Cəmiyyətin yaralarını qələmə
almış sosiofob yazıçı
“Dünyanın harasındasa, kimsə öz həyatını yaşayırsa, əmin olun o burada yaşamır. Burada kiminsə öz taleyi varsa, o kişidir. Əgər kimsə kimin üçünsə tale yazırsa, o qadındır” – “Sevda qadınları”
Doğum: 20 oktyabr, 1946-cı il.
Ölkə: Avstriya
Nobel Ədəbiyyat mükafatına layiq görülüb: özünəməxsus ədəbi ehtiraslı dillə cəmiyyətin həyatındakı cəfəng meylləri və hakimiyyətin sosial klişelərini ifşa edən roman və dramlarının musiqi polifonikliyinə görə
Janr: dram,
nəsr.
Yazı
dili: alman
2004-cü ildə İsveç akademiyası Nobel Ədəbiyyat
Mükafatına avstriyalı şair, dramaturq, roman yazarı
Elfrid Jelineki layiq gördü. Vyanada doğulmuş
katolik kilsəsinə üzv ailədə
böyümüş ana ilə yəhudi-çex əsilli
atanın ailəsində dünyaya göz açmış
yazıçının uşaqlıq illəri Vyanada
keçib. Hitlerin əmri ilə yəhudilərin
soyqırımına hesablanmış Holokaust faciələrində
ailə üzvlərinin əksəriyyətini itirən
Elfridin doğmalarının bir çoxu da sürgünlərdə
dünyasını dəyişir. İxtisasca
kimyaçı olan və strateji əhəmiyyətli sənaye
məhsullarının istehsalında ehtiyac olan kadrlardan
olduğu üçün yalnız atası bu faciədən
sağ çıxır. Amma tezliklə
ailəsinin başına gətirilənlər onun da həyatını
alt-üst edir, psixologiyasını pozur.
“O, əksər
tənqidçilərin hədəfidir. Qeyri-insani,
feminantlıqdan uzaq, nifrət, hikkə dolu, bədniyyətli,
soyuq nə varsa, hamısını Jelinek qələmə
alıb. Onu bəzən
“yaratdığı qəhrəmanlara belə mərhəmət
etməyən” yazıçı kimi təqdim edirlər.
Bu ədibin romanlarında təbəssüm
yoxdur, qəhrəmanlar gülmür, xoşbəxt deyillər.
Hamı bir-birindən nifrət edir... Oxuduqca insana elə gəlir
ki, qarşısında janr baxımından romana yaxın bir əsər
var. Bu əsərdən həyatın bütün müsbət
tərəfləri, müsbət kişi qəhrəmanları,
baş verməsi mümkün ola biləcək və müsbət
sonluqla tamamlanacaq bir çox hadisələr
çıxarılıb, geriyə burada yazılanlar qalıb,
sanki bunlarla kifayətlənmək məcburiyyəti var yazarın ” – Brüqman.
Uşaqlığı
əsasən ata babasının yanında keçən Jelinek
erkən yaşlardan musiqi ilə məşğul olmağa
başlayır və məşğuliyyətə ara vermir. Bunun səbəbkarı
isə anası olub. O, Vyana burjua ailəsinə aid
xanım olduğundan qızının da intellektual meyilli tərbiyə
almasını, musiqiçi-bəstəkar olmasını
görmək istəyirdi və onu həvəsləndirirdi. Elə bu həvəslə də yazıçı əvvəlcə
Vyana konservatoriyasını, sonra isə Vyana universitetinin teatr
və mədəniyyət tarixi fakültəsini bitirir. Universitet illərində müxtəlif dərnəklərin
üzvü olub, tələbə hərəkatlarına
qoşulub. Lakin kolostrofobiya (qaranlıq və
dar yerlərdə qalmaqdan qorxmaq – red. E.S.)
xəstəliyinə düçar olan gənc
Elfrid təhsilinə bir müddət ara verir. Bütün
gününü evdə keçirən, heç kimlə
görüşməyən Elfridin həyatı elə həmin
dövrdən dəyişir və yazarlığa istiqamətlənir.
“Etiraf etməliyəm ki, bu məndə xəstəliyə
çevrilib.
Bəlkə də xəstəlikdən
qaynaqlanıb. Müsbət sonlar, işıqlı utopiyalar
yaratmaq qabiliyyətim yoxdur” – Jelinek
Yazıçı
2004-cü ildə Nobel alarkən verdiyi açıqlamada musiqi
ilə olan bağı haqqında danışarkən deyir:
“Musiqi ilə məşğul olmaq, onun dili ilə nəsə
təzə bir şey yaratmağı öyrənmək
sonralar mənə çox şeydə kömək oldu.
Yazmağa başlayanda hiss etdim ki, mən qrafik hərflərlə
də danışanda bir musiqi, ritm, axar yarada bilirəm. Notlarla əldə etdiyim ritmləri
yazdığım sözlərin səslənişində
axtarıram. Təbii ki, hər şey kimi zamanla bu
axtarışlar da bəhrəsini verdi”.
Uzun və aralıqsız bir zaman kəsimini evə
qapanmaq öz bəhrəsini verir və o, ilk dəfə
özünü yazıçı kimi sübut edir. Jelinekin ilk nəşr
olunan kitabı “Lisas Schatten” adlı şeirlər toplusudur.
Toplu 1967-ci ildə, yəni müəllif hələ
21 yaşında ikən işıq üzü görüb.
Bu toplu ilə uğurlu yazıçı kimi gündəmə
gələn və geniş müzakirələrin səbəbi
olmuş Elfridin həmin dövr
yaradıcılığında “Vyana ədiblər birliyi”-nin
yarıdıcısı, yazıçı H.C.Atrmanın təsirlərinin
hiss olunduğu iddia edilir. Yaradıcılıq və ədəbiyyat
haqqında danışarkən müəllif deyir: “Əgər
nəsə demək, nəyisə açmaq istəyirsinizsə,
dilə özünü sizin demək istədiklərinizdə
həyat tapmaq imkanı verməlisiniz. Çünki
dil geniş anlamda hər zaman fərdin beynində məna
qazanmış məfhumları daha mənalı təqdim etməyə
qadirdir. Dillə cilalanmış, onun
qanunları ilə forma almış hər şey kəsb
etdiyindən daha dərin məna qazanır”. Jelinekin poeziyası sözdüzümü, parlaq təsvirləri
ilə seçilir. Onun tamamlanmış,
bir bütövü əks etdirən, bəzən vəhşi
təsvirlərlə ürküdən şeirlərində ədəbiyyatın
və musiqinin ahəngi hər zaman qorunub. Lakin
1969-cu ildə atasını uzun müddət davam edən xəstəlikdən
sonra faciəvi şəkildə itirməsi onun həyatını
ikinci dəfə dəyişir. Bu hadisədən
sonra yazarın həyatı qapalı qapılar arxasından
küçələrə, meydanlara köçür. Siyasi hadisələrə qoşulan, mitinq və hərəkatların
lideri kimi çıxış edən Elfrid həmin illərdə
universitet təhsilini də tamamlayır.
Horake
Enqdahl: “Ola bilər ki, onu çox adam
tanımır. Amma Jelinekin
yaradıcılığı tamamilə fərqlidir. Etiraf edirəm ki, onu oxumaq bir qədər çətindir.
Bunu asanlaşdırmağın tək yolu isə əsərlərini
orijinaldan oxumaqdır”
Müəllif dövri mətbuatda tez-tez publisistik məqalələrlə
də çıxış edib. Onun mövzularında
daha çox cinsi imtiyazlarla sosial struktur və tələblər
arasındakı uyğunsuzluğu sorğulanır. Hətta öz vətənində belə
özünü məhz qadın olduğu üçün
yeri və mahiyyəti konkret olmayan, ziddiyyətli fiqur kimi hiss
etdiyini bildirir. Elfrid Jelinek 1974-cü ildən
1991-ci ilə kimi Kommunist Partiyasının üzvü olub.
Bunda isə məqsəd siyasətə
qoşulmaq yox, sadəcə birmənalı şəkildə
sağçı baxışı müdafiə edən
Azadlıq partiyasına müxalif olduğunu rəsmən elan
etmək olub. Siyasətlə məşğul
olduğu və artıq bir neçə adla təqdim olunan
yazıçı həmçinin qatı feminist kimi
tanınırdı. Bu davranışın
arxasında duran səbəb kimi isə klassik feminizm
qanunlarının yox, sadəcə qadınların yerini təyin
etmək cəhdlərinin dayandığını
görürük. Onun həyatı və
yaradıcılığı ilə tanış
olarkən niyə belə qarışıq və
çoxşaxəli nominasiya ilə mükafat
aldığı məsələsi də aydın olur. Müəllif 2004-cü ildə özünəməxsus
ədəbi ehtiraslı dillə cəmiyyətin həyatındakı
cəfəng meylləri və hakimiyyətin sosial klişelərini
ifşa edən roman və dramlarının musiqi polifonikliyinə
görə Nobel ədəbiyyat mükafatı alıb.
Onu da qeyd edək ki, Jelinek həmin il
mükafatı heç kimlə paylaşmayıb. Üstəlik
2004-cü ildə onun Marqaret Etvud, Filip Rot, Con Apdayk kimi
yazarların qalib olacağı gözlənildiyi halda,
mükafat alması Modianonun qalibiyyəti ilə anoloji hal
yaradıb. Odur ki, Jelinek Nobel alması ciddi
etirazlara səbəb olan nadir yazıçılardandır.
İddialara görə mükafata layiq görüldükdən
sonra kitabları Frankfurt Kitab Sərgisində təqdim edilən
yazıçı haqqında ingilis naşirlərdən biri:
“İnanın ki, mən dünyada belə bir
yazıçı olduğundan xəbərsiz idim” - deyib. Hətta
ona Nobel Ədəbiyyat mükafatı verilməsinə etiraz
olaraq, akademiyanın üzvü, ədəbi tarixçi, tənqidçi
və yazıçı Knut Emil Ahnlund bir il
mübarizə aparıb. O, müəllifin əsərlərini
“ürəkbulandıran, xoş təsir bağışlamayan
ictimai pornoqrafiya vasitəsi” adlandırıb: “Burada heç
bir incəsənət nümunəsi, sənət əsəri,
bədii güc, ədəbilik yoxdur. Sözlərin
düzgün strukturlaşdırılması nə zamanda ədəbiyyat
hesab edilir. Ona Nobel Ədəbiyyat
mükafatının verilməsi hamının ədəbiyyata
və incəsənətə olan baxışında bir
yanlışlıq olması deməkdir. Bu
dağıdıcı zərbənin qarşısı
alınmalı idi”. Akademiya qərarını
dəyişmədiyi üçün Ahnlund 2005-ci ildə
istefa verib.
Onun Nobel alması ilə bağlı qalmaqalın müəllifi
təkcə Ahnlund olmayıb. Sağlamlığı
tam yerində olmasına baxmayaraq, Jelinekin mükafatı
almağa öz nümayəndəsini göndərməsi və
təşəkkürlərini əvvəlcədən
hazırladığı video rolik vasitəsilə
çatdıması da uzun müddət mətbuatda tənqid
hədəfinə çevrilib. Sonradan
yazıçı rəsmi sənədlərlə
amerikalıların 12%-nin məhkum olduğu sosiofobiya (yad
insanların çox olduğu yerlərdə psixi
narahatlıq, gərginlik və həyəcan – red. Müəl.) və
aqorafobiyadan (böyük auditoriya qorxusu –red.müəl.) əziyyət
çəkdiyini sübut etməli olub. Hətta
mükafatın qalibləri ilə edilən müsahibələrdən
belə imtina edib, görünmək, kiminləsə üzbəüz
həmsöhbət olmaq istəməyib. Onun
nobelprize.org saytında yerləşdirilmiş müsahibəsi
də yalnız səs lenti formasındadır.
“Qadınların öz həmcinslərindən nifrət
etməsi mənim üçün təəccüblü hal
deyil. Qadınlar hətta özləri də pis vəziyyətə
düşəndə səbəbi yenə həmcinslərində
axtarırlar. Toplumda yerini tapa bilməyən
qadınlar bütün güc və hökmranlığı
ailəyə, uşaqlara yönəldir. Onları mütəmadi
olaraq nəzarətdə saxlamağa, təzyiq altında idarə
etməyə çalışır” – “Qış”
Lakin Nobel onun aldığı yeganə nüfuzlu
mükafat deyil. Jelinek 1998-ci ildə “Georg Büchner”, 2002-ci ildə
“Münhen dramaturqları”, 2004-cü ildə “Franz Kafka”, “Henrix
Böll” mükafatlarına layiq görülüb. Görkəmli yazıçı həmçinin
Göte və Bosonun əsərlərinin ən uğurlu tərcüməçisi
kimi də tanınır. 1998-ci ildə qələmə
aldığı “Pianino müəllimi” (“The Piano Teacher”)
romanı 2001-ci ildə eyniadlı filmin senarisi olub.
Elfrid Jelinek Avstriya cəmiyyətinin bir çox
çatışmayan cəhətini qələmə alıb. Avstriya ədəbiyyatında
onu “cəmiyyətin klişelərindəki axmaq məntiqin kəşfçisi”
adlandırırlar. Müəllifin müxtəlif
mətbu orqanlarda və Nobelin rəsmi saytında dərc
edilmiş müsahibələrdən hissələri təqdim
edirik.
“Saat birin yarısı idi. Telefondakı adam
almanca dedi ki, İsveç Akademiyasının mətbuat xidmətindən
zəng vurur. Məni xəbər haqqında məlumatlandırdı,
təbrik etdi. O an beynimdə qara dəlik
əmələ gəldi. Hələ də o anı
xatırlayanda elə hiss edirəm”.
Elfrif Jelinek təkliyi sevən, iddialara görə
xaraktercə zəif, amma sevimli insandır. Nobeli
almağa gəlməməsi ilə bağlı
açıqlamaverməsini xahiş edirik.
- Bu mükafatı almaq hər
yazıçının xəyalıdır. Xüsusilə
o təqdimat mərasimində iştirak, çıxış
haqqı. Böyük məmnuniyyətlə,
bu mükafat üçün gedərdim, amma inanın ki,
sosiofobiya mənə imkan vermir. Uzun
müddətdir bu xəstəlikdən əziyyət çəkirəm.
Mənim üçün belə yerlərdə
olmaq, diqqət və nəzarətdə olmaq dözülməzdir,
özümü idarə edə bilmirəm. İctimai diqqətə, seçilməyə,
hamının nəzərlərinin məndə olmasına
öyrəşə, o halda özümü ələ bilmirəm.
Bacarmıram. Bu məndən asılı
deyil
O, olduqca
ağır, çarəsiz, köməksiz, ayrılıq və
göz yaşı ilə dolu uşaqlıq illəri
keçirib. Valideynlərinin hər ikisi uzun
müddətli xəstəlikdən əziyyət çəkərək,
dünyasını dəyişib. Çox
vaxt Avstriya cəmiyyətinin qatı tənqidçisi kimi
çıxış edib.
- Buna görə mənə çox təzyiqlər
olub. Sonuncu dəfə mənə sosial qəbuledilmə
imkanı verildikdən sonra, Avstriya ilə yollarımı
ayırmaq qərarı aldım. Hökumət
orqanları və dövlət rəsmiləri ilə
bütün əlaqələrimi kəsdim. Dramlarımın dövlət teatrlarında səhnəyə
qoyulmasını qadağan etdim. O günə kimi səhnələşdirilmiş
bütün tamaşalarımın hüququnu da geri aldım.
Uzun müddətdir ki, marksist deyil. Amma indi
özünü solçu-feminist hesab edir.
- Mən kişilərə
qarşı mübarizə aparmıram, o qədər axmaq
deyiləm. Mənim mübarizəm cinslər
arasında mənasız uçurumlar yaratmağa meyilli cəmiyyətlədir.
Qadını işinə, yaratdıqlarına,
uğurlarına görə yox, sinəsinin,
çanağının, dodağının ölçüləri,
bədəninin gəncliyi və təravəti ilə dəyərləndirən,
bununla da onun mahiyyətini təhqir edən, onu
ucuzlaşdıran cəmiyyətlə, bu düşüncələrlə
yaşayan insanlarla mübarizə aparıram mən. Halbuki kişilər üçün standartlar belədirmi,
xeyr. Onlar etdikləri, işləri ilə
fərqlənirlər. Dəyərləri
qabiliyyətlərindədir.
Elfrid deyir ki, onu daha çox dramaturq və roman müəllifi
kimi tanıyırlar. Amma yazıçı özünü
daha çox sərhədsiz eksperimentalist adlandırır.
- Mənim dramlarım uzun monoloqlardan
ibarətdir, oxuyanlar deyir ki, ilk baxışda nəsrin dilini
xatırladır. Yaradıcılığa
başladığım ilk illərdən öz ədəbi
dilimi axtarmışam, özümü ifadə edə biləcəyim
xüsusi bir dil. Ola bilər ki, bu musiqili dil olar, olar bilər
ki, nəsə başqa bir məxsusi dil olar. Mən bir əyalət yazarı olaraq qalmaq istəmirdim.
- Nobel Mükafatı
aldığınızı eşidəndə necə
qarşıladınız? Sizin üçün sürpriz oldu?
- Əlbəttə.
Çünki əmin idim ki, əgər bu mükafat Avstriyaya
gedəcəksə, bunu mütləq Piter Handke alacaq. İnanın
ki, eynilə bu cür düşünürdüm. Çox təəssüf ki, kütlə
qarşısına çıxa bilməmək məni belə
bir mükafatın təqdimatından məhrum etdi.
- Öz vətəniniz – Avstriya ilə
bağlı tənqidi yazılarınızın əsas
mövzusu xüsusilə də ölkənin “kriminal” nasist
keçmişi ilə bağlıdır.
- Avstria həmin dövrün, katolik
ölkəsi olmağın cəriməsi çox ödəyib.
Ən pisi isə o oldu ki, bu ölkədə nəinki
böyük düşüncə adamları, heç
böyük siyasətçilər belə yetişmədi.
- “Şəhvət” (“Lust”)
və “Sevgililər” (“Women as Lover”) romanlarınıza diqqət
çəkmək istəyirəm.
- Hər iki əsərdə qadın-kişi
arasındakı münasibəti sahib ilə qul
arasındakı münasibət prizmasından təsvir etməyə
və nəyi görməyi arzulamadığımızı
çatdırmağa çalışdım. Kişilər
məhz cinslərinə görə daha yaxşı işlərə
layiq görüləcək, daha çox qazanacaq, daha
etibarlı hesab edildikcə, qadınlar yalnız bədənlərinin,
gözəlliklərinin və gəncliklərinin hesabına
güclü olacaqlar, bu heç vaxt dəyişməyəcək.
- Öz həyatınız əsasında
qələmə aldığınız, ya da belə deyək,
öz hekayənizi danışdığınız “Pianino
müəllimi” əsərindən danışaq. Həyata peşəkar məşğuliyyət kimi
musiqi ilə məşğul olmaqla başlamısınız.
Vyanada hipertənqidçi ananızın
yanında yaşamısınız.
- Mən hələ də həmin evdə
yaşayıram, amma indi anam yoxdur. Dörd il
əvvəl dünyasını dəyişib. Həyat
yoldaşım Münhendə yaşayır, Vyana ilə
Münhen arasında gedib-gəlməklə keçən bir həyat
yaşamağa öyrəşmişdim. Hələ
də belə davam edirəm. Ona görə
həmin əsər məndən çox, iki şəhərin
hekayəsidir.
- Niyə həyat yoldaşınız
sizinlə birgə yaşamaq üçün Vyanaya
köçmür?
- Baş bir şəhərdə ikinci
evimin olmasına ehtiyacım var. Hər şeydən baş
götürüb qaçmaq, Vyanadan uzaqlaşmaq istəyəndə
üzümü Münhenə tututam. Düzdür,
yoldaşım orada doğulub-böyüdüyü
üçün Münhen ona çox doğmadır. Amma belə həyat tərzi ondan çox mənim
özüm üçündür.
- Əsərlərinizin
ABŞ-da daha çox oxunmasını
arzuladığınızı demisiniz.
- Bəli bu çox yaxşı olardı. Çox istəyərdim ki, orada oxucu auditoriyam daha da geniş olsun. Çünki amerikalılar ifadə etməyə çalışdığım ironiyanı, şahid olduqlarımı daha yaxşı anlayarlar. Onlar yəhudi mədəniyyəti qəbul olunandır. Ona görə də düşünürəm ki, onlar daha yaxşı dərk edir yazdıqlarımı. Amma Avstriya və Almaniyada belə deyil. Yəhudi soyqırımının müəllifi nasistlərdir. Mən bütün dünyamı o qırğında itirmişəm. Yaralanmışam. Sütunlarım oynayıb. Burada yaşayanlar düşüncələrimi anlamır, Amerikada yaşayanlar da yazdığım dili. Belə.
- ABŞ-da olmusunuzmu?
- Yox, heç vaxt. Mənim üçün səyahət etmək çox çətindir. Xüsusilə də təyyarə ilə. Bəlkə, haçansa gəmi ilə Nyu York sahillərinə üz tutaram. Yüksək sürət və səs məni məhv edir. Sonra ayağım torpağa dəyəndə uzun müddət dəli kimi oluram, bəzən yeriyə bilmirəm.
- “Pianino müəllimi” ekranlaşdırılan ilk əsərinizdir. Maykl Hanekeyə bu hekayə üçün necə icazə verdiniz?
- Açığı uzun müddət romanımın ekranlaşdırılması təklifini rədd etdim. Çünki mənim nəsrimin dili bir qədər fərqlidir. Üstəlik açığı deyim ki, yazdıqlarımın, təsvir etdiyim səhnələrin üstünə təsirlilik gətirə biləcək nəyinsə əlavə olunacağına inanmırdım. Amma hər zaman düşünmüşəm ki, əsərimi yalnız Haneke kimi bir rejissora əmanət edə bilərəm.
Elcan SALMANQIZI
Kaspi.-2014.-22-24 noyabr.-S..12.