«365 gün boyunca işləmək
lazımdır»
Türkiyənin
ilk azərbaycanlı qadın rektoru Aygün Attar «Kaspi»nin
suallarının cavablandırır
Türkiyənin nüfuzlu alimlərindən olan azərbaycanlı professor, Giresun Universitetinin rektoru Aygün Attar “İlin rektoru”, rəhbərlik etdiyi təhsil ocağı isə “Ən yaxşı universitet” kimi “Oksford Sokrates” ödülünə layiq görülüb. Dünyada tanınan alimin iki kitabı Azərbaycan Təhsil Nazirliyinin qərarı ilə universitetlərdə dərslik kimi tədris edilir. Alimin 2006-cs ildə nəşr etdirdiyi “İranın etnik strukturu” kitabı 2009-cu ildə dünyanı anlamaq üçün oxunması vacib olan 100 kitabın siyahısında yer alıb. Alim həmçinin, Türkiyə və Geopolitika, Türk-erməni əlaqələri, Orta Asiya tarixi və digər mövzularda ciddi araşdırmaların müəllifidir. Soydaşımız Fransa parlamentində erməni “soyqırımı”ı ilə bağlı qərarın qəbul edilməsinə qarşı başladığı kompaniya ilə diqqət çəkib. Aygün Attar 2012-ci ildə Türkiyənin keçmiş prezidenti Abdulla Gülün sərəncamı ilə Giresun Universitetinin rektoru təyin edilib.
Rəhbəri olduğu universitetin adını dünyanın ən yaxşı universitetlərinin sırasına yazdıran alim Bakıda olarkən “Kaspi”nin suallarını cavablandırıb.
Təbliğatın istiqaməti dəyişilməlidir
- Siz Bakıda
keçirilən Beynəlxalq Humanitar Forumların
iştirakçısı olmusunuz. Dünyada narahat proseslərin
yaşandığı, həm Avropada, həm Şərqdə
radikalizmin, ayrı-seçkiliyin, irqçiliyin
artdığı bir vaxtda prosesləri müsbət tərəfə
istiqamətləndirmək, ümumiyyətlə insani
münasibətləri tənzimləmək üçün
Forumun hansı rolu var?
- Əslində, Forumun hansı məqsədlə təşkil olunması adından məlumdur. Əsas məqsəd insani duyğuların və hisslərin önə çıxarılmasıdır. Elm, texnologiyalar inkişaf edir. Amma ortada bir həqiqət də var: hələ də müharibələr gedir, hələ də uşaqlar ölür, hələ də analar övladlarını itirirlər. Dünyamızda bəşəriyyəti narahat edən, insanlığa sığmayan olaylar yaşanır. Ona görə də elm sahəsində daha bacarıqlı olan alimlər, Nobel mükafatçıları, ictimai-siyasi həyatda daha aktiv olanları dəvət etməkdə məqsəd bir həqiqəti – insan olduğumuzu unutmamağımızdır. Hansı mövqedə və ya nə qədər yaxşı alim, mədəniyyət işçisi olmağımızdan asılı olmayaraq əsas məsələ budur ki, insan olduğumuzu unutmayaq. Artıq 4 ildir ki forum dünyaya bu ismarıcı ünvanlayır. Foruma qatılanlar ölkələrinə qayıdandan sonra Azərbaycan haqqındakı təəssüratlarını bölüşürlər. Mən gələn qonaqların forumdan sonrakı təəssüratlarından bilirəm ki, bu, dünyanın müxtəlif ölkələrində yaşayan insanların Azərbaycan ətrafında toplanmasına da əsas verir.
- Azərbaycanın
Türkiyədəki səfiri Faiq Bağırov bu
yaxınlarda qəzetimizə müsahibəsində Türkiyə
ilə Azərbaycan diasporunun birgə fəaliyyətindən
razılığını bildirsə də əlaqələrin
daha sıx ola biləcəyini də istisna etmədi. Sizcə
münasibətlərdə çatışmayan nədir?
- Türkiyədə yaşayan Azərbaycan
türkləri bir neçə kateqoriyaya bölünür. Elə
mənim həmmüəllifi olduğum, bir alim
yoldaşımla - Balıkəsir Universitetinin müəllimi
Dos. Dr. Səbahəttin Şimşirdlə birlikdə qələmə
aldığım “Tarixdən Günümüzə Türkiyədə
Yaşayan Azərbaycan Türkləri” adlı kitab da bu barədədir.
Bu, çox qədim dönəmlərdən indiyə qədər
davam edən bir prosesdir. Mənim yazdığım hissədə
azərbaycanlıların Anadoluya köçü və
Anadolunun türkləşdirilməsində Azərbaycan
coğrafiyasının bir körpü olaraq
oynadığı roldan bəhs olunub. Türkiyəyə
çox keçmişdən və ya daha sonradan gəlib
yaşayanlar, həmçinin 20-ci yüzilin əvvəllərində
gələnlər var. İkinci Dünya müharibəsindən
sonra davaya qatılan azərbaycanlılardan bir qismi Almaniya
üzərindən Türkiyəyə keçiblər. Son olaraq sovetlər
birliyi dağıldıqdan sonra gələn qruplar da var.
Bütün bu qruplar arasında koordinasiya hələ tam
qurulmayıb.
Türkiyədə mənim özümün tanımadığım
çox sayda azərbaycanlı var. Ona görə bu sahədə
hələ xeyli iş görməli, bir-birimizi yaxşı
tanımalı, gücümüzü bir araya toplamalı və
çox çalışmalıyıq. Bir də,
“Türkiyə ilə bir millət, iki dövlətik”- deyə
bir arxayınçılıq da var. Necə olsa, “Türkiyə
bizi tanıyır” deyirik. Məncə
yanlışlıq da bundadır. Nə qədər
bir millət və iki dövlət olsaq da bəzi həqiqətlərin
Türkiyə ictimaiyyətinə çatdırılması
lazımdır. Türkiyə ilə Azərbaycan
arasındakı əlaqələrin, xüsusən elm sahəsindəki
əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac
var. Bu, bizim milli mənfəətimiz üçündür.
Burada milli şüur da çox önəmlidir.
Mənə elə gəlir ki, bu cür məsələlər
o zaman əhəmiyyətli olur ki, öncə öz ictimaiyyətimizə
tarixi gerçəklərin nə olduğunu anladaq.
Azərbaycan bu məsələdə bir xeyli irəlidədir. Çünki
Azərbaycanın canı yanıb - 20 faiz torpağı
işğal altındadır. Türkiyə
ictimaiyyətinin də bu məsələdə bilgiləndirilməsi
lazımdır. Fərqli düşüncələr
çoxdur. Bəzən elə
düşüncələr var ki, sanki Azərbaycanla Türkiyə
arasındakı münasibətlərin fərqli
olmasının səbəbi və ya səbəbkarı Azərbaycandır.
Bəzi «ziyalı»lar zaman-zaman
çıxış edib deyirlər ki, Türkiyə öz
siyasətini Azərbaycan üzərindən yeridəcək. Ancaq mən Türkiyədə
yaşadığımdan həmişə bunları söyləməyə
çalışıram ki, Ermənistan Türkiyə əleyhinə
- Türkiyənin torpaqlarını öz torpaqları elan
etdiyi zaman hələ Ermənistanla Azərbaycan arasında elə
bir problem yox idi. 1965-ci ildə ermənilər
Sov.İKP MK qarşısında soyqırımı məsələsini
qaldırdılar. Xatirə abidəsi
ucaltdılar və Türkiyənin əleyhinə təbliğata
başladılar. O zaman Azərbaycan sovetlər birliyi
içərisində Türkiyə ilə normal münasibətini
davam etdirirdi. Mənim Azərbaycan dövlətindən
istəyim bu olacaq ki, bu məsələlərlə məşğul
olan ziyalıların, millət vəkillərinin,
aydınların ortaq proqramı olsun. İşğal
altında olan torpaqlarda yaşayan ziyalıların psixoloji
halı, anaların və qadınların psixologiyası və
onların böyütdüyü uşaqların tərbiyəsi
və s. istiqamətdə layihələri gündəmə gətirmək
lazımdır ki, xaricdə də bunları dəstəkləsinlər.
Təbliğatın istiqaməti dəyişilməlidir.
Mən öz fəaliyyətimdə bunu etdim və
təsirini də gördüm. Qarşısında
çıxış edəcəyimiz publikanın ruhunu hiss
edib danışmaq lazımdır.
- Siz türk tarixini bölgələrdə
araşdıran layihənin koordinatoru olmusunuz. Yazılmayan,
araşdırılmayan və ya saxtalaşdırılan səhifələr
çoxdurmu?
-
Saxtalaşdırmadan daha çox araşdırılması
lazım olan məsələlər var. Azərbaycan çox
gözəl elmi bazaya malikdir. Mən inanıram
ki, Azərbaycan bunun öhdəsindən gələ bilər.
Yetər ki, vaxtında layihələr ortaya
çıxarılsın. Həmmüəllifi
olduğum “Tarixdən Günümüzə Türkiyədə
Yaşayan Azərbaycan Türkləri” əsəri Azərbaycan
dövlətinin təşəbbüsü ilə yazılan
kitabdır. Bu kitab ilk addımdır.
Çünki yol xəritəsi
çıxarılması lazımdır ki, sonra uyğun
boşluqlar varsa, onların aradan qaldırılmasına
başlayaq.
- Yeri gəlmişkən, artıq
Türkiyə ilə Azərbaycanın ortaq tarixinin
yazılması ilə bağlı ilkin işlər
görülüb. Ortaq tarixin əhəmiyyətini
necə dəyərləndirirsiniz?
- Ortaq
türk dili və ortaq türk tarixi tez bir zamanda həyata
keçirilməsi vacib olan və zəruri layihələrdən
biridir. Bu, ümumiyyətlə türk
coğrafiyasına və türk dünyasına mənsubiyyət
duyğusunu ortaya qoyacaq. Bu, son dərəcə
əhəmiyyətlidir. Böyük bir
güc, böyük bir potensial və böyük bir milli
şüurun təsis edilməsində ən böyük təmələ
və fundamental dəyərə sahib olan layihələr məhz
bunlardır.
- Azərbaycanın
Qarabağ problemi, Xocalı faciəsi kimi problemi var. Bu həqiqətin
dünyanın bilməsi və inanması üçün
daha hansı işlər görülməlidir?
-
Hansı işlərdən əlavə, “İşlər necə
görülməlidir?”- mən bu suala belə
cavab vermək istərdim. Koordinasiya
qurulmalıdır. Ortada bir gerçək
var - Xocalı soyqırımı. Xocalıda
insanlar müharibə olmadığı halda soyqırıma
uğradıldılar və qətlə yetirildilər. Bu gerçək içərisində insanları
çox yormadan, o görüntülərdən psixoloji təsir
ovqatı yaratmaq üçün istifadə edilməlidir.
Yəni Amerikada, Asiyada və ya ərəb coğrafiyasında
yaşayan biri “O insan mən ola bilərdim”,
“Mən olsaydım taleyim necə olacaqdı?” fikirlərini hiss
etməlidir. Bu istiqamətdə, həm də təkcə
fevral və ya mart ayında deyil, 365 gün boyunca işləmək
lazımdır.
“Oksford
Sokrates” ödülü
- Hər il
dünyanın ən yaxşı universitetlərinin reytinq
siyahısı açıqlanır. Bu
siyahıya düşmək üçün hansı şərtlər
tələb olunur?
- Əsas şərtlər obyektiv elmi araşdırmalar
hazırlamaqdır. Aparılan araşdırılmalardan sonra
yayımlanan elmi məqalələrdən qaynaq olaraq dünya
ölkələrində nə qədər insan istifadə etsə,
o reytinqləri yüksəldir. Təəssüf ki, bu
sahədə Türkiyənin də, Azərbaycanın da hələ
çox iş görməsi lazımdır.
- Amma siz “İlin rektoru”, rəhbərlik
etdiyiniz təhsil ocağı isə “İlin universiteti” kimi
“Oksford Sokrates” ödülünə layiq
görülmüsünüz. Bu uğurun sirri nədir?
-“Oksford Sokrates” ödülünə dünya ölkələrindən
onlarla rektor və universitet namizəd göstərilsə də,
onların arasından rektor kimi məni və bizim universiteti
seçdilər. Oktyabrın 14-də Oksford şəhərində
Avropa İqtisadi İş Birliyi Təşkilatının
liderlər toplantısında həmin mükafat mənə təqdim
ediləcək. Həmin mərasimə
dünyanın bütün ölkələri, eyni zamanda,
Çin, Rusiya, İran da qatılacaq. Təbii
ki, mən o mərasimdəki çıxışımda
doğum yerimin Azərbaycan olduğunu, işğal altında
olan bir vətəni təmsil edib türk vətəndaşı
olduğumu qeyd edəcəyəm. Əgər
həmin şəhərdə belə bir fürsət varkən
bundan istifadə etmək lazımdır. Ümumiyyətlə,
mən həmişə fürsətləri belə dəyərləndirməyə
çalışıram. Giresun Universiteti
beynəlmiləlləşən universitetdir. Bizim universitet dövlətlərarası simpoziumlar
keçirir. Harvard, Vinçestr, Sarbon universitetləri il boyunca bizim tədbirlərə
qatılırlar. YUNESKO-nun baş direktoru
İrina Bokova məni dəvət edib. Bu təşkilat
Türkiyədəki 200 universitet içərisindən bizim təhsil
ocağını seçərək bir universitet
üçün kürsü açır. Bizim universitetin 30 minə yaxın tələbəsi
var. Burada çox sayda xarici tələbələr təhsil
alır. Onların bir hissəsini Azərbaycandan
gələn tələbələr təşkil edir.
Ümumiyyətlə, təhsil ocağında Hollandiya,
Bolqarıstan, İran, Pakistan, Amerika, Yunanıstan,
Gürcüstan, Kanada, Fələstin və s. ölkələrdən
tələbələr oxuyuq. Ən maraqlısı odur ki, bu tələbələr
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü, 20 Yanvar, Novruz Bayramı və Azərbaycanın
digər əlamətdar günlərində öz dövlətlərinin
bayraqları ilə bizimlə birlikdə olurlar. Universitetin
akademik və idarəetmə personalı 1600 nəfərdir.
Bizim universitetin diplomu hər ölkədə
tanınır. Bütün beynəlxalq
simpoziumlarda biz Davos zirvəsindəki kimi təqdimatlar edirik.
Bu hər bir ölkənin ən böyük
gücü onun təhsilli kadrlarının olmasıdır.
Amerikanı güclü dövlət səviyyəsinə
qaldıran ağıllı beyinləri öz ölkəsinə
çəkib aparmasıdır. Mən Azərbaycanın
bununla bağlı dövlət siyasətini də təqdir
edirəm. Tez-tez Avropa ölkələrində
konfranslarda iştirak edirəm. Getdiyim
ölkələrdə kiçik bir Azərbaycanın
formalaşdığını görürəm. Bu gün artıq Azərbaycan dövlətinin dəstəyi
ilə xarici ölkələrə təhsil dalınca göndərilən
gənc nəsli var.
- Rəhbəri olduğunuz universitet
Azərbaycan Diplomatik Akademiyası və Bakı Dövlət
Universiteti ilə əməkdaşlıq memorandumu
imzalayıb. Tibb Universiteti ilə
imzaladığınız müqaviləyə əsasən məzunlara
qoşa diplom veriləcək. Bu əməkdaşlığın
Azərbaycanın təhsil sistemi üçün əhəmiyyəti
barədə nə deyə bilərsiniz?
- Giresun Universiteti beynəlxalq “Erasmus” təhsil
proqramını və “Mövlana” mübadilə proqramını
yüksək surətdə gerçəkləşdirən
universitetdir.
Bu təhsil ocağının tələbələri Avropa
ölkələrinin ali məktəblərində
bir-iki dönəm təhsil alıb geri dönürlər. İstəyimiz odur ki, Azərbaycan da bu prosesdən
yararlansın və qarşılıqlı olaraq bu mübadilələr
arasında yer alsın. Sözün gerçək
anlamında, bu, Azərbaycanla Türkiyə arasında daha
çox yaxınlaşma və elmi iş birliyi
üçün əhəmiyyətlidir. Həmin
müqavilələri də bu məqsədlə
imzalayırıq.
- Siz gender bərabərliyi
mövzusunda araşdırma aparan alimlərdənsiniz.
Dünyada balans daha çox kimin ziyanına pozulur - kişilərin,
yoxsa qadınların?
-
Dünyanın hər yerində, başda Avropa ölkələri
olmaqla balans qadınların əleyhinə pozulur. Çünki inkişaf etmiş ölkələrdə
qadınlarla kişilər arasındakı münasibətlər
hələ də erkək hegemonluğu ilə bağlı
söhbətin mövzusudur. Mən bununla
bağlı beynəlxalq simpoziumlar keçirirəm. Mən
Asiya, Afrika, Avropa və Amerikda fəaliyyət göstərən
Qadın Araşdırma Mərkəzləri ilə birlikdə
bir çox konfransların keçirilməsində yaxından
iştirak edirəm.
YUNESKO və
BMT ilə iş birliyi həyata keçirirəm. Oradakı çıxışlarda da bu balansın
pozulduğunu görürəm. Sarbon
Universitetindəki çıxışlar məni heyrətə
saldı. Onlar Fransada bununla bağlı
ciddi sıxıntı olduğunu söylədilər. Mən oradakı çıxışımda da
qürur duyaraq demişdim ki, Azərbaycan qadın-kişi
münasibətləri ilə əlaqədar bir türk-müsəlman
ölkəsi olaraq gözəl yerdədir. Qadınların fəal bir şəkildə toplumun
ictimai-siyasi həyatında yer alması son dərəcə
önəmlidir.
- Siz Türkiyədə 7
nüfuzlu qadın rektordan biri kimi tanınırsınız. Belə bir fikir var: qadınlar bütün sahələrdə
liderlikdə nə qədər çox təmsil olunsalar,
dünyada bir o qədər ədalət, humanizm bərqərar
olar. Bu fikirlər feminizmin təbliği kimi səslənmir
ki?
- Bu fikirlər
həqiqətdir. Bir qadın olaraq mən bu suala
tərəfsiz cavab verə bilmərəm. Pozitiv ayrı-seçkilik haqqımdan istifadə edərək
qadınların mövqeyindən çıxış edəcəyəm.
Bir qadın jurnalistin də bunu soruşması məni
ayrıca xoşbəxt etdi.
Söhbətləşdi:
Təranə Məhərrəmova
Kaspi.-2014.-9 oktyabr.-S.9.