Xalq qəhrəmanı

 

Gəncəli millət fədaisi Sarı Ələkbər İmamqulunun nəsillərə örnək həyat yolu

 

Gəncənin XX əsr tarixində xüsusi xidmətləri olan şəxsiyyətləri sırasında Sarı Ələkbər İmamqulu adlı xalq qəhrəmanının özünəməxsus yeri var. Qədim Gəncədə - 1874-ci ildə anadan olan bu görkəmli qəhrəman ilkin təhsilini də bu şəhərdə alıb. Sonra isə xalqa zülm etmiş ayrı-ayrı çar məmurlarına qarşı mübarizədə qəhrəman qaçaqlarla birgə uzun müddət mübarizə aparıb. XX əsrin birinci yarısında isə artıq milli müstəqillik tariximizin bərqərar olması ilə Sarı Ələkbər də Azərbaycan Demokratik Cümhuriyyətinin fəal mübarizlərindən birinə çevrilib. O, 1918-1919-cu illərdə Cümhuriyyətin qurulmasında iştirak edib, dövlət-xalq münasibətlərinin formalaşdırılmasında fəallıq göstərib. Lakin Azərbaycanın sovet qoşunları tərəfindən işğalı nəticəsində Sarı Ələkbər də qaçaq həyatına qayıdıb, xalqa zülm edənlərə qarşı mübarizə aparıb. Mənbələrin qəhrəman haqqında məlumatları da fərqlidir. Bir məlumata görə, bu mübariz qəhrəman müəmmalı şəkildə 1920 və yaxud 1921-ci ilin əvvəllərində vəfat edib, yaxud xain erməni satqınlarından birinin əli ilə öldürülüb.

Gəncə şəhərində yerləşən bir neçə mülkün Sarı Ələkbərin ailəsinə mənsub olduğu bildirilir. Bunlardan biri indiki 2 saylı Uşaq poliklinikasının yerləşdiyi binadır. Digər iki keçmiş yaşayış evi – indiki MTN binası və Atatürk prospektindəki mülklərdən birinin də bu görkəmli şəxsiyyətə mənsub olduğu qeyd edilir.

Bəzi mənbələrdə Sarı Ələkbər Gəncə üsyanının (1920) iştirakçısı kimi qeyd olunub. “Sarı Ələkbər Gəncədəki Xəlfəli məhəlləsinin adlı-sanlı nəsillərindəndir. Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdəndir. O, azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından (1905) «Difai» milli təşkilatının üzvü olub, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstələrindən birinə başçılıq edib. Həmçinin zəngin tacir Sarı Ələkbər gəncəlilərin xətrində xeyriyyəçi, məktəb, xəstəxana açan, ehtiyacı olanlara yardımını əsirgəməyən bir millətsevər kimi qalıb”.

 

Həyat romanı

 

Xalq qəhrəmanı haqqında mənbələrdə yer alan məlumatlar onun həyatı haqqında gerçək həqiqətləri o qədər də dolğun əks etdirmir. Hazırda Ankarada yaşayan nəvələri - Türkan və Gülhan xanımlar bu faktların çoxunu təsdiqləsələr də, xalq qəhrəmanı haqqında çoxlarına məlum olmayan həqiqətləri də dilə gətirdilər. Onların yaddaşlarında qalan, analarından, qohum-əqrəbalarından eşitdikləri xalq qəhrəmanı haqqında mənbələrdə yer alan bilgilərə dəqiqlik və zənginlik qatdı.

Nə Türkan xanım, nə də Gülhan xanım babalarını həyatda görüb. Onlar o vaxt heç dünyaya da gəlməmişdilər. Ancaq analarından, dayılarından eşitdikləri xatirələr, söhbətlər ömürlük yaddaşlarına yazılıb. Onlar bu tarixi “həyat romanı” adlandırırlar. Oxuduqca maraq kəsb edən, insanlar üçün həyatın keşməkeşli sirlərini anladan, onlara ləyaqəti, düzlüyü, mərdliyi təlqin edən və heç zaman yaddan çıxmayan həyat hekayəsi. Onlar bu həyat hekayəsini nəql edərkən həm qürur duyur, həm də kədərli səhifələrinin təsirindən kövrəlir, göz yaşlarını gizlədə bilmirlər.

Evlərində qonaq olub bu iki əsilzadə xanımın babaları, nənələri, ümumən ailələri haqqında söylədiklərini, Gəncə ilə bağlı eşitdiklərini dinlədim.

Türkan xanım danışır ki, babası Sarı Ələkbər İmamqulu Gəncədə tanınmış insan olub. “O, sözü eşidilən, hamı tərəfindən hörmət edilən xalq qəhrəmanı idi. Babam Azərbaycanın qurtuluşu üçün ilk ordu quran insan kimi xidmət göstərib. Çar dövründə Azərbaycanda ordu olmadığı üçün insanlar hərbi xidmətə getmək istəmirmiş. Ancaq babam öz qohum-əqrəbasından olan gəncləri cəlb etməklə ordu qurub. Türkiyədən Nuru Paşa Azərbaycana gəldiyi zaman mənim babam da onunla bərabər hərəkət edib. Onlar Azərbaycanın qurtuluşu üçün mübarizə aparıblar. 1920-ci ildə Azərbaycanda ixtişaşlar baş verir. Ona görə babam oranı tərk etmək məcburiyyətində qalır. Babamın qardaşını öldürmüşdülər. Əgər babam qalsaydı, onu da öldürəcəkdilər”.

Təhlükədən canını zorla qurtaran Sarı Ələkbər Tiflisə pənah aparır. Orada gürcülərlə birləşib yenidən mübarizəsini davam etdirməyi düşünür. Ancaq gürcülərin təslim olduğunu görür. Ona görə də Batumdan Türkiyəyə keçməli olur. “Babamın böyük oğlunu da arxasınca ona çatdırırlar. Çünki dayım orda qalsaydı, onu öldürəcəkdilər. Həmin tarixdə Məmmədəmin Rəsulzadə də Polşaya gedir. Anamın danışdığına görə, babam Trabzona gəlib oradakı paşalarla, türk süvariləri ilə görüşəcəkmiş. Ancaq o vaxtı çar sərhədləri qapadır və babam bir də Azərbaycana qayıda bilmir. Babam oğlu İsmayılla birlikdə Türkiyədə qalmalı olur”. Anam həmişə babamla dayımın Gəncədən ayrılmaları tarixçəsini kədərlə xatırlayırdı: “Babamgil çox varlı idilər. Onun Gəncədə otelləri, mülkləri vardı. İndi həmin mülkdə Uşaq Poliklinikası yerləşir. Həmin bina vaxtilə otel olub. Gəncədə parkın qarşısındakı köhnə MTN-nin binası mənim babamın evi olub. Ara məhəllələrdə üstü kirəmidli evlər də babamın olub.

Babamla dayım Araz çayından keçərək Türkiyəyə gəlirlər. Babam Trabzona gəlir və sonra Qarsda yerləşir. Babam 5 il bu şəhərdə yaşayır. O, 1938-ci ildə vəfat edir.

Sarı Ələkbər oğlu ilə Türkiyəyə gəlincə çətin günlər yaşayır. Orada kiçik bir dükan açır. Dostları da ona kömək edir. Çətinliklərə baxmayaraq oğlunu oxudur. “Dayım İsmayıl tibb təhsili alır. Hətta, dayım atasına məktub yazır ki, «anam və bacı-qardaşlarım daha gələ bilməyəcəklər. Sən Trabzonda yalnız qaldın. Evlənə bilərsən». Babam isə ona «Sən belə bir şeyi mənə necə deyə bilərsən - deyə İsmayıla hirslənib. Babam sədaqətli insan idi. O, düz 13 il evlənmir”.

O zaman Sarı Ələkbərin bütün ailəsi üçün təhlükə yaranır. Həyat yoldaşı, qızı və kiçik oğlu Firudin uzaq bir kəndə gedir və 9 ay orada yaşamalı olurlar. Onlar düz 5 il ailənin başçısından - Sarı Ələkbərdən xəbər tuta bilmirlər. 9 aydan sonra ailə kənddən Gəncəyə gəlir. Artıq bir qədər sakitlik, nizam yaransa da qəfildən hər şey dəyişir – ailənin bütün mülkləri, var-dövlətləri əllərindən alınır. “Leninin dövründə qadınları, uşaqları sürgünə göndərmirdilər. Stalin hakimiyyətə gələndən sonra qadın və uşaqları da sürgünə göndərməyə başladılar. 1931-ci ildə anamı, qardaşını və nənəmi Aral gölünə sürgün edirlər. Babamın anası Başxanım 85 yaşında idi. O, sürgünə getməyə bilərdi. Ancaq nənəm: «Mən sizi yalnız buraxa bilmərəm, oğluma nə cavab verərəm? Ölsəm də sizinlə gələcəyəm» - deyə inadından dönmür. Onlar mal-qara aparılan vaqonlarda 15 gün yol gedirlər. Nəzarətçilər yolun əzablarına dözməyən uşaqların cəsədlərini də qatardan asırmışlar ki, getdikləri yerdə təhvil versinlər. Qatarla getdikləri yol başa çatdıqdan sonra onları vapurla göldən adaya aparır, orada kiçik daxmalarda yerləşdirirlər. Böyük nənəm konserv kombinatında çalışır. Orada 6 ay yaşayırlar. Əzablara dözməyən böyük nənəm orada dünyasını dəyişir”.

Uzaq bir adada susuz, yeməksiz bir şəraitdə yaşamaq asan deyildi. Həyatın ən acı sınaqları ilə üz-üzə idilər. “Nənəm paltarının altında gizlətdiyi qızıl boyunbağı ilə bir rus qadınının satdığı keçini alır və onun südünü hər gün uşaqlarına verirmiş. Həmin süd anamgilin həyatını xilas edir. Adadan qaçıb canlarını xilas etmələri də mümkün deyildi”.

Adaya sürgün olunanlar ölkə rəhbərinə - Stalinə teleqram vuraraq orada yaşamağın mümkünsüz olduğunu bildirirlər. Stalinin əmri sürgündə olanları Qazaxıstana göndərirlər. “Anamgil iki il də Qazaxıstanda sürgün həyatı yaşayırlar. Ancaq oradan qaçıb canını qurtaranlar olurdu. Anam da onlara baxıb «Biz də qaçıb canımızı qurtaracağıq» deyir. Anam iki uşağını götürüb sürgündə olduğu yerdən qaçır. «İvanovka çayını keçdik. Bir rus kəndinə gəldik. Orada bir araba kirayələyib qatar stansiyasına gəlib çatdıq. Vapurla Xəzər dənizindən keçib Bakıya gəldik. Bakıdan qatarla Gəncəyə yola düşdük. Ancaq sürgün cəzamız bitməmişdi» - deyə anam danışırdı. Anamgil Gəncədə Nərgiz adlı bibilərinin evində yerləşirlər. Daha sonra isə bir ev kirayələyib qohumlarının köməyi ilə bir ay orada yaşayırlar. Anam məktəbdə təhsilini davam etdirməyə başlayır. Ancaq kimin qızı olduğunu bilincə onu məktəbdən qovurlar. Həmin ərəfədə babamın bir dostu Türkiyədən gəlir və o, «Sizi Türkiyəyə keçirəcəyəm» - deyir. Aradan 13 il keçmişdi. Ancaq onlar Türkiyəyə gedərkən özləri ilə o evdən əyin-başdan başqa heç nə götürə bilmirlər. Hətta anam deyirdi ki, kaş ki, oradakı sərvətimizin bir qismini fəqirlərə verərdik.

Anam doğulan zaman “iki oğul övladından sonra qız doğuldu”- deyə, bir neçə qurban kəsmişdilər. Adını da Brilyant qoymuşdular anamın. O həmişə zarafatla deyərdi ki, mənim adımı “Brilyant” qoydular, ancaq bütün mal-mülk əldən getdi”.

 

Məmmədəminin məktubu

 

“Babamın çoxlu dostları olub. Azərbaycanın milli azadlıq mücadiləsinin fəallarından olan, Gəncə valisi Xudadat bəy Rəfibəyli babamın dostu olub. Xudadat bəy Azərbaycanın milli istiqlal mübarizəsi tarixində şanlı iz qoyub, müdrikliyi, insanpərvərliyi ilə tanınıb, həyatının sonuna kimi mənsub olduğu millətinin səadəti uğrunda çalışıb. Bu yolda üzləşdiyi təqiblər, həbslər, sürgünlər onu qorxuda və yolundan döndərə bilməyib”- deyə Türkan xanım söhbətinə davam edir: “Ancaq kommunistlər onu da öldürürlər. O, Məmmədəmin Rəsulzadə ilə birlikdə çalışmışdı. Babam dünyasını dəyişəndə Məmmədəmin Rəsulzadə Polşadan məktub yazaraq dayım Ərtoğrula başsağlığı verir. O məktub indi də qalır. «Sənin atanın Azərbaycan üçün etdiyi xidmətlər çox böyükdür»- deyə Məmmədəmin yazıb. Sonra Rəsulzadə xanımı ilə Türkiyəyə gəldi. O, polşalı bir xanımla evlənmişdi. Onlar Türkiyədə bizim evimizdə qonaq oldular. Məmməd Əminin siması indiyə kimi yadımdadır. Mənim 7-8 yaşım olardı. O, çox gözəl insan idi. Çox səliqəli geyinmişdi. Azərbaycan bayrağı o zaman mənim əmim Feyzi Ağüzümün evində idi. Əmim Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri idi. Elçibəy Türkiyəyə gələndə o bayrağı istədilər. Əmim artıq dünyasını dəyişmişdi. Xanımı bayrağı verdi. İndi həmin bayrağın harada olduğunu bilmirik”.

 

“Allaha inanın, o bizi cəhənnəmdən qurtardı”

 

Ailə Türkiyədə yerləşdikdən, başçısını itirdikdən sonra da dözüm gətirir. Artıq uşaqlar böyümüşdü. “Anamın böyük qardaşı – İsmayıl Sarıyal o müddətdə Türkiyədə oxumuş və həkimlik ixtisasına yiyələnmişdi. Türkiyəyə gələndə isə 15 yaşı vardı. Rus dilini gözəl bilirdi. Dostayevskinin, Tolstoyun əsərlərini rus dilində oxuyurdu. O, uzun illər Səhiyyə Nazirliyinin baş müfəttişi kimi çalışdı. Həyat yoldaşı Nəbahət xanım isə Türkiyə Cümhuriyyətinin ilk qadın prokurorlarından idi. Kiçik dayım Firudin Sarıyal isə uzun illər dövlətdə məmur kimi çalışdı”.

O vaxt Sarıyallar ailəsinin yaxın dostu olan bir ailənin oğlu bu qapıya elçi düşür - Brilyant xanımla evlənmək istədiyini bildirir. Onlar ailə qururlar. “Atam Lətif hüquq fakültəsini bitirmişdi, vəkil idi. Onlar da vaxtilə Qarabağdan gəlib Qarsda yerləşən bir ailə idilər. Onlar Qarabağda yaşadıqları Ağüzüm kəndinin adını elə Qarsda yaşadıqları kəndə vermişdilər. Atam sonradan millət vəkili oldu. Anam onunla bir mərasimə gedərkən hamı ona böyük hörmə göstərər, əlindən öpərdi”.

Bu ailədə dörd uşaq dünyaya gəlir. Türkan xanım kənd təsərrüfatı mühəndisi, Gülhan xanım əczaçı, İlhan millət vəkili və turizm rəhbəri, Turhan universitet professoru olur: ”Valideynlərim bizi başqa cür tərbiyələndirmişdi. Anam heç mala-mülkə dəyər verməzdi. O, 16 otaqlı bir evdə doğulmuşdu. Ancaq dünya malı onun üçün qiymətli deyildi. Həmişə deyərdi ki, “Allaha inanın, o bizi cəhənnəmdən qurtardı. Dəmir pərdədən qaçmaq imkansız idi. Ancaq Allah bizi bir quşun qanadında Türkiyəyə keçirdi. Allahın əlində hər şey çox asandır”. Anam deyərdi ki, bu məmləkətin qiymətini bilin. O, çox gözəl və ağıllı qadın olub. Gördüyü müsibətlərə, yaşadığı acılara baxmayaraq sınmamışdı. Atam anamın ailəsinə çox dəyər verirdi. Atam bizə deyərdi ki, heç vaxt məktəbdə “kimin qızısınız?”- deyə sizdən soruşanda, deməyin ki, atamız millət vəkilidir, deyin vəkildir” deyərdi. O, 40 il siyasət sahəsində çalışdı. Millət vəkili kimi tanınır və sevilirdi. Atam millət vəkili olanda Moskvaya getmişdi. Heydər Əliyev də onunla səmimi görüşmüşdü. Oradan Bakıya getmək istəyərkən qoymamışdılar. O zaman SSRİ ilə Türkiyə arasındakı münasibətlər buna imkan verməmişdi. Atam avtomobil qəzasında dünyasını dəyişdi”- deyə Türkan xanım danışır.

Valideynlərinin övladlarına verdikləri öyüd və nəsihətlər isə onların həmişə əlindən tutur. Onları öz torpaqlarını, keçmişlərini sevməyi və unutmamağı öyrədir: “Ata-anamızın həyatı bizim üçün ləyaqət nümunəsi idi. Üstəlik qəhrəman babamızın həyat hekayəsinə bələd idik. Bunlar bizim üçün məktəb idi. Bacımla mən və qardaşlarım həmişə nəslimizin adına layiq olmağa çalışdıq” - deyir Türkan xanım.

 

Onu Gəncədə tanımayan varmı?

 

Bu ailə Azərbaycana çox bağlıdır. Azərbaycanı sevgi ilə anırlar. Gülhan xanımın evində demək olar ki, Azərbaycan guşəsi var. Xalq mahnılarından ibarət CD-lər, Azərbaycan haqqında fotolar, kitablar bu guşədə yer alıb. Ən əsası, onların dillərindən düşməyən Azərbaycan kəlməsi, qəlblərində bu torpağa sonsuz sevgi yer alıb.

Türkan xanım Azərbaycan haqqında analarından çox eşitdiklərini deyir: “O, Azərbaycanı cənnət guşəsi kimi xatırlayırdı. Anam «Vətən, Vətən» deyərək dünyasını dəyişdi. O, Azərbaycandan danışardı, biz ağlayardıq. Azərbaycan adı heç onun dilindən düşməzdi. Anam atasını 13 yaşında ikən görmüşdü. O, 80 yaşında dünyasını dəyişdi. Ancaq o, daha heç vaxt Azərbaycanı görmədi. Qardaşım ona dəfələrlə «Səni Azərbaycana aparım» - desə də anam getmədi. Bəlkə başına gələnlər onun qəlbini sındırmışdı. Onun içində hələ də kommunizmin qorxusu vardı - bəlkə ona görə getmək istəmədi. 10 yaşında sürgünə getmək asandırmı?”

Gülhan xanım danışır ki, həyat yoldaşı Şamil bəy İstanbulun millət vəkili olub. O, Gəncədə olarkən «Sarı Ələkbər həyat yoldaşımın babasıdır» - deyincə, masada oturan ağsaqqal bir kişi dərhal ayağa qalxıb və əlini stola vuraraq heyrətlə «Siz nə deyirsiniz, onu Gəncədə tanımayan varmı? O, çox mühüm adamdır» deyə bildirib. “Sonra da Şamil bəyi babamın vaxtilə yaşadığı evə aparıb. Şamil bəy çox duyğulanmışdı və həmin evin qarşısında şəkil də çəkdirmişdi”.

Türkan xanım da, Gülhan xanım da deyirlər ki, babaları, onun şərəfli həyat yolu ilə qürur duyurlar. Özləri bu tarixi unuda bilmədikləri kimi, gəncləri də bu tarixdən dərs götürməyə, öyrənməyə, öyrətməyə və unutmamağa çağırırlar.

 

Təranə Məhərrəmova

Ankara

Kaspi.-2014.-14 oktyabr.-S.