Müasir ədəbiyyat
Yazmamaq olmur
«Qədim Gəncədə-bu
dahilər və çinarlar şəhərində bir
yazıçı yaşayır. O torpaqda boz toxumun, çəlimsiz
çiliyin, cansız tingin əlindən torpağa düşən
kimi yaşıl fəvvarəyə çevrildiyi kimə məlum
deyil? O yazıçı dostumuz ömrünün 60-cı
baharına qədəm qoyur. Və əgər
torpağın, ağacın, axar suyun insana bənzədiyini qəbul
eləsək, Gəncənin göylərə baş alan
hansısa bir çinarının o yazıçıya
oxşarlığını görərik. Ömrü boyu
öz əlinin-qələminin zəhməti ilə
yaşamış, Gəncədən çox-çox
uzaqlarda tanınmış Qərib Mehdi
yaradıcılığı ilə o çinarlar arasında
bir qəribə oxşarlığı hələ neçə
il əvvəl sezə bilmişəm».
Görkəmli nasirimiz Qərib Mehdiyə həsr olunan bu yazını on səkkiz il əvvəl qələmə almışdım. İndi Qərib Mehdi yetmiş səkkiz yaşındadır və o çinar –insan bir az da ucalıb, kökü bir az da dərinliklərə gedib. Qərib Mehdi bu on səkkiz il ərzində yaradıcılıqdan, ona ömrü boyu baş ucalığı gətirən, oxucuların sevimlisinə çevrilən sənət dünyasından ayrılmayıb.
Ancaq, nə gizlədim, Qərib Mehdi ilə çoxdandı görüşmürük. Bunun mənə xeyli ziyanı dəyib. Birincisi; sevdiyim bir yazıçı ilə söhbət eləmək, onun adi məişət qayğılarından tutmuş yaradıcılıq aləminin olaylarına qədər söhbətlərinə qəribsəmişəm. İkincisi; əgər tez-tez görüşsəydik, bir-birimizin necə yaşa dolduğunu da hiss etməzdik. Amma buna baxmayaraq, mən Qərib Mehdini tez-tez «görürəm», onun «Azərbaycan» jurnalında dərc edilmiş povestlərini, hekayələrini oxuyuram, bir dost sədaqəti ilə mənə göndərdiyi kitabları vərəqləyirəm.
Son illərdə o, tez-tez yazır və bu yaşda özünə fiziki cəhətdən zülm eləsə də, elə bilirəm bu, yaradıcılıqda məlum səbəblərdən biridir. Yazmamaq olmur.
Həmişə onu düşünəndə vaxtilə anasına həsr etdiyi «Qərib hey» hekayəsindəki o harayı xatırlayıram. «Bəzən bir könül sındırmaq istəyirəm, bəzən birisinə yuxarıdan baxmaq istəyirəm; bəzən birisinin vəzifəsində gözüm olur, ona quyu qazmaq istəyirəm, anamın səsi gəlir; «Qərib hey!».
Təbii ki, Qərib Mehdinin-yazıçılıqla, qələmlə dolanan bir insanın belə açıq ürəkliliyi, içindən gələn səsləri boğa bilməməsi onun nəsrində də təcəssüm edir. O, bütün ömrü boyu həqiqəti, həyatda gördüklərini qələmə alıb, yalan danışmayıb. Bu həqiqət hissi onun bədii təxəyyülünə də təsirsiz qalmayıb. Onlarla obrazları həyatdan, gerçəklikdən yaranan obrazlardır. Biz onları tanıyırıq. Amma Qərib bu obrazları elə ümumiləşdirib ki, burada ancaq yazıçı məharətinin şahidi olursan.
Mən öncə Qərib Mehdinin «Evin küçəyə baxan üzü» kitabında təqdim etdiyi iki xatirə yazısından söz açmaq istəyirəm. O, Azərbaycan nəsrinin yükünü öz çiyinlərində daşımış görkəmli nasirlərdən biri-Sabir Əhmədli və yazıçı-dramaturq, Gəncədə yaşasa da, Azərbaycan ədəbi mühitində kifayət qədər tanınan və sevilən Altay Məmmədov haqqında düşündüklərini, birbaşa ünsiyyətini, bu yazıçılarla görüşlərini qələmə alıb. Belə yazılar çox lazımdır. Ona görə ki, o yazıçılar artıq həyatda yoxdur, xatirələr isə onları unutmağa qoymur. Xoşbəxtlikdən mən də hər iki yazıçını tanıyırdım. Sabir Əhmədli ilə tez-tez olmasa da, hərdən görüşürdük. Qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov haqqında televiziya üçün bir veriliş də hazırlamışdım. Sabir müəllimin romanlarından isə dəfələrlə söz açmışam, yaradıcılığı haqqında istər sağlığında, istərsə də vəfatından sonra portret yazılar dərc etdirmişəm. Çox ciddi insan idi. Qərib Mehdi onu ustad bir nasir və istedadın qədrini bilən, ona kömək və qayğısını əsirgəməyən bir insan kimi təqdim edir. «Mən onu bir ustad kimi çox oxuyur, çox öyrənirdim. Sən demə, o da bütövlükdə mənim şagird yaradıcılığımı izləyirmiş. Yeri gələndə fikir söyləyir, istiqamət verir, ədəbi səmaya tuşlanmış qanadlarımı bərkidir, uçarlıq qabiliyyətini artırırdı». Səmimi etirafdır. Çox mətləblər çözələnir bu xatirədə.
Altay müəllimlə çox az görüşmüşəm. Amma həm 60, həm də 70 illiyində haqqında məqalələr yazmışam. Ona həm məsafəcə, həm də ünsiyyət baxımından Qərib Mehdi daha yaxın olub. Və o xatirədə Altay müəllimin mürəkkəb təbiəti, amma bir yazıçı-dramaturq kimi ustalığı incə detallarla açıqlanır. 67 yaşlı Vaqif Yusiflinin 78 yaşlı Qərib Mehdiyə məsləhət verməyə ixtiyarı çatmır, amma istərdim ki, Qərib müəllim tanıdığı belə şəxsiyyətlər haqqında tez-tez yazılar yazsın. İndi isə keçirəm Qərib Mehdidən son zamanlar oxuduğum əsərlər barədə söz deməyə…
«Skripka üçün mi simi» povesti zənnimcə, Qərib Mehdinin son illərdə yazdığı ən uğurlu əsəridir. Bu əsəri oxuyub qurtarandan sonra istər-istəməz Qəribin yetmişinci illərdə yazdığı «Rast» povestini də xatırlamalı oldum. Bu əsərlərin biri sovet dönəmində, biri isə müstəqillik illərində yazılıb. Amma ictimai quruluşlar, sistemlər dəyişilsə də, insanların xasiyyəti və xarakterində, əməl və hərəkətlərində oxşarlıqlar itməyib. İnsan öz keçmişindən necə ayrıla bilər, xasiyyət də, xarakter də bəzən əsrlər boyu dəyişmir. «Rast»da da, «Skripka üçün mi simi»ndə də Qərib Mehdi insan mənəviyyatının saflığını, əqidə təmizliyini, humanizmi təbliğ edir. Əgər cəmiyyətdə, yaşadığımız mühitdə mənəvi iqlim korlanırsa, ilk növbədə, yazıçılar bu mühiti dəyişmək barədə fikirləşirlər. Təbii ki, onlar inqilabçı deyillər, amma bədii sözün qüdrəti hər şeyə qadirdir.
«Rast» povestində Cəmil və Sərdar Ağabəyli konflikti ilə şərtlənən həyat materialı təkcə o uzaq illəri bizə xatırlatmır. O tipli konfliktlər indi də davam edir. Nə olsun, quruluş dəyişib, insanların içindən ki, o pislik, yamanlıq, Şərin kökləri qeybə çəkilməyib. «Skripka üçün mi simi»ndə də Sərdar Ağabəyli tipini əvəz edən qüvvətli bir obraz nəzərə çarpmasa da, sanki onun «törəmələri» saflığın qarşısında bir sədd kimi ucalırlar. Doğrudur, dövran dəyişib, artıq müstəqillik illərində yaşayırıq. Qarabağ müharibəsinin şıdırğı vaxtlarıydı, amma millətin bu kor bağırsaqları hələ də irin verməkdə davam edirlər. İndi pullu Faiqlər meydan sulayır. Vaxtilə sevdiyi qadına indi o, evinin bəzəkli bir əşyası kimi baxır. Namuslu insanlar-Əhliman kişilər isə əzab çəkirlər. 400 dolları çatmır ki, musiqi istedadı olan sevimli nəvəsi üçün skripka alsın. Axır ki, dövrəsində olan adamların köməyi ilə skripka alınır. Amma uşağın ad günündə skripkanın mi simini qırır.
Povest lirik planda qələmə alınıb. Ümumiyyətlə,
Qərib Mehdinin nəsri üslubi baxımından iki qola
ayrılır. Vaxtilə «Rast» və «Qərib
hey» kimi sırf lirik üslubda qələmini sınayan Qərib
Mehdinin satirik üsluba meyl etməsi mənə də təəccüblü
görünürdü. Amma onun satirik, daha
çox yumorostik planda olan hekayələrini oxuyanda hiss elədim
ki, istedadlı bir yazıçı üçün
üslubi müxtəlifliyin elə bir əhəmiyyəti yox
imiş.
Qayıdıram mətləbə. «Skripka
üçün mi simi» povestində Qərib Mehdi yeni
dövrün həqiqətlərini əks etdirir. Zaman dəyişib və bu dəyişilən Zaman
insanların psixologiyasında, həyata münasibətində
də təbəddülatlar yaradıb. Müəllif
dörd obrazı diqqət mərkəzinə çəkir.
Əhliman kişi öz təmizliyi və
mənəvi bakirəliyilə bizə keçmiş illərin
nəsr əsərlərindəki kommunist obrazlarını
xatırladır. Amma fərqi budur ki, onun
mübarizə üsulu «dağıdıcı» xarakter
daşımır, o, inqilabçı deyil. Dərdlər və xəstəliklər içində
çabalayır. Amma sonadək kişi
qürurunu hifz edir, bir kimsənin qarşısında əyilmir.
Gəlini Humay xanım itkin düşən ərini
gözləməyib ərə gedir, amma biz onu da
qınamırıq. Bu tipli gözəl
qadınların «fəlsəfəsi» bizə yaxşı
tanışdır. Hansı şorgöz
müdirinsə məşuqəsi olmaqdansa, ərə getmək
daha yaxşıdır. Nəvə-Nicat isə
gözlərimiz qarşısında böyüyür,
yaşa dolur, anasının yanında yaşasa da,
babasının tərbiyəsilə kamilləşir. Faiqə gəlincə, dövran onların olsa da,
cılız mənəviyyatları belələrini mənəvi
uçuruma sürükləyir. Təbii
ki, povestdə Qəribə məxsus şirin təhkiyə tərzi,
hər bir hadisənin mahiyyətinə varmaq cəhdi və ən
əsası lirik-psixoloci incələmələr, ana dilimizin
şəhdi-şəkəri povestin məziyyətləri
sayılmalıdır. Özü də maraqlıdır
ki, müqayisə etdiyim bu iki povestdə Qərib Mehdinin qəhrəmanları
musiqi ilə nəfəs alan insanlardır.
Ancaq deyim ki, birinci povestdə-sonda RASTın
qalibiyyətli sədalarını eşidiriksə, ikinci povest
sanki BAYATI ŞİRAZ üstə köklənib, qəmlidir,
amma sonu nikbinlik doğurur.
Qərib
Mehdinin «İç-içə üç povest» və «Evin
küçəyə baxan üzü» kitablarındakı
povestləri ilə də tanış
oldum. Qəribin yumora, ondan daha kəskin satiraya
meyl etməsini, öncə qeyd etdiyim kimi indi təəccüblə
qarşılamıram. Doğrudan da, bu
gün satira elə bil dincliyə qovuşub. Mirzə Cəlil,
Sabir, Haqverdiyev, Sabit Rəhman, Mir Cəlal qələminə məxsus
tənqid pafosunu davam etdirənlərin sayı çox
azdır. Qərib Mehdinin «Xəstə», «Prezentasiya»,
«Qarğa», «Eşato», «Seçim» povestləri Azərbaycan
gülüşünün yeni nümunələrini bizə təqdim
edir. Bu povestlər həm gülüş mədəniyyətinin
indiki səviyyəsi, həm də Qərib Mehdinin
satirik-yumoristik istedadı haqda müəyyən təsəvvür
yaradır.
Qərib Mehdi həyatın neqativ cəhətlərini, cəmiyyətdə,
yaşadığı mühitdə baş verən mənfi
halları ümumiləşdirməyi qarşısına məqsəd
qoyub. Onun təsvir etdiyi neqativ aləmə daxil olarkən
sanki Haqverdiyevin vaxtilə ifşa hədəfinə
çevirdiyi «marallar»ın yeni, müasir tipləri ilə
qarşılaşırsan. Təbii ki, zaman dəyişib,
indi mollaları, baqqalları, tacirləri, qoçuları
deyil, alim olmaq xəyalına düşən bisavadları,
istedadsız jurnalistləri, bacarıqsız müğənniləri,
harın biznesmenləri, bir sözlə, mənəviyyatsız
adamları tənqid hədəfinə tuş etmək,
onların böyük iddiaları ilə cılız
varlıqları arasındakı təzadları canlandırmaq
vacibdir. Qərib Mehdinin müşahidə «teleskopu» əsasən
daha çox bələd olduğu jurnalistika və elm aləminin,
evlər idarəsinin, redaksiyaların üzərinə
tuşlanır və yazıçı öz «marallar»nın qolundan tutub birgə-bircə onları
bizə tanıdır. Kimdir bunlar? İstedadsız bir insan-Çıraq müəllim.
Özünü hamıdan yuxarıda görmək arzusu ilə
yaşayan bu adam «Mıx-mismar müəssisəsinin
tarixi» haqqında «əsər» yazır. Göründüyündən
ifrat dərəcədə artıq görünmək arzuları
puça çıxır, çünki içində onu
böyüdəcək mənəvi bir təpər yoxdur.
O, hətta yaxşı baxmadığı anasının vəfatından
da öz cılız məqsədi üçün
yararlanmağa çalışır. Burda da
uğursuzluğa düçar olur. Fikrimizcə,
Qərib müəllim bu obraza həddindən artıq
karikatura cizgiləri bəxş edib. Onsuz
da bu tipli mənfilər ruhən də, daxilən də, hərəkət
və əməl baxımından da eybəcərdirlər,
onları daha da eybəcərləşdirmək, ifşanı
ifrat qrotesk səviyyəsinə çatdırmaq o qədər
də effektli görünmür. Amma bu da Qərib
Mehdinin priyomudur. Eyni priyomu biz «Prezentasiya»
povestində də görürük. «Mən!...» kitabını özünə həsr edən
Samur Salamat da Çıraq müəllimin başqa bir
tayıdır. Amma bir məqamı qeyd edim: bu tipli «xəstələr»
ədəbiyyat və elm aləmində az
deyillər. Və özü də onların
mühiti də var- iddialı «Mən»lərin öz tərifçiləri
və havadarları olur. Sizə də yaxşı məlumdur
ki, müstəqillik insanlara söz azadlığı verdi və bundan xeyli feyziyab olan bir qrup ədəbiyyat
xəstəsi cild-cild «əsərlər» yazmağa
başladılar. «Prezentasiyalar»ın sayı
günbəgün artdı. Məncə, «Qarğa»
povestində-Səftər Sinədəftərin kimliyilə
bağlı bu «xasiyyətnamə» Qərib Mehdinin hər
üç povestindəki tiplərini və onları
ruhlandıran bazar iqtisadiyyatını səciyyələndirə
bilər: «Səftər Sinədəftər işini bilən,
ayıq adam idi. Bu adamın işə
başlaması üçün nə günəşin xəbərdarlığına,
nə saatın zınqrovuna, nə də ilham pərisinin nəvazişli
çağırışına ehtiyacı vardı. O,
çoxdan, hələ günəş qaranlığı əyməzdən
əvvəl yazı masasının arxasına
keçmişdi. Səftərin vaxt
öldürməyə, bəhanə tapsa belə ixtiyarı
yoxuydu. …Bazar iqtisadiyyatı bütün sahələri
qanadı altına almışdı. Hətta sənəti
də. Səftər Sinədəftər
mövqe seçmək ustalığına yiyələnmişdi.
…Pul qazanmaq, ad-san sahibi olmaq üçün ancaq işləmək,
işləmək lazımıydı».
Qərib Mehdi dəyişilən dövranın
havasını, mənəvi iqlimini bəsirət gözü
ilə yaxşı müşahidə edir. «Humanist» povestində belə
bir cümlə ilə rastlaşırıq: «Bir həyətdə
dörd ailə yaşayırdı. Dolanışıqlarının
maddi çəkisinə, nüfuzlarının əhatə
dairəsinə görə bir-birindən fərqlənirdilər.
Yəni, qapıları bir həyətə
açılan bu dörd ailə dördmərtəbəli evə
bənzəyirdi». Qərib Mehdi dövrün bu təzadlarını
ustalıqla təsvir etməyə çalışır və
əksərən buna nail olur. Lirik ruhlu Qərib Mehdini satiraya sövq edən də
elə bu fərqli «mərtəbələrdir».
Yazmamaq
olmur, Qərib müəllim! Yaz! Onları bizə tanıt!
Yeni əsərlərinin intizarındayıq…
Vaqif Yusifli
Kaspi.-2014.-22-24 noyabr.-S.14.