Acarıstan tarixini əks
etdirən muzey
Xariton Ahvlediani adına
Dövlət Muzeyinun Qızıl Fondu unikal kolleksiyalarla zəngindir
Batumiyə səfər edənlər
Xariton Ahvlediani adına Acarıstan Dövlət
Muzeyinə mütləq baş çəkirlər. Bu, Acarıstanın ən əhəmiyyətli,
elmi-maarifləndirici muzeyidir. Muzeyin əsası
1908-ci ildə əmək müəllimi Nikolay Qoman tərəfindən
qoyulub. Əvvəlcə birmərtəbəli
binadan ibarət olan muzeyin 1933-cü ildə daha bir mərtəbəsi
tikilib. Xariton Ahvlediani bir neçə il
muzeyin direktoru kimi çalışıb. Batuminin
sakit bir məhəlləsində – İ.Djincharabze
küçəsində yerləşən muzey bölgənin
mərkəzi muzeyi kimi məşhurdur.
Muzeyin ekspozisiyası 4 şöbədən - təbiət
guşəsi, arxeologiya, etnoqrafiya və tarix şöbələrindən
ibarətdir. Ekspozisiyada 1820 eksponat sərgilənib. Onların arasında təbiətin nadir abidələri
– flora, fauna, minerallar, arxeoloji kolleksiya, unikal etnoqrafik predmetlər,
fotolar, incəsənət nümunələri, əlyazmalar və
sənədlər var.
Muzeyin girişində yerləşən Təbiət
guşəsində Acarıstanın relyefini əks etdirən
xəritə iri planda sərgilənib. Cənubda
Şavşet dağ silsiləsi, şərqdə Arsiyan silsiləsi,
şimaldan Acar- gürcü dağları, qərbdə isə
Qara dəniz xəritədə yer alıb. Bölmədə Acarıstanın fauna və
florasına yaxından bələd olmaq mümkündür.
Bölgədə yaşamaqda olan səhra, dəniz
və meşə quşları, heyvanlar, vəhşi
canlıların nümunələri var. Qara dənizin nadir
quşları ekspozisiyada sərgilənib. Muzeyin
bələdçisi Luara Xuxunauşvilinin dediyinə görə,
Qara dənizdə 150 balıq növü var. Həmin növlərin
ən nadirləri ekspozisiyada yer alıb. Burda
yaşayan balıqlar başqa ölkələrin diqqətini də
cəlb edib. Belə ki, həmin
balıqların bir çoxundan müxtəlif xəstəliklərin
müalicəsi üçün dərmanlar hazırlanır.
Həmçinin nəsli kəsilməkdə
olan və hazırda Acarıstan meşələrində nadir
hallarda rast gəlinən heyvan növlərinə də muzeydə
rast gəlmək mümkündür. Məsələn,
ölkədə artıq yenotun nəsli kəsilib.
Arxeologiya bölməsində yunan mənşəli
“krator” diqqət çəkir. Bələdçinin
dediyinə görə, bu qabdan çaxır və su
qarışığı üçün istifadə olunub.
Yunanlar çaxırı su ilə
qarışdırıb içirmişlər. Bu, onların adəti imiş. Bu
unikal əşya eramızdan əvvəl V əsrə aiddir.
Kabuletidə aparılan arxeoloji qazıntılar
zamanı 1968-ci ildə tapılaraq muzeyə verilib. “Bu
qabın bütün dünyada cəmi 3 nümunəsi var.
Onlardan biri Luvr muzeyində, biri ABŞ-ın Boston muzeyində,
digəri isə bu muzeydədir”. Əşya azca
bərpa olunub.
Bölmədə həmçinin daş qəbir diqqət
çəkir.
Bu unikal eksponat feodallar dövründən
qalıb. Bələdçinin dediyinə
görə, hazırda Barjomidə bu cür qəbir nümunələrinə
rast gəlmək olur.
19-cu əsrin
2-ci yarısına aid Acarıstan məişətini əks
etdirən nümunələr var. Xüsusən o dövrdə
küplər insanların əsas məişət əşyası
kimi məşhur olub. Acarıstanda bunları
«Anfora» adlandırırlar. Həmin küpləri yerə
basdırmaqla içərisində yağ,
bal, çaxır və qoz saxlayırmışlar. Gürcülər indi də bu qaydadan istifadə
edirlər. Məsələn, indi də evdə
hazırlanmış çaxır məhsullarını
küpün içərisində yerə basdıraraq
saxlayırlar. Həmin məhsullar uzun
müddət öz keyfiyyətini itirmir.
Etnoqrafiya
bölməsində də Acarıstan məişəti ilə
yaxından tanış olmaq
mümkündür. Buradakı eksponatların
tarixi 12-ci əsrə gedib çıxır. Varlıların, kasıbların evlərinin maketi
maraq doğurur. Bu maketlərə baxıb
o dövr insanlarının necə
yaşadığını aydın görmək
mümkündür. Onlar daha çox kənd
təsərrüfatı ilə məşğul olublar. Həyətlərindəki əkin sahələrində
çalışmaqla, mal-heyvan saxlamaqla dolanıblar.
Guşədə qədim musiqi alətləri də maraq
doğurur.
Baraban, vavinka, diplibito və s. bölgədə yaşayan
insanların ən çox istifadə etdiyi alətlər olub.
Bölmədə acar qadınlarının
geyimləri xüsusi maraq doğurur. Həmin
geyimlər bir qədər bizim qədim paltarları da
xatırladır. Həmçinin vaxtilə
ərazidə yaşayan türklərə məxsus geyim əşyaları
da muzeydə qorunur. Paltarların
tikilişi üçün əsasən yundan, pambıqdan və
ipəkdən istifadə olunub. Acar
qadınlarının əllə, rəngbərəng saplardan
toxuduqları ipək xalçalar muzeyin qiymətli eksponatı
sayılır. Kişilərə məxsus
«çoxaxaluki» geyimi də muzeydə diqqət çəkir.
Qırmızı rəngli geyimləri
varlılar, digər rəngləri isə kasıblar
geyinirmiş. «Çoxaşali» isə əsasən
kəndlilərin geyimi olub. Kəndlilərin
tipajları da bu bölmədə yer alıb. Həmçinin o dövr qadınlarının
qızıl və gümüşdən bəzək əşyaları
muzeydə sərgilənir.
Etnoqrafiya
bölməsində həmçinin müsəlman məscidinin
qapıları, 18-ci əsrdə yaşayan mollalara məxsus
kürsü, quran oxumaq üçün xüsusi stol, türk stolu maraq doğurur. Ekspozisiyada
acar qadınlarının rəngarəng əl işləri –
dəsmallar, corablar, əlcəklər, stolüstü süfrələr
maraq doğurur. Bölgənin 12-ci əsr
həyatı bu ekspozisiyalarda nümayiş olunur. Rəngli saplardan istifadə edən acar
qadınlarının əl əməyi göz oxşayır.
Bələdçinin dediyinə görə,
indi də kəndlərdə qadınlar toxuculuq sənətini
davam etdirirlər.
Muzeyin tarix bölümündə demək olar ki,
Acarıstanın bütün tarixini əks etdirən ən zəngin
materiallar yer alıb. Guşədə 1820-ci il tarixini əks
etdirən eksponatlar var. Acarıstanın məruz
qaldığı müharibələr dövründə əsgərlərin
istifadə etdiyi silah növləri, müdafiə ləvazimatları
muzeydə qorunur. Həmçinin türk əsgərlərinin
silah-sursatları da muzeydə var. Rus və türk
qoşunlarının Acarıstanda buraxdığı izlər
tarixi şəkillərdə əks olunub. Şəkillərdən və əşyalardan
Acarıstanın çox çətin və şərəfli
bir dövr yaşadığı aydın görünür.
“Gürcüstana birləşdirilənə qədər
bu xalq çox itkilərə məruz qalıb”- deyə bələdçi
qeyd edir. O dövrdə Acarıstanda yerləşən
tarixi tikililər, səhiyyə, məktəb, inzibati
binaların şəkilləri də divarlarda yer alıb. İlk məktəb bu ölkədə 1801-cü ildə
açılıb. 1928-ci ildə isə
ilk kişi-qadın gimnaziyası açılıb.
Hazırda həmin binada Şota Rustaveli adına
Dövlət Universiteti yerləşir. Bu
ekspozisiyalarda Acarıstanın tarixi inkişafında, siyasətində,
mədəni həyatında, iqtisadiyyatında rol oynayan
görkəmli şəxsiyyətlərin şəkilləri
haqqında bələdçi bir-bir məlumat verir. Divarlarda şəhərin sənaye
inkişafını əks etdirən şəkillər də
çoxdur. Bələdçinin dediyinə
görə, hətta, Nobel də bu şəhərə maraq
göstərib və muzeyin yaxınlığında öz
ofisini açıb. Hazırda həmin ofis
Nobel muzeyi kimi fəaliyyət göstərir. Divarlarda həmçinin Acarıstanın tarixində
mühüm rol oynayan generallar, müəllimlər,
yazıçılar, həkimlər, siyasətçilərin
portretləri var.
Acarıstan teatrının da qədim tarixi olub. Bu teatrı «dəmir
teatr» adlandırırmışlar. Vaxtilə
onun səhnəsində görkəmli rus müğənnisi
Fyodr Şalyapin ilk debütünü edib. Onun
«Norma» operasından ifa etdiyi partiyalar böyük maraqla
qarşılanıb. Həmçinin muzeyi
ilk təsis edən Nikolay Qomanın şəkli də
böyüdülmüş formada ziyarətçilərə
göstərilir.
Vaxtilə çinlilər bu şəhərdə
çay mədəniyyətini inkişaf etdiriblər. Lao Concao bu
şəhərdə ilk çay fabrikini qurub. Həyat yoldaşı gürcü olan çinli
ömrünün çox hissəsini bu şəhərdə
yaşayıb. Gedəndə isə öz
şəxsi əşyalarını muzeyə hədiyyə
edib. 26 il Acarıstana bağlı
olan çinlinin 7 uşağından 5-i məhz bu bölgədə
doğulub. Onun acarlara ünvanladığı məktub da
muzeydə qorunur: «Mən sizə çox minnətdaram. Ömrümün bir çox illərini bu gözəl
şəhərdə mehriban insanlar arasında yaşadım.
Ən gözəl xatirələrlə sizdən
ayrılıb gedirəm» - deyə çinli yazıb.
Bələdçinin sözlərinə görə,
Batumi turist bölgəsi olduğu üçün bölgəyə
gələnlər muzeyləri gəzməmiş geri
dönmürlər. Tarixi, etnoqrafiyanı, təbiəti
özündə birləşdirən Acarıstan muzeyinə
isə xüsusi maraq var. Belə ki, ərəblər,
türklər, azərbaycanlılar, ruslar qrup halında muzeyi
ziyarətə gəlirlər. Həmçinin
bu muzey tələbələrin sevimli məkanıdır.
Orta məktəb şagirdlərinə muzeydə
tematik mühazirələr keçirilir.
Muzeyin Qızıl Fondu da unikal kolleksiyadan ibarətdir. Burada müxtəlif
adda, eramızdan əvvəl V əsrə aid müxtəlif
eksponatlar qorunur. Bunların arasında qədim
gürcü əl işləri, orijinal nümunələr,
Kolxidiya qızıl və dəmirçilik sənətinin ənənələrini
yaşadan nümunələr qorunur. Fonda
1800 nadir eksponat var. Muzeyin zəngin kitabxanasından isə tədqiqat
aparan alimlər, tələbələr istifadə edirlər.
Muzeyi gəzdikcə otaqlarının, ümumilikdə
binanın təmirə ehtiyacı olması da gözdən
yayınmır. Bələdçi dedi ki, muzeyin təmir
olunacağına söz veriblər, ancaq nə vaxt yerinə
yetiriləcəyi hələ sual altındadır.
Binasının, otaqlarının təmirsiz olmasına
baxmayaraq özündə böyük bir tarixi yaşadan muzey
ziyarətçiləri cəlb etməkdədir. Ölkəsinin tarixini, qədimliyini,
keçdiyi tarixi dönəmləri göstərmək və
bundan qürur duymaq üçün...
Təranə Məhərrəmova
Batumi
Kaspi.-2014.-22 oktyabr.-S.9.