Üzeyir bəy yazırdı ki: “məsləksizlik yolsuzluqdur

 

Və yaxud öz yazdıqlarını inkar edən yazarlarımız

 

Fədakar tədqiqatçı, zəhmətkeş alim Aslan Kənanın “XX əsrdə repressiyalara məruz qalanlar” adlı əsərini oxuyarkən belə bir fikirlə rastlaşdım. A.Kənan yazır ki: “Çox maraqlıdır, 1937-ci il ilə əlaqədar hər hansı məsələdən söz gedirsə məhz Süleyman Rüstəmin adını çəkmək adi hal alıb... Müxtəlif arxivlərdə olan sənədləri araşdırmalı oldum. Məlum oldu ki, 37-ci illərin “danosbazları” siyahısında “Xalq şairiSüleyman Rüstəmin adını hallandırmaq kimlərinsə marağında imiş. Həmin şəxslərin övladları atalarının günahını gizlətmək üçün o dövrün hadisələrində üzdə olanlardan birinin adını hallandırmalı idi...”.

 

Doğrusunu deyim ki, əvvəl A.Kənanın bu fikri ilə qətiyyən razılaşmadım. Onun S.Rüstəmə haqq qazandırmasının əleyhinə çıxdım. Lakin sonra, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər arxivində, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda, Milli arxiv idarəsində olan sənədləri və dövrü mətbuatı araşdırarkən A.Kənana haqq qazandırdım və hətta ona minnətdarlığımı da bildirmək istədim. (Amma bu fikrimlə bütövlüklə S.Rüstəmə də haqq qazandırmaq fikrində deyiləm).

 

Xüsusən də 1920-40-cı illər ərzində ölkəmizdə fəaliyyətdə olan dövrü mətbuatın səhifələrində çap edilən yazılarla tanış olduqdan sonra 37-ci il qurbanlarının faciəli həyatında onların öz “qələm yoldaşlarının” da çox böyük rol oynadığının şahidi oldum. Amma bu gün nədənsə fədakar tədqiqatçı A.Kənan demiş; “...əgər həqiqəti bilmək istəyiriksə, ilk növbədə düzgün yazmağı bacaraq”. Yox əgər həqiqəti deyə bilmiriksə “Haqq deməyə cürətin çatmırsa sus!” prinsipinə əməl edək... Və yaxud Əli Əleyhissalam demiş: “İnsanlarla yaxşı davran ki, bir vaxt dünyadan köç etsəniz, yaxşı sifətlərinizi yada salıb sizin üçün rəhmət diləsinlər”.

 

Qarşımda 1920-ci ilin ortalarından, 1956-cı ilin ortalarına kimi ölkəmizdə çap olunan müxtəlif qəzet və jurnalların sayları var. “Kommunist”, “Ədəbiyyat”, “Hücum”, “Maarif və mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Zəhmət”, “Oktyabr inqilabı”, “Qızıl Şərq”, “Şərq qadını” və s. Qəzet və jurnalların adları müxtəlif olsa da məqsədləri-məramları bir idi. Hakim bolşevik partiyasının ideologiyasını kütlə arasında təbliğ etmək. Bəli, əsas məsələ də buradan başlayır necə təbliğ etmək? Ağına-bozuna baxmadan ağa-qara, qaraya-ağ deyərək, hakim partiyaya xoş gəlmək üçün onun metodolojiideoloji prinsiplərinin kor-korana təbliğatçısına çevrilən “yazarlarımız”. İmzalaramövzulara diqqət yetirirəm. O, zaman ədəbi mühitə yenicə gələn, onun nəyin ki, sirlərinə bələd olmayan, hətta nə olduğunu heç anlamayan bu gənc yazarlarımızın arasında Mustafa Quluyev, Hənəfi Zeynallı, Əli Nazim, Mehdi Hüseyn, Məmməd Cəfər, Cəfər Xəndan, Əli Vəliyev, Məmməd Arif və Mikayıl Rəfili imzaları ilə daha çox rastlaşıram.

 

Təbii ki, bu yazarlarımızın bir qismi yanlış bir yolda olduğunu xatırlayarkən səhvlərini düzəltməyə cəhd etdikləri zaman 37-nin qurbanı oldular. Məsələn, H.Zeynallı, M.Quliyev, Ə.Nazim. Lakin sona kimi hakim partiyaya sadiq qalaraq onun siyasətini can-başla təbliğ edənlərdə oldu ki, onların da mükafatı “Xalq şairi”, “Xalq yazıçısı” və Mərkəzi Komitədə yüksək vəzifələr oldu. Məsələn, Mehdi Hüseyn, Məmməd Arif, Əli Vəliyev və s. İkincilərin fəaliyyəti ilə tanış olarkən yalnız və yalnız təəssüf hissi keçirməli olursan. Çünki, onların qınaq, tənqid, təhqir atəşinə tutduqları yazarlarımızın bəziləri o zaman yalnız Azərbaycan da deyil, bütün Türk Dünyasında, Şərq aləmində tanınan ictimai və ədəbi bir şəxsiyyət olan M.Cəlili, S.Mümtazı, H.Cavidi, Ə.Cavadı qınaq atəşinə tutmaq üçün onların nə ədəbi aləmdəki savadı, biliyi, nə də yaradıcılıq təcrübəsi, bacarığı buna yol vermirdi.

 

Məsələn, M.Cəlil və H.Cavid yaradıcılığı ilə geniş tanış olduqdan sonra belə qənaətə gəlmək olur ki, 1920-ci ildən 1960-cı illərə qədər (bəzən 70-80-ci illərdə də) onlar haqqında yazılan bu ədəbi-tənqidi məqalələrin müəlliflərinin əksəriyyəti həm fitri istedad, həm də bədii yaradıcılıq baxımından bu ədiblərdən çox-çox zəif olublar.

 

Arxiv sənədlərinə diqqət yetirdikdə bəlli olur ki, artıq 1920-ci ilin sonlarından ölkəmizdə mətbuat, ədəbiyyat hakim partiyanın əlində kəskin bir silaha çevrilir. Bu mübarizəni gücləndirmək üçün yerlə bolşeviklər mərkəzdən verilən qərarlara əsasən ilk olaraq xalqı milli söy-kökündən, adət-ənənəsindən uzaqlaşdırmalıdırlar. Bu da mətbuat və ədəbiyyat vasitəsilə həyata keçirilməli idi ki, onu da yuxarıda adlarını sadaladığım yazarlarımız can başla həyata keçirirdilər.

 

Bunun üçün bəlkə də çoxları bu gün onları qınamır. Amma çox qəribəsi odur ki, bu yazarlar sonralar 1970-80-ci illərdə, 1920-56-cı illərdə yazdıqlarının yanlış olduğunu ya etraf edib, ya da bütövlüklə inkar. Bax budur qəribəsi! Nə idi bu inkar? Yoxsazaman, zamanlığından çıxmışdır...”. Bəlkə də məsləksizlik zamanı aşıb keçmiş, hər şeyi üstələmişdir?

 

Dahi Üzeyir bəy belələri üçün yazırdı ki: “Məslək hər kəsin etiqad etdiyi bir yoldur. Məsləksizlik yolsuzluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz qəzet müzürr olan kimi məsləksiz insan da müzürrdür”. Və sonda Üzeyir bəy üzünü oxucusuna tutaraq: “İnsan öz məsləkini dəyişə bilərmi?”-deyə sorurdu.

 

Elə əsas məsələ də burdan başlanır ki, dünən yəni 20-ci ildən 60-cı illərin sonlarına kimi M.Cəlilin dil-üslubunun qəlizliyini (nə qədər həqiqətdən uzaq bir iddia) ona irad titan (Ə.Vəliyev), H.Cavidiyeni sovet quruluşunu anlaya bilməyən, ziddiyyətli şəxs” (M.Hüseyn), M.Müşfiqi “əclaf” (M.Rəfili), “müsavatçı tör-tökülüntülər” (C.Xəndan), 1918-1919-cu illərdə Nuru Paşaya şer yazdığı üçün S.Mümtazı “pantürkist” (Ə.Vəliyev) adlandıranlar bəraətdən sonra özlərini inkar etdilər...

 

Burada bir faktı da qeyd edək ki, 1920-ci illərdə ədəbiyyatın vəzifəsi dəyişdiyi kimi, ədəbi-tənqidin də qarşısında müəyyən vəzifələr dururdu ki, ədəbi tənqid də metodolojiideoloji cəhətdən sosialist realizminə xas olmalıdır.

 

Bildiyimiz kimi, 20-30-cu illərdə ədəbi-nəzəri prosesdə müəyyən plüralizm mövcud idi. Müxtəlif ədəbi cəmiyyətlərin ayrı-ayrı mövzularda təşkil etdikləri ədəbi gecələr də yeni yazılan əsərlərin ədəbi mühakiməsi keçirilirdi. Bolşevizmin ideologiyasını dəstəkləməyən əsər “ədəbi məhkəmələr”in, “ədəbi mübahisələr”in mərkəzində dururdu.

 

Bu ədəbi-ictimai mühakimələri isə bolşevik diktaturasının ədəbiyyata münasibətinin qabarıq təzahürü kimi qiymətləndirmək olar. Çünki bu yazılan əsərlərə qiymət vermədə ədəbi tənqid öz vəzifəsini büsbütün unudaraq siyasi yönümdə, ideologiyanın tələblərindən çıxış edərək, bolşevik ruhda dəyərləndirirdi. Belə olduqda isə bu ədəbi mühakimələr yazıçının mühakiməsinə çevrilirdi. Hər birimizə bəllidir ki, bu mühakimələr nəticəsində ədəbiyyatımız və mətbuatımız 37-ci ilin dəhşətləri ilə bir müddət boşluğa düçar oldu.

 

Unutmayaq ki, xalqımızın həyat tərzi, tarixi, milli psixologiyası, mənəvi keyfiyyətləri, əxlaqi sifətləri, adət və ənənələri mətbuatımızda və ədəbiyyatımızda öz ifadəsini tapıb. Ayrı-ayrı dövrlərdə yetişən gənclərin xalqın milli mədəniyyəti, mənəvi keyfiyyəti ilə yaxından tanış olması üçün ən etibarlı mənbə, şübhəsiz ki, milli mətbuat və ədəbiyyatdır.

 

1920-30-cu illərdə fəaliyyətdə olan dövrü mətbuatla tanışlıq bir daha sübut edir ki, ədəbi tənqid S.Mümtaza, H.Cavidə, Ə.Cavada, S.Hüseynə, M.Müşfiqə qarşı haqsızlıq edərək onları bir proletar yazarı etmək, hətta Leninə əsər yazmağa sövq etmək, arzusu ilə tənqid atəşinə tuturdu.

 

Məsələn, dövrün gənc tənqidçisi H.Zeynallı yazırdı: “Cavid birŞeyx Sənan” yazar, birUçurumaçar, bir “Afət” doğurar, birİblis” rəqs etdirər, bir “Peyğəmbər” yaratmağa qeyrət edər. Bəlkə də şimdi bir Çingiz, yarın bir İsgəndər, ertəsi gün bir Lenin diriltməyə can atacaqdır”-deyə şəstlə buna özünübütün ədəbi mühiti inandırmağa çalışan H.Zeynallı sonradan özü də dərk etdi ki, Cavidi Lenin, Oktyabr, İnqilab mövzusuna yaxınlaşdırmaqda çox yanılıb. Amma o zaman ədəbi tənqidin “cığır-daş” adlandırdığı bəzi yazarların yaradıcılığında “yeni yaradıcılıq metoduna dönüş” məhz 1925-26-cı illərdən sonra yaranıb.

 

Məhz elə bu illərdən də bolşevizmi, leninizmi dəstəkləməyən yazarlar haqqında fikir söyləyən “tənqidçilərin” yazılarından belə aydın olur ki, o zaman onların əsərlərinə tənqidi yanaşmaq, tənqidi fikir söyləmək tendensiyası yaranmışdır. Məqalə müəlliflərinin belə bir xoşagəlməz tendensiyaya uyğun tənqidi fikir söyləmələri çox təəssüflər ki, adi hala çevrilmişdi.

 

İstər yaradıcılığın da, istər həyat da siyasətdən çox uzaq olan H.CavidBizim siyasətlə nə işimiz var, öz sənətimizlə məşğul olalım!” –deyə ədəbiyyatın, ədəbi mühitin siyasiləşməsinin tamamilə əlehinə olub. Dəfələrlə onu tənqid edən Mustafa Quliyevə ədib bir dəfə məktub yazaraq bildirmişdi ki: “...ədəbiyyat başqa, siyasət və təbliğat daha başqadır..! Təbliğat bənim işim degil!”.

 

Əslində H.Cavid, M.Cəlil, S.Hüseyn, S.Mümtaz bu baxımdan Rusiya inqilabı hərbi şurasının sədri Z.Trotskinin “Sənət öz yollarını özü yaratmalıdır. Marksiszm metodları sənətin metodları deyil”-fikrlərini dəstəkləyirdilər. Proletar ədəbiyyatının, mətbuatının və mədəniyyətinin yaradılmasına qərar verildiyi bir vaxtda bu bağışlanılmaz bir səhv kimi hakim partiya tərəfindən qiymətləndirilirdi.

 

Beləliklə Azərbaycan ədəbiyatında, mətbuatında “trotskiçiliyə” qarşı mübarizə başlayır və bu mübarizədə mətbuat aparıcı qüvvəyə cevrilir. Lakin dövrü mətbuat və arxiv sənədləri ilə tanışlıq deməyə əsas verir ki, bu mübarizə 1925-30-cu illərdə, 1935-37-ci illərlə müqayisədə o qədər də sərt olmayıb. Tənqidlər, ədəbi mühakimələr və s.şəklində aparılmaqla kifayətlənib.

 

Belə olduqda yazarların müxtəlif cəbhələrə bölünməsi prosesi başlayırdı ki, bu da onlar arasında ziddiyyətlərin dərinləşməsinə, ideoloji mübarizənin kəskinləşməsinə səbəb olurdu. Bu zaman bəzi yazıçıların sosializm quruculuğu prosesindən kənarda qalması “onların yaradıcılıq metodologiyasının fərqlənməsini şərtləndiririrdi ki, bu hakim ideologiyanın ədəbi siyasətinə uyğun gəlmirdi”. Bu siyasətlə ayaqlaşa bilmədiyinə görə M.Cəlil, Ə.Cavad, H.Cavid, S.Mümtaz, M.Müşfiq, S.Hüseynonun əqidə yoldaşları “məhdud görüşlü bir insanlar” adlandırılırdı. Bu “məhdud görüşlü insanlar”ın şəxsiyyətini və yaradıcılığını təhqir edən yazılar bu dövrün mətbuatında artıq adi hala çevrilmişdi.

 

Dövrün gənc ədəbi tənqidçisi olan Mikayıl Rəfili də bəzi qələm yoldaşları kimi, H.Cavidi, Ə.Cavadı, M.Müşfiqiromantik bir burjuaziya yazarı” olmaqda qınayaraq “yaradıçılığlarının son dövrlərində krizis keçirdiyini”, “müasir sovet Azərbaycanı ilə ayaqlaşa” bilməmədikləri üçün qınaq atəşinə tuturdu. Tənqidçi M.Müşfiqi hətta əçlaf, satqın adlandırmaqdan belə çəkinmirdi: “Xalq sadətinə düşmən olan bu əçlaf, “İnqilab” şerində proletar revolysiyasını, yandırıb-yaxan bir vulqana bənzədir. Əcabı bu şanlı Oktyabr revolyusiyasının xüsusiyyətlərini inkar demək deyilmi? Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar”.

 

yaxud: “Xalq düşmənləri Talıblı Şahbaz, Hüseyn Cavid, Salman Mümtaz, Əhməd Cavad, Seyid Hüseynbaşqa müsavatçlara qarşı daha da amansız olmalıyıq”.

 

O zaman Azərbaycan Sovet Yazıçıları Birliyinin sıralarının təmizlənməsinə böyük ehtiyac duyulduğunu inadla təkid edən Cəfər Xəndan “Sıralarımızı təmizləyəlim” sərlövhəli məqaləsində yazırdı: “Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının iki üzlü “siyasəti” bizi daha da sayıq olmağabu kibi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir. Biz averbaxcılığın kökünü kəsməklə mübarizə apararkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmaqına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır”.

 

21 mart 1937-cidə Azərbaycan Yazıçlar İttifaqının plenumunda Əli Vəliyev Salman Mümtaz haqqındakı odlu-alovlu çıxışını belə yekunlaşdırır ki: “...Salman Mümtaz burada olsaydı ondan sual edərdim. 1918-1919-cu illərdə Nuri Paşa Azərbaycana gəldikdə onun şərəfinə şer yazmısanmı? Hərgah desəydi yox, dərhal onun şerini oxuyardım”. Müəllif özüçox gözəl bilirdi ki, onun bu çıxışı S.Mümtaz kimi istedadlı bir ədəbiyyatşünas alimin məhvinə yol açırdı.

 

Gənc tənqidçi Ə.NazimYeni Azərbaycan ədəbiyyatı” sərlövhəli məqaləsində H.Cavidi və Ə.Cavadı “Azərbaycan burjuaziyasının tipik müəsissləri” adlandırırdı: “Bunlar aprel inqilabından sonra, burjuaziyanın yıxılması ilə öz iqtisadi təməllərini itirdilər, yeni quruluşu heç anlayamadılar”.

 

(ardı var)

 

Qərənfil Dünyaminqızı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Kaspi.-2014.-23 oktyabr.-2014.-S.10.