Bu, əlçatmaz və
inanılmaz bir qalibiyyət idi...
Rəqqasə Oksana Rəsulova: “Hindlilər SMS, Azərbaycan
vətəndaşları isə internet
vasitəsilə mənə dəstək oldular”
Bir həftədir ki, ölkədə hamı rəqqasə Oksana Rəsulovanın Hindistandakı uğurundan danışır. Belə ki, Oksana Hindistanın məşhur rəqs və aktyorluq müsabiqəsi olan “İndias Best Cine Star Ki Khoj” yarışmasında iştirak edərək birincilik əldə edib. Bundan əlavə, azərbaycanlı rəqqasə şounun “Gözəl simalı qızı” nominasiyasına da layiq görülüb.
Əldə etdiyi uğur barədə “Kaspi”yə danışan rəqqasə Azərbaycan xalqının ona böyük dəstək olduğunu, vətəndən kənarda xalqının dəstəyinə böyük ehtiyac duyduğunu bildirdi. Oksananı təbrik edərək ilk öncə müsabiqə barədə təəssüratlarını öyrəndik:
- Müsabiqəyə gedərkən elə hesab edirdim ki, qalib ola bilməyəcəyəm. Hindistanlı olmadığım üçün həmin müsabiqənin qalibi olacağıma şübhə ilə yanaşırdım. Çünki bu, hindlilərin yarışması idi. Düşünürdüm ki, şounun yalnız yarısına qədər iştirak edə biləcəyəm. Amma yarışma o qədər dürüst şəkildə aparıldı ki, nəticədə mən qalib oldum. SMS-lər və internet vasitəsi ilə səsvermə nəticəsində qalib bəlli oldu. Sağ olsun tamaşaçılarım ki, məni qalib etdilər. Bu mənim üçün əlçatmaz və inanılmaz bir qalibiyyət idi. Belə ki, həmin müsabiqəyə ilk olaraq 6 min nəfərdən 2500 nəfər seçildi. 2500 nəfərdən 100 nəfər müsabiqəyə keçid vərəqəsi qazandı. Daha sonra 12 nəfər müsabiqəyə buraxıldı - 6 oğlan, 6 qız. Onların içində bir qız və bir oğlan qalib gəldi. Qalib olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Bunu çox böyük uğur kimi qəbul edirəm. Müsabiqə zamanı çox əziyyət çəkdim. Hər gün cəmi iki saat yatırdım. Səhərdən axşama kimi öz üzərimdə çalışıb, məşqlər edirdim. Sevdiyim işlə məşğul olurdum - aktyorluq, rəqs. Sevdiyim aktyorlarla birlikdə idim. İnanmazdım ki, bu cür möhtəşəm müsabiqədə qalib olacam. Neçə min hindistanlının içərisindən qalib olmaq gözlənilməz idi. Azərbaycan xalqı mənə dəstək oldu. Sizin vasitənizlə hər kəsə təşəkkürümü bildirirəm. Orada başa düşdüm ki, mən əsl azərbaycanlıyam. Müsabiqə ərəfəsində dostlarımı, düşmənlərimi də tanıdım. Bu mənim üçün böyük məktəb oldu.
- Qeyd
etdiniz ki, hindlilərin
müsabiqəsi idi deyə, qalib olacağınıza əmin deyildiniz. Bəs sizin
qalibiyyətiniz hind
iştirakçıları tərəfindən
qısqanclıqla qarşılandımı?
- Qısqanclığın olması təbii idi. Bunu normal qəbul edirəm. Həmin müsabiqədə birincilik mükafatından əlavə, şounun “Gözəl simalı” iştirakçı da seçildim. Oradakı hindli iştirakçıların haqqımda dediyi sözlərin heç birinə əhəmiyyət vermədim. Müsabiqədə rəqabət hər zaman olmalıdır. Bu çox böyük yarışma idi. Hindistanda ilk dəfə belə bir yarışma 2004-cü ildə keçirilmişdi. İkinci dəfə idi ki, belə bir müsabiqə keçirilirdi. “İndias Best Cine Star Ki Khoj” yarışması əslində çox böyük bir yarışma olduğu üçün tez-tez keçirilmir. Azərbaycan xalqına böyük minnətdarlığımı bildirirəm ki, xaricdə mənə böyük dəstək oldular. Sosial şəbəkələrdə görürdüm ki, çoxları mənə səs vermək üçün əllərindən gələni edir. Hindlilər SMS, Azərbaycan vətəndaşları isə internet vasitəsilə mənə dəstək oldular. Hər zaman Azərbaycanın vətəndaşı olduğumu unutmamışam. Qərib ölkədə olduğum zaman xalqımdan özümə qarşı belə dəstək görəndə çox sevindim və fəxr hissi duydum.
- Bu
yarışma sizin həyatınızda nələri
dəyişdi?
- Oksana əvvəlki kimi qalıb. Dəyişən o
oldu ki, artıq Azərbaycanı
bir çox
hindistanlı tanıdı. Hər dəfə mən səhnəyə
çıxanda “Azərbaycanın gözəli Oksana” kimi təqdim edirdilər.
O zaman mən çox
kövrəlir və xoş hisslər keçirirdim. Qalib gəldim
və mükafat olaraq
da Mahesh Bhattın
filmində baş rollardan
birini canlandıracağam. Həmin filmdə
tərəf müqabillərim Hindistanın tanınmış
simaları olacaq. Birlikdə çəkiləcəyim
ulduzların adları tam olaraq
açıqlanmır. Mahesh Bhatt çox məşhur
film ustasıdır və Zee
TV kanalı o filmə prodüserlik
edəcək. Zee TV kanalı ilə
qalib kimi 3 illik müqaviləm var.
Harada Zee TV varsa, orada mən olacam. İki aya
film çəkilişləri başlayacaq. Üç həftədən
sonra bu işlərə görə
Hindistana getməliyəm.
İnşallah, işlərimiz bundan
da yaxşı olacaq. İstəyərdim ki, tamaşaçılarım
hər zaman mənə belə dəstək olsunlar.
- Deyirlər, insan öz dostunu
həm dar, həm də xoş gündə tanıyır. Dostlarınız sizə müsabiqə
zamanı dəstək
oldularmı?
- Əlbəttə. Yaxın
dostlarım mənə
çox dəstək
oldular. Natəvan Həbibi, İlhamə Qasımova və bütün sənət dostlarım, şou-biznes nümayəndələri çox
dəstək göstərdilər.
Ən çox da mənə
yaxın dostum Natəvan dəstək oldu. Demək olar ki, hər bir səsvermə
ərəfəsində şəklimi
paylaşıb öz tamaşaçılarından mənə
dəstək istədilər.
Maraqlısı burasında idi
ki, gözləmədiyim
insanlardan Nigar Camal və Eldar
Qasımovdan mənə
böyük dəstək
gəldi. Çox şad
oldum. Onlar özləri də
böyük bir müsabiqədə həmin
hissləri keçirmişdilər
deyə məni yaxşı anlayırdılar.
- Orada çox maraqlı ssenari ilə çıxış edirdiniz.
Həmin ssenariləri
özünüz yazırdınız,
yoxsa kanal ssenariləri sizə təqdim edirdi?
- Ssenariləri təşkilatçı
özü verirdi. Sosial şəbəkə vasitəsi
ilə dostlarım məsləhət görürdülər
ki, başqa ssenariləri canlandırım.
Ancaq bu məndən asılı deyildi. Kanalın rəhbərliyi hər iştirakçıya bir ssenari verirdi. Biz sadəcə təqdim
olunanları öyrənib
onu məşq edirdik. Orada bizimlə 8 müəllim
çalışırdı. Hər kəsə uyğun ssenari yazılırdı.
Kimə nə verildi, onu da oynamalı
idi. Müsabiqədə iştirakçının istəyinə fikir verilmirdi. İxtiyarımız yox idi ki, nəyəsə narazılığımızı bildirək. Əynimdə olan libasları,
aksesuarları da onlar seçirdilər.
İştirakçılara paltarları dərzilər
tikirdi. Biz heç nəyə pul xərcləmirdik.
Hər şeyi şounun rəhbərləri təşkil
edirdilər.
- Müsabiqədə
dil baxımından
problem yaşadınızmı?
- Uşaqlıqdan hind filmlərinə
həvəsim olduğu
üçün, hind dilinə
diqqət yetirirdim. Müsabiqəyə getməmişdən əvvəl hind dilini bilirdim. Tərcüməsini də çox
yaxşı başa düşürəm. Müsabiqə zamanı hindcə ləhcəm daha da mükəmməlləşdi.
Mən
hind dilini ingilis dilindən daha mükəmməl bilirəm.
Onun üçün də bu müsabiqə zamanı dil sarıdan heç bir problem yaşamadım.
Zamanında öyrəndiyim bu
dil mənə böyük kömək oldu.
- Siz müsabiqədə iştirak
edən zaman sosial şəbəkələrdə
sizi qınayanlar da oldu. Kimisi
deyirdi ki, XXI əsrdə hər kəsin Avropalaşdığı
bir dövrdə Oksana dünyanın tanımadığı bir
müsabiqədə iştirak
etməklə böyük
nailiyyət əldə
etdiyini düşünür.
Sizin onlara münasibətiniz necədir?
- Mənim vətənimi hansı ölkədə təmsil etməyimin heç bir fərqi yoxdur. Azərbaycanı hər yerdə təmsil etmək bizim borcumuzdur. İstər Avropada, istər Şərq ölkələrində. Mən əgər Azərbaycanda hind rəqqasəsi kimi fəaliyyət göstərirəmsə, təbii ki, onu elə Hindistanın özündə təmsil etməliyəm. Bu normaldır. Mənim Hindistanda qalib olmağım fəxr edilməli bir haldır. O insanlar nə yazdıqlarını dərindən dərk etməyiblər.
Xəyalə Məmmədova
Kaspi.-2014.-15 oktyabr.-S.12.