
formalaşmasında şəhər
uşaqlarından geridə
qalırlar. Onlar dünyagörüşlərini
yalnız evdəki televizordan götürürlər.
- Bəzi regionlarla qızın təhsil almasına o qədər də yaxşı baxmırlar. Sizcə, qızın təhsil alması nə dərəcədə önəmlidir?
- Mən düşünürəm
ki, qızın təhsil alması daha önəmlidir. Çünki işlər hər
vaxt istədiyimiz kimi getmir. Bəzən olur ki, qız
ailə qurur, ailəsi dağılır.
Ailəsini saxlamaq üçün
isə işləmək
məcburiyyətində qalır.
Hər vaxt valideyn yanında ola bilmir.
Ali təhsilin olması ona bu zaman daha
yaxşı kömək
edir. O, həyatda
öz yoluna davam edə bilir. Belə ailələr ilk növbədə qızlarının
gələcəyini fikirləşsinlər.
Oğlan
uşaqları bəzən
fəhləlik edib, öz gələcəyini
təhsilsiz də qura bilir. Amma qızlar üçün
oxumaq mütləq lazımdır. Çünki, bu zaman həyatda
tək qaldıqda yaşamaq daha asanlaşır.
- Rayonda və ya kənddə
bir qızın inkişaf etməsi, karyera qurması nə dərəcədə
mümkündür? Çoxları düşünür ki, bu çətin
məsələdir.
- Yox, belə deyil. Mən kənddə böyümüşəm.
Karyera qurmağımda valideynlərimin
böyük rolu olub. Ailə çox önəmlidir.
Kitablarımın çıxmağında atam mənə yol göstərib. İnsanın hər hansı
mövqeyinə çatması
üçün valideyn
əsas şərtlərdən
biridir. İstər şəhərdə, istərsə də kənddə övladı
valideyn qabağa çəkmirsə, ona dəstək olmursa, onun inkişaf etməsi çətin məsələdir. Mən də
kənd yerində böyüyən bir uşaq idi. Valideynim mənə hər hansı yaş dövründə dur desəydi, bəlkə mən də bu yerlərə gəlməzdim. Erkən yaş
dövründə ailə
həyatı qurmaq məsləhət görülsəydi,
mən də o yöndə gedərdim.
- Region gənclərinə
məsləhətiniz nədir?
- Region, kənd qızları universitetdə oxuyarkən,
xüsusilə də birinci kursda şəhərli, kəndli
məsələsi ortaya
çıxır. Bəzən tələbə
yoldaşları tərəfindən
gülüş obyektinə
də çevrilirlər.
Kimi geyiminə gülür, kimi ləhcəsinə lağ edir. O zaman həmin tələbələr kompleksə
girir, çəkinirlər
ki, biz kəndçiyik.
Amma araşdırsaq görərik
ki, Azərbaycanın ziyalıları, vəzifəliləri,
öndə gedənləri
öz savadı ilə, qabiliyyəti ilə daha yaxşı
yerlərdə olanların
əksəriyyəti kəndlərdə,
rayonlarda böyüyənlərdir.
Kəndlilərin intellektual səviyyələri
daha yaxşı olur. Bilmirəm çətinlik görüblər
deyə belədir, yoxsa başqa səbəbi var. Regionlarda
yaşayanlar özlərini
nə qədər sıxmasalar, nə qədər özlərini
şəhər uşaqlarından
aşağı tutmasalar
o qədər də irəliyə gedəcəklər.
- Turan xanım, gələcək
planlarınız nədir?
- Naxçıvan Dövlət Universitetinə yenidən daxil olub işləmək və dosentliyimi alıb, elmlər doktoru olmaq istəyirəm. Hazırda iki kitabım çapdadır, onların nəşrini gözləyirəm. Bundan əlavə 4-5 məqaləm var ki, tərcümə olunub, hazırdır. Onları xaricə göndərməyi planlaşdırıram.
Aygün ƏZİZ kaspi.-2014.-21
noyabr.-S.19.