Paris, Passi məzarlığı və
Toğrul Nərimanbəyov haqqında düşüncələr
Toğrul Nərimanbəyov istedadının
başqa bir gizli qatı da vardı. Bu onun şairlik istedadı idi.
Zamanında rəssamın mətbuatda xeyli sayda şeiri
çap olunub. Və indi nə qədəri də kitab şəklində
öz çapını gözləyir.
Bəli,
Toğrul Nərimanbəyov hərtərəfli istedada malik bir
sənətkar idi. O, 1955-ci ildə Vilnüs Dövlət Rəssamlıq
İnstitutunu qurtarıb Bakıya qayıtdıqdan sonra öncə
adamların diqqətini istedadı ilə yox, zahiri görkəmi,
qeyri-adi geyimi ilə özünə çəkməyə
başladı. O, ceyim –kecimi, üzündə nazik tük xətti
və kiçik qara saqqalı, başına qoyduğu Meksika
sambrerosu ilə azərbaycanlıdan çox avropalıya –daha
dəqiq desək, lap elə dünya şöhrətli rəssam
Qustav Kurbeyə oxşayırdı. Özünü ona
oxşatmağın da obyektiv səbəbləri vardı: o
Kurbe sənətinin vurğunu idi. Amma bu sənətin əsri
deyildi.
Qəribə
idi, Toğrulun avropasayağı geyimi, zahiri görkəmi onu
tanıyanlarda da, tanımayanlarda da qıcıq
yaradırdı, bir qədər sonra sərt üslubda işlədiyi
«Bayıla gedən yol», «Bayılda ev» tabloları da mütəxəssislər
və tamaşaçılar tərəfindən birmənalı
qarşılanmadı. Onu yetərincə tənqid etdilər.
Bu tənqidlər sonralar da səngimədi. Onu «milli kökdən
qopan», «xalqın içindən çıxmayan sənətkar
kimi ittiham etməyə başladılar. Hətta iş o yerə
çatdı ki, Moskvada keçirilən Zaqafqaziya rəssamlarının
sərgisində keçmiş SSRİ Sİyasi Bürosu
üzvlüyünə namizəd, SSRİ Mədəniyyət
Naziri Yekatrina Furtseva da ona hücuma keçdi. O, Toğrulun əsərləri
asılan yerə gəlib bu əsərlərə baxa-baxa
ötkəmliklə dedi: «Yoldaşlar, bu nədi? Bizim sovet
ittifaqı bəyəm bu yolla getməlidir?!». Onu bu çətin
vəziyyətdə həmkarlarından biri özündə
güc tapıb müdafiə edə bildi. Yoxsa sənət aləmində
Toğrul Nərimanbəyov soy adlı qüdrətli bir
firça ustasından tamam xəbərsiz olacaqdıq.
Bütün
bunlara baxmayaraq Toğrul Nərimanbəyov öz
yaradıcılıq və eksperiment
axtarışlarının davam etdirib ortaya yeni əsərlər
qoyurdu. Buna misal olaraq ayrı-ayrı dönəmlərdə
çəkilmiş «Bayıl mənzərəsi»,
«Fırtınadan güclü», «Səadət», «Sevinc», «Həyat
naminə», «İşıqlı gələcək uğrunda»,
«Bakı», «Doğma şəhər», «Dağların mahnısı»,
«Qədim Naxçıvanın ponaramı», «Göyçay
bağlarında», «Talış dağlarında», «Yaylaqda»,
«Çobanın ailəsi», «Muğam», «Musiqiçilər»,
«Bağda çayxana», «Məhsul bayramı», «Şəkidə
bazar», «Bakıda bazar», «Anamın portreti», «Anna Andreyevanın
portreti», «Səttar Bəhlulzadənin portreti», «Niko
Pirosmanının portreti», «İçəri şəhər»,
«Qız qalası», «Şirvanşahlar sarayı», «Rəssamın
ailəsi», «Zaqatalıya gedən yol», «Qəbələ
meydanı», «İçərişəhərdə
küçə», «Köhnə Bakı» rənkkarlıq
nümunələrini göstərmək olar.
Yeridir deyək
ki, bu əsərlər də birmənalı qiymətləndirilmədi.
Amma əvvəlki illərdən fərqli olaraq sonralar bu dəyərləndirmə
nisbəti Toğrulun xeyrinə dəyişdi. Çünki
artıq onun yaradıcılığını az-çox dərk
edib başa düşməyə başlamışdılar.
Hiss edirdilər ki, Toğrulun rənkkarlıq nümunələrində
doğma vətəni Azərbaycana, onun təbiətinə,
insanlarına hədsiz sevgi və məhəbbət var. O,
Bakını, İçəri şəhəri,
Şirvanşahlar sarayını, Qız qalasını, qədim
məscidlərin minarələrinin heroqliflərlə bəzədilmiş
haşiyəldərini çox böyük sevgi ilə tərənnüm
edir. Özü də bu tərənnümdə onun romantik, rənkkarlıq
fırça nümunələrində nə bir illüziya,
nə də bir yalançı pafos var. Hər şey təbii
və inandırıcıdır.
Toğrul
Nərimanbəyovun əsərlərində özünü
biruzə verən bu müsbət keyfiyyətlər birdən-birə
sənət bilicilərinin diqqətini özlərinə
çəkdi. Onlar dönə-dönə rəssamın rənglər
dünyasına baş vurub onun əsərlərində
özünü biruzə verən, insanda xoş ovqat yaradan
sehrkarlığın sirrlərini öyrənməyə
çalışdılar. Bəziləri bunu rəssamın
yeni yöndə işləməsi, rəng duyumunun yüksək
olması, bəziləri isə bədii ifadə dilinin rəngarəng
olması ilə əlaqələndirdilər. Bu həqiqətən
də belə idi. Doğrudan da Toğrul yeni ifadə
yönünə yüksək rəng duyumuna,
çoxçalarlı və koloritli bədii ifadə dilinə
malik bir sənətkar idi. Bu səbəbdən də onu hər
hansı cərəyana, axına, istiqamətə mənsub
olduğunu söyləmək çox çətindir. Amma
bununla belə bəziləri özlərində güc
tapıb onun təkrarolunmaz bədii ifadə manerasını
konkret olaraq «Sehrkar realizm» metaforası ilə qiymətləndirənlər,
«naxışlı müstəvi» yönünün
yaradıcısı adlandıranlar da tapıldı. Hətta bəziləri
bu yönün sezanizm impressionizm, avanqardizm, abstraktsionizm, sərt
üslub olduğunu söylədilər. Bu təbii idi.
Çünki Toğrul Nərimanbəyov çoxdan bu cərəyanları
keçib gəlmişdi. Onun ilk rənkkarlıq nümunələrində
həm realizmdən, həm sərt üslubdan, həm də «kərpic
valent», impressionizm və romantizmdən gəlmə cizgilər
özlərini biruzə verirdi. Amma onların təkrarı
deyildi. Bu Toğrula xas olan yeni bir üslub, yeni bir yön idi.
Çox
qəribədir, nədənsə sənət biliciləri onu
daha çox sərt üslub yönünün ilk
yaradıcılarından biri kimi qələmə verməyə
çalışırdılar. Toğrul isə etiraf edib
deyirdi ki, bu yaradıcılıq yönünün ilk
bünövrəqoyanı A.Kamenski olmuşdur. Onunla
yanaşı bizi də –Viktor İvanovu,Pavel Nikonovu, Tahir
Salahovu və məni də bu yaradıcılıq istiqamətinin
patriarxi, bünövrəqoyanı adlandırırlar. Bu həqiqətən
belədir və onlar ömürlərinin sonunadək həmin
yöndə yaradıcılıq axtarışları
apardılar. Amma mənim yaradıcılıq istiqamətim tədricən
dəyişdi. Deyilənə görə ifadə yönüm
həm çoxçalarlı, koloritli, həm də hamı
üçün anlaqlı və başa düşüləndir.
Bəli,
Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənətinə
çoxlu yeniliklər gətirən, onun təkamülünə
təkan verib inkişaf etdirən bir rəssam idi. Bu sıradan
rəssamın ən böyük xidmətlərindən biri
sovet sos-realizmin mürəkkəb və xəstəhal
çağlarında klassik Azərbaycan təsviri sənətinin
inkişaf etdirilib formalaşmasında yaxından
iştirakı və bir də Azərbaycanın öz ilkin, mədəni,
həm də özünə xas olan xüsusiyyətlərini əsərlərində
məhəbbətlə əks etdirib dünya sənətsevərldərinə
çatdırmaq cəhdi idi. Bütün bunlarla yanaşı
milli xalça anlayışını ilk dəfə təsviri
sənətə gətirən və xalça əlvanlığını
öz əsərlərində yaradıcılıqla tətbiq
və tərənnüm edən də Toğrul Nərimanbəyov
olmuşdur. Rəssamın sənətə gətirdiyi bu
cür yeniliklərlə təkcə boyakarlıq nümunələrində
deyil, həm də monumental divar, teatr-dekorasiya və kitab
illüstrasiyasi yaradıcılığı sahəsində də
üz-üzə gəlmək olar.
Məqam
düşmüşkən onu deyək ki, Toğrul Nərimanbəyov
yalnız dəzgah boyakarlığı sahəsində deyil,
monumental divar rəssamlığı, eləcə də
teatr-dekorasiya və kitab qrafikası sahəsində də
orijinal, təkrarolunmaz işlər görmüşdür. Bu
baxımdan rəssamın A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının foyesində nağıl və
əfsanə motivləri əsasında gerçəkləşdirdiyi
«Nağıllar aləmində» (1975-1978), Respublika Milli Məclisi
binasının foyesində yaratdığı «Çiçəklən,
doğma yurdum mənim» (1979-1980), keçmiş «Moskva»
mehmanxanasının (Bakı) foyesində araya-ərsəyə
gətirdiyi «Aşığın mahnısı» (1978) monumental
divar rəsmləri olduqca qiymətli sənət nümunələridir.
Onun ayrı-ayrı dövrlərdə «Qobustan kölgələri»,
«Yeddi gözəl», «Min bir gecə», «Nizami», «Nəsimi» baletlərinə
və «Sevil» operasına verdiyi səhnə tərtibatı və
geyim eskizləri də həm orijinal, həm də
yaddaqalandır. Rəssamın R.Rzanın «Vaxt varikən…», «Azərbaycan
xalq dastanları», Anarın «Dədə Qorqud» povestinə
çəkdiyi illüstrasiyalar da bu qəbildəndir. Və
ayrı-ayrılıqda hər bir illüstrasiya müstəqil,
kamil sənət əsəridir.
Sənətdə
gördüyü bu böyük işlərə görə
Toğrul Nərimanbəyov hələ sovetlər dönəmində
onun ən yüksək titullarına, fəxri adlarına və
mükafatlarına layiq görülmüşdür. O,
keçmiş SSRİ-nin və Azərbaycan
Respublikasının Xalq Rəssamı, keçmiş
SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət
mükafatları laureatı olmuşdur. Amma onun
üçün ən böyük mükafat totalitar rejimin
tüğyan etdiyi dövrdə özünün də xəbəri
olmadan Leonardo da Vinçi, Rəfael, Renuar, Sezan, Van Qoq,
Rembrandt kimi dahi rəssamlarla bir sırada «Dünya incəsənət
məlumat ensklopediya»sına düşməsi idi.
Toğrul
Nərimanbəyov hələ həm sovetlər məkanında,
həm də onun hüdudlarından kənarda sevilib seçilən
və qəbul edilən bir rəssam idi. Məhz elə bunun nəticəsidir
ki. XX əsrin 80-cı illərinin axırlarında, daha dəqiq
desək keçmiş sovetlər birliyinin dağılması
ərəfəsində bir Amerika qalereyası onun fərdi
yaradıcılıq sərgisini təşkil etmək
üçün Boston şəhərinə dəvət
etmişdi. Sərgini təşkil etmək istəyən məşhur
qalereyanın qəribə şərti vardı: «Sərgidə
nümayiş etdiriləcək əsərlərin tən
yarısı ABŞ-da çəkilməlidir».
Toğrul
dilema qarşısında qalmışdı. Mövcud olan vəziyyətdən
yalnız iki yolla çıxmaq mümkün idi. Ya
razılaşıb getməli, ya da razılaşmayıb getməməli
idi. O getmək yolunu seçdi. Və bu da geniş
söz-söhbət mövzusuna çevrildi. Hərənin
ağzından bir avaz gəlməyə başladı: Biri onu
«buranı bəyənmədiyi», başqa birisi: «daha çox
pul qazanmaq», digəri isə «daha yaxşı yaşamaq»
damğası ilə onu ittiham etməyə başladılar.
Amma bir həqiqəti anlamadılar ki, heç də
insanların hamısı «filan yerdə daha yaxşı yaşayacağam,
çoxlu pul qazanıb xoşbəxt olacağam» iddiası ilə
getmir. Dünyaya qlobal baxışla baxan adamlar, xüsusən
rəssamlar öz yaradıcılıqlarının dünyəvi
qiymətlərini bilib öyrənmək üçün
xarici ölkələrə üz tuturlar. Bunu Toğrul Nərimanbəyov
özü də etiraf edirdi: «Mən həddindən artıq
doğulduğum torpağa bağlı adamam. Bu
bağlılığımı, bu sevgimi əsərlərimdən
də aydınca görmək olar. O ki, qaldı xaricə
üz tutmağıma, orada yaşamağıma, bu nə
yaxşı yaşamaqla, nə çox pul qazanmaqla, nə də
öz yerini-yurdunu bəyənməməklə əlaqədardır.
Bu sadəcə olaraq bir rəssam kimi yaratdıqlarımın
dünyəvi qiymətini bilmək marağımla
bağlıdır».
Uşaqlıqdan
çətinliklərə öyrəşən Toğrul Nərimanbəyov
ABŞ-ın Masaçusset ştatının Boston şəhərində
məskunlaşanda (1989-1992) burda mövcud olan çətinlikləri,
psixoloji maneələri ustalıqla aşıb keçə
bildi. Bir müddətdən sonra Amerika mövzusunda xeyli rənkkarlıq
və qrafik əsərləri meydana gəldi. Və beləliklə
1989-cü ildə Bostonun məşhur sərgi
salonlarının birində onun fərdi yaradıcılıq
sərgisi açıldı. Bu sərgidə rəssamın
70 rənkkarlıq və qrafik əsərləri
nümayiş etdirildi. Millilik və bəşərilik
kontektində işlənmiş bu əsərlər həm
ifadə yönünə, həm də rəng əlvanlığına,
dekorativliyinə, parlaqlığına və qeyri-ənənəviliyinə
görə ilk görüşdəcə sərgiyə gələnləri
valeh edib ovsunladı. Burada onlar özləri ilə
çiyin-çiyinə addımlayan adamların portretlərini
(«Gitaraçı Şehels», «Gənc bəstəkar Romeo
Meloni», «Amerikalı qadın», «Küçə rəssamları»,
«Tələbə qız»), eləcə də çox
yaxşı tanıdıqları məkanların rənglə
çəkilmiş mənzərələrini («Bostonda
küçə», «Gül mağazası», «Çiçəkli
mənzərə», «Qədim ağac») tablolarını
görüb onları sevməyə, qiymətləndirməyə
başladılar.
Xeyli sonra
Toğrulun Nyu-York şəhərinin ən məşhur sərgi
salonlarının birində də belə bir fərdi
yaradıcılıq sərgisi açıldı. Rəssamın
Boston şəhərində olan sərgisi kimi, Nyu-York sərgisində
də 70-dən çox rənkkarlıq qrafik əsərləri
nümayiş etdirilirdi. Boston sərgisi kimi Nyu-York sərgisi də
böyük uğurla nəticələndi. Toğrul Nərimanbəyov
qeyri-adi istedadı olan, Şərqlə Qərb arasında
möhkəm mədəni-mənəvi körpü yaradan
milli və bəşəri bir rəssam kimi qiymətləndirildi.
Rəssam
Toğrul Nərimanbəyov 1992-ci ildə yaşayıb işləmək
üçün Amerikanın Boston şəhərindən
Lüksenburqa üz tutdu. O, burada cəmi bir il (1992-1993)
yaşayıb yaratmalı oldu. Amma bu bir il ərzində xeyli
işlər görə bildi. Hər şeydən əvvəl
silsilə rənkkarlıq və qrafik əsərlər
yaratdı. «Lüksenburq mənzərəsi», «Lüksenburqun
ümumi ponaramı», «Lüksenburq sarayı», «Lüksenburqda
yağışlı bir gün», «Lüksenburqlu qız»,
«Şəhər mənzərələri», «Qədim
küçə», «Manternaxda fırtına», «Güllər və
çiçəklər», «Çingiz Aytmatov oğlu Eldarla»,
«Yaddaşımdakı Qarabağ», «Göyçayda nar
bağları» və onlarla başqa diqqəti çəkən
əsərlər məhz həmin dövrlərdə
yarandı. Bütün bunlarla yanaşı o, 1992-1993-cü
illərdə Lüksenburqun «Kontiental» mahmanxanasında və
«Şato Burkslenkr» sərgi salonunda fərdi
yaradıcılıq sərgisini də reallaşdırmağa
müvəffəq oldu. Rəssamın bu yaradıcılıq
sərgiləri də ABŞ-da olan Boston və Nyu-York sərgiləri
kimi çoxlu tamaşaçı toplayıb böyük əks-səda
yaratdı. Həmin dövrlərdə
Qırğızıstanın Lüksenburqda fövqəladə
və səlahiyyətli səfiri işləyən dünya
şöhrətli yazıçı Çingiz Aytmatov hər
iki sərginin iştirakçısı olmuş və
Toğrul Nərimanbəyov yaradıcılığını
çox yüksək qiymətləndirmişdir: «…Toğrul rənklərlə
ovqat yaradan, insanların ürəklərinə çoxlu
enerji bəxş edən və onları yaşamağa
inandıran bir rəssamdır. Mən bunu həmişə
hiss edib görmüşəm və növbəti sərgisində
də bir daha dediklərimin əyani şahidi oldum».
Rəssam
Toğrul Nərimanbəyov 1993-cü ildən Fransanın
paytaxtı Parisdə yaşayırdı. Bu şəhər hələ
uşaqlıqdan onun arzularının şəhəri
olmuşdu. O, arzularının şəhərinə
qovuşduğu üçün özünü
dünyanın xoşbəxti hesab edirdi. Bakı kimi Paris də
ona əziz görünürdü. Elə buna görə də
tezliklə bu şəhərə isinmişdi. Bakıda,
Bostonda, Nyu-Yorkda, Lüksenburqda olduğu kimi Parisdə də
diqqəti çəkən əsərlər yaratdı. Rəssamın
«Eyfel qülləsi», «Yelisey çölü», «Monmartr»,
«İrmanın portreti», «Paris haqqında düşüncələr»,
«Sen-Mİşel», «Notrdam», «Notrdam kilsəsi», «Notrdamlı
qız», «Parisdə küçə», «Paris çiçəkləri»,
«Sena çayı boyunca», «Passi məzarlığından
eskizlər» adlı çox qiymətli rənkkarlıq
nümunələri elə bu şəhərdə dünyaya
gəldi. Və dünyaya gəldikləri gündən
gözləri, könülləri oxşayıb tələbkar
Paris sənətsevərlərinin diqqətini çəkdi.
Buna səbəb heç şübhəsiz ki, Toğrulun
qeyri-ənənəvi yaradıcılıq manerası və
Şərq miniatür boyakarlığından
süzülüb gələn rəng əlvanlığı,
rəng istiliyi idi. Günlər, aylar ötüb keçdikcə
Parisdə rəssamın bu ovqatda olan əsərlərinin
sayı artıb çoxalmağa başladı. Onun
yaradıcılığı ilə maraqlanıb, onu
arayıb-axtaranların da sırası artdı. Toğrula
dünyanın müxtəlif ölkələrindən
sifarişlər gəlməyə başladı. O, bu
sifarişləri ara-sıra yerinə yetirməklə
yanaşı, öz fərdi yaradıcılıq sərgisini
açmaq barədə də düşünüb
daşındı. Bu işdə Fransanın Mədəniyyət
Nazirliyi və Paris şəhər bələdiyyəsi ona
yaxından yardımçı oldular.
Beləliklə,
1998-ci ildə Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin 80
illiyi münasibəti ilə Parisin məşhur «Konven de
Kordelyer» sərgi salonunda Toğrul Nərimanbəyovun əsərlərindən
ibarət möhtəşəm fərdi yaradıcılıq
sərgisi açıldı. İlk dəfə Fransa dövləti
səviyyəsində təşkil edilmiş bu sərgidə
rəssamın 80-dən çox müxtəlif janrlı,
müxtəlif ovqatlı əsəri nümayiş etdirildi.
Onların arasında rəssamın həm Azərbaycan, həm
də Fransa dövrü yaradıcılığından
müxtəlif nümunələr vardı. Rəssamın
Bakı dövrü yaradıcılığının bəhrəsi
olan «Köhnə Bakı», «Qədim Bakı», «İçərişəhərdə
küçə», «Rəssam Səttar Bəhlulzadə siqaret
çəkərkən», «Nəğməkar Azərbaycan»,
«Gecə çayxanası», «Çayxanada səhər», «Şərq
bazarı», «Sevil İçərişəhərdə», «Cənnət
bağı», eləcə də Parisdə yaratdığı
«Parisi xatırlayarkən», «Sen Mişel», «Notrdam», «Monmartr»,
«Paris çiçəkləri», «Notrdam kilsəsi», «Anamın
portreti» əsərləri ekspozisiyada kəskin təzad
yaratsalar da, sərgiyə gələnlərin diqqətini
çəkib onlarda xoş ovqat oyatdı. Sənətsevərlər
eyni müstəvidə Şərq zərifliyi ilə Qərb
sərtliyinin, eləcə də milliliklə bəşəriliyin
harmoniyasını görüb Toğrulun
yaradıcılığına vuruldular.
Rəssam
Toğrul Nərimanbəyov düz 24 il (1989-2013) ABŞ-da
Lükseburqda, Parisdə yaşayıb yaratdı. Bu 24 ildə
görkəmli rəssam həmin ölkələrin mədəniyyətinə
çox qiymətli sənət nümunələri bəxş
etdi. Hazırda onun əsərləri Bostonun, Nyu-Yorkun,
Lüksenburqun, Parisin dövlət, eləcə də özəl
qalereyalarının əbədi ensponatlarına
çevrilmişdir. Hətta Boston şəhərində
Sizenger soyadlı bir professor Toğrulun adını
daşıyan bir muzey də yaratmışdır. Həmin
muzeydə rəssamın 50-dən çox rənkkarlıq və
xeyli qrafik işləri nümayiş etdirilir. Bir sözlə,
Toğrul Nərimanbəyovun Avropa və Amerika ölkələrinə
səpələnmiş əsərləri çoxdur. Və
onun həmin ölkələrdəki yaradıcılıq fəaliyyəti
elmi-tədqiqata cəlb edilib öyrənilməmişdir.
Güman edirik ki, Azərbaycan sənətşünasları nə
vaxtsa bu işlə ciddi məşğul olacaqlar.
Toğrul
öz ailəsi ilə birlikdə ən çox Parisdə
yaşayıb. Öncə qeyd etdiyimiz kimi Paris də Bakı
kimi Toğrulun ən çox xoşlayıb sevdjiyi şəhər
idi. O, bu şəhərdə gəzib dolaşmağı, bu
və ya digər tarixi yerləri seyr etməyi, dünya rəəsamlarının
Luvr muzeyində və digər muzeylərdə saxlanılan əsərlərinə
baxmağı çox xoşlayırdı. Bütün
bunlarla yanaşı Paris mənzərələrini kətan
üzərinə kösürməkdən də doymurdu. Bu səbəbdən
də onu tez-tez Yelisey çölündə, Monmartrda,
Monparnasda, Eyfel qülləsi, Zəfər tağı, Passi məzarlığı
yerləşən yerlərdə və digər ərazilərdə
görmək olardı. Həyat yoldaşı Sevil
xanımın dediyinə görə o son bir neçə ildə
daha çox Passi məzarlığına gedirmiş.
Deyirmiş ki, «oranın gözəl havası adama rahatlıq
gətirən sakitliyi var. Mən orada özümü çox
sakit və rahat hiss edirəm». Sonradan bəlli olub ki, Toğrul
bu məzarlığa yalnız gözəl havasına, adama
rahatlıq gətirən sakitliyinə görə yox, həm də
etüdlər, ekkizlər çəkmək üçün
gedirmiş. Ondan yadigar qalan bir neçə etüd dəftərçəsi
buna əyani sübutdur.
Bir həqiqəti
deyək ki, Toğrul Nərimanbəyovun Parisdə
yaşadığı dövrlər onun
yaradıcılığının ən məhsuldar
dövrüdür. O, bu şəhərdə bir-birindən
maraqlı çoxlu rənkkarlıq nümunələri ortaya
qoymuşdur. Harada yaşayıb yaratmasından asılı
olmayaraq o hər yerdə Azərbaycan ruhunun
daşıyıcısı missiyasını yerinə
yetirmişdir. Bu məqamda dahi bəstəkarımız Qara
Qarayevin bir ibrətamiz deymini xatırlamamaq olmaz. O deyirdi: «…Bəzən
yaradıcılıqda milli ənənələr sövq-təbii
meydana çıxır. Mən, ispan, bolqar, vyetnam, alban, afrika
mövzuları əsasında musiqi yazıram. Mənə isə
deyirlər ki, bu əsərlərdə mənim milliyyətimin,
mənim azərbaycanlı əllərimin izi qalır. Mən
bunun necə baş verdiyini aydınlaşdıra bilmirəm və
bu barədə düşünmürəm də».
Gəlin etiraf edək ki, bu proses Toğrul Nərimanbəyovun rənkkarlıq yaradıcılığında da eyni görümdə özünü biruzə verir. Rəssamın Amerika, Lüksenburq, Paris dövrü yaradıcılığını diqqətlə nəzərdən keçirsək bunu bütün aydınlığı ilə görə bilərik. Fikrimizcə, bu, təbii və qanunauyğun prosesdir. Çünki yaradıcı adam nə qədər beynəlmiləl olub müxtəlif xalqların həyatından diqqəti çəkən əsərlər yaratsalar da son nəhayətdə hansısa bir ritm, hansısa bir rəng yaxısı onun milli mənsubiyyətini biruzə verib üzə çıxarır.
Bütün həyatı boyu çətinliklərdən keçən, amma bunu biruzə verməyib nikbin görünən dünya şöhrətli rəssam Toğrul Nərimanbəyov 2013-cü ildə birdən –birə infarkta mübtəla oldu. Parisin nüfuzlu xəstəxanalarının birində onun ürəyində üç dəfə cərrahiyyə əməliyyatı aparıldı. Üçü də uğursuzluqla başa çatdı. Görkəmli rəssam 2013-cü ilin 2 iyununda dünyasını dəyişdi. O, sağlığında çox sevib xoşladığı, havasını və sakitliyini bəyənib tez-tez istirahətə getdiyi qədim Passi məzarlığında dünya şöhrətli fransız sənətkarları –rəssam Eduard Mane, bəstəkar Klod Debyüssi, kinoaktyor Fernandellə yanaşı torpağa tapşırıldı. Bir az sonra rəssamın əbədi uyuduğu məzarın üstündə yaradılmış memorialındakı (onu rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova reallaşdırıb) mərmər başdaşı üzərində çox xoşladığı bir əsəri (bu əsəri başdaşı üzərinə tanınmış fransız rəssam-dizayneri Lavina Skappaticci köçürüb), eləcə də bunlar həkk edilmişdir.
Bu dünyanın qəribə işləri varmış. Sən demə sağlığında bütün həyatını sənətə həsr etmiş, bir-birindən maraqlı əsərlər yaratmış, daim rənkkarlığın, vokalın müəmmalarını, tapmacalarını açmağa çalışmış qüdrətli bir sənətkarın kitablara sığmayan həyat və sənət ömürlüyü ölmündən sonra mərmər üzərində ancaq bu yığcam informasiya ilə yekunlaşırmış. Belə olan təqdirdə ortaya haqlı bir sual çıxır: «Bəs bu sənətkarın zaman-zaman cəmiyyət üçün gördüyü titanik işlər harada qaldı?» Həmin anda İtaliya intibahının nəhəngi Leonardo da Vinçinin bütün zamanlara hesablanmış bir deyimi gəlib beynindən keçir: «…Minilliklər ötəcək. Bizdən heç nə qalmayacaq. Haqqımızda ancaq əfsanə və rəvayətlər yaşayacaq». Bu sözlərdə bir həqiqət var. Doğrudan da dünyalarını dəyişən bütün sənətkarlardan elə də çox bədii irs qalmayır. Bu əsərlər böyük dəyərə malik olduqları üçün həm sağlıqlarında, həm də dünyalarını dəyişdikdən sonra işbazlar tərəfindən minbir yolla ələ keçirilir. Əgər belə olmasaydı dahi Leonardo da Vinçidən indiyə qədər dünya muzeylərində vur-tut 10-15 əsər qalmazdı. Və bir də saysız-hesabsız əfsanə və rəvayət yaranıb yaşamazdı.
Bəli, çox vaxt bəzi sənətkarlar (Van Qoq, Ameqeo Moqilyani) öz zəhmətlərinin maaddi bəhrəsini sağlıqlarında görə bilmirlər. Bunu hiss edən xalq onlar haqqında əfsanə və rəvayət yaradıb onları orada yaşadıb qiymətləndirirlər. Toğrul Nərimanbəyov da bu sıradan olan və xalq tərəfindən əfsanə və rəvayətlə qiymətləndirilən sənətkarlardan biri idi.
O, əsərlərinin dünyəvi qiymətini Amerika və Avropada təzə-təzə müəyyənləşdirdiyi, maddi bəhrəsini təzə-təzə görməyə başladığı bir dövrdə dünyadan köç etdi. Leonardo da Vinçinin qeyd etdiyi kimi ondan bizə bir xeyli sənət nümunəsi, bir də əfsanə və rəvayətə bürünmüş həyat və sənət ömürlüyü qaldı. Əslində Toğrul Nərimanbəyov haqqında olan bu əfsanə və rəvayətlər hələ XX əsrin 60-cı illərindən yaranıb yayılmağa başlamışdı. XXI əsrin əvvəllərində isə daha geniş vüsət aldı. Və indiki xaotik dünyamızda yeni çalarlarla yaranıb yayılmaqda davam edir. Hələ bundan sonra da yaranıb yayılmaqda, onu yaşatmaqda davam edəcəkdir.
Möhbəddin Səməd
Bakı-Paris-Bakı
17-23 iyun 2014
Kaspi.- 2014.- 29
noyabr.- S.16-17.