Paris, Passi məzarlığı və Toğrul Nərimanbəyov haqqında düşüncələr

 

Dünyanın elə ölkələri, elə şəhərləri var ki, insanları daim maraqlandırıb maqnit kimi özlərinə çəkirlər. Belə şəhərlərdən biri də Parisdir. Ötən minillliklər, yüzilliklər boyu böyük çətinliklərlə, fəlakətlərlə üzləşən Parisi insanlara belə yüksək sevgi ilə özünə bağlayan nədir? Cavab birmənalı deyil. İntellektindən, dünyagörüşündən, zövqündən asılı olaraq hərə bu sualı bir cür cavablandırır. Biri onu qədim tarixə, digəri orijinal memarlığa, başqa birisi isə zəngin mədəniyyətə, unikal tarixi abidələrə malik olduğuna görə sevdiklərini deyirlər.

 

Dünya insanlarını Parisə bağlayan başqa atributlar da var. Bu onun rəmzinə çevrilmiş Eyfel qülləsi, Zəfər tağı, Yelisey çölü, Luvr, Jorj Pampedu və Müasir incəsənət muzeyləri, eləcə də Napaleonun iqamətgahı, Əlillər Evi adlanan yerdə qərarlaşmış məqbərəsi, Notrdam kilsəsi, bir də keçmişdə klassik rəssamların, yazıçı və şairlərin görüş yerinə çevrilmiş Monparnas məhəlləsi və burada yerləşən «Monparnas» kafesidir.

 

Xatırladaq ki, Parisin məzarlıqları da dünya insanlarının maraqlarına, sevgilərinə tuş gəlmiş, ziyarət yerlərinə çevrilmiş məkanlardandır. Elə bu maraq və sevginin nəticəsidir ki, Parisin şimalında yerləşən Monmartr, şərqində lövbər salmış Per-Laşez, cənubunda qərarlaşmış Monparnas, eləcə də şəhərin düz mərkəzində –Eyfel qülləsinin yaxınlığında olan Passi məzarlıqları həmişə çèéàðÿò÷èëÿð olur. Bu yerdə prodaksal bir sual ortaya çıxır: görəsən bu qəmli yerlərə insanların diqqətini çəkən, özlərini onlara sevdirən nədir? Cavab birmənalıdır: həmin məzarlıqlarda dəfn olunmuş dünyacan məşhur simalar və həmin məzarlıqların səliqə-səhmanı, yaşıllığı, insanların ruhuna rahatlıq gətirən havası və daim burada hökm sürən sakitlik…

 

Bəli, bu məzarlıqda ayrı-ayrı zamanlarda adları mifə, əfsanəyə çevrilmiş onlarla, yüzlərlə dahilər, milyonların kumirinə dönmüş məşhur sənətçilər, cəmiyyətdə sayılıb seçilən və sevilən şəxsiyyətlər uyuyur. Bunu şəhərin mərkəzində qərarlaşmış Passi məzarlığının timsalında daha aydın görmək olar. Bünövrəsi hələ 1820-ci ildə qoyulmuş bu məzarlıqda kimlər uyumur? Dünya şöhrətli fransız rəssamı Eduard Mane, dünya şöhrətli fransız bəstəkarı Klod Debyüssi, dünya şöhrətli fransız aktyoru Fernandel, şair-yazıçı Rene Viven, İran şahının qızı Leyla Pəhləvi, səssiz kinoların kino ulduzu Pirl Uayt, fransız aktrisası Janna Samari (o Renuarın rəsm əsərlərinin modeli olub), Byetnamın sonuncu imperatoru Bao Day, iki dəfə Fransanın baş naziri olmuş ictimai-siyasi xadim Aleksadr Mileran, eləcə də Azərbaycanın dünyacan məşhur olan rəssamı Toğrul Nərimanbəyov…

 

Görürsünüzmü, bu məzarlıqda nə qədər dünyacan məşhur simalar uyuyur. Çox təbii ki, parislilər bütün bunları nəzərə alıb turist səfərlərinin siyahısına Paris məzarlıqlarına ziyarət marørutlarını da əlavə ediblər. Bilirlər ki, artıq bu yerlər kədərli ovqatdan çıxıb tarixi yerlərə, məzarda uyuyanlar isə tarixləşmiş şəxsiyyətlərə çevriliblər. Elə buna görə də adamlar zaman-zaman haqlarında mif, əfsanə dolaşan bu şəxsiyyətlərin uyuduğu məzarlığa gəlib onların qəbrlərini ziyarət edirlər. Onları sağlıqlarında görə bilməyib çox sonralar məzarları ilə görüşüb üstünə bir dəstə gül qoyduqları üçün rahatlıq tapıb qürur hissi keçirirlər.

 

Xatırladaq ki, bütün zamanlarda Parisə güclü insan axını olub və indinin özündə də bu axın səngimir. Təbii ki, bunun obyektiv səbəbləri var. Əsas səbəblərdən birisi odur ki, Parisin hər bir yerinin-meydanının, küçəsinin, evinin, kafesinin, məzarlığının, daha nə bilim nələrin, nələrin zəngin və cəlbedici tarixi var. Fikrimiz daha aydın olsun deyə bir əyani misal göstərmək istəyirik. Parisin Yelisey çölü adlandırılan küçəsində lap qədimdən fəaliyyət göstərən bir kafe var. Bu kafedə kimlər olmayıb? Viktor Hüqo, Onere de Balzak, Penuar, Sezann, Pikasso, Adeksandr Düma, Emil Zolya, Van Qoq nə bilim, kimlər, kimlər... Kafe sahibi ağıllı adam olduğuna, sənəti və sənətkarı qiymətləndirməyi bacardığına görə bu məşhurların adlarının xırda mozaik kafellərlə döşəmə və dèvarlara həkk etdirib. İndi bura kafe-muzeyi xatırladır və bura düşmək xeyli vaxt və pul itkisinə səbəb olur. Bax, bu zəngin və cəlbedici tarixi örnəklərin nəticəsidir ki, insanlar gənclik çağlarından arzularının şəhəri hesab etdikləri Parisə can atırlar. Amma gəlin bir həqiqəti də etiraf edək ki, belə can atmalar təkcə adi adamlar arasında deyil, dünyanın tanınmış məşhur adamları arasında da boy göstəribdir. Buna misal olaraq İtaliya intibahı dövrünün nəhəngi Leonardo da Vinçini, rəssamlıq aləmində özünə yeni yollar açan holland rəssamı Van Qoqu, italiyalı təsviri sənəti ustası Ameqeo Moqulyanını, dünyanı indi də öz cazibəsində saxlayan ispan rəssamı Pablo Pikassonu, rus yazıçısı İvan Bunini, şair İosif Brotskini, Azərbaycan əsilli, fransız dilli yazıçı Ümbül Banini, dünya miqyasında tanınıb sevilən Azərbaycan rəssamı Toğrul Nərimanbəyovu göstərmək olar. Ayrı-ayrı ölkələrdən dünyanın mədəniyyət mərkəzi hesab edilən Parisə gələn bu nəhənglər sonradan bu şəhərin daimi sakinlərinə çevriliblər. Əksəriyyəti də burada dünyalarını dəyişib burada torpağa tapşırılıblar.

 

Biz tez-tez Parisin mərkəzindəki Passi məzarlığında uyuyan, dünyacan məşhur olan rəssam Toğrul Nərimanbəyovun adını xatırlayırıq. Təbii ki, bu onu yaxşı tanımayan adamlarda: «Axı bu Toğrul Nərimanbəyov kimdir ki, onunla əlaqədar belə böyük sevgi ilə danışırlar sualı doğurur. Əlbəttə, sual çox haqlı və konkretdir. Biz bu sualı konkret də cavablandırardıq. Deyə bilərdik ki, o keçmiş sovetlər birliyi zamanında onun ən yüksək titullarına, mükafatlarına layiq görülmüş bir rəssam olub. Amma bunu özümüz qəsdən etmədik ki, onun bu titulları, mükafatları hansı əzablı yollardan keçib gəldiyini, aldığını açıb sizə göstərək. Elə buna görə də hər şeyə əvvəldən, lap elə rəssamın ailə şəcərəsindən başlamaq istəyirik.

 

Toğrul Nərimanbəyov Qarabağda çox məşhur olmuş Nərimanbəyovlar şəcərəsindəndir. Nəslin ağsaqqalı Nəriman bəy olubdur. Küllü-Qarabağda bu varlı-hallı adamı hamı sevir, xətrini əziz tuturdu. Çünki o yerli camaat üçün əlindən gələni əsirgəmirdi. Bir tarixi sənəddə qeyd edilir ki, 1900-cu ildə Rus çarı II Nikolayın imzası və möhürü ilə Nərimanbəyovlara 1540 min kvadratmetr sahəsi olan torpaq verilmişdir. Həmin torpaqda Xıdırlı, Əhmədəvar, Saricalı, Seyidli, Qiyaslı, Keştazlı, Ətyeməzli, Gəngərli və Çəmənli kəndləri məskunlaşmışdı. Nəslin ağsaqqalı Nəriman bəyin Haşim və Əmir adında iki oğlu vardı. Haşim bəy İrəvanda gimnaziyanı bitirib orada müəllimlik etmiş və «Molla Nəsrəddin» jurnalının bölgə yazarı olmuşdur. Əmir bəy isə Xarkov universitetinin hüquq fakültəsini bitirib Bakıya qayıtmışdır. O bir müddət vəkillik etmiş və maarifçiliklə məşğul olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının general-qubernatoru vəzifəsində çalışmışdır.

 

Haşim bəyin Nəriman bəy (1889-1937) adlı bir oğlu vardı. O, çox mükəmməl təhsil görmüşdü. Nəriman bəy əvvəlcə Moskva universitetinin fizika-riyaziyyat, sonra Xarkov universitetinin hüquq fakültəsini bitirmişdir. Əmisi Əmir bəy kimi o da vəkillik, maarifçiliklə məşğul olmuşdur. 1917-ci ildə «Mösavat» partiyasına daxil olmuş, partiyanın I qurultayında iştirak etmişdir. Zaqafqaziya seyminin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 4-cü kabinetində (14 aprel -22 dekabr 1919-cu il) Nəzarət Naziri vəzifəsini tutmuşdur. Sovet dövründə müxtəlif təşkilatlarda və qurumlarda hüquq məsləhətçisi işləmişdir. Dəfələrlə siyasi və fiziki təzyiqlərə məruz qalmışdır. Otuzuncu illərin axırlarında həbs edilərək, tanınmış Azərbaycan müsavatçıları ilə birlikdə məşhur Slovki həbs düşərgəsinə göndərilmişdi.

 

Xatırladaq ki, Əmir bəy Nərimanbəyovun oğlu Fərman bəy də (o 1898-ci ildə Şuşada anadan olub) buna bənzər bir tale yaşamışdır. 1919-cu ilin dekabr ayında o Azərbaycan Xalq Cümhuriyyətinin göndərişi ilə Fransaya getmiş və orada ali təhsil almışdır. Hələ orada oxuduğu dövrlərdə (1920-1927-ci illər) İrma Lya Rude soyadlı bir qaskonlu fransız qızla ailə həyatı qurmuşdu. Onlar bir müddət Tuluza, bir ara isə Kann şəhərlərində yaşamışlar. Fransanın Kann şəhərində yaşadıqları dövrlərdə onların Vidadi adlı bir oğulları (1926) dünyaya gəlmişdir. İyirminci illərin axırlarında Bakıya qayıtdıqdan sonra isə Toğrul doğulmuşdur (1930).

 

Tarixi məxəzlərdən çox yaxşı bilirik ki, XX əsrin 30-cu illəri keçmiş sovetlər birliyi məkanında yaşayan bütün xalqlar üçün çox çətin və faciəli olmuşdur. Bu çətinlik və faciələr Nərimanbəyovlar şəcərəsindən də yan keçməmişdir. Nəslin neçə-neçə tanınmış məşhur adamı represiyalar qurbanına çevrilmişdir. Əmir bəylə bərabər bəziləri güllələnmiş, bəziləri isə Sibirə sürgünə göndərilmişdir. Fransadan yüksək ixtisaslı mühəndis diplomu ilə qayıdıb ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə, sonralar isə Azərbaycan SSR Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi vəzifəsini tutan Fərman bəy də «əksinqilabi fəaliyyətinə görə» ittihamı ilə şərlənib Sibirə sürgün edilmişdir. Hələ bu az imiş kimi 42 yaşlı həyat yoldaşı İrma Lya Pude və 6 yaşlı oğlu Toğrul da həbsxanalara atılmışlar. Ömrünün uşaqlıq çağını həbsxananın dəmir barmaqlıqları arasında keçirən və ibtidai təhsilini həbsxanada olarkən alan Toğrul Nərimanbəyov hələ uşaqkən həyatın çox çətinlikləri ilə üzləşmişdir. Özünün etirafına görə o ilk həyat dərslərini də, rəsm əsərlərinin ilk mövzularını da həbsxanada olarkən görüb götürmüşdür. Bunu çox sonralar çəkdiyi «Həyat naminə» adlı rəngkarlıq nümunəsindən də aydınca görmək olar. Fikrimizcə, belə bir fəlsəfi və emosional, hələ də öz assiosiativ çalarları ilə insanda rəngarəng ovqat yaradan əsəri ancaq həmin dəhşətli və real həyatı görüb yaşayan rəssam çəkə bilər.

 

Hə, deyəsən, bir önəmli faktı tamam unudub yaddan çıxarmışıq. Fakt ondan ibarətdir ki, Fərman bəy Sibirə sürgün edildikdən sonra Keşlə həbsxanasına atılan həyat yoldaşı İrma Lya Rude Özbəkistana sürgün edilmiş, 7-8 yaşlı Toğrula isə əvvəllər onun dayəsi olmuş Anna Andreyevna sahib durmuşdur. Toğrul əslən polyak olan bu geniş dünyagörüşlü kübar qadından yüksək təlim-tərbiyə almış və həyatın çətin sınaqlarına hazırlanmışdır. Dayəsinə böyük sevgi bəsləyən Toğrul sonralar özünün şedevr əsəri hesab etdiyi «Anna Andreyevanın portreti» rəngkarlıq nümunəsində bu sevgini bütün varlığı ilə əks etdirib onu tarixə qovuşdurmuşdur.

 

Toğrul hələ uşaq yaşlarından üç sahəyə meyilli olmuş və öz xoşbəxtliyini həmin sahələrdə tapacağını güman etmişdir. Bu sahələrdən biri rəssamlıq, o birisi musiqi, digəri isə heykəltəraşlıqdır. Amma son anda o rəssam olmaq qərarına gəlmişdir. Onda bu inamı ayrı-ayrı vaxtlarda asfalt üzərində, həbsxanaya atıldıqdan sonra barakların döşəmə və divarlarına çəkdiyi, əcaib-qəraib şəkillər və bir də Bakı pionerlər evində fəaliyyət göstərən rəsm dərnəyində rəssam Kamil Xanlarovun rəhbərliyi ilə gerçəkləşdirdiyi sulu boya rəsmləri yaratmışdır. Beləliklə, o, 1945-ci ildə orta məktəbi qurtarıb Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur.

 

Onun rəssamlıq texnikumunda oxuduğu dövrlər həm mürəkkəb, həm də təzadlı dövrlər idi. Bir tərəfdə iqtisadi çətinliklər, digər tərəfdə isə totalitar rejim hökm sürürdü. Totalitar rejimin basqıları, fəsadları bu və ya digər təhsil müəssisələrində də özünü qabarıq biruzə verirdi. Bunu rəssamlıq məktəbinin timsalında daha aydın görüb hiss etmək olurdu. Çünki bu məktəbdə təhsil ideologiyaya uyğun olaraq qurulmuşdu. Cəmiyyət üçün hazırlanan gələcək rəssam və heykəltaraşlar ancaq klassik sosializm-realizm üslubunda işləyib yaratmalı idi. Əgər kimsə-impressionist, postimpressionist və yaxud mücərrəd, avanqardist romantik istiqamətdə bir əsər işləsəydilər böyük qınağa və tənqidə məruz qalardılar. Lakin bütün bu çətinliklərə baxmayaraq istedadlı və böyük potensial imkanları olan tələbələr heç nədən çəkinməyərək yaradıcılıq axtarışları aparıb müəyyən eksperimentlər edirdilər. Toğrul Nərimanbəyov bu işdə öndə gedən və müxtəlif «izmlər»i eksperimentdən keçirən tələbəlÿrin birincisi və öndə gedəni idi. Bunu onun diplom işi olan və 1950-ci ildə Bakıda keçirilən Respublika rəssamlıq sərgisində ilk dəfə nümayiş etdirilən «Türkiyədə küçə» adlı rəngkarlıq əsərindən də aydınca görmək olar. Realist-romantik yöndə çəkilmiş bu əsər elə ilk baxışdaca müəllifin güclü arayıb axtarma meylindən və özünəməxsus rəng duyumu olduğundan xəbər verirdi. Amma onun bütün bu yaxşı xüsusiyyətlərinə baxmayaraq ali rəssamlıq təhsili olmağına da böyük ehtiyac olduğu hiss edilirdi.

 

Bunu dərk edib duyan Toğrul Nərimanbəyov elə həmin il (1950) Vilnüsdəki Litva Dövlət Rəssamlıq İnstitutunun monumental təsviri sənət və dəzgah rəngkarlığı fakültəsinə daxil olub məşhur rəsam-pedaqoq Y.Mukenasin və Y.Maskyaviçusun siniflərində oxumağa başladı. Toğrulun etirafına görə bu ali rəssamlıq məktəbi keçmiş sovetlər məkanında fəaliyyət göstərməsinə baxmayaraq digər respublikaların ali məktəblərindən xeyli fərqlənirdi. Burada tez-tez dünyada mövcud olan yeni sənət cərəyanlarından, onların görkəmli nümayəndələrindən və bu sənətkarların müxtəlif yönlü yaradıcılarından söhbət gedirdi. Hətta tələbələrin bəziləri klassik və sosializm –realizm üslubu ilə yanaşı digər üslublarda da eksperimentlər edirdilər.

 

Toğrulun bəxti gətirmişdi. Bu ali təhsil ocağında onun qarşısına Y.Mukenas və Y.Maskyaviçus kimi çox məşhur rəssam-pedaqoqlar çıxmışdı. Onlar həm xalq həyatını, həm də dünyada gedən müasir yaradıcılıq proseslərini çox gözəl bilirdilər. Toğrul tez-tez onların emalatxanalarında olur, saatlarla klassik və çağdaş dünya incəsənətinin həm dünəni, həm də bu günü barədə ətraflı söhbətlər edirdilər. Y.Mukenas onu daha çox xalq həyatının tərənnümünə, Y.Maskyavuçus isə milliliklə bəşəriliyin harmonik təcəssüm etdirməsinə sövq edirdilər. Y.Mukenas tez-tez həm Litva xalqının, həm də Azərbaycan xalqının həyatından, incəsənətindən konkret misallar çəkib sübut edirdi ki, bu yolla gedənlər uduzmurlar. Təbriz miniatür rəssamlığının baniləri Soltan Məhəmməd, Kəmaləddin Behzad, Ağamirək və Litva rəssamlıq sənətinin atası hesab edilən Çürlönüs kimi böyük zirvələr fəth edib tarixə düşürlər. Rəssam-pedaqoq Y.Maskyaviçus isə bir qədər ondan fərqli düşünürdü. Onun fikrincə dünya rəssamlığı yeni bir dövrə qədəm qoyub. Başqa sənət növləri kimi incəsənətdə də hiss ediləcək dərəcədə yeniləşmələr, dəyişmələr və dünyəviləşmələr prosesi gedir. Yeni yaranacaq incəsənət isə milliliklə bəşəriliyin harmoniyasını və sintezini tələb edir. Ona görə çağdaş rəssamın bu yönü tutması onun üçün çox sərfəli olardı…

 

Toğrul müəllimlərini çox maraqla dinləyib götür-qoy edirdi. Amma dünya incəsənətində hökm sürən və tez-tez dəyişən sezanizm, kərpic-valent, avanqardizm, abstraktsionizm, kubizm, modernizm, eləcə də realizm, romantizm, sərt üslub formalist cərəyanlarına, axınlarına, yaxşı bələd olduğu üçün bir qərara gəlib sənət yönünü müəyyənləşdirə bilmirdi. Çünki tələbə rəssam hələ bu yönlərin hamısında eksperiment aparırdı. Bəzən uğurları olurdu, bəzən isə uğursuzluqları. Amma ruhdan düşməyib axtarış və eksperimentlərini davam etdirirdi. Düşünürdü ki, özünü realizm, imperessionizm və sərt yöndə daha yaxşı ifadə edə bilər. O, 1955-ci ildə «Baltik balıqçıları» adlı rənkkarlıq nümunəsini diplom işi kimi müəllimlərinə göstərəndə onlar təəccüb etdilər. Çünki əsər çox qəribə bir manerada və yöndə işlənmişdi. Burada həm realizm, həm də sərt üslub elementləri özlərini biruzə verirdi.

 

Bu yerdə Toğrulun Vilnüsdəki tələbəlik illəri ilə əlaqədar bir önəmli faktı da xatırlamaq yerinə düşərdi. Öncə qeyd etdiyimiz kimi o orta məktəbdə oxuduğu dövrlərdə üç yolun biri ilə getməyi qərarlaşdırmışdı. Təbii ki, son anda musiqi sahəsini deyil, təsviri sənət sahəsini seçməli oldu. Amma musiqidən də biryolluq üz döndərmədi. Vilnüs Dövlət Rəssamlıq İnstitutunda oxuduğu dövrlərdə paralel olaraq Vilnüs Dövlət Konservatoriyasının vokal sinfində də təhsil almağa başladı. Onun ifasında İtaliya operalarından ariyalar, italyan və Azərbaycan xalq mahnıları, Üzeyir Hacıbəylinin bəstələrindən seçmələr səslənib istedadının yeni bir qatını üzə çıxardı. Çox sonralar o maraqlı repertuarlarla Kirha, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, eləcə də İtalya konsert və Opera səhnələrində çıxış etməyə başladı. Onun sehrkar səsi, heç kəsə bənzəməyən ifa manerası hamını heyran edib öz cazibəsində saxladı. Və buna görə də onu M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist qəbul etdilər.

 

(àrdı var)

 

Möhbəddin Səməd

 

Bakı-Paris-Bakı

17-23 iyun 2014

Kaspi.-2014.-22-24 noyabr.-S.16-17.