“Nə edirəmsə,
mükəmməl olmalıdır”
Rəşid Rumzadə: “Üzərimə düşən
vəzifələri vaxtında və keyfiyyətlə yerinə
yetirməyə çalışıram”
Onun fikrincə, insan özünü hansı sahədə tapır, harada doğruldursa, o istiqamətdə irəliləməlidir. Hər kəs şəxsi bacarıqlarını istədiyi sahədə tətbiq edərsə, onun üçün daha səmərəli olacağını düşünür. Müsahibimiz vətəndaş cəmiyyəti və gənclər sektorunda uğur qazanmış, hazırda isə dövlət qulluqçusu kimi səmərəli fəaliyyəti ilə seçilən Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadədir.
- Avtobioqrafiyanıza nəzər
salanda görürük
ki, 17 yaşınızdan işə
başlamısınız. 17 yaşlı şəxsin harada çalışması
maraqlıdır...
- Hələ orta məktəbin yuxarı siniflərindən
ictimai fəal olmuşam.
Müxtəlif yerli və beynəlxalq təşkilatların
layihələrdə könüllü kimi çalışırdım. Sorğular keçirirdim, az miqdarda qonorar
da alırdım. Bununla
da bacarıqlarım da
inkişaf edir, təcrübə
qazanırdım. Peşəkar fəaliyyətə də elə
ictimai sektorda
başlamışam.
Könüllü
kimi çalışaraq
qazandığım bacarıqlardan ali məktəbdə
də faydalandım, gənclər arasında və sektorunda fərqlənməyimə imkan verdi. Ümumiyyətlə,
universitet illərində də ictimai fəaliyyətimlə öndə olmağa çalışmışam. Eləcə
də, bu fəaliyyətimin dərslərimə
mane olmamasına da
çalışmışam.
- İctimai fəaliyyətinizin karyeranıza nə kimi təsirləri olub?
- İctimai fəaliyyət nəinki mənim, elə bu sahədə özünü tapan istənilən şəxsin karyerasına təsirsiz ötüşmür. Peşəkar hüquqşünas kimi yetişmək hədəfimə çatmaqda elə bu sektorda qazandığım təcrübə və yaradılan imkanlar şərait yaradıb. Hüquqşünasın biliyi, natiqlik qabiliyyəti ona istənilən şəraitdə fikrini bildirməyə imkan verməlidir. Məhz bu baxımdan ictimai sektorda gənc könüllü kimi, daha sonra isə işçi olaraq müxtəlif layihələrdə faəliyyətim üçün imkanların olması və mənim bundan faydalanmağım peşəkar hüquqşünas kimi yetişməyimdə olduqca faydalı oldu. Asudə vaxtımı da işə sərf edirdim, işi sevmək, işdən çəkinməmək, öhdəmə qoyulan işi bacardığım səviyyədə yerinə yetirmək həvəsi də elə həmin dövrlərdən başladı.
- Necə oldu ki, insan hüquqları sahəsində ixtisaslaşaraq Ombusdman Aparatında işə başladınız?
- Əvvəldə də qeyd etdiyim kimi, fəaliyyətimin ilk vaxtlarından müxtəlif dövlət orqanlarının, beynəlxalq təşkilatların və QHT-lərin insan hüquqları, gender bərabərliyi, gənclərlə işin təşkili, həmçinin əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi sahəsində müxtəlif layihələrdə hüquqşünas, layihə koordinatoru kimi çalışmışam. İşlədiyim layihə və proqramların, təşkilat və qurumların çoxu demək olar ki, insan hüquqları və ona yaxın sahələrdə ixtisaslaşmışdı. O vaxt ölkə Ombudsmanın təşkil etdiyi bir sıra tədbirlərdə də iştirak etmişdim. Hətta Ombudsman Aparatının YUNİSEF-lə birgə həyata keçirdiyi layihəyə müraciət edib müsahibədə seçilərək hüquqşünas-ekspert kimi çalışdım. Bu layihədən sonra isə Ombudsman Aparatında çalışmaq marağı məndə daha da artdı. Beləliklə, bir müddət sonra sənədlərimi hər kəs kimi sözügedən quruma təqdim etdim, müsahibəyə dəvət olunmuş şəxslər içərisində mən də yer aldım və necə deyərlər, insan hüquqlarına olan həvəsim məni Ombudsman Aparatında çalışmaq imkanını qazandırdı. Müsahibəni şəxsən ölkə Ombudsmanı Elmira Süleymanova götürürdü. Beləliklə, müsahibə gedişində bir neçə nəfər sınaq müddətilə işə qəbul olundu ki, onlar arasında mən də var idim.
- 7 ildən çoxdur ki, bu təsisatda çalışırsınız. Hazırda isə Hüquqi maariflədirmə sektorunun müdirisiniz. Necə hesab edirsiniz, hansı xüsusiyyətləriniz, bacarıqlarınız sayəsində vəzifədə bu qədər irəliləmisiniz?
- Fəaliyyət göstərdiyim
müddətdə aparatın müxtəlif şöbələrində
işləmişəm. Həmişə
çalışmışam ki, üzərimə
düşən işi layiqincə yerinə
yetirim, çünki bu, vətəndaş xidməti olduğundan vətəndaşlıq, digər
tərəfdən isə vəzifə borcumdur.
Heç vaxt
hansısa tapşırığın icrasından çəkinməmişəm.
Bir sözlə, üzərimə
düşən vəzifələri vaxtında və keyfiyyətlə
yerinə yetirməyə çalışıram. Yəqin vəzifədə
irəli çəkilməyimdə bunlar
nəzərə alınıb. Hazırda da
vətəndaşlarla, əhalinin müxtəlif qrupları ilə
sıx ünsiyyətdəyəm. Uşaqlar,
gənclər, əlilliyi olan şəxslər,
qadınlar, ahıllar və digər əhali qrupları ilə
işləyirik. Bu fəaliyyət çərçivəsində bir sıra dövlət proqramları üzrə
işçi qruplarında təmsil olunuram, eyni zamanda, BMT-nin Azərbaycan
hökuməti ilə həyata keçirdiyi
“Tərəfdaşlıq üzrə Çərçivə
Sənədi”nin icrası ilə bağlı fəaliyyət
prosesində milli ekspertlərdən biriyəm.
- Çalışdığınız yerlərin hamısında hüquq üzrə işləmisiniz. Başqa sahələrə, ümumiyyətlə, marağınız olmayıb?
- Əslində maraq dairəm genişdir. Ancaq hüquqşünas peşəsinə olan iradi istəyim hər zaman digər sahələrdə maraqlarımı üstələyib. Müxtəlif sahələrlə maraqlanmaq, məlumatlı olmaq çox yaxşıdır. Mənim prinsipim həmişə o olub ki, nə edirəmsə mükəmməl olmalıdır. Buna görə də hansısa işlərlə yarı-yarımçıq məşğul olmağı xoşlamıram. Düşünürəm ki, insan özünü hansı sahədə tapır, harada doğruldursa, o istiqamətdə irəliləməlidir. Hər kəs şəxsi bacarıqlarını istədiyi sahədə tətbiq edərsə, onun üçün daha səmərəli olacağını düşünürəm.
- 2008-ci ildə, 24
yaşınızda Sülh Səfiri
adı ilə təltif olunmusunuz. Hansı
fəaliyyətinizə görə bu ada layiq görüldünüz?
- Fəaliyyətimin
ilk illərindən sülh
və münaqişələr sahəsində həyata
keçirilən tədbirlərdə fəal iştirak
etmişəm, münaqişələrin həlli ilə
bağlı bacarıqlara yiyələnmişəm. İnsan hüquqları sahəsində
çalışan, eləcə də bir
hüquqşünas kimi
dünyada sülh və
münaqişələrlə bağlı məlumatlı
biriyəm. Eyni zamanda,
Azərbaycan Sülh və İnkişaf
Alyansının koordinatoruyam. Bu sahədə olan bütün fəaliyyətimin nəticəsi olaraq, düşünürəm ki, bir həvəsləndirmə
metodu kimi
konfransların birində fəaliyyətim qiymətləndirildi.
Bu, mənim özüm
üçün də sürpriz
oldu. Konfransa cəlb olunmuş 100-dən artıq ölkə təmsilçisinin
içərisindən təltif olunanlardan
biri də mən oldum.
- Konfranslardan söz
düşmüşkən, ölkədə və ölkədən
kənarda xeyli konfrans,
seminar və treyninqlərə
qatılmısınız. Çoxları düşünür
ki, ali məktəbi bitirib pis-yaxşı ixtisaslarına yiyələndikdən
sonra artıq mütəxəssisdirlər
və sonradan özlərini inkişaf etdirmək üçün
təlimlərə, seminarlara
qatılmağa ehtiyac yoxdur.
Sizcə, özünü inkişaf
etdirmək üçün təlimlərdə,
seminarlarda iştirak vacibdirmi?
- Hüquq fakültəsində təhsil alan tələbə kimi
istər ölkə daxilində, istər də xaricdə hələ
o zaman müxtəlif mövzularda keçirilən treyninqlərdə
iştirakım mənə müəyyən bacarıqlar
qazandırırdı. Tələbə olduğum
vaxtlar treyninqlər çox
az-az keçirilirdi.
Xaricdə keçirilən treyninqlərdə iştirak
etmək üçün isə
İnternetlə tədbiri keçirən təşkilatlara
müraciət edir, şansım gətirərdisə
seçilirdim. Bu tədbirlər
müəyyən mövzular üzrə
biliklər, bacarıqlar qazanmaqla
yanaşı, olduğum ölkələri
tanımaq imkanı da verirdi.
Bu gün bütün sahələr o
qədər sürətlə inkişaf edir ki, bizim
aldığımız bakalavr, magistr dərəcəsi çərçivəsində
bu yenilikləri izləyə bilmərik. Buna görə
də arxasınca getdiyin, eləcə də
maraqlı gələn sahə üzrə keçirilən
treyninqlər, konfranslar, seminarlara
qatılmaq insanlara müəyyən
bacarıqlar qazandırır, yeniliklərdən xəbərdar
edir, yeni
tanışlıqlar və ən əsası isə
yaxşı əlaqələr yaradır.
- “Uşaq
hüquqlarının tədrisi” proqramını əlaqələndirməklə
yanaşı, uşaq
hüquqlarını tədrisi ilə də məşğulsunuz.
Uşaqlar arasında hüquqlarını
bilmək baxımından hansı irəliləyişləri
müşahidə edirsiniz?
- Uşaqları
müşahidə edərkən görürük
ki, hüquqi
bacarıqlarını artırmaqla yanaşı, ən
azından məktəbdə liderliyi ələ
almağa, özlərini digərlərindən
fərqləndirməyə çalışırlar. Belə uşaqlar istər ailədə, hətta məktəb
səviyyəsində müəllimlərinə, direktora normal qaydada müraciət etməyi bacarırlar.
- Son olaraq, Rəşid müəllim, gələcək planlarınız barədə məlumat verərdiniz.
- Gələcəkdə özümü elm sahəsində görürəm. Elmə çox həvəsim var, bilik və bacarıqlarımın təbliğində maraqlıyam. Çalışdığım sahə hüquqi təhsilə çox yaxın olduğuna görə təhsil prosesinin içərisindəyəm. 10-dan artıq vəsaitin müəllifiyəm. Həmin vəsaitlər arasında tədris vəsaitləri də var. Bu fəaliyyət məni təhsilə və elmə daha da həvəsləndirir.
Lalə MUSAQIZI
Kaspi. -
2014.- 3 oktyabr.- S. 15.