Rejissorun inandırmaq məharəti
Kamil Rüstəmbəyov : «Yaxşı aktyor rejissor üçün
tapıntı olduğu kimi, yaxşı rejissor da aktyor
üçün tapıntıdır»
İstər
kinoda, istərsə də televiziyada gördüyü işlərlə,
yaratdığı filmlərlə özünə əbədiyyətlik
qazanmış Kamil Rüstəmbəyov bu gün istedadlı
rejissor, əsl azərbaycanlı kişisinə xas olan insani
keyfiyyətləri ilə yaddaşlara həkk olunmuşdur. O,
ciddi, namuslu, şəxsiyyətli adam idi. Öz qiymətini
bildiyi üçün heç kəsin qarşısında əyilməz,
səviyyəsinin aşağı düşməsinə imkan
verməzdi. Kino işçilərinin yaxşı
xatırladıqları bir faktı yada salmaq istəyirəm.
Kamil müəllim kinostudiyada işlədiyi
dövrdə yeni çəkiləcək «Yeddi oğul istərəm»
bədii filminə quruluş vermək ona
tapşırılır. O,
rejissor ssenarisini yazır, rollara aktyorları seçir,
haralarda çəkiliş aparacağını da təyin
edir. Hətta məşqlərə də
başlayır. Lakin günlərin birində
ssenarini onun əlindən alıb başqasına verirlər.
Bu hadisə Kamil müəllimə çox pis təsir
edir. O, kinostudiyanı tərk edib özünə
qapanır. Səbəbi də bu idi ki, Kamil
müəllim kommunist deyildi. Film isə
yubiley filmi idi. Bu əhvalatdan sonra
kinostudiyanın direktoru Adil İsgəndərov Kamil Rüstəmbəyovun
evinə gəlir, onun yenidən kinostudiyaya
qayıtmasını xahiş edir və «bu tələ sənə
yox, mənə qarşı qurulmuş tələdir» deyir.
Qürurlu adam olduğu üçün
rejissor baş vermiş hadisə ilə heç cürə
barışa bilmir. Kamil müəllimin həyatında
belə çətin anlar çox olub.
Yazıçı
Aqşin Babayevin müxtəlif sənət adamlarına həsr
etdiyi “İşıqlı bir iz ...” kitabında kinorejissor
K.Rüstəmbəyovla bağlı belə sətirlər
vardır: “...Sən Yusif Səmədoğlunun “Komsomol
poeması” əsasında yazdığı “Yeddi oğul istərəm”
ssenarisini oxuyanda bir sənətkar qəlbilə sevinmişdin.
Bilməmişdim ki, bu dünyada insan
ömrünün qənimləri var. Elə qənimləri
ki, adamı öldürürlər, amma onları heç kəs
tutmur, ittiham etmir, həbsxanaya salmır.
Ssenarini əlindən aldılar. Təkcə ssenarini
yox, ömrünün neçə yaşayacaq ilini də.
Ləyaqətli adamlar heç kəsin
qarşısında baş əymirlər. Bu başəyməmək də onların
ömrünə qənim olur. Gödəlir
ömür, qısalır ömür. Və vaxtından
əvvəl köçür dünyadan insan... Sənin
kimi... Amma ləyaqətli ömür
yaşadım.”
***
Kamil Aslan
oğlu Rüstəmbəyov 1924-cü il
dekabrın 7-də Bakıda dünyaya göz açıb. 1953-cü ildə Azərbaycan Dövlət Teatr
İnstitutunu bitirmişdir. 1956-1966-cı illərdə
Bakı televiziya studiyasında məsul redaktor, böyük
rejissor, baş rejissor, 1966-1976-cı illərdə «Azərbaycanfilm»
kinostudiyasında quruluşçu rejissor, kinoaktyor xalq
studiyasında bədii rəhbər, 1976-1977-cı illərdə
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində
plyonka proqramlarının hazırlanması üzrə baş
redaksiyanın baş rejissoru, baş redaktoru, 1978-ci ildə
televiziyanın baş rejissoru, 1978-1982-ci illərdə «Azərbaycanfilm»
kinostudiyasında aktyor şöbəsinin bədii rəhbəri,
rejissoru, 1982-1985-ci illərdə Az TV-də rejissor vəzifələrində
işləmişdir.
Kamil
müəllim 1956-cı il fevralın 14-də Bakı
telestudiyasında fəaliyyətə başladığı
ilk illərdə hazırladığı və görkəmli
ədəbiyyat, elm və incəsənət xadimlərinə
– Ü.Hacıbəyliyə, Səməd Vurğuna, akademik
Topçubaşova və digər şəxsiyyətlərə
həsr etdiyi bir sıra maraqlı verilişlərlə
özünü bacarıqlı və düşünən
rejissor kimi göstərmişdir. O, silsilə konsert
proqramları hazırlamış, S.Şuşinski,
X.Şuşinski, A.Bünyadzadə, S.Qədimova, V.Mustafazadə,
Z.Xanlarova, M.Maqomayev və digər gözəl musiqiçiləri,
müğənniləri kinoplyonkaya çəkmişdir. Bu kinolentlər hazırda Azərbaycan
televiziyasının arxivində saxlanılır.
Belə verilişlərdən biri xalq şairi Səməd
Vurğunun «Aygün» poeması əsasında
hazırlanmalı idi, özü də bu radio tamaşası
olmalı idi.
Radio tamaşası üzərində iş rejissoru o qədər
cəlb etmişdi ki, onda bu poema əsasında bədii
televiziya filmi çəkmək fikri yarandı. Rejissor
filmin ssenarisi üzərində xeyli işləməli oldu.
Ssenari televiziya rəhbərliyinin xoşuna gəldi.
Bundan sonra Kamil müəllim yaradıcı çəkiliş
kollektivini təşkil etdi.Quruluşçu operator
Əlihüseyn Hüseynov, quruluşçu rəssam Fikrət
Əhmədov, bəstəkar Zakir Bağırov, səs
operatoru Ağahüseyn Kərimov təsdiq olundular.
«Aygün» film-poeması çox çətin,
ağır şəraitdə çəkilirdi. Birincisi, nə rəhbərlikdə,
nə də çəkiliş kollektivində bədii film
üzərində iş təcrübəsi yox idi. İkincisi, o vaxtlar televiziyada bədii filmlərin
yaradılması üçün vəsait
ayrılmamışdı. Üçüncüsü,
televiziyada kino çəkilişi texnikası yox idi. Amma çəkiliş qrupunda yeganə nə
vardısa o da film çəkmək arzusunun böyük
olması idi. Hamı bir dalğada işləyirdi,
hər hansı bir vəziyyətdən çıxış
yolu axtarıb tapırdı. Beləliklə,
onlar çox çətinliklə kinostudiyadan kino
avadanlıqlarını və texniki mütəxəssisləri
bu işə cəlb edə bildilər. Mütəxəssislər
çəkiliş prosesinə xidmət göstərirdilər.
Qeyd etmək
lazımdır ki, 1958-1960-cı illərdə, yəni iki il ərzində film çəkilərkən
televiziya rəhbərliyi yaradıcı qrupa çox çətinliklə
maddi köməklik göstərirdi. Çünki
bu, digər verilişlərdən imkan daxilində edilən qənaət
hesabına başa gəlirdi.
Kamil
Rüstəmbəyovun həyat yoldaşı mənə
danışırdı ki, elə aylar olurdu ki, Kamil evə nə
maaş gətirirdi, nə də qonorar. Soruşanda maaşın hanı, deyirdi ki, filmə
ayrılan pul çatmadığı üçün
maaşımı payladım fəhlələrə.
«Aygün» Azərbaycan televiziya tarixinə ilk bədii
film (1960) kimi daxil olmuşdur.
Bu, eyni adlı poema əsasında
ekranlaşdırılmış qeyri-adi filmdir. Televiziya bədii
filmi görkəmli şair Səməd Vurğunun xatirəsinə
həsr olunmuşdur. Əsərdə
olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə
ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında
cərəyan edir. “Aygün” ailə-məişət
dramı olmaqla bərabər, həm də burada humanizm, ətrafındakı
adamlar qarşısında məsuliyyət hissi kimi əhəmiyyətli
insani keyfiyyətlər tərənnüm olunur. Bu keyfiyyətlər Səməd Vurğunun
“Aygün” poemasında olduqca parlaq, canlı və gözə
çarpacaq dərəcədə öz əksini
tapmışdır. Əlbəttə bu
işdə, təsvir baxımından bir sıra kadrların
çəkilişində operator Ə.Hüseynovun əməyini
xüsusi qeyd etmək lazımdır.
Maraqlı cəhət burasıdır ki, sonralar bu ssenari
əsasında libretto yazıldı və bəstəkar Zakir
Bağırov «Aygün» operasını yaratdı.
1964-cü
ildə K.Rüstəmbəyovun
ekranlaşdırdığı «Zəncirlənmiş adam» bədii televiziya filminin də yaranma
tarixçəsi qeyri-adi olmuşdur.
Bu film şair Ənvər Əlibəylinin ssenarisi
üzrə tammetrajlı bədii film kimi
düşünülmüşdü. Ssenarinin əsasını isə
Argentina yazıçısı Osvaldo Draqunun “İtə
çevrilən adam” povesti təşkil
edirdi. Baş rolda istedadlı aktyor
Ağadadaş Qurbanov (Alvardo) çəkilirdi. Teatrın Salyanda qastrolu zamanı bu böyük sənətkarın
faciəli şəkildə həlak olması nəticəsində
filmin çəkilişləri dayandırıldı. Mehmanxanada A.Qurbanov qızı Gülşənlə
balkona çıxanda balkon uçur. Hər
ikisi yerə yıxılır. Ağadadaş
müəllim xəstəxanada vəfat edir. Gülşəni isə xilas etmək olur. Filmin rejissoru Kamil Rüstəmbəyov deyirdi ki,
Ağadadaş Qurbanovsuz çəkilişləri davam etdirməyə
əllərim qalxmırdı.
Bu əhvalatdan
iki il sonra çəkilmiş materiallar əsasında
əvvəlki ssenari dəyişdirildi, film tammetrajlı deyil,
5 hissədən ibarət alındı. Filmdə
ehtiyac üzündən varlının həyətində iti əvəz
etməyə məcbur olan sadə bir insanın faciəli
taleyindən danışılır.
Ailə
başçısı olan Alvardo hara getsə də iş tapa
bilmir. Nəhayət o, bir varlının
qapısına gəlir. Ev sahibi bildirir ki,
ölmüş itini əvəz edərsə, onu işə
götürə bilər. Alvaro-A.Qurbanov bu
təklifdən dəhşətə gəlir, “mən insanam,
it deyiləm” – deyir. Lakin məcbur olub
razılıq verir. Bundan sonrakı hadisələrdə
qəhrəmanının keçirdiyi sarsıntıları, əsəb
gərginliyini aktyor o qədər təbii və səmimi
şəkildə canlandırır ki, onun itə necə
çevrildiyinə inanmağa başlayırsan. Əlbəttə, bu uğuru aktyorla rejissorun birgə
işinin nəticəsi kimi qiymətləndirmək
lazımdır.
1965-ci ildə
C.Cabbarlı adına «Azərbaycanfilm»
kinostudiyasının rəhbərliyi Kamil Rüstəmbəyovu
studiyada işləməyə dəvət etdi. Burada
onun yaradıcılığının ikinci dövrü
başladı. Ona «Dağlarda
döyüş» bədii filminə quruluş vermək
tapşırıldı. Filmin ssenarisini
yazıçı Əhmədağa Qurbanov özünün
«Tikanlı məftillər» povesti əsasında
yazmışdır. Rejissor K.Rüstəmbəyov
böyük həvəslə və məsuliyyət hissi ilə
bu əsər üzərində işləmişdir.
Müxtəlif illərdə ölkənin sərhədlərini
qoruyan sərhədçilərin çətin və qəhrəmanlıq
xidmətlərindən, sərhədi sayıq qorumalarından
bəhs edən filmlər çəkilmişdir. «Dağlarda
döyüş» hərbi-vətənpərvərlik filmində
də bu mövzuya aid kinolentlər üçün xarakterik
olan cəhətlər vardır: uzaq dağ zastavası sərhədçilərinin
gündəlik fəaliyyətləri, sərhədin
pozulması, həyəcan siqnalı, təxribatçıların
təqib olunmaları, şiddətli vuruşmalar…
Valideyn məhəbbəti ilə vətənə, vəzifə
borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin
hər şeydən uca tutulması «Dağlarda
döyüş» filminin əsas qayəsini təşkil edir. Filmdə
Böyük Vətən müharibəsində əsir
düşənlərin yaralı şəraitdə
düşmən əlinə keçməsinə baxmayaraq vətənə
qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və
onların faciəli aqibətindən də söhbət
açılır.
Dağlarda sərhəddi keçənlə sərhədçinin
döyüşü uzun illər bir-birindən ayrı
düşmüş ata ilə oğulun
görüşüdür. Onların
görüş səhnəsi çox təsirlidir. Çünki bu görüş ayrı-ayrı
dünyagörüşlərinə, ideologiyalara malik iki
insanın görüşü və toqquşmasıdır.
Müəlliflər oğul Fərruxun
simasında gənclərimizin Vətənə məhəbbət
və sədaqət hissini göstərməyə müvəffəq
olmuşlar.
Filmin müəllifləri mənəvi münaqişəyə
yüksək vətəndaşlıq mənası vermiş,
qəhrəmanların xarakterlərində həyat həqiqətlərini,
faktın doğruluğunu aça bilmişlər. Düzdür,
filmdəki hadisələr çox sürətlə və əyləncəli
şəkildə inkişaf edir, lakin təəssüf ki,
müəlliflər filmin macəra hissəsinin orijinal və
maraqlı həllini tapa bilməmişlər. Sərhədi pozanların təqib olunması digər
filmlərdən olan səhnələri xatırladır.
Bununla belə, filmin əsas məziyyəti ondan ibarətdir
ki, biz sərhədi təkcə coğrafi anlayış kimi
yox, əsgərlərimizin igidlik və dözümlük yeri
kimi görürük. Onların mənəvi-döyüş
keyfiyyətlərinin, xidməti borclarının möhkəmliyinin
sərt sınaqlara çəkildiyinin şahidi olur, Vətənimizin
keşiyində sayıq dayanan əsgərlərimizlə fəxr
edirik.
Əlbəttə,
«Aygün» və «Zəncirlənmiş adam» televiziya bədii,
«Dağlarda döyüş» bədii filmlərində
özünü bacarıqlı kinorejissor kimi təsdiq edən
Kamil Rüstəmbəyova «Yeddi oğul istərəm» filminin
quruluşunun tapşırılması göründüyü
kimi təsadüfi deyildi. Lakin söhbətimizin əvvəlində
dediyimiz kimi, bu filmin heç bir səbəb olmadan onun əlindən
alınması Kamil müəllimi nə qədər mütəəssir
etsə də, bunun ardınca «Axırıncı
aşırım» filminin ona həvalə olunması rejissora
sanki uçmaq üçün qol-qanad verdi. Bu
film də ekranlaşdırmadır. Yazıçı
Fərman Kərimzadə filmin ssenarisini özünün məşhur
«Qarlı aşırım» romanı əsasında
yazmışdır.
Kino əsərindəki dramatik hadisələr Azərbaycanın
dağ kəndlərinin birində sovet hakimiyyəti
qurulduğu ilk illərdə baş verir.
Filmin ssenarisi hər şeydən əvvəl dramatik
hadisələrin kəskinliyi, xarakterlərin
bütövlüyü ilə rejissorun diqqətini cəlb
etmişdir. Ədəbi əsər ekran dilinə çevrilərkən
müəyyən itgilərə yol verilsə də
bütövlükdə film baxılır. Bir-birindən əks mövqedə duran iki
dünyanın nümayəndələrinin – Abbasqulu bəylə
Kərbəlayi İsmayılın toqquşması
tamaşaçıda böyük maraq doğurur.
Filmdən
aldığı təəssüratı
yazıçı-rejissor Həsən Seyidbəyli «Bakinskiy
raboçiy» qəzetində dərc etdirdiyi məqalədə
belə ifadə etmişdir: «Bu fim Kamil Rüstəmbəyovun
uğurudur. «Dağlarda döyüş» filmindən
sonra onun yaradıcılığında əhəmiyyətli
addımdır. Ekranda öz taleləri, tərcümeyi-halları
və faciələri olan inandırıcı insanlar
göründülər. Bütövlükdə
maraqlı aktyor ansamblı seçilmişdir. Həsən
Məmmədovun ifasında Abbasqulu bəy və Adil İsgəndərovun
ifasında Kərbəlayi xüsusilə fərqlənirlər…»
Əyninə
bolşevik şineli geyinsə də Abbasqulu bəy daxilən
sovet hökuməti ilə barışan adam
deyildi. Sadəcə olaraq o, başa
düşürdü ki, şura hökuməti ilə
baş-başa gəlməyin mənası yoxdur. Ona görə də Kərbəlayini və onun dəstəsini
real faciədən qurtarmaq istəyir. O, Kərbəlayiyə
«hökumətnən hökumətlik eyləməyəcəyik
ki» deyir. Kərbəlayi cavabında deyir: «Mən belə
hökumət tanımıram».
Kərbəlayidə
mərdlik, mübarizliklə yanaşı
düşünülməmiş bir qürur var. Ona görə
də Abbasqulu bəy deyir: «Kərbəlayi, camaatı
qırğına vermə».
“Axırıncı aşırım” filmi çəkiləndə
Adil müəllim özü təklif etdi ki, mən Kərbəlayi
İsmayılın obrazında özümü görürəm. Rejissor K.Rüstəmbəyov
sınaq çəkilişləri aparmadan Adil müəllimi
bu rola təsdiq etmək istədiyini bildirəndə aktyor
cavabında demişdi: “Yox, sən sınaq çəkilişlərini
elə. Bir də diqqətlə baxaq, arxayın
olaq. Amma mən özümü bu rolda
görürəm.”
Filmdə aktyor Həsən Məmmədov Abbasqulu bəy
obrazını böyük ustalıqla yaratmışdır. Bu obrazda aktyorun özünə
xas olan fərdi yaradıcılıq xüsusiyyətlərini
görmək çətin deyil: alicənablıq, etibar, inam,
nəciblik və təmkinlik.
Filmdə tarixi həqiqətlər müəyyən qədər
qorunub saxlanılıb. Əsil həqiqət belədir ki,
Abbasqulu bəy daşnaklar tərəfindən qətlə
yetirilib. Kəndlilərin üsyanı isə 1930-cu ildə
yatırılmış, 80 nəfər üsyançıdan
63 nəfəri, o cümlədən Kərbəlayi
İsmayıl oğlanları ilə birgə Türkiyəyə
keçib getmişdir. Onun
yaşadığı İqdır vilayətinin Aralıq
mahalının Daşburun kəndində yol kənarında
böyük bir qəhvəxanası, mal-mülkü, torpaq sahələri
olub. Hazırda Kərbəlayi
İsmayılın qəbri Türkiyədə Daşburun kəndindədir.
1972-ci ildə
Tbilisidə keçirilən V Ümumittifaq kino festivalında
münsiflər heyətinin üzvü olan Həsən Seyidbəyli
danışırdı ki, festival filmləri arasında
«Axırıncı aşırım» daha çox maraqla
baxılırdı. Bu təkcə mənim yox,
məsuliyyətli münsiflər heyətinin bütün
üzvlərinin fikri idi. Təsadüfi deyil ki, filmin hər
iki baş qəhrəmanının rollarını ifa edən
Adil İsgəndərov və Həsən Məmmədov ən
yaxşı kişi rollarına görə
mükafatı yarı böldülər.
Rejissor K.Rüstəmbəyov televiziyada
çalışdığı illər ərzində
müxtəlif növdən olan filmlər üzərində
işləyərkən xeyli təcrübə
toplamışdı. Bu səbəbdən kinostudiya rəhbərliyi
Moskvanın Mərkəzi televiziyasının sifarişi olan
film-konsertin yaradılmasını Kamil müəllimə
tapşırdı. 1973-cü ildə çəkilmiş
«Mahnı qanadlarında» televiziya rəngli filmi
tamaşaçıları bir saat ərzində
mahnının qanadlarında gəzdirir, onları
Bakının füsunkar gözəlliyi, geniş panoramı
ilə tanış edir.
Bu film çəkilərkən kinostudiyada iri həcmli
«Dədə Qorqud» bədii filmi də istehsal olunurdu. O vaxtlar kinostudiyada baş
vermiş bir hadisə nəinki eşidənləri, elə
başına gəlmiş bu əhvalat Kamil müəllimi də
şok vəziyyətinə salmışdı.
Bir
gün Kamil Rüstəmbəyov əlində təzə qəzet
oxuya-oxuya kinostudiyanın 3-cü mərtəbəsinə
qalxarkən hiss edir ki, nəsə tüklü bir şey ona
toxunub yanından ötdü, başını qaldırıb
geriyə baxanda görür ki, bu şirdir. Bir
başqası yəqin ki, qorxusundan
qışqır-bağır salardı. Kamil
müəllim bir daha dönüb baxır və görür
ki, şir gedib. Sonra onun yanından
keçənlər diqqət yetirirlər ki, K.Rüstəmbəyov
heykələ dönüb, tərpənmir. 2-3 dəqiqədən sonra o özünə gələrək
deyib ki, yaman qorxdum, dilim-ağzım qurudu.
Bax, beləcə Kamil müəllimin xətrinə
toxunanda, onunla ədalətsiz rəftar edəndə o,
bütün əsəblərini, həyəcanlarını, təlaşını
içinə çəkirdi, ürəyinə
salırdı, amma büruzə vermirdi. Bu da onun səhhətinə
mənfi təsir göstərirdi. Sonralar
Kamil müəllim başına gələn bu qorxulu hadisəni
yumorla həmkarlarına danışır, deyib
gülürdü. Həmin şir isə
Bakıda Berberovlar ailəsində yaşayırdı və «Dədə
Qorqud» filmində çəkilirdi.
1976-cı
ildə rejissorlardan Şamil Mahmudbəyov və Kamil Rüstəmbəyov
dramaturqun ikinci dram əsəri olan «Hekayti-Müsyö Jordan həkimi-nəbatat
və dərviş Məstəli şah caduküni» məşhur
klassik komediyasının motivləri əsasında «Dərviş
Parisi partladır» kinokomediyasını çəkmişlər.
Filmdəki hadisələr XIX əsrin ortalarında
Qarabağda cərəyan edir. Əsərdə olduğu kimi, filmdə
də köhnəliklə yenilik qarşı-qarşıya
qoyulur, feodal-patriarxal ənənələrə kor-koranə
riayət edilməsi, tərəqqiyə mane olan köhnə
qayda-qanunlar, ətalət, avamlıq, gerilik və durğunluq
ifşa edilir, ictimai elmlər, xüsusilə təbiətşünaslıq
elmi, maarif və mədəniyyət təbliğ olunur, sakit
patriarxal mühitdə mütərəqqi meyllərin
yaranmasından danışılır, gənclər biliklərə
yiyələnməyə dəvət edilir.
Bu rəngli genişekramlı kinokomediyanın
quruluşçu operatorları Arif Nərimanbəyov və Z.Məhərrəmovdur. Filmə
baxanda aydın görünür ki, operatorlar çəkiliş
vaxtı işıqlardan bacarıqla istifadə etmişlər.
Onlar kadrların kompozisiya cəhətdən
bitgin olmasına səy göstərmişlər. Filmdəki kadrlara baxanda elə bil ekranda rəngkarlıq
əsərini görürsən.
Kamil müəllim «Gözlə məni» tarixi-inqilabi
filmini görkəmli dramaturq İlyas Əfəndiyevin
«Mahnı dağlarda qaldı» pyesinin motivləri əsasında
çəkmişdir. Lirik-psixoloji dram janrında
yaradılmış bu film tarixi və mənəviyyat problemlərinə
toxunur. Filmdə 1917-1920-ci illərdə Azərbaycanda
baş verən tarixi hadisələrdən – inqilab
dalğasının Dağlıq Qarabağın ən ucqar
guşələrinə belə gedib çıxmasından,
qırmızı ordu dəstələrinin yerli feodalların
hakimiyyətini öz əllərinə almalarından və
burada yeni qayda-qanunlar yaratmalarından danışılır.
Ümumiyyətlə, rejissor Kamil Rüstəmbəyov
hansı filmi çəkirdisə, ona ürəyinin bir
parçasını hopdururdu. Ona görə də
onun filmləri baxılır, sevilir, neçə on illər
keçməsinə baxmayaraq köhnəlmir. Bu, sənətkar xoşbəxtliyi deyilmi?
Böyük ekran üçün dəyərli bədii
filmlər yaratmaqla yanaşı televiziyada kino sənətinin
təməlini qoyan K.Rüstəmbəyovun vaxtilə çəkdiyi
və sənət korifeylərinə həsr etdiyi film-konsertlər
televiziyanın qızıl fondunu təşkil edir.
Günlərin birində K.Rüstəmbəyovu televiziyanın kadrlar şöbəsinə çağırıb, “60 yaşın tamam olub, pensiyaya çıx.” O, elə o dəqiqə ərizəsini yazdı. Və bu ərizədən sonra 6 il ev dustağı oldu, yəni heç bir yerdə işləmədi. Dostlarından biri “Niyə ərizə yazdın?” soruşanda Kamil müəllim cavab verdi: “Dedilər yaz, yazdım. Demək lazım deyiləm də... Lazım olsaydım mənə ərizə yazdırmazdılar ki...”
Azərbaycanın kino və televiziya rejissoru Kamil Rüstəmbəyov 1991-ci il yanvarın 29-da vəfat etmiş və Bakının köhnə qəbristanlığında torpağa tapşırılmışdır.
Televiziya verilişlərinin birində aparıcı xanım K.Rüstəmbəyova belə bir sualla müraciət edir: «Əgər siz yenidən kinematoqrafa qayıtsaydınız hansı mövzulara, hansı süjetlərə üstünlük verərdiniz?» Cavab: «Mən daha çox tarixi filmlər çəkərdim. Ona görə ki, gənc nəsil bizim qəhrəmanlıq keçmişimizi, milli adətlərimizi, ənənələrimizi, nailiyyətlərimizi və nöqsanlarımızı daha dərindən tanısın».
Təəssüflər olsun ki, «Gözlə məni» filmindən sonra o, on bir il ərzində nəinki, tarixi mövzuda, ümumiyyətlə heç bir film çəkmədi, yəni ona film təklif olunmadı. Amma yaratdıqları rejissor Kamil Rüstəmbəyov adının milli kino tariximizdə yaşaması üçün kifayət etdi.
Aydın
Kazımzadə
Kaspi.-2014.-25-27 oktyabr.-S.22-23.