«Orada dərslər gərgin
və darıxdırıcı keçmir…»
- Təhsil
İspaniyada təhsil alan
Fatma Qurbanzadə: «Tələbələrin
akademik həyatı daha
çox kitabxana ilə
bağlıdır»
Azərbaycan Dillər Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü
tədris ilində Azərbaycan Dillər Universitetinin koordinator olduğu Erasmus Mundus Layihəsi üzrə İspaniyada Doktorantura pilləsində Müqayisəli
tarixi və müqayisəli tipoloji dilçilik ixtisası üzrə təhsil alır. Fəlsəfə doktoru adını
almaq üçün
dissertasiya yazmağa hazırlaşır. Qalibi
olduğu Avropa Birliyi ölkələrinin
dəstəklədiyi qrant
müsabiqəsində universitetdə
doktorantura pilləsi üzrə təhsil alan yeganə
azərbaycanlıdır. Müsahibimiz
Fatma Qurbanzadə ilə yaxından tanış olaq...
- Fatma, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz, zəhmət olmasa...
- Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik ixtisası hazırda təhsil aldığım
universitetdə Hind-Avropa
dillərinin müqayisəli
tipoloji quruluşunu öyrənən bölmə
adlanır. Amma araşdırmam təkcə
Hind-Avropa dillər ailəsinə aid olan dilləri əhatə etmir. Əsas prioritet məsələlərdən
biri türk dilləri ailəsinə mənsub olan dillərin, xüsusilə
Azərbaycan dilinin tarixi köklərini xarici ədəbiyyatlarda araşdırmaq və müxtəlif dil ailələrinə mənsub
olan dillər üzərində müqayisəli
təhlil aparmaqdır.
Onu da qeyd
edim ki, Bakıda ali
məktəbdə təhsil
aldığım illərdə
həm elmi, həm də ictimai-sosial fəaliyyətlə
xox yaxından maraqlanmışam. Səkkiz semestrdən
ibarət dörd illik bakalavr təhsilimdə, hər bir semestri “Dekanın
Fəxri Fərmanı”
ilə bitirmişəm.
Respublika
Tələbə Elmi Cəmiyyətinin fəxri
üzvüyəm. 2007-2011-ci
illərdə Tələbə
Elmi Cəmiyyətində
15-dən artıq elmi
məqaləm çap
olunub. Nəticədə elmi fəaliyyətim
üzrə 7 ədəd
I dərəcəli Diplom,
5 ədəd II dərəcəli
və 3 ədəd
III dərəcəli diplomla
və müxtəlif təşəkkürnamələrlə təltif olunmuşam.
Hər il
öz universitetimizdə,
o cümlədən digər
ali məktəblərdə
gerçəkləşən beynəlxalq və respublika səviyyəli konfransların mühazirəçisi
və iştirakçısı
edilmişəm. Bununla bağlı
müxtəlif sertifikatlar
və mükafatlarla təltif olunmuşam.
- Belə başa düşdüm ki, elm sizin üçün
olduqca maraqlıdır.
Elmə maraq sizdə haradan qaynaqlanır?
- Məşhur ingilis yazıçısı Samuel Smayls
deyir ki, “zövqlərin ən gözəli elmdən alınan zövqdür”. Düşünürəm ki, hər insanın qiyməti onun elminin dəyəri
qədərdir. Elm həm də dünyagörüşüdür, insanı ucaldan mənəvi xəzinədir.
İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün
mövqeyə malik ola bilər.
Məndə elmə olan
meyl, həvəs uşaqlıqdan yaranıb.
Valideynlərimin dediyinə görə,
yaşıdlarım oyuncaqla
oynayarkən mən kiçik yaşlarımdan
vaxtımı elmin müxtəlif sahələrinə
aid kitablarla, ensiklopediyalarla
keçirirdim. Otağıma qapanıb hər zaman özüm üçün maraqlı
kitablar oxuyur, öyrəndiyim yeni məlumatları ailəmlə,
dostlarımla bölüşməyi
sevirdim. Elmə marağımın
yaranmasında valideynlərimin,
müəllimlərimin rolu
böyükdür.
- 23 yaşınız
olsa da, İspaniyaya təhsil almağa gedənəcən
Azərbaycan Dillər
Universitetində dekan müavini kimi fəaliyyət göstərmisiniz.
Necə oldu bu vəzifəyə
təyin edildiniz?
- Bu təyinat rektorumuz millət vəkili, professor Səməd Seyidovun adı ilə bağlıdır.
Səməd müəllim rəhbərlik
etdiyi universitetdə mənim kimi yüzlərlə gəncin
üzə çıxarılması,
bilik və bacarıqlarının tanıdılması
və daima irəli çəkilməsi,
rəhbər vəzifələrə
təyin olunmaları üçün əlindən
gələni edir.
Bu təyinat da
mənim kiçik işimə verilən böyük dəyər idi. Xəbəri eşidəndə çox böyük sevinclə qarşıladım.
Ən əvvəl ailəmlə
bölüşdüm. Sözügedən vəzifəyə təyin olunarkən magistratura pilləsində
təhsil aldığımdan
gündüzlər işdə
olur, gecələr dərslərim üzərində
çalışırdım. Buna baxmayaraq, işin
ağırlığı və
çətinliyi dərslərimə
təsir etmirdi, yenə imtahanlarda ən yüksək nəticələri əldə
edirdim.
- İspanları
necə xarakterizə edərdiniz?
- Əvvəlcə onu
deyim ki, ispanlar xaraktercə istiqanlı, şən, pozitiv xalqdır. Həmişə
köməyə can atırlar.
Bəzən yolun ortasında yaşından
asılı olmayaraq təsadüfi bir qrup adamın musiqinin müşayiəti
ilə oynadığını,
əyləndiyinin şahidi
ola bilərsiybz.
Amma onu da deyim
ki, almanlar qədər dəqiq deyillər. İspanlar da digər avropalılar kimi içkiyə çox meyllidirlər.
- Ümumiyyətlə,
orada yeni yaşamağa başlayarkən
hansı çətinlikləriniz
oldu?
- Yaşadığım ölkənin
rəsmi dili ispan və bask dilləri olduğu üçün ingilis dilində demək olar, çox az adam bilir. Bu da mənim üçün problemdir. Ən çox bu
problem özünü bir
şey almaq istəyərkən göstərir.
Bəzən satıcıların dediyini mən, mənim dediyimi onlar başa düşmür. İşarələr vasitəsilə anlaşmağa
çalışırıq. Bundan başqa, qida və mədəniyyət
fərqləri ilə
bağlı çətinliklərim
oldu. Hətta bəzi günlər
heç nə yeyə bilmirdim. Tamamilə fərqli mətbəxə
malik olan ispan xalqı daha çox hazır və quru qidalara üstünlük
verir. Onlar üçün ən məşhur yemək növü donuz əti ilə hazır sendviçlər və “Tortia” adlanan qida növüdür.
Bütün restoranların əsas
menyusunda buna rast gələ bilərsiniz. İçki isə qidadan da öndədir. Restoranların menyusunda yeməkdən
çox içki növləri var.
- Orada istirahətinizi necə təşkil edirsiniz?
- Doktorantların təhsil qrafiki sərbəstdir. Gün sərbəst olsa da, tapşırıqların
yazılması və
tədqiqatın aparılması
demək olar ki, bütün həftəni tələbəni
məşğul edir.
Vaxtımın demək olar,
hamısı kitabxanada
keçir. Boş
vaxtım çox az olur.
Həftə sonları asudə
vaxt tapan kimi şəhərin gəzməli-görməli yerlərini
səyahətə çıxıram.
Yaşadığım şəhərin tarixi mədəniyyət abidələri, yaşıllığı,
insanlarının qonaqpərvərliyi
məni valeh edir. Universitetimizdə
təhsil alan
bütün tələbələr
həftə sonları
bir araya gəlir. Hər dəfə bir
tələbənin evində
ziyafət təşkil
edərək, əylənirlər.
Hər kəs gələrkən özü ilə bir şey gətirir.
Gecə saatlarına qədər yeyib-içib, oyunlar oynayır, musiqiyə qulaq asırlar.
- Yəqin İspaniyada maraqlı hadisələrlə
də qarşılaşmısınız...
- Elədir. İspaniyaya ilk gəldiyim həftə
qrup yoldaşlarımdan
biri məni də həftə sonu adət üzrə evində gerçəkləşdirdiyi ziyafətə
dəvət etdi.
Mən də hamı kimi razılıq verdim. Saatı soruşduqda isə bu barədə ziyafət günü dəqiq məlumat verəcəyini dedi. Mən də həftəsonu işlərimi bitirib səhər tezdən onun zəngini gözlədim. Amma gün
ərzində zəng
gəlmədi. Nəhayət,
mənə telefon açan qrup yoldaşım “yarım saata bizdə ol, ziyafət başlayacaq” dedi. Zəng gələrkən yuxulu olduğumdan bunu ciddi qəbul etmədim. Səhər oyandım və
gördüm ki, mənə zəng gələndə gecə saat 12 imiş. Səhərisi günü
qrup yoldaşlarım nə üçün onlara qoşulmadığımı
soruşanda həmin vaxt yuxu saatımın
olduğunu dedim. Buna görə mənə
xeyli güldülər.
Başqa bir əhvalat da danışım. Tədris ilinin
ilk günü idi.
Hamı kimi mən də
dərs otağımın
nömrəsini götürüb,
zala daxil olub əyləşdim.
Erkən getdiyim üçün hələ
heç kim
gəlməmişdi. 15-20 dəqiqədən sonra bir tələbənin əyləşdiyim zala daxil olduğunu gördüm. Gülümsəyərək yaxınlaşan tələbə
salamlaşdı və
adət üzrə məndən adımı və hansı ölkədən olduğumu
soruşdu. Azərbaycandan olduğumu deyəndə tələbənin üzündəki
narazı ifadəni müşahidə etdim.
Məlum
oldu ki, o da ermənidir. Özünü itirən erməni
tələbə “ah, Azərbaycan.
Biz ki, qonşu
dövlətlərdənik...” deyə əlavə etdi. Mən isə “yox,
biz qonşu dövlətlər
deyilik, siz işğalçısınız və bizim torpaqlarımızı
işğal etmisiniz” deyə cavab verdim. Belə bir reaksiyanı
gözləməyən erməni
tələbə deməyə
söz tapmadan tez otağı tərk etdi. Sonradan öyrəndim ki, o, universitetdə ispan dili kurslarına yazılan Hayk Karapetyandır.
- Fatma, İspaniyadakı təhsil sistemi ilə Azərbaycan təhsil sistemini müqayisə edərdiniz, zəhmət olmasa.
- Fərqlər çoxdur. Ali təhsil sistemində müşahidə etdiyim ən gözəçarpan dəyişiklərdən biri tələbələrin asudə vaxtlarının təşkilinə önəm verilməsidir. Təhsil aldığım universitetdə elə bir tələbə yoxdur ki, hansısa bir qrupa, dərnəyə qoşulmasın. Bundan başqa, burada dərslər gərgin və darıxdırıcı keçmir. Dərs zamanı müəllim yemək yeyə, hətta istirahət edə bilər. Tələbələrin akademik həyatı daha çox kitabxana ilə bağlıdır.
- İspaniyadan
qayıdandan sonra yenə fəaliyyətinizi
Dillər Universitetində davam etdirəcəksiz,
ya başqa
planlarınız var?
- Təhsilimi başa vurduqdan sonra vətənə qayıdıb burada qazandığım bilik və təcrübəni doğma universitetimdə tələbələrimlə bölüşüb, onlara elmin sirlərini, gözəlliklərini öyrətməyi düşünürəm.
Lalə MUSAQIZI
Kaspi.-2014.-