Boş qalan yerlərdən
gözlərim qorxub
Gülayə
Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə “İnsan göydə Ay kimidi, görünməyən tərəfi var” yazırdı və bu qənaətində yüzdə-yüz haqlıydı...
Ancaq elə şəxsiyyətlər, simalar da var ki, adları çəkilən kimi bütün tərəfləri, yönləri ilə göz önünə gəlirlər; daha çox gün işığı, Ay ziyası kimi.
Bu sətirləri yazdıqca xalq şairi Söhrab Tahirin bütün tərəflərdən, baxış bucağından görünən, hər bir Azərbaycan insanına yaxşı tanış olan və doğma siması gəlir gözlərim önümdə durur:
Təbii ki, hər şeydən öncə qüdrətli söz adamı, döyüşkən sənət fədaisi kimi!
Təbii ki, hər şeydən öncə böyük vətəndaş, azadlıq fədaisi kimi!
Təbii ki, şəxsiyyət, fövqəladə xarakter sahibi, insanlıq nümunəsi kimi.
Bu ayırma və fərqləndirmələrin sayını sonsuza qədər uzatmaq da, hər bir mərhələ haqqında yetərincə söz açmaq da olar. Ancaq bütün bu keyfiyyətlərin hamısı bir yerdə Söhrab Tahirin ruhi və cismani durumunda bir araya gəlib, necə deyərlər, onun varlığının ölməz abidəsini formalaşdırıb; Söhrab Tahir böyük insanlığı daxilində böyük insan, şəxsiyyət, böyük şəxsiyyəti, insanlığı daxilində böyük şairdi – bu dəyərlər bir-biri ilə vəhdətdə, canbir-qəlbdədi. Onu birmənalı olaraq o taylı-bu taylı, bütöv Azərbaycanımızın gəzəri, hər vaxt ayaq üstə durmağı bacaran simvolu hesab edənlər necə də haqlıdırlar. Ancaq hər kəsdən əvvəl bu böyük haqqı və gerçək olanı Söhrab Tahirin özü bütün qüruru, ağrısı, nisgili və şərəfi ilə özü yazıb bütün zamanlar üçün:
Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan bölünmüş bir dəli çayda.
Onun şəxsiyyət, xarakter özəlliyinin bir doğma möhürü, təsdiqi də var ki, dillər əzbəridi; Söhrab Tahir öz imzasını ədəbi mühitdə tanıtdığı gündən bəri hansı ədəbi nəslə mənsub olmalarından asılı olmayaraq hər kəsin “əmi”sidi. Və çox vaxt valideynlərindən yadigar olan Söhrab adı bu “əmi” müraciətinin kölgəsindən özünü güclə xilas edir. Eyni zamanda Söhrab Tahirin simasında “əmi” sözü daşıdığı qohumluq anlayışı, yozumundan çıxıb, daha çox “ustad”, “ağsaqqal”, “vətəndaş”, “ideal” mənasını kəsb edib. Əslində onu olduğu kimi tanıyıb-bilənlər bu “əmi” sözünün can evində otaylı-bu taylı Azərbaycanımızın Sovet sistemindən çəkdiklərinin, çarizm basqısından alınan yaraların ağrısını ümumiləşdiriblər – sözün həqiqi mənasında “əmi” sözü vətən ağrısının ifadəsinə dönüb. Bu müraciət, ərkli “əmi” ifadəsi ilk növbədə unudulmaz Məmməd Arazın dil əzbəri olub. Vətəndaşlıq duyğularımızın, azərbaycançılıq düşüncəmizin ən parlaq səhifəsində bu sözün özündə ehtiva etdiyi ərk yeri anlayışı da yer tutmaqdadı. O səbəbdən ki, Söhrab Tahirə qədər doğma yurdundan didərgin düşüb vətənin bu tayına pənah gətirmiş heç bir cənublu şair ikiyə bölünmüş bir millətin qəlb acısını onun qədər kövrək, eyni zamanda da, yenilməz düşüncəylə əks etdirə bilməmişdi:
İkili yaşadım həyatımı mən,
İkili səsimdə birləşdi xalqım.
Qovdum ikiliyi öz ürəyimdən,
Böyük ürəyimdə birləşdi xalqım.
Söhrab Tahir öz şair ömrünü ümidin və dözümün ədəbiyyətə hesablanan heykəlinə, simvoluna çevirən nadir şəxsiyyətlərdəndir. Hər şeydən əvvəl qəlbinin vətən istəyiylə böyükdü. Hər şeydən əvvəl insanlara və cəmiyyətə, milli dəyərlərə dönməz münasibətilə böyükdü. Bəzən adamın heyifi gəlir ki, bu böyük şəxsiyyət, dəyərli şair özünün təbii dahi olmaq hissini, istəyini həyat və cəmiyyət qayğılarının ayağına vermək zorunda qalıb, kiminsə müşgül işinin yoluna qoyulmasına sərf edib – yəni həyatını insanca yaşayıb. Və bu yaşamın nisgilini də qürurla daşıyıb:
Əlvida, ey dahi olmaq həvəsim,
Çatmadı o yerə ağlım, nəfəsim.
Ancaq öz evimdə dolaşdı səsim,
Ey hədər
sovrulan gücüm, əlvida.
Eyni zamanda onun da fərqindəyik
ki, S.Tahirin “ey hədər sovrulan gücüm” deyə dəyərləndirdiyi
həqiqət əslində
onun böyük insan təvazökarlığının
ifadəsidi. Ona görə ki,
Söhrab Tahirin ömür yolunun hər anı xalqa millətə, ədəbiyyata xidmətdə
keçib. Onun hətta “ey hədər sovrulan gücüm, əlvida” deyə təəssüf etdiyi misraların ardınca belə yaşadığı böyük
ömrün əsl qayəsi, nədənliyi gəlməkdədi:
Uçmadım, uçmadım neçə
il olar,
Bir cüt vicdan düşmüş
qanadım qalar.
Ey vətən tərəfə
uçan durnalar,
Mənim
qanadımla uçun,
əlvida...
Başıma gör necə oyun açdılar,
Niyə başsız qoydu məni başçılar?
Hələ də gözləyir
gözü yaşlılar,
Ey anam, qardaşım, bacım, əlvida...
Söhrab Tahir Allahın ona bəxş etdiyi ömrün hər anını böyük amalların, xalq istəyinin yolunda şam kimi əridə-əridə
yaşayan, sənətkar
fədakarlığının örnəyini yapan bir qələm adamıdı. Onun yaradıcılığı bütün zamanlarda azadlıq mücadiləsini
ömrünün mənasına
çevirən insanların
yanında olub, onlara güc-qüvvət,
ümid, dözüm hissi aşılayıb.
“Gücü döyüşlərə
çatmayan adamların”
təbiətinə eyhamlı
təbəssümlə “özünə
dön!” təpəri
aşılayıb. “Özünü yuxuya verən millətin gecəsi bəllidir günortasından” uzaqgörənliyini
ortaya qoyub.
Danılmaz həqiqətdir ki,
S.Tahirin dil əzbəri olan aşağıdakı misraları
ötən əsrin
70-80-ci illərində bütöv
bir nəsil Azərbaycan insanının
vətəndaşlıq müstəvisində
tərbiyəsində, baxış
və mövqelərinin
formalaşmasında əsl
məktəb rolu oynayıb:
Azad qardaşım var, onunla xoşam,
Mən gərək
sahili sahilə qoşam.
İki bölünməkdən elə
qorxmuşam;
Çöpü də ikiyə bölmərəm daha.
Onunla həmsöhbət
olmaq, xatirələrini
dinləmək böyük
bir epopeya, tarixlə üzbəüz
qalmaq kimidi. Ədəbi məclislərdə
etdiyi çıxışların,
söylədiyi şeirlərin
hər məqamından
böyük bir insanın həyat təcrübəsi, zalımlığa,
qəviliyə dirənişi
və bütün çəkdiklərinə rəğmən
qürurlu qala bilməsinin dərsi, hesabı sirayət edir qarşı tərəfə.
Heç unuda bilmirəm, doğma rayonumda keçiriləcək yubiley
tədbirimdə şəxsən
iştirak edəcəyini
bildirmiş, dəqiq vaxtında həyətdə
birgə səfərə
çıxacağı dostları
gözləyəcəyini demişdi. Təəssüf edirəm ki, son anda Söhrab əminin səhhəti buna yol vermədi.
Açığı, uzaq yol yorğunluğunu da qıymadım ona. Ancaq tədbir günü dəfələrlə
zəng edib bizimlə bir arada ola
bilməməsi üçün
təəssüfünü bildirdi. Bu diqqətin,
nigarançılığın özü bir tərbiyə məktəbiydi,
əsl diqqət idi mənim üçün. O anlarda
keçirdiyi təəssüf
hissinə görə
belə ən səmimi duyğularımla
“bütün yaxşılıqların,
diqqətin üçün
çox sağ ol, Söhrab əmi, həmişə qəlbimizdə, yanımızdasan”
- deyəndə də
mən onun əsl azərbaycanlı simasını görür,
duyurdum. Bilirəm ki, qəlb qırmağa,
adam intizarda
qoymağa çox dözümsüzdü Söhrab
əmi. İnsanın insanın yanında
olması yaşamı,
istəyi və gərəkliliyi onun özünün və poeziyasının başlıca
meyarıdı. Bu meyarla tərbiyələnməyə
dəyər. Bu meyarla
şeir yazmaq olar-necə ki, aşağıdakı şeiri
də həmin duyğularla qələmə
almışam:
Barı
kölgəmisə özünlə
apar,
Görənlər yanında boş yer görməsin.
Boş qalan yerlərə göz dikən çoxdur,
İzlərin içində iz yiyəsi var,
Boş qalan hər yerin yüz yiyəsi var,
Səndən soruşsalar “o yer boşdumu?”
Boş qalan yerlərdən gözlərim qorxur,
Deyərsən: - “o yerin öz
yiyəsi var”.
Yandığım atəşdə, yandığım
odda
İsit
ürəyini, nə deyirəm ki...
O atəş könlümün
ahından düşüb,
Yiyəsiz nə var ki, bu yer
üzündə;
Ocaq yiyəsi var, köz yiyəsi var –
Bu eşqin odunda bir yanan olsa,
Deyərsən: - “o yerin öz
yiyəsi var”.
Tutub divarlardan kor sual gəzir,
Böylə sualların cavabı
bəlli,
Günahı bəllidir, savabı bəlli.
Hələ deyilməmiş söz
yiyəsi var,
Cığır yiyəsi var, iz yiyəsi var.
Tutub divarlardanj kor sual gəzir...
Gözümün altında dayanıb
belə,
Gözümün üstünə göz
dikənlərə
Deyərsən: - “o yerin öz yiyəsi var”.
Kaspi.-11-13
oktyabr.-S.