32 pillə irəli!
Siğorta-pensiya sistemində aparılan mütərəqqi
islahatlar "Doing Business 2015" hesabatında yüksək dəyərləndirilmişdir
Müstəqil Azərbaycanın
beynəlxalq miqyasda böyük
maraqla qarşılanan milli
inkişaf modelinin səciyyəvi
xüsusiyyətlərindən biri də
hökumətin fəaliyyətində sosialyönümlülüyün
prioritetə çevrilməsidir. Konstitusion təminatı olan, insan amilinin
yüksəlişinə – vətəndaşların maddi, intellektual və mənəvi
tələbatlarının dolğun şəkildə
ödənilməsinə, cəmiyyətdə sosial
ədalət meyarının bərqərar olmasına xidmət
edən bu inkişaf modelinin uğurları isə, ilk
növbədə, şəffaflığa və
hesabatlılığa əsaslanır. Respublikada
modern təcrübə, çevik
və şəffaf mexanizmlər üzərində gerçəkləşdirilən
sığorta-pensiya islahatlarına nəzərən bunu əminliklə söyləmək mümkünlür.
Azərbaycanın heç bir ölkədə oxşarı olmayan, bir çox üstünlükləri ilə seçilən milli inkişaf yolunu uzaqgörənliklə müəyyənləşdirən ümummilli lider Heydər Əliyev dövlətin sosialyönümlü siyasətinin yüksək səmərəliliyinin və ünvanlılığının təmini məqsədi ilə sığorta-pensiya sistemi və dövlət sosial yardımlarının ayrı-ayrılıqda – beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələrini vacib saymışdır. 2001-2005-ci illəri əhatə edən «Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası» əsasında həyata keçirilən bu islahatlarla respublikada dünyada analoqu olmayan sığorta-pensiya sisteminin formalaşdırılması tədbirlərinə start verilmişdir.
«Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə ölkədə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuşdur: məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək, ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında» 4 avqust 2003-cü il tarixli Fərmanı ilə pensiyaların təyini və maliyyələşdirilməsi funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunmasını təmin etmək məqsədilə vahid sığorta-pensiya qurumunun yaradılması müəyyənləşdirilmişdir. Bununla da İslahat Konsepsiyasında nəzərdə tutulan yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur.
2006-cı ilin 1 yanvarından 3 qanun - «Əmək pensiyaları haqqında», «Dövlət sosial müavinətləri haqqında» və «Ünvanlı dövlət sosial yardımı haqqında» qanunlar qüvvəyə minmişdir. Beləliklə, islahatın mahiyyətini təşkil edən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sisemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilmişdr. Hazırda sığorta-pensiya sistemi 3 qanun («Sosial sığorta haqqında», «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında», «Əmək pensiyaları haqqında» qanunlar), dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun («Dövlət sosial müavinətləri haqqında» və «Ünvanlı dövlət sosial yardımı haqqında» qanunlar) əsasında fəaliyyət göstərir.
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli Qanununa əsasən, 1 yanvar 2010-cu ildən sığortaolunanların 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində yeni sadələşdirilmiş qaydanın tətbiqi minimum məbləğdə pensiya təyinatının aradan qaldırılmasına və sosial ədalətin bərpa edilməsinə gətirib çıxarmışdır. Yeni sığorta-pensiya sisteminin qanunvericilik bazasının inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» çərçivəsində davam etdirilir.
Azərbaycanın beynəlxalq standartlara cavab verən sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bu sırada aparılan islahatlarda sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılması, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin biri-birindən tam ayrılması xüsusi qeyd olunmalıdır. Ölkəmizdə təyin edilmiş islahat istiqamətlərinə uyğun olaraq, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri təmin olunmuşdur.
Pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən olunması metodikası ilə bağlı idi. Həmin qayda 2004-2005-ci illərin (və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın) əməkhaqqı arayışına istinadən hesablamaların aparılmasına əsaslanırdı və göstərilən tarixdən zaman keçdikcə vətəndaşlar bu sahədə daha çox problemlərlə üzləşirdi. Bununla yanaşı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əməkhaqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları pensiyaçılar arasında haqlı narazılığa səbəb olurdu.
2006-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, baza, sığorta və yığım hissələrindən ibarət yeni - üçpilləli pensiya sistemi fəaliyyətə başlamışdır. Sözügedən qanuna əsasən, əmək pensiyalarının baza hissəsi birinci pillə kimi əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və bu hissə dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan, real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin edilir.
Bu mütərəqqi islahat nəticəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmlərinin təkmilləşdirilməsi dövlətin vətəndaşların sosial müdafiəsinə necə böyük dəyər verdiyinin əyani göstəricisidir. Fərdi uçota əsaslanan həmrəylik prinsipləri ilə yanaşı, yığım komponentinin də önəmli rolunu nəzərdə tutan üçpilləli pensiya sistemi müasir, çevik və şəffaf idarəetməyə imkan yaratmaqla yanaşı, dövlətin sosial müdafiəedici rolunun güclənməsini təmin etmişdir. Bu modelin ədalətliliyi, səmərəliliyi və şəffaflığı, ilk növbədə, pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya - ödənişə adekvat şəkildə müəyyənləşdirilməsi ilə ölçülür.
2006-cı ilin 1 yanvarından tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Beləliklə, ölkədə istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qeyd olunan vəzifələrin kompleks həllinə yönəlmişdir və ölkədə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığına nail olunması, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Proqrama əsasən, sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktual tədqiqatların aparılması; həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlərin işlənilməsi; pensiya təyinatının avtomatlaşdırılması və elektron xidmətlərin təşkili istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə pensiya təminatının vahid sadələşdirilmiş qaydaya gətirilməsi və DSMF sistemində korporativ şəbəkənin qurulması təmin edilmişdir. Bununla yanaşı, elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yaradılmış, insanların bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmiş, fondun bu sahədəki fəaliyyəti keçirilən monitorinq və müsabiqələrin nəticələri üzrə xüsusi qiymətləndirilmişdir.
Hazırda DSMF-in vətəndaşlar üçün açıq, şəffaf və öncül quruma çevrilməsi həm də göstərilən elektron xidmətlərin səviyyəsi ilə ölçülür. «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»a adekvat olaraq 2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılmışdır. Bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tamamilə elektron qaydada qəbul edilməsi də son illərin ən mühüm uğurlarından biridir. Bundan başqa, kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslərə DSMF-nin yerli şöbələrində yaradılmış «Yardım masaları»nın xidmətindən istifadə yolu ilə hesabatlarını elektron formada təqdim etmək imkanı yaradılmışdır.
«Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi» xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərini onlayn rejimində ödənilməsini həyata keçirirlər. Bunun üçün "www.e-gov.az" e-xidmətlər portalından «Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi» xidmətini seçmək və məcburi dövlət sosial sığorta haqlarının ödənişini real vaxt rejimində həyata keçmək mümkündür. Bu xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin «www.sspf.gov.az» saytında yerləşdirilmişdir. «Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın elektron formada qəbulu» adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları əksini tapmışdır.
“Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.
“Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə DSMF arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-nin saytı, həm “Elektron hökumət” portalı vasitəsi ilə “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.
Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Həmçinin, pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun "190" Çagrı Mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılmışdır.
2014-cü ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanmışdır. Sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəl ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artmış və 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığorta olunana fərdi şəxsi hesab açılmışdır. Hazırda DSMF-nin fərdi uçot sistemində 2 milyon 900 minə yaxın şəxs qeydiyyatdadır.
Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması beynəlxalq miqyasda yüksək qiymətini alır. “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləmişdir. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə 2014-cü il oktyabrın 22-də "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda keçirilmiş iki günlük beynəlxalq seminarda Azərbaycan Respublikasında sığorta-pensiya sistemində aparılan islahatlar, bu sferada informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, informasiya açıqlığı və elektron xidmətlər yüksək dəyərləndirilmişdir.
Azərbaycan Respublikası Prezidenrinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə pensiya təminatı sisteminin islahatı Konsepsiyası" isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında qarşıya qoyulmuş hədəflərin gerçəkləşdirilməsinə imkan yaradır.
Konsepsiyayaya əsasən, təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil etməsi; pensiya təminatı sisteminin yığım potensialının gücləndirilməsi; pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplərin təkmilləşdirilməsi; sosial sığorta haqqı normativinin strukturu təkmilləşdirilməsi; məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınanların sayının azaldılması; pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktual təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması; pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması əsas hədəflər və gözlənilən nəticələr sırasındadır.
Akif Cabbarlı
Kaspi.-2014.-27 noyabr.-S.13