Həm
Türkiyənin, həm də Azərbaycanın təbliğatı
Seyfəttin Altaylı: «Türkiyədən əmək
haqqı alıb Azərbaycan tarixi və mədəniyyəti
üçün
çalışmışam»
Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Azərbaycan Türkcəsi
Verilişləri Redaksiyası 1981-ci ildə yaradılıb. O vaxta qədər radionun efirində hər hansı veriliş türk ləhcəsində
və ya şivəsində
yayımlanmayıb. Ölkədə baş
verən hərbi çevriliş nəticəsində
hakimiyyətə gələn Kənan Evren
hökuməti tərəfindən ilk dəfə
olaraq Azərbaycan türkcəsində veriliş efirdə yayımlanmağa
başlayıb. Hazırda verilişlərin Azərbaycan
türkcəsində yayımlandığı redaksiya
TRT-də “Azərbaycan masası” kimi
tanınır.
Radionun Azərbaycan Redaksiyasının rəhbəri Seyfəttin
Altaylı “Kaspi” qəzetinə müsahibəsində
qurumun fəaliyyətindən bəhs edib.
Azərbaycan türkcəsi uğrunda
mübarizə
- “Türkiyənin səsi” radiosunda
Azərbaycan Redaksiyasını yaratmaqda məqsəd
nə idi?
- Mən bu redaksiyada 1985-ci ildən çalışıram. 1980-ci ildə İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirdim və 5 il kənddə yaşamalı oldum. Kəndə qayıtmağımın səbəbi 12 sentyabr 1980-ci ildə Türkiyədə baş verən hərbi çevriliş idi.
1985-ci ildə İqdır vilayətindən Ankaraya gələrək imtahan verib TRT-də “Türkiyənin səsi” radiosunda işə qəbul olundum. 7-8 ay sonra isə radionun rəhbərliyinə təyin edildim. "Türkiyənin Səsi" radiosuna işə düzələndə orda əsasən güneylilər işləyirdi. Radio stansiyasının siqnal buraxılışında, "danışır pəxşi Azəri, danışır torki Azəri, danışır azərbaycani torki" və s. kimi sözləri işlədirdilər və yazıb oxuduqlarının 70 faizi fars və ərəb dilinə məxsus sözlər idi. Hətta cümlələrin quruluşu da farscanın qrammatik quruluşuna görə idi. Nə qədər xoş sözlərlə onları bu işdən daşındırmaq istəsəm də o vaxt əlimdə hər hansı səlahiyyət olmadığına görə mənə qulaq asmadılar. Yəni Türkiyənin hər hansı bir kəndində yaşayan azərbaycanlı onların verdiyi proqramlardan heç nə başa düşmürdü. Mən bununla bağlı məqalə yazdım və Bəxtiyar Vahabzadə ilə bağlı keçirilən elmi konfransda məruzə etdim. İşə düzələndən səkkiz ay sonra radionun rəhbərliyinə təyin olundum və onların gördüyü işin mahiyyətinin Türk aləminə nə qədər ziyan vurduğunu və bundan sonra da vuracağını TRT rəhbərliyinə izah elədim. Cənubi Azərbaycanın Xoy şəhərindən olan bir işçi istisna olmaqla hamısı işdən çıxarıldı, Xoylu da müəyyən vaxtdan sonra getməli oldu. Yeni işçilər formalaşdırdım. Radionun dil strategiyasını yenidən müəyyənləşdirdim və o gündən üzü bəri, TRT “Türkiyənin Səsi” radiosu Azərbaycan Türkcəsi verilişlərində danışdığımız dilin adının “Azərbaycan Türkcəsi” olduğu təkidlə vurğulanır. Bu həqiqət TRT-nin Dış Yayınlar Dairəsində qəbul olunub. Radionun əsas məqsədi Azərbaycanla Türkiyə arasındakı qardaşlığın, dostluğun təmin edilməsi və onun möhkəmləndirilməsidir. Bizim Azərbaycanın daxili və xarici siyasətinə qarışmağa nə ixtiyarımız, nə də hüququmuz var. Rəhbəri olduğum dövrdə bu radioda Azərbaycanla bağlı hər hansı bir mənfi söz işlədilməyib və işlədilə bilməz. Yeganə məqsədimiz iki xalq arasında yaxşı ünsiyyət və əlaqələr yaratmaqdır. Radionun bütün proqramları da həmin siyasət istiqamətində yazılıb və yayımlanıb. «Türk tarixindən səhifələr», «Ədəbiyyat dünyamız», «Dədə Qorqudda türk dövlət ənənəsinin izləri», «Vaxta iz salanlar», «Güneyin çağdaş ozanları» və s. verilişləri yazdım və özüm səsləndirdim. Bundan əlavə, «Sözümüz, söhbətimiz» proqramı efirə çıxdı və indiyə qədər onu davam etdirirəm. Azərbaycanlılardan kiminlə rastlaşdımsa - ziyalıdan, alimdən tutmuş, sadə kənd adamına kimi hamısından müsahibələr aldım və onları efirdə səsləndirdim. Xocalı faciəsi baş verəndən sonra demək olar ki, bütün xocalıları axtarıb tapdım və hamısından ayrı-ayrılıqda müsahibələr aldım. O müsahibələrin hamısını efirdə səsləndirdim. Xocalıların məruz qaldığı faciəni bütün dünya ictimaiyyətinə çatdırdım. Redaksiyada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı çoxlu proqramlar hazırlanıb. Bu cür mövzularda işlərimizi yenə davam etdiririk.
- İctimai Televiziya
və Radio Yayımları Şirkəti
(İTV) ilə “Türkiyənin səsi”nin əlaqələri
hansı zərurətdən yarandı?
- İctimai Radio və TRT-nin Azərbaycan redaksiyasından yayımlanan «Qorqud ata» verilişinin layihə müəllifi mənəm. Verilişin adını da mən seçmişəm. Azərbaycan radiosu ilə efirə çıxmaq, ortaq proqram aparmaq məqsədilə bu verilişə başladıq. O zaman yazıçı Mövlud Süleymanlı Azərbaycan Radiosunun rəhbəri idi və “bu işi başlamağa hazırıq” deyirdi. Ancaq Türkiyə tərəfi hələ buna hazır deyildi. İctimai Televiziya və Radio Şirkəti yaranandan sonra bu işi gerçəkləşdirmək haqqında düşündük. Mən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşdüm və bu məsələni onunla müzakirə etdim. Layihə haqqında Əli müəllimə ətraflı məlumat verdikdə, o, bu layihəni müsbət qarşıladı. Bu layihənin gerçəkləşməsində onun böyük rolu oldu. O, bu layihə haqqında cənab prezidentə çatdırmasaydı, ölkəmizin başçısı müsbət rəy bildirməsəydi, layihə gerçəkləşməyəcəkdi. Həmçinin indiyə kimi gördüyümüz işlər həyata keçməyəcəkdi.
2007-ci ildə - Bakıda Türk Dünyasının qurultayı keçirilən vaxt həm İTV, həm də Azərbaycan radiosu ilə ortaq müqavilə bağladıq. Hər ay bir dəfə Ankarada, bir dəfə də Bakıda canlı verilişlər yayımlandı. Sonradan hər gün ortaq efirə çıxmaq barədə protokol imzalandı. Amma sonradan Azərbaycan radiosu ilə bu layihəni gündəlik davam etdirmək mümkün olmadı. Amma 2008-ci ilin əvvəlindən indiyə kimi İTV ilə hər gün bir saatlıq ortaq efirimiz davam edir.
Bu, həm İctimai radioda FM dalğasından yayılır, həm də «Türkiyənin səsi» radiosunun ötürücüləri vasitəsilə internet kanalından bütün dünyaya yayımlanır. Onu da qeyd edim ki, protokola əsasən, İTV-dən bir aylıq gəlib burada çalışan işçilərin əmək haqqı ödənilir. Onlar həm burada iş şəraiti ilə tanış olur, həm iş təcrübəsini bölüşür, həm də yeni dostlar qazanırlar.
Bu redaksiyada görülən işlər həm Türkiyənin, həm də Azərbaycanın təbliğatıdır. Bu radio Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb.
Əlimdən nə gəlirsə
- Azərbaycanla bağlı xəbərləri əsasən
hansı mənbələrdən əldə edirsiniz?
Ümumiyyətlə, Azərbaycan mediası ilə əlaqələriniz
hansı səviyyədədir?
- İctimai Radioda işləyən həmkarlarımız daha çox Azərbaycanla bağlı xəbərlər verirlər. Biz Türkiyə ilə bağlı çox önəmli olan dörd xəbər veririk. Daha sonra bütün dünya xəbərlərini çatdırırıq. Yəni «Qorqud ata» verilişinə qulaq asan bir insan həm Azərbaycanda, həm Türkiyədə, həm də bütün dünyada baş verən hadisələrdən xəbərdar ola bilir. Mayor Ramil Səfərov həbsxanada olarkən ondan «Azərbaycanla bağlı xəbər ala bilirsənmi?»- deyə soruşanlara «Qorqud ata» verilişinə qulaq asıram və Azərbaycanda nələrin baş verdiyini ordan öyrənirəm» - deyə cavab verib. Biz Azərbaycanda fəaliyyət göstərən xəbər agentliklərindən, portallardan, saytlardan xəbərləri əldə edirik və radiomuzun veb səhifəsində yayırıq. Demək olar ki, bizim siyahımıza Azərbaycanda işıq üzü görən bütün qəzetlər və internet mediası daxildir.
- Sirr deyil ki, bu gün
müasir texnologiyalar
insanları televiziyadan, radiodan,
qəzetdən xeyli uzaqlaşdırıb.
Sizin müşahidələriniz nə
göstərir: radonun dinləyiciləri çoxmu qalıb?
- Hazırda Türkiyədə fəaliyyət göstərən radiolar televiziyalardan çoxdur. Bu, onların dinləyicisinin çoxluğu ilə əlaqədardır. Dünyanın hər yerindən bizim redaksiyaya məktublar daxil olur. Avstraliyadan tutmuş Amerikaya, Avropadan tutmuş Afrika qədər ölkələrdən bizə yazırlar. Hətta mənim türk tarixindən olan proqramıma Hindistandan məktub yazıblar. Əfqanıstandan bir neçə dəfə zəng vuraraq «Sizin proqrama qulaq asır, Azərbaycan gerçəkliyini məhz bu radio vasitəsilə öyrənirik» deyiblər. Azərbaycanın özündə də – həm Şimalda, həm də Cənubda çoxlu dinləyicimiz var. Araz boyu Güneydə «Qorqud ata» verilişinə qulaq asırlar. Tehran, Təbriz, Qəzvin, Mazandaran, Xoy, Urmiya, eləcə də Lənkərandan tutmuş Sumqayıta, Gəncədən Borçalıya qədər dinləyicilərimiz var. Redakisyamıza zənglər və məktublar daxil olur.
- Siz Azərbaycanla bağlı bir neçə kitab nəşr
etmisiniz. Hazırda hansı əsər
üzərində işləyirsiniz?
- İndiyə qədər Azərbaycanla bağlı 20-ə yaxın kitabım nəşr olunub. Hazırda “Müqayisəli ensiklopedik Azərbaycan türkcəsi” lüğəti üzərində işləyirəm. Mən bu lüğəti 25 il ərzində hazırlamışam. 5800 səhifədən ibarət lüğəti Türkiyə Qurumu çap edəcək. Hələlik siqnal nüsxəsi işıq üzü görüb. Bundan əlavə, “Azərbaycan türkcəsinin deyimlər sözlüyü”nü hazırladım. İki cilddən ibarət “Azərbaycan türkcəsi sözlüyü” adlı kitabım çap olundu. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Mövlud Süleymanlı, Aqil Abbas və başqa yazıçıların əsərlərini Türkiyə türkcəsinə çevirdim və onların izahlı nəşrini gerçəkləşdirdim. «Hophopnamə»nin izahlı nəşrini hazırladım. Mənə görə bu, «Hophopnamə»nin ən mükəmməl nəşridir. Mən ömrümü Azərbaycana həsr etdim. Belə deyim, Türkiyədən əmək haqqı alıb Azərbaycan tarixi və mədəniyyəti üçün çalışmışam. Bununla da hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında korpü ola bilmişəm. Özümü missiyamı yerinə yetirmiş kimi hiss edirəm. Azərbaycan üçün əlimdən nə gəlirsə, hamısını həyata keçirməyə çalışacağam.
Təranə Məhərrəmova
Ankara
Kaspi. -
2014.- 3 sentyabr.- S. 9.