Jurnalistlərin həmkarlar təşkilatlarının
yaradılması üçün zəmin
yaratmaq istəyirik
Gürcüstan Jurnalistlərin Müstəqil
Assosiasiyasının prezidenti Zviad Pochkua: “Bizdə
jurnalistlərin həmkarlar təşkilatının tarixi o qədər də
qədim deyil”
Gürcüstan Jurnalistlərin Müstəqil
Assosiasiyası Beynəlxalq Jurnalistlər Federasiyasının
(BJF ) media sahəsində
“Həmkarlar təşkilatlarının
bacarıqlarının inkişaf etdirilməsi”
layihəsinin iştirakçılarından biridir.
Cənubi Qafqaz ölkələri üzrə
həyata keçirilən layihə 3 il
müddətinə nəzərdə tutulub.
Assosiasiyanın prezidenti Zviad
Pochkua “Kaspi”yə müsahibəsində
layihənin Avropa Komissiyasının maliyyə
dəstəyi ilə həyata keçirildiyini
bildirməklə bərabər, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti
haqqında ətraflı söhbət açdı.
Jurnalistlərin vəziyyəti
- Layihə ölkə redaksiyalarında həmkarlar təşkilatlarının yaradılması ilə üzrə icra olunacaq. Demək olar ki, biz bu müddətdə ölkədə jurnalist həmkarlar təşkilatlarının yaradılması üçün zəmin yarada bilərik. Hələlik heç bir redaksiyada jurnalist həmkarlar təşkilatı yoxdur. İndiyə qədər bu təşkilatların yaranmamasının səbəbi jurnalistlərin onun mahiyyətini başa düşməməsi ilə bağlıdır. Gürcüstanda jurnalistlərin həmkarlar təşkilatının tarixi o qədər də qədim deyil. Bizim üçün hər şeyi sıfırdan başlamaq lazım gələcək. Bunun üçün ilk növbədə biz həmkarların mahiyyətini media təmsilçilərinə izah etməliyik. Biz onlara bu təşkilatın nə üçün lazım olduğunu və hansı xeyri verə biləcəyini anlatmalıyıq. Yalnız bundan sonra jurnalistlər bu təşkilata üzv ola bilərlər. Həmçinin jurnalistlərin sərbəst işləmələri, tədqiqatlar aparmaları üçün şərait yaratmalıyıq. Biz bunun üçün treninqlər təşkil edəcəyik. Həmçinin Gürcüstanın regionlarında layihə çərçivəsində treninqlər həyata keçiriləcək. Bu treninqlər həmkarlar təşkilatlarının filiallarının yaradılması məqsədilə keçiriləcək. Bu istiqamətdə 3 trener hazırlanıb. Hazırda ölkədə Jurnalistlərin Müstəqil Assosiasiyası olsa da, hələlik redaksiyalarda özəklər yaradılmayıb və bu istiqamətdə işlər görüləcək.
- Sizin
təşkilatın neçə üzvü
var? Onlar
assosiasiyanın fəaliyyətinə hansı köməkliyi
göstərirlər? Maliyyəniz haradandır?
- Biz son 4 il ərzində Avropa İttifaqının maliyyəsi hesabına fəaliyyət göstərmişik. Ancaq müəyyən bir dövr oldu ki, hakimiyyət bu maliyyəni əngəllədi. Təbii ki, bu, bizim fəaliyyətimizə təsir göstərdi. İndi vəziyyət dəyişib və biz yenidən aktiv fəaliyyətə başlamışıq. Yenidən ümid edirik ki, paralel olaraq beynəlxalq təşkilatların maliyyə yardımı ilə fəaliyyətimizi gücləndirəcəyik. Hazırda aktiv jurnalist kimi fəaliyyət göstərən 150 jurnalist təşkilata üzvdür. Onlar təkcə Tbilisidə deyil, həmçinin regionlarda yaşayırlar. Onların köməyinə gəlincə, jurnalistlər dəstəyi bizdən gözləyirlər. Onlar bizə ərizə ilə müraciət edərək təhlükəsizliklərinin təmin olunmasını istəyirlər. Bir neçə il bundan əvvəl bir fotoreportyor həbs olunmuşdu. Biz onun azad olunmasında aktiv iştirak etdik və həmin jurnalist həbsdən azad edildi. Sahibkarlarla və ya dövlət strukturları ilə media qurumları arasında tez-tez müəyyən münaqişələr yaşanır. Biz bunun üçün onlara hüquqi baxımdan yardım göstəririk.
- Siz
jurnalistlərin sosial vəziyyəti, əmək
hüquqlarının pozulması, maaşları və əmək
müqavilələri ilə bağlı monitorinqlər keçirirsinizmi? Nəticələr necədir?
- Biz həmçinin söz azadlığı, jurnalistlərin ixtisaslaşmasının inkişafı, təhlükəsizliyi, əmək müqavilələri ilə bağlı və s. işlər görürük.
Təşkilat keçən il monitorinq keçirdi. Bu ilin
6 ayının monitorinqlərinin
nəticəsi də hazırdır. Biz monitorinqlər nəticəsində
jurnalistlərin necə
yaşamasını, hansı
şəraitdə işləmələrini
və hansı problemlərlə üzləşdiklərini
üzə çıxardıq.
Demək
olar ki, şəhərdə işləyən
jurnalistlərlə regionda
yaşayanların vəziyyəti
eynidir. Hamısının
maliyyə problemləri
var və bu onların yaşamı üçün
az əhəmiyyətli
deyil. Jurnalistlərin bir çoxu
müqavilələrlə işləyir.
Amma bizdə kollektiv müqavilə yoxdur.
Mən hansısa bir media təşkilatının kollektiv
müqaviləni həyata
keçirdiyini hələ
eşitməmişəm. Regional mediada görüşlərim
zamanı məlum oldu ki, onlarda
fərdi müqavilələr
də yoxdur. Regionlarda əmək haqları da çox aşağıdır.
Aylıq
əməkhaqqı 100 dollardan
başlayır. Paytaxtda isə
400 laridən başlayıb
2000 min lariyə (təxminən
1000 AZN) qədər yüksəlir.
Digər
tərəfdən, jurnalistlərin
çalışdığı media orqanlarında reklamın olmaması böyük problemdir. Xüsusən regionlarda bu
problem böyükdür. İri kompaniyalar region mediasında
reklamlarını yerləşdirmək
istəmirlər. Onlar daha
çox mərkəzdəki
telekanallarla işləməyə
üstünlük verirlər.
Mərkəzdəki televiziyalar reklam
bazarını monopoliyaya
alıb. Bu baxımdan, reklam bazarında qeyri-bərabər
rəqabət hökm
sürür. Həmçinin bir çox hallarda telekanalların lisenziyasını ayrı-ayrı
siyasi qruplar və hakimiyyətə yaxın insanlar əldə edirlər.
Digər
bir problem isə dövlət strukturlarından,
xüsusən də Xarici İşlər Nazirliyindən informasiyanın
əldə edilməsi
ilə bağlıdır.
Bu baxımdan, jurnalistlər böyük
çətinliklərlə üzləşirlər. Bu,
onların operativliyinə
təsir edir. Həmçinin işçilərin sayı ilə bağlı da problemlər var. Məsələn,
regionlarda qəzeti 2-3
işçi buraxır.
Redaksiya heyəti adətən qəzetin sahibi, redaktor və bir işçidən ibarət olur. Bu maliyyə çətinliyi
ilə izah olunur. Çox vaxt işçilər
işsiz qalacaqlarından
qorxub öz problemləri ilə bağlı müraciət
etmirlər. Ona görə
də biz özümüz
daha çox onlara müraciət edib vəziyyəti öyrənməyə çalışırıq.
Xüsusən əgər problem sahibkara aiddirsə, çoxu susmağa üstünlük verir.
Yalnız o zaman müraciət
edirlər ki, artıq iş-işdən
keçmiş olur.
Yəni artıq işlərini itirirlər, kiminsə tərəfindən hədələnirlər,
şantaja məruz qalırlar və s.
- Bəs belə məqamlarda siz onlara necə
kömək edə bilirsiniz?
- Jurnalistlərin bu cür problemləri yarananda həmişə təşkilatımız daxilində
müzakirə edirik. Biz əvvəlcə məsələni həmin
media qurumu ilə danışıqlar şəraitində
həll etməyə çalışırıq. Ancaq problem həll olunmayanda zərərçəkənlərin ərizələri əsasında
məsələni ictimailəşdirir,
dövlət strukturlarının
diqqətinə çatdırırıq.
Maksimum dərəcədə beynəlxalq
təşkilatların diqqətini
məsələyə yönəltməyə
çalışırıq. Əgər prosesdə qanunsuzluq varsa, məhkəmə instansiyasına müraciət
edirik.
- Jurnalistlərə
dövlət tərəfindən
hər hansı sosial dəstək varmı?
- Gürcüstanda bununla bağlı hər hansı bir fərman və ya sərəncam yoxdur. Açığını desəm, biz jurnalistlərə
ayrılıqda maddi dəstək göstərilməsini
qətiyyən istəmirik.
Yaxşı olardı ki,
qanun daha çox jurnalistlər üçün mövcud
olan qanunvericiliyin pozulmamasına çalışsın,
onların söz azadlığını müdafiə
etsin. Təkcə bizim təşkilat
deyil, media ilə bağlı bütün ekspertlər deyir ki, bu sahədə
qanunvericilik normaldır.
Ancaq
problem ondadır ki, bizim dövlət strukturları bu qanunların tələblərini
pozurlar. Məsələn, elə mən sizə yuxarıda reklam bazarının monopoliyaya alınmasından
danışdım. Nəqliyyat və
Rabitə Nazirliyi daha çox hökumətə yaxın
olan insanlara və siyasi fiqurlara lisenziya verir. Qoy qanunvericilik bu
problemi tənzimləsin.
Əgər bu problem həll
olunsa, jurnalistlərin
sosial vəziyyətinin
yaxşılaşmasına kömək edər.
Ona görə də bu gün bu
sahədə dövlət
strategiyasının düzgün
qurulmaması xüsusən
çap mediasına təsir edir. Çünki çap mediasının
çox hissəsi müstəqil qəzetlərdir.
- Hazırda
Gürcüstanda çap
mediasında vəziyyət
necədir?
- Bizdə təxminən
70-80 qəzet qeydiyyatdan
keçib. Ancaq bu qəzetlər
içərisindən təxminən
20-25-i fəaliyyətdədir. Həftəlik qəzetlərin tirajı
3000, gündəlik qəzetlərin
tirajı 13-15 mindir.
4 milyonluq əhali
üçün bu rəqəm çox azdır. Son illər ölkədə kağız çox bahalaşıb və əsasən Rusiya və Çindən gətirilir. Əsas problem odur ki, qəzet
nəşri siyasi fiqurlarla rəqabət apara bilmir. Mətbuata dövlət köməyi təxminən
10 il bundan
əvvəl vergidən
azad olunması olub. Çap mediası reklama
görə rüsum ödəmir, yalnız illik gəlirə və əməkhaqqına
görə vergi ödəyir. Əvvəlki hakimiyyət çap mediasını o qədər
də sevmirdi. Onda bir çox qəzetlər bağlandı.
Digər
qəzetlərin fəaliyyəti
də məhdudlaşdırılmışdı.
Hakimiyyət insanları qəzet
oxumamağa və televiziyaya baxmağa çağırırdı. Amma yeni hakimiyyət isə qəzetlərin satışı üçün
də şərait yaradıb. Bununla belə, sadaladığım
problemlər qalmaqdadır.
- İnternet
medianın vəziyyəti
barədə nə deyə bilərsiniz, ənənəvi media ilə
müqayisədə bu
sahədə daha çox inkişafdan danışmaq olarmı?
- Müşahidələrimiz göstərir ki, internet media öz seqmentlərini tapıb və digər media orqanlarının fəaliyyətinə təsir etmir. Biz «İnternet çap mediasını əvəzləyir» deməyi xoşlayırıq. Ancaq bu gün internet mediası tamamilə asılı olmayan bir sahədir. O həqiqətən inkişaf edir və bunun fonunda vətəndaş jurnalistikası formalaşır. Şəxsən mən özüm vətəndaş jurnalistikasını çox dəstəkləyirəm. Çünki bu, öz sahəsində təcrübəsiz, bu sahədə təhsili olmayan, peşə etikasından xəbərsiz jurnalistlərin fəaliyyətinə sərhəd qoymur. Buna görə də internet media ayrıca bir sahədir.
Təranə Məhərrəmova
Batumi
Kaspi.-2014.-21 oktyabr.-S.9.