“İşimi görərkən
uğur haqda düşünmürdüm”
Əməkdar mühəndis Xavər
Babazadə: “Həyatda fürsətləri görüb dəyərləndirmək
lazımdır”
Azercelə 3G, 4 G
şəbəkələrinin qurulması, metro
stansiyalarında Azercell abunəçilərinin
danışa bilməsi məhz bu
xanımın rəhbərliyi altında görülən işin nəticəsində mümkün
olub. Müsahibimiz
hazırda Azercell şirkətinin Texnologiyalar departamentinin Transmissiya şəbəkəsi bölümünün rəhbəri və
Proseslərin İnkişafı üzrə konsultant
vəzifələrini icra edən, əməkdar
mühəndis Xavər Babazadədir.
- Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra 3 ay Statistika Komitəsində çalışdım. Həmin vaxt başqa iş axtarırdım və AMEA-nın Kibernetika İnstitutunun Avtomatlaşdırılmış idaretmə sistemləri bölməsində işləmək üçün institutun keçmiş direktoru Əli Abbasov məndən müsahibə götürdü. İki vakansiyadan birində işə başlayacaqdım ki, Azercell şirkətindən iş təklifi aldım və qəbul etdim. Radio Şəbəkə planlama mühəndisi vəzifəsinə başladım. 2 il sonra Texniki şöbənin Planlama bölümündə baş mühəndis vəzifəsinə təyin edildim.
- Deyəsən, daha sonra ümumilikdə Azercell şirkətində Texniki şöbəyə rəhbərlik etmək təklifi alsanız da, bundan imtina etdiniz...
- Bəli, o zaman özümü bu vəzifəyə hazır hiss etmirdim. Amma şöbəyə rəhbər tapana kimi bu vəzifəni 6 ay icra etdim. Sonra Türkiyədən mütəxəssis tapdılar və mən əvvəlki vəzifəmə qayıtdım. Daha sonra 2004-cü ildə texniki əməliyyatlar bölümünün rəhbəri, 2006-cı ildə Planlama, Optimizasiya və Performans nəzarəti şöbəsinin rəhbəri təyin edildim.
- 1990-cı illərin sonlarında Azərbaycan boyu, bölgələrimizdə Azercell-in antenalarının quraşdırılmasında da deyəsən, bilavasitə sizin iştirakınız, əməyiniz olub...
- Planlama şöbəsində işləyərkən Azercell şəbəkəsinin ölkə boyu tutması üçün nə qədər stansiyanın quraşdırılmasının lazım olduğunu hesablamışdım. O zaman mənə dedilər ki, stansiyaların harada qurulacağını da mən təyin etməliyəm. Artıq 21 yaşımdan rayonları gəzirdim, dağlara dırmaşaraq müəyyənləşdirirdim ki, antenalar harada quraşdırılmalıdır. Bu iş mənim üçün çox maraqlı oldu. Həm də Azərbaycanın bölgələrini tanıdım.
-Deyəsən, 2011-ci ildə yenidən Azercelldə Texniki departamentin başına keçmək üçün sizə təklif gəldi və bu dəfə qəbul etdiniz...
- Bəli, 2011-ci ildə İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru vəzifəsinə yenidən təklif aldım və bu dəfə qəbul etdim. Amma təklif mən analıq məzuniyyətində olduğum vaxta təsadüf etdiyindən, məzuniyyətdən dönəndən sonra işə başladım. Planımda var idi ki, 2-3 il bu vəzifəni icra edim, sonra yeni bir işə keçim. O zaman departament direktoru olaraq şirkət rəhbərliyi mənə tapşırıq verdi ki, Azerclldə start götürəcək yeni layihəyə müdir tapım. Mən namizədlər siyahısını tərtib etdim. Gördüm ki, iş maraqlıdır, yeni layihədir, hər şey sıfırdan qurulacaq, siyahıya öz adımı da əlavə etdim. Şirkət rəhbərliyi mənim işimi dəyişmək istədiyimi bilirdi. Beləliklə, namizədlər sırasından mənim namizədliyim dəstəkləndi. Departament müdiri vəzifəsində 2 ilə yaxın işləyəndən sonra bu yeni layihəyə rəhbərlik etdim. Departamentə rəhbərlik etmək üçün yenə Türkiyədən mütəxəssis dəvət etdilər. Hazırda isə həmin departamenti isveçli mütəxəssis idarə edir.
- Rəhbərlik
etdiyiniz layihə nə qədər davam etdi?
- Həmin layihə hələ də davam edir. 6
ay həmin layihənin
üzərində işlədikdən
sonra, layihənin nəticəsini öyrənmək
üçün gözləmə
qərarı verildi.
Heç kim
heç nə deməsə də, bu müddətdə boş oturmaq istəmədim. Həmin vaxt Texnologiyalar
departamentinin Transmissiya
şəbəkəsi bölümünə
rəhbər axtarılırdı.
Mən təklif etdim ki, həmin qrupa rəhbərlik edim. Təklifim qəbul edildi.
Hazırda da Transmissiya
şəbəkəsi bölümünün
rəhbəri və Proseslərin İnkişafı
üzrə konsultant vəzifələrini icra edirəm.
- İndiyə
kimi Azercelldə rəhbər vəzifələrdə
çalışmısınız. Sizcə, niyə görə
sizi bu vəzifələrə
təyin edirlər?
Yalnız peşəkarlığınıza
görəmi, yoxsa başqa xüsusiyyətləriniz
də var?
- Çox çətin sualdır. Bəlkə də məntiqli
düşündüyüm üçün rəhbər
vəzifələrə təyin
edilirəm. Testlərdə də təhliletmə qabiliyyətimin yüksək
səviyyədə olduğu
üzə çıxır.
Bəlkə buna görədir.
- Amma işçiləriniz deyir
ki, həm də yaxşı liderlik qabiliyyətiniz var və sizinlə
işləmək çox
rahatdır. Lider kimi işçilərinizə
necə stimul verirsiniz?
- Xasiyyətlər fərqli
olduğundan hər insanla fərqli davranmağa üstünlük
verirəm. Hər insanı nə
stimullaşdırırsa, onu
başa düşmək,
ona uyğun hərəkət etmək
lazımdır. Birinə ilhamlandırıcı
sözlər deməklə,
başqa birisilə əmredici metodlarla davranmaqla və s. Yəni, bu, insandan-insana fərqlənir.
Kiminsə xoşu gəlir
ki, onunla dialoq aparılsın və işin məqsədinə kimi hər şey izah olunsun. Kimisi də deyir ki,
ondan nə gözlədiyimizi deməyimiz
kifayətdir, qalan işi özü görəcək.
- Rəhbərliyiniz
altında 200-ə yaxın
işçinin çalışdığı
vaxtlar olub və təxminən 99 fazi müxtəlif yaşlarda olan əks cinsin nümayəndələri olub.
Necə düşünürsünüz,
kişiləri idarə
etmək çətindir,
yoxsa qadınları?
- Həmişə texniki şöbələrə rəhbərlik
etdiyimdən əsasən
kişilərlə işləmişəm.
Buna görə də müqayisə aparmaq mənim üçün çətindir.
Sözün doğrusu,
heç kişi
ilə qadın arasında fərq qoymağı da sevmirəm. Xasiyyət əsasdır. Hər insanın öz xasiyyəti var. Buna uyğun
olaraq da onunla davranırsan.
- Gənc olmanıza baxmayaraq, əməkdar mühəndis adını
almısınız. Dünyada,
o cümlədən Azərbaycanda
çox az
sayda qadın dəqiq elmlərə meyllidir. Siz isə bu sahədə ölkə prezidenti tərəfindən
qiymətləndirilmisiniz. Xəbəri
eşidəndə hansı
hissləri keçirdiniz?
- Mənim üçün gözlənilməz xəbər
oldu. Çox sevindim, amma hamı məni təbrik edəndə bir az utanırdım da. Düşünürdüm ki, ciddi bir şey etməmişəm.
- Amma gənc xanım olmanıza rəğmən, Azərbaycanın
ilk mobil operatorunda 3G,
4 G şəbəkələrinin qurulması, metro stansiyalarında,
depolarda şəbəkənin
tutması sizin adınızla bağlıdır.
-
2000-2001-ci il idi. Hamı bilirdi ki, metroda şəbəkə
tutmur. Biz də şəbəkənin tutması
üçün iş
görürdük. Şəbəkənin necə tutduğunu yoxlamaq üçün
metro stansiyasına daxil
oldum. Telefonumu çıxarıb gizli-gizli danışmağa
başladım. Çünki insanlar bilirdilər ki, metronun içərisində
şəbəkə tutmur.
Mən danışarkən
ətrafımdakı insanlar
başladılar ki, “buna bax, telefonunu
göstərir, burada guya şəbəkə tutur?”. Əslində şəbəkə artıq
tuturdu və mən yoxlayırdım ki, haralara qədər
əhatə edilir.
- 4 yaşlı əkiz övladlarınız - oğlunuz
və qızınız
var. Işlə ailəni
necə tənzimləyirsiniz?
Ailənizə görə nə
vaxtsa karyeranızı
qurban vermisiniz, yaxud verərsiniz?
- Əslində Azercell
şirkətinin Texniki
departamentinin direktoru vəzifəsindən çıxmağımın
ən əsas səbəblərindən biri
uşaqlar idi. Departament direktoru
vəzifəsində ailəyə
yetərincə vaxt ayırmaq mümkün deyldi. Hazırkı qrup rəhbərliyi
vəzifəsində isə
işləri idarə
etmək daha asandır. Departament rəhbəri olanda iş 18.00-dan sonra da, şənbə-bazar da ola bilərdi.
- Özünüzü
işsiz təsəvvür
edirsiniz? İstərdinizmi evdə oturub
ancaq övladlarınızın
tərbiyəsi ilə
məşğul olasınız?
- Tam işsiz evdə oturmaq mənim üçün çətin
olar. Amma bir çox xarici ölkələrdə
tətbiq edilən
“home office” sistemi (evdə
iş – L.M.) Azərbaycanda da tətbiq
olunsaydı, çox sevinərdim. Məsələn, Bakıda deyil, rayonda yaşayardım.
Telekommunikasiya o dərəcədə inkişaf edib ki, istədiyin yerdən işləyə,
işi idarə edə bilərsən.
- Bu qədər işin arasında mütaliə ilə də məşğul olursuzunuz. Hansı yazıçıların əsərləri
sizə daha çox təsir edib, hardasa fikirlərinizi
dəyişib?
- Davamlı olaraq mütaliə edir, bədii ədəbiyyat oxumağa vaxt çatdırıram. Viktor Hüqonun “Səfillər”ində
Jan Valjan və yepiskop obrazları mənə təsir edib. Ən çox sevdiyim
personaj Kola Brunyondur.
- Bəs elmi ədəbiyyatları
necə, davamlı izləyirsiniz?
- İşlə əlaqədar
məcburən oxuyuram. Xaricdəki jurnallara
abunə olur, İnternetdən məqalələri
izləyrəm. Kadrlar şöbəsi
bizi inkişaf proqramları ilə, təlimlərdə, konfranslarda
iştirakımızı təmin
edir, öz sahəmizə uyğun dünyada yeni çıxan kitabları sifariş edib bizə verirlər.
- Bir az da gələcək iş planlarınızdan danışardınız.
- Texniki şəbəkədə
sahələri dəyişməyi
xoşlayıram. Müəyyən bir shaədə işləyirəm, biliklər
əldə edirəm,
sonra özümdə
inkişaf görmürəm.
Buna görə sahəmi dəyişmək
zərurəti yaranır.
Çünki yeni bir şey öyrənmək istəyirəm. Son illər
eyni iş mənim üçün darıxdırıcı olur.
Hər zaman istəyirəm ki, Texniki departamentin daxilində yeni bir iş olsun.
Hazırkı apardığım
layihə may ayında
başlayıb, hələ
davam edir. Burada iş çoxdur. Ən azı əlimdə 1 illik yeni iş
var. Buna görə maraqlıdır.
- Deyəsən, “Atəşgah”
intellektual klubunda komandalardan birinin kapitanısınız. Yoldaşınızla
da orada tanış olmusunuz...
- Əslində ailə qurmamışdan əvvəl
ilk dəfə yoldaşım
məni sözügedən
kluba apardı, tanış etdi və mən
2003-2008-ci illərdə bu
kluba qatıldım. Amma uşaqlar olandan sonra davam edə
bilmədim. Çünki klubun oyunları bazar günləri olur. Bazar günləri də
uşaqlarla birlikdə
oluram. Amma həyat yoldaşım
sözügedən klubda
fəaliyyətini davam
etdirir.
- Son, ənənəvi
sualımız: uğur
sirriniz nədədir?
- Həyatda insanın qarşısına çoxlu
fürsətlər çıxır.
İlk növbədə həyatda
həmin fürsətləri
görüb dəyərləndirmək
lazımdır. Bundan başqa,
zəhmət çəkmək,
çalışmaq vacibdir.
Bir də mən işimi görərkən
uğuru heç vaxt düşünmürdüm,
sadəcə işimi
görürdüm. Qarşıma məqsəd qoymuşdum ki, işimin öhdəsindən elə
gəlim ki, hamı bəyənsin.
Ona görə yox ki, mənə vəzifə versinlər, təltif etsinlər.
Mənim
üçün maraqlıdır
ki, insanlar gördüyüm işdən
faydalanırlar, işimin
nəticəsi olsun.
Bu, mənə stimul verir. Bir də işini görərkən zövq
alırsansa, bu da vacib şərtlərdəndir.
Zövq aldığın işi istər-istəməz yaxşı
görürsən və
bu da uğura
aparan yoldur.
Lalə MUSAQIZI
Kaspi.-2014.-31 oktyabr.-S.15.