İtirilmiş mənəvi
dəyərlər
Milli-mənəvi dəyərlər olmadan
həyatı rəngarəng etmək mümkündürmü?
XX əsrin sonlarında bəşər
tarixinin ən mühüm hadisələrindən olan Sovet
İttifaqının qəfil süqutu siyasi təlatüm
yaratmaqla yanaşı, həm də bizim nəslin nümayəndələri
üçün psixoloji və ideoloji böhrana çevrildi. Söhbət təkcə yüksək sənaye istehsalı sürəti, güclü
iqtisadiyyatı və hərbi-texniki potensialı
ilə dünyaya meydan oxuyan nəhəng
imperiyanın çökməsindən
deyil, uzun əsrlər boyu formalaşmış ailə
və mənəvi-əxlaqi
dəyərlərin zorla
insanların ürəyindən,
beynindən çıxarılmasından
gedirdi. Baş verənlər bizim
üçün əsl
mənəvi sarsıntı,
əvəzedilməz itki
idi. Vərdiş etdiyimiz dəyərlərdən,
mənəvi-etik normalardan
məhrum edilir, əvəzində isə müsbət heç nə əldə edə bilmirdik. Qərbin mənəvi “zorlama” prinsipi cəmiyyətimizin
bütün təbəqələrinə
təsirsiz ötüşmədi.
Hamımız bu və ya digər yolla
bu təsirin nəticələrini hiss etdik
və indi də onların sahibinə “qaytara” bilmirik.
Düzdür, ədalət naminə deməliyəm ki, “sərbəst uçuş”
üçün üzümüzə
daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanı açıldı. Amma bu “uçuş” üçün
bizə istiqamət verən, düzgün yönləndirən olmadı.
Həyat
tərzimizə münasib
yeni seçim olmadığından, məcbur
qalıb köhnənin
“quyruğu”undan bərk-bərk
yapışdıq. Lakin etiraf
etməliyik ki, uzun əsrlər boyu formalaşmış və bizim vərdiş
etdiyimiz həmin dəyərlər avrostandart,
avroqayda deyilən təzyiqlərə daha
tab gətirə bilmir,
bu amansız mübarizədə gündən-günə
zəifləyib öz
gücünü itirir.
Bu hərəkatı, daha dəqiq desək, antihərakatı
açıq-aşkar hiss edirik.
Çox
güman ki, elə bu səbəbdən
uzun illər boyu həyat tərzimizi, davranışlarımızı
tənzimləyən, sosial
məişətimizə hakim kəsilən dəyərlərdən
tam imtina edə bilmirik. İtirdiklərimizin, hansı vəziyyətə
düşdüyümüzün fərqinə hələ indi varır, müasir dünyada və üzvü olduğumuz cəmiyyətdə
baş verənləri
böyük təəssüf
hissi ilə müşahidə edir, gözümüzün önündə
gənclərimizin dəyərli
heç nə əldə edə bilməyəcəkləri qeyri-müəyyən,
naməlum istiqamətə
- uçuruma doğru
necə yuvarlanmalarını
səssiz-səmirsiz seyr
edirik. Nə edəcəyimizi, kömək üçün
kimə üz tutacağımızı bilmirik.
Zənnimcə, belə bir
şəraitdə yeni
nəslin köməyinə
yalnız biz böyüklərin
qoruyub saxlamağa çalışdıqları dəyərlər
gələ bilər.
Xəyali olsa da, biz həmişə parlaq gələcəyə aparan
aydın və aşkar yolu seçmişik. Bugünkü Avropasayağı dəyərlər
isə heç bir gənci işıqlı gələcəyə
aparmır, apara da bilməz. Perspektivli cəmiyyət bir tərəfə, hazırkı
vəziyyət özü
də ümidverici heç nə vəd vermir. Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan onun birtərəfli tərəqqisi
labüd surətdə
mənəvi tənəzzülə
gətirib çıxarır.
Lakin Avropa böyük cidd-cəhdlə
bu böhrandan xilas olmağa can atır. Gənclərimiz isə onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Avropanın xilas olmaq istədiyi
və böyük məmnuniyətlə bizə
ixrac etdiyi bayağı mədəniyyətdən
ikiəlli yapışaraq
“müasir” olmağa çalışırlar. Necə deyərlər, istisinə
isinmədiyimiz bir şeyin tüstüsünü
bəhbəhlə qəbul
edirlər.
Biz
böyükləri indi narahat
edən əsas məsələ gənclərimizin taleyidir. Müstəqillik
qazandıqdan sonra yaranmağa
başlamış milli-mənəvi prinsiplər hələ tam formalaşmadığından, köhnə
dəyərlər isə artıq “dəb”dən düşmüş kimi
qiymətləndirildiyindən onlar
arasında sanki bir
çaşqınlıq yaranıb. Xarici
jurnallar, televiziya
kanalları və digər informasiya vasitələri
ilə Avropanın mənəviyyat sahəsində nə
problemlər, nöqsanlar varsa,
hamısı bizim məkana daxil olur. Gənclər ümumi axın istiqamətində üzür, hadisələrin nə gedişatına,
nə də yönünə müdaxilə edə bilmirlər.
Onlar mənəvi,
etik, hətta məişət dəyərlərindən
tamamilə xəbərsizdirlər. Ən
acınacaqlısı isə bu boşluğun kimsəni ciddi
narahat etməməsidir. Əlbəttə,
insanlar mənəviyyatca kamil
olsalar, kənar təsirlərə
qarşı fərdi daxili müqavimət
göstərə bilərlər. Lakin hətta tək-tək adamlar öz mənəvi
varlığını qorumaq
gücündə və səviyyəsində olsalar
belə böyük əksəriyyət bunu bacara bilməz. Çünki bütün
insanlar eyni dərəcədə
kamil və iradəli deyillər. İndi biz böyüklər
gəncliyimizi yad ünsürlərin
məngənəsindən xilas etmək üçün gərək yüksək mənəvi
dəyərlərimizi, milli kimliyimizi qorumaq, ənənələrimizə
sadiq qalmaq prinsipindən
çıxış edək. Çünki
özünütəsdiq məhz milli-tarixi
köklərə arxalanır. Biz
böyüklər gəncliyimizə məhz bunu
aşılamalıyıq. Nədənsə onlar
ümumi hərəkatın bir parçası olaraq sonda həmin axının onları məntiqli
sonluğa, müsbət nəticəyə
aparıb çıxaracağına ümid
bəsləyirlər. Amma yeni
nəsil bu düşüncələrini,
fərziyyələrini nə idrak, nə
də məntiq baxımından izah edə,
əsaslandıra bilmir. Elm,
texnika və texnologiya
o qədər sürətlə inkişaf edir ki, gənclər ətrafda baş
verənlərin dərinliyinə varmağa
imkan tapmırlar. Onların
yeganə məqsədləri şəhvət və ehtiras hissini təmin etmək
də daxil olmaqla hər
cür zövqün yer aldığı axında informasiyanın əldə
edilməsinin yeni üsullarına tez bir zamanda
yiyələnməkdir. İnformasiya
masasının üstündə hətta evdən
çölə çıxmadan belə həyatı rəngarəng
etməkdən ötrü tam
seçim dəsti var.
Gənclərin başı informasiyanın əldə
olunması və ötürülməsinin yeni
üsulları ilə zənginləşən bu
seçimlərdən dumanlanıb. Bu
informasiyaların heç birini
dəyərlər sistemində tapmaq mümkün deyil.
Ümumiyyətlə, son vaxtlar
müşahidə etdiklərim belə deməyə əsas verir ki, mövcud
şərtlər daxilində “dəyərlər sistemi” ifadəsindən istifadə etmək belə
əhəmiyyətsizdir. Vaxtilə bizim məişətimizi,
üzvü olduğumuz
cəmiyyəti tənzimləyən dəyərlərdən indi əsər-əlamət belə
qalmayıb. Gənc nəslə həqiqi dəyərlər
əvəzinə onların saxta bənzəri
aşılanır. Ən acınacaqlısı isə
hansı amala, məqsədə xidmət etdiyi anlaşılmayan bu saxta dəyərlərin internetlə nəfəs
alan dünyanın dörd
bir tərəfindəki gənclər
tərəfindən bəh-bəhlə qəbul edilməsidir.
İndi
dünya daha ümumi xarakter
daşımağa başlayıb. Qloballaşma
prosesi elm, texnika, texnologiya ilə
yanaşı, mədəni-mənəvi amillərə də
sirayət etməyə cəhd göstərir. Fərqi yoxdur – istər düşünülmüş
şəkildə, istərsə də qərəzsiz. Məsələnin
ən çətin tərəfi isə qloballaşmanın
qarşısıalınmaz bir prosesə
çevrilməsidir. Artıq ondan
kənarda durmaq, yaxud onun gəlişini əngəlləmək mümkünsüzdür. İndi
fərdilik deyilən heç nə
qalmayıb. İnsanlar öz
həyatlarını tənzimləyən qaydaları belə
sərbəst müəyyənləşdirmək hüququndan məhrum edilirlər. Geniş hüdudlara malik bütün dünya kompüter deyilən
bir qurğunun içərisinə
yerləşdirilərək qapalı məkana çevrilib.
Bunun pis, yaxud yaxşı olduğuna qoy hər kəs
özü qərar versin.
Şəxsən mən sərbəst şəkildə hərəkət
etməyə alışdığım geniş
hüdudları kompüter ekranında qaçan dar sətirlərə
dəyişmək istəmirəm. Şübhəsiz, bəşəriyyətin
sürətli inkişaf “karvan”ından
geri qalmamaq həyati əhəmiyyətli
məsələdir, indiki zamanda
bunun alternativi yoxdur. Lakin bu,
xalqımızın öz simasını,
əsrlər boyu
qoruyub-saxladığı milli-mənəvi dəyərləri,
şəxsi azadlığını itirmək hesabına
olmamalıdır. Hər bir
fərdin şəxsi maraqlarından irəli gələnlərə
ümumi məqamları bölüşmək,
insanlara özünü
sərbəst ifadə etmək imkanı yaradan,
mədəniyyət, məişət, din
və adət-ənənə müxtəlifliyini təbliğ
edən sistemdən axı niyə imtina
edilməlidir? Bütün mədəniyyətlərin,
dəyərlərin, xalqların düşüncələrinin
eyni məcrada birləşməsi mümkünsüz bir məsələdir.
Hər bir xalq öz mədəniyyəti, adət-ənənəsi,
öz folkloru, öz milli kimliyilə
maraqlıdır. Dünyada nə qədər
xalq varsa bir o qədər də mədəniyyət,
adət-ənənə, milli-mənəvi dəyər var. Bu rəngarənglik, xalça naxışları kimi
çox çalarlılıq millətləri,
toplumları bir-birindən fərqləndirir, ayırır. Sizi bilmirəm, amma şəxsən
mənə bütün bu
müxtəlifliklərin yer
aldığı həyat daha
maraqlıdır. Bir anlıq təsəvvür
edin ki,
yaşadığımız dünyada heç bir milli müxtəliflik və özünəməxsusluq
yoxdur. O zaman
bizim yeganə çarəmiz ümumi axın istiqamətində hərəkət
etmək olardı. Həmin axına düşəndən sonra isə artıq əsrlər boyu qazandığımız, mənəviyyatımızın
zənginliyinə, cəmiyyət, ailə, dostluq
və sevgi kimi müqəddəs
nemətlərin qorunub saxlanılmasına
xidmət edən milli-mənəvi dəyərlərdən
danışmaq üçün çox gec olacaq. Hətta xeyirlə şər arasında
belə sərhəd mövcud olduğu halda qloballaşma tərəfdarları milli-mənəvi
dəyərlərin heç bir hüdud
tanımamasını istəyirlər. Vəziyyət o həddə çatıb ki,
artıq müharibə və münaqişələr də heç bir qayda-qanun olmadan tam mənəviyyatsızlıq şəraitində
özü də orta əsrlərin
ən iyrənc formasında həyata keçirilir.
Problemli məqamlar kifayət qədər
olsa da, bədbinliyə qapılmağın tərəfdarı
deyiləm. Axtarışlar davam edir. Mən əminəm ki,
gec-tez nəsillər arasında ümumi körpü
salmağa nail olacağıq. Başqa yolumuz yoxdur.
Çünki həyatımızı
ardıcıllarımız, varislərimiz
adlandırdığımız gənclərlə möhkəm
əlaqə olmadan təsəvvür etmək
qeyri-mümkündür.
Sadaladıqlarım əslində
acı xəbərdarlıq və içimdən gələn
etiraz səsi idi. Düzdür, barəsində
danışdıqlarım bir o qədər də ürəkaçan
məqamlar deyil. Lakin mənim kimi düşünən və
gələcəyimizdən narahatlıq duyanlar
üçün olduqca vacibdir. Bunları dilə gətirməsək,
üzləşdiyimiz qaranlıq məqamları
işıqlandırmasaq, yaşadığımız cəmiyyətin
milli-mənəvi və etik dəyərlər sistemində
baş verən dəyişikliklərə razılıq
bildirmiş, onlarla barışmış olarıq.
Bu
yazı ilə oxuculara müraciət etməyimin
əsas səbəbi də elə budur...
Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru,
professor
Kaspi. - 2014.- 1 oktyabr.- S. 14.