Təhsilimiz yeni inkişaf dövründə

 

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sahəsində də nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən islahatlar dayanır. Bu gün məhz ümummilli lider Heydər Əliyevdən miras qalmış ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqət və qayğısı əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni nəticələrin qazanılmasına xidmət edir. Bu da öz növbəsində ölkəmizin milli kadr potensialının təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

 

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan öz gələcəyini daha etibarlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təhsilin dövlət siyasətinin mühüm strateji istiqamətlərindən birini və bəlkə də ən başlıcasını təşkil etdiyini bir daha təsdiqləyir. Bu gün Azərbaycanın təhsil sistemində həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində sözügedən sahədə böyük uğurlar əldə olunur. Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və başqa sahələri əhatə edir.

 

Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, köhnə tədris müəssisələri bərpa və əsaslı təmir edilib. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Fondun atdığı addımlar Azərbaycanın təhsil sisteminin inkişafı üzrə mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.

 

Mikayıl Cabbarovun yeni təhsil naziri təyin olunmasından və 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasından sonra bu sahədən gözləntilər daha da artıb. Nəhayət onu da vurğulamaq yerinə düşər ki, 24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclüdinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək. Əlbəttə ki, bu proqramın başlıca məqsədi Azərbaycan üçün güclü mütəxəssislərin hazırlanmasıdır. Dövlətimiz bu proqram vasitəsilə gənclərimizi nüfuzlu ali məktəblərə göndərir və onlar zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Bu amil ölkəmizdə insan kapitalının inkişafı baxımından çox mühüm faktordur. Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu ölkəmizin inkişaf prioritetlərindən biridir, bu siyasətin daha dərin kökləri, ənənələri var. Bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Xaricdə təhsil alan gənclərimiz yüksək biliklərə yiyələnməklə yanaşı ölkəmizin fəal təbliğatçısı funksiyasını da yerinə yetirirlər. Hesab edirəm ki, bu gənclər gələcəkdə Azərbaycanın inkişafına böyük töhfələr verəcəklər.

 

Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən ən başlıca amillərdəndir. Bu cəhətdən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması mühüm əhəmiyyət daşıyır. Bu sənədin qarşıya qoyduğu vəzifələrlə əlaqədar təhsil naziri cənab Mikayıl Cabbarov müsahibələrin birində demişdir: “Dünyadaonun bir parçası olan Azərbaycanda müasirləşmənin yolu yeni təhsil fəlsəfəsinin, elmi nailiyyətlərin və innovasiyaların məhsulu olan qabaqcıl texnologiyaların, idarəetmə üsullarının tətbiqindən keçir. Bunun üçün əsas prioritet istiqamətlər ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına, inteqrasiyasını sürətləndirməkdən, insan kapitalının inkişafını, hər bir ölkə vətəndaşının müasir bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən ibarətdir. Bütün bunlara isə məhz təhsiin inkişafı sahəsində nail olmaq mümkündür”.

 

Müəllim nüfuzunun qaldırılması üçün “Müəllimlərin etik davranış qaydaları” qəbul olunub. Yeni qaydalara uyğun olaraq, indi müəllimlər fəaliyyətə başlamazdan əvvəl “müəllim andı” içirlər. Bununla müəllimlər təhsil müəssisələrində sağlam münasibətlərin formalaşmasına, vətəndaşların onlara etimadının artmasına məsuliyyət daşıdıqlarını öhdələrinə götürürlər. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanır. Nəzərə alsaq ki, müəllim gənc nəslin formalaşmasında, onların mədəni inkişaf prosesində birbaşa iştirak edir, onda nüfuzlu, ziyalı təbiətli müəllimin ölkəmizin gələcəyində nə qədər böyük rol oynadığı aydın olar.

 

Bundan əlavə, müəllimlərin işə qəbulunda, yerdəyişməsində də neqativ hallar aradan qaldırılıb. Artıq müəllimlər yeni qaydalara uyğun olaraq, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla işə qəbul edilir. Vakansiyalar elan edilir, əvvəlcə yerlərini dəyişmək istəyən müəllimlərin müraciətlərinə baxılır, müsahibə əsasında onların istəyi yerinə yetirilir, daha sonra yeni müəllim fəaliyyətinə başlamaq istəyənlər üçün imtahanlar keçirilir. Bütün bunlar tam elektron qaydada, subyektiv müdaxilələr olmadan baş verir. Müəllim imtahan verib qurtaran kimi öz nəticəsini bilirbuna əsasən vakant yeri tutub-tutmadığını dərhal müəyyənləşdirir.

 

Müəllimlərlə yanaşı, məktəb direktorlarının təyinatı ilə bağlı da yenilikləri vurğulamaq lazımdır. Bu il direktor olmaq istəyən gənc, enerjili kadrlar üçün xüsusi təlimlər təşkil edilmiş, müasir menecment prinsipləri tədris edilmişdir. Artıq 14 məktəbə yeni direktorlar təyin olunub. Bu prosesin gələcəkdə davam etdirilməsi nəzərdə tutulub.

 

Müəllimlərin savad və tədris bacarıqlarının artırılması da hər zaman yeni nazirin diqqət mərkəzindədir. Belə ki, Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsini keçirilir, paytaxtdakı müəllim heyətimizin real imkanlarını müəyyənləşdirdik. Sınaq qiymətləndirməsinin nəticələri təhlil edilir və müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması üzrə müvafiq təkliflər hazırlanır.

 

Orta təhsildə ən vacib məsələlərdən biri də dərsliklərlə bağlıdır. Onların hazırlanmasında artıq bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Bütün dərsliklər təkmilləşdirilib, yeddinci sinif dərslikləri yenidən işlənib hazırlanıb. Dərsliklərin hazırlanmasında yeni sistemin əsasını artıq qoyulub. Növbəti tədris ilinin yeni dərsliklərini əvvəlcədən hazırlanıb pilot olaraq bəzi məktəblərə paylanılması və ekspertlərə verilməsi nəzərdə tutulub. Cənab nazir Mikayıl Cabbarov çıxışlarından birində həmin dərsliklər rəylərə uyğun olaraq yenidən işlənəcəyini və çap olunaraq yay tətilində dərs ili başlamamışdan məktəblərə çatdırılacağını qeyd edib. Bununla, dərsliklər mükəmməlləşdikdən sonra tam həcmdə çap edilərək şagirdlərə paylanacaq, eyni zamanda müəllimlər dərsliklərlə əvvəlcədən tanış olacaqlar.

 

Həyata keçirilən islahatlara baxmayaraq, ictimaiyyətin təhsillə bağlı hələ də narazı qaldığı məsələlər var. Onlardan biri dərs ilinin uzadılmasıdır. Lakin nazir Mikayıl Cabbarov yeni tədris ilinin əvvəlində ictimaiyyətə ünvanladığı müraciətində valideynlərə bildirdi ki, narahatçılığa heç bir əsas yoxdur. O qeyd edib ki, həmin məsələyə dərs ilinin uzadılması yox, şagirdlərin üzərinə düşən dərs yükünün azaldılması prizmasından yanaşılacaq. İnkişaf etmiş ölkələrdə illik tədris müddəti 38 həftə olduğu halda, bizdə 32 həftədir. Əsas məqsəd gələcək nəsli keyfiyyətli təhsillə əhatə etmək və eyni zamanda, bu təhsilin tam mənimsənilməsinə nail olmaqdır. Dərs ilinin uzadılması da bu istiqamətdə həyata keçirilən islahatlardan biridir.

 

Təhsil prosesinin komponentlərindən biri də məktəbdənkənar müəssisələrlə bağlıdır. Bu sahə ilə bağlı bir sıra yeniliklər həyata keçirilməyə başlanıb. Belə ki, Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı İslahat Proqramı hazırlayıb. Bu işlərin nəticəsidir ki, 2013-2014-cü tədris ilində yaradıcılıq sarayları, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlərin, uşaq-gənclər idmanşahmat məktəblərinin yetirmələri yerli və beynəlxalq yarış, çempionat, müsabiqə və festivallarda yüksək yerlərə layiq görülüblər. Uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri, onların asudə vaxtlarının mənalı təşkili üçün məktəbdənkənar təhsilə dair bir sıra layihələr hazırlanmaqdadır.

 

Ali təhsil sahəsində də əhəmiyyətli yenilikləri müşahidə edirik. SABAH qrupları layihəsi bizim ali təhsil sahəsində həyata keçirdiyimiz mühüm layihələrdən biridir. Artıq sentyabrın 15-dən ölkəmizin 8 ali təhsil müəssisəsində SABAH qrupları tədris keçməyə başlayıb. İlk SABAH qruplarında 700-ə yaxın tələbə təhsil alacaq. Onlar yüksək səviyyəli tədrislə əhatə olunacaq. SABAH qruplarının məzununun bilik və bacarıq səviyyəsi xaricdə təhsilini başa vurmuş məzunun bilik və bacarıq səviyyəsinə bərabər olacaq. Bir sözlə, SABAH qrupları Azərbaycanın ali təhsil sistemində keyfiyyət dəyişikliklərinin pioneridirbütün ali təhsil sistemini öz arxasınca irəli aparacaq.

 

Təhsil sahəsində hamının marağına səbəb olan hadisələrdən biri ölkə başçısının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı Sərəncam oldu. Bu Sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcıdır. Dövlət başçısının dəstəyi ilə biz passiv müşahidəçi rolunda çıxış edən yerli təhsil şöbələrinin əvəzində məktəblərdə vəziyyətə tam nəzarət edən, kadrların yerləşdirilməsində şəffaflığı təmin edən, tədris prosesini optimallaşdırmağı bacaran yeni idarəetmə mexanizmi qururuq. Bununla, yerlərdə təhsil idarəedicilərinin imkanları artırılır, eyni zamanda onların məsuliyyəti çoxalır. Təhsil Nazirliyinin regional strukturlarının yaradılması, onlara geniş səlahiyyətlərin verilməsi ilə yanaşı məsuliyyətlərinin artırılması, təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması nöqteyi-nəzərdən deyil, həmçinin digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq.

 

Azərbaycan təhsilinin inkişafına belə bir səviyyədə göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan bugünkü uşaq və gənclərin sağlam ruhlu, dövlətçiliyimizə sədaqətli, vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına böyük ümidlər yaratmaqla bərabər, təhsil işçilərinin məsuliyyətini daha da artırır. Bu gün təhsil sahəsi əsl vətəndaşlıq mövqeyi nümayiş etdirilən strateji fəaliyyət meydanıdır. Qəlbində Vətən və millət məhəbbəti olan hər bir təhsil işçisi bu meydanda əzmkarlıqla çalışmalı, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır.

 

İskəndər Quliyev,

“Şəffaf Seçkilər” Monitorinq Mərkəzinin direktoru

 

Yazı KİVDF-nin maliyyə yardımı əsasında həyata keçirilən «Dövlət və ictimai maraqların müdafiəsi» layihəsi əsasında hazırlanmışdır.

 

Kaspi.-2014.-25-27 oktyabr.-S.6.