Cərcis Peyğəmbər ziyarətgahı
Beyləqanda yerləşən ziyarətgah Azərbaycanın dini, tarixi abidəsi olmaqla bərabər, insanların qəlbində xüsusi yer qazanıb
Bir neçə dəfə onu sökmək istəyiblər.
Hər dəfə
də nə isə buna mane olub. Deyilənə görə,
bir dəfə də sökmək istəyəndə orada
xeyli sayda ilan peyda olub. Nəticədə
sökülmək təhlükəsi sovuşub. Amma odur-budur ki, həmin ərazidə “ilan
gördüm” deyən olmayıb. Bu, Beyləqan
rayonunda, mərkəzdən 3-4 km şimal-şərqdə,
Şəfəq qəsəbəsi ərazisində yerləşən
“Cərcis Peyğəmbər” ziyarətgahıdır.
Haqqında
bir çox rəvayətlər dolaşan bu ziyarətgah hələ
də öz sirli-sehrli “qaməti”ni qoruyub
saxlayır. Bu gün Azərbaycanın bölgələri
ilə yanaşı, başqa ölkələrdən də
ziyarətgaha çoxsaylı gələnlər var. Onun
dünyanı dolaşan sorağı təbii ki, bizim də
diqqətimizi çəkmişdi. Odur ki,
yaranmış münasib şəraitdən istifadə edib
ziyarətgahın yerləşdiyi Şəfəq qəbiristanlığına
yollandıq. Ziyarətgah həmin qəbiristanlığın
içərisində yerləşir. Amma daha doğrusu,
qəbiristanlıq sonradan onun ətrafında salınıb...
Cərcis Peyğəmbər Beyləqana necə gəlib?
Gördüklərimiz
və öyrəndiklərimizə keçməzdən əvvəl
Cərcis Peyğəmbər (ə) haqqında qısa
arayış verək: ziyarətgah İsa Peyğəmbərdən
(ə) sonra, təxminən III-IV əsrlərdə
yaşamış və 77 il ömür sürmüş, əslən
Fələstindən olan Cərcis adlı peyğəmbərin
adı ilə bağlıdır. Dini rəvayətlərdə
onun İsa Peyğəmbərin (ə) həvarilərindən
birinin şagirdi olduğu və bütün Tanrı
elçiləri kimi tövhidi (təktanrılığı)
təbliğ etdiyi bildirilir. Onun adı
yunan mənbələrində “Corcios” kimi göstərilir.
Lakin dini-əfsanəvi rəvayətə əsaslanaraq “Cərcis”
sözünün farscadan “Cahar cur”, yəni dörd dəfə
ölüb dirilən mənasına gəldiyini bildirənlər
də var. İslamşünaslar bunu belə izah edirlər: Həzrət
Cərcis (ə) Fələstində yaşayırdı,
sonralar Mosula köçdü. O zaman Mosulda bütlərə
inanan zalım bir padşah hakimiyyət sürürdü. Cərcis Peyğəmbər camaatı bütlərdən
döndərib Allaha doğru çağırmağa
başladı. Xeyli adam, hətta
padşahın arvadı da imana gəldi. Padşah
Cərcis Peyğəmbəri öldürmək
üçün onu ən ağır işgəncələrə
məruz qoyur. Peyğəmbər dörd dəfə
ölümcül işgəncə altına düşür:
Onun bə¬dəninin ətini dəmir daraqla qoparırlar, qaynar
yağın içinə atırlar, odda yandırır,
başına mismar vururlar. Amma hər dəfə
Allah-təala Həzrət Cərcisi (ə) sağ-salamat
saxlayır. Yeddi ildən sonra Allahın
hökmü ilə Həzrət Cərcis (ə) vəfat edir,
padşah və tərəfdarları isə Allahın göndərdiyi
bəla ilə məhv olurlar.
Bu gün
də İraqın Mosul şəhərində Həzrət Cərcis
Peyğəmbərin (ə) böyük məqbərəsi
var. Beyləqan rayonunda da Cərcis Peyğəmbərə aid
edilən məzar ziyarətgah kimi tanınır. Ziyarətgahın XVII-XVIII əsrlərdə tikildiyi
bildirilir. Cərcis Peyğəmbərin
Beyləqana necə gəlib çıxması barədə
tarixi mənbələrdə ətraflı məlumatlar var. Rəvayət
olunur ki, Peyğəmbər Suriyadan təkallahlığı
təbliğ edə-edə gəlib Mil torpağına
çıxır. O, Beyləqanda 15-20 ilə yaxın
ömür sürür. İndiki Beyləqan
şəhəri zəmanəsinin böyük və ticarət
baxımından əlverişli şəhərlərindən
biri olub. O zamanlar bu ərazidə yaşayan əhali atəşpərəstliyə
sitayiş edirmiş. Peyğəmbər (ə)
insanları tək olan Allaha itaət etməyə
çağırdığı üçün buradakı
atəşpərəst kahinlərin qəzəbinə tuş
gəlir. Onu təqib edirlər. Qovula-qovula indiki ziyarətgah yerinə gəlib
çıxır. Peyğəmbərə
atılan oxlardan və zərbələrdən ona xətər
dəymir, o, bir quyuya düşür. Atəşpərəstlər
onun üstünü torpaqlayırlar. Beləcə, bu
ziyarətgahın yerində müqəddəs bir təpə
yaranır...
Yaylıq
yerə düşərsə...
Ziyarətgaha
çatanda saat 11:30-u göstərirdi. Qəbiristanlığın
giriş qapısında Bakıdan və digər rayonlardan gələn
maşınlar dayanmışdı. İnsanlar
tək-tək, yaxud da ailə halında ziyarətgaha tərəf
addımlayırdılar. Ətraf geniş və səliqəli
olmaqla yanaşı, orada insanların rahat dincəlməsi,
qurbanlıq qoyun (Buraya gəlişimiz Qurban Bayramına təsadüf
etmişdi) kəsmələri üçün hər bir
şərait var. Uzaq yoldan gələnlərə çay təklif
edən kafe də diqqət çəkirdi.
Bizi ziyarətgahın xuddamı Hacı Mirsəməd
ağa qarşıladı. Öncə ziyarətgahla
tanışlığa başladıq. Buraya
gələnlər ayaqqabılarını soyunub içəriyə
keçirlər. İlk diqqət çəkən
taxta və şüşə çərçivəyə
alınmış Peyğəmbərin qəbri və
yuxarıdan-günbəzin tən ortasından
asılmış uzun zəncirdir. Zəvvarlar
əvvəlcə dua edə-edə qəbrin ətrafına
dolanırlar və sonra yuxarıdan asılan həmin zəncirə
yaylıq atırlar. İnanclara görə,
zəncir yaylığı tutub saxlayarsa, arzun həyata
keçər. Burada diqqət çəkən
sirli bir məqam var. Heç çəkisi olmayan bu yaylıq
zəncirə doğru atılar-atılmaz, o, qəribə
şəkildə tərpənməyə başlayır.
Sanki cəhd edir ki, yaylıq yerə
düşsün. Bir-iki həmləyə
düşmədisə, yaylıq zəncirin ucundakı
qarmaqdan asılı qalır. Bu da
inanclı olan insanlar tərəfindən sevinclə
qarşılanır. Sonra isə ziyarətçilər
nəzərdə tutulmuş yerə nəzirlərini də
atıb geriyə addımlarla bayıra çıxırlar.
Ziyarətgahın tarixinə, oradan asılan zəncirə
və bir sıra məqamlara xuddam Hacı Mirsəməd
ağa aydınlıq gətirdi. Onun sözlərinə
görə, Cərcis Peyğəmbər milad təqvimi ilə
315-392-ci illərdə yaşayıb. Bütün
peyğəmbərlər kimi, o da insanlara Tanrı tərəfindən
göndərilib. Bəzi mənbələrə
görə, onun əmisi burada padşah olub, əmisinin
yanına gələndə, o, taxtdan devrilib və yerinə Dərziyana
adlı şah gəlib. Şah Cərcis
Peyğəmbərin buraya gəlişini görüb, elə
hesab edib ki, ondan qisas almaq üçün gəlir. Ona görə də peyğəmbərə
qarşı bir sıra amansız təqiblər olub. Amma hər biri nəticəsiz qalıb. Əvəzində onun gətirdiyi dini qəbul edənlərin
sayı bəzi mənbələrə görə qısa
müddətdə 33 min nəfərə çatıb.
Zəncirin
sirri hələ də məlum deyil
Hacı Mirsəməd ağa deyir ki, müxtəlif
dövrlərdə ziyarətgahın üzərində fərqli
formalarda günbəzlər tikilib. Baxımsızlıq,
müharibə və zəlzələlər zamanı o
günbəzlər dağılıb. 1899-1905-ci
illərdə Aşıqlı kəndindən Hacı Qurban
Hacı Nəbi oğlu bu işi öz öhdəsinə
götürüb. O, bunun üçün memar Həsən
Təbrizini buraya gətirdib. Tikinti işləri
başlayanda Hacı Qurban namaz üstündə
dünyasını dəyişib və bu işləri
oğlu Hacıqulu davam etdirib. Usta Həsən Təbrizi
məscidi 1905-ci ildə başa çatdırıb: “O, məscidin
içərisində işləyərkən günbəzin
ortasından zəncir asır. Usta zənciri
asıb Təbrizə gedir. Beyləqan əhalisi
də tərəkəmə olduğu üçün
yaylaqdan gəlirmiş. Baxırlar ki, hələ
memar gəlməyib, qapını açırlar, peyğəmbərin
qəbri üzərində zəncir
asıldığını görürlər. Usta Həsən burada böyük qüllə tikəcəkdi.
Amma memar dünyasını dəyişdiyindən,
bu qüllələr də yarımçıq qalır.
Beləcə, zəncir də oradan müəmmalı
şəkildə asılı qalmış olur. Kimi deyir, zəncir lampa asmaq, kimisi də deyir ki, papaq
atmaq üçündür. Bu haqda zamanla
müxtəlif fərziyyələr deyilib. Sonradan belə bir nəticəyə gəlirlər
ki, bu zəncir niyyət üçündür. Zəncir hazırda xalq arasında inanc mənbəyi
kimi fəaliyyət göstərir. Bu, xalq
inancıdır. Amma usta Həsənin onu əslində nə
məqsədlə asdığı hələ də bizə
məlum deyil. Bina eroziyaya uğrayar,
sökülmək məqamına gələrsə, onda bilərik
ki, nə üçündür. Bu zəncirin
İslamla da heç bir bağlılığı yoxdur.
Sadəcə peyğəmbər ocağı
olduğundan xalq ondan inanc yeri kimi istifadə edir. Bu, babalarımızdan bizə qalan tarixdir. Ona görə də zəncir bizə əzizdir”.
Ziyarətgahda
izdiham
Tikilinin tam yuxarısında - günbəzdə bir
güzgü yer alıb. Deyilənə görə, əvvəllər
burada daha böyük güzgülər olub. Hacı Mirsəməd ağa söyləyir ki, bu ərazilər
Haramı düzü olduğu üçün güzgülər
işarə xarakteri daşıyıb, mayak rolu oynayıb,
karvanla gələnlərə uzaqdan istiqamət verib.
Deyilənə görə, olduqca yaraşıqlı və
sarışın olan gənc Cərcisi Sarı Peyğəmbər
də adlandırırmışlar. Elə buna görə
ziyarətgahın binası da əvvəllər sarı rəndə
olub. Sonradan təmir-bərpa zamanı digər
rənglərlə boyanıb.
Fikrilərini öyrəndiyimiz Rafiq adlı ziyarətçi
buraya ailəsi ilə birgə gəlmişdi. O, Cərcis Peyğəmbər
ziyarətgahının sorağını çoxdan
eşitdiyini, sadəcə bu gün gəlmək nəsib
olduğunu dedi. Belə bir məkanı ziyarət
etməyin vacibliyini qeyd edən müsahibimiz buradakı zəncirin
onda böyük maraq doğurduğunu bildirdi. Digər vətəndaşlar da ziyarətgaha niyyət
edib gəldiklərini dedilər. Günorta
saatlarına doğru ziyarətçilərin sayı daha da
çoxalırdı.
Cərcis Peyğəmbər Ziyarətgahı Azərbaycanın
dini, tarixi abidəsi olmaqla bərabər, insanların qəlbində
xüsusi yer qazanıb. Buna orada olarkən də şahidlik etdik.
Onu da əlavə edək ki, ziyarətgahın ərazisində
yerli sakinlər tərəfindən 2008-2010-cu illərdə məscid
inşa olunub. Məscid iki minarəlidir.
Buranın daxili interyeri dekorativ naxışlarla
bəzədilib. İnsanların məscidə
rahat gediş-gəlişini təmin etmək üçün
oraya asfalt yol da çəkilib. Məsciddə
eyni vaxtda 100 nəfər ibadət edə bilir.
Xəyalə Rəis
Kaspi.-2014.-10 oktyabr.-S.8.