Yeni mövsümün
serial aləmi
Telekanallar yeni mövsümdə hansı
serialları nümayiş etdirəcək?
Artıq istirahət mövsümünü
də başa vurduq. Yeni mövsümün gəlişi
daha çox televiziyalarda hiss olunur desək, heç də
yanılmarıq. Adətən böyük
auditoriya qazanmağa,
tamaşaçı diqqəti çəkməyə
çalışan telekanallar belə vaxtlar yeni layihələrlə
və verilişlər, seriallarla
tamaşaçıların görüşünə gəlirlər.
Bu baxımdan televiziya
işçiləri yay
mövsümündə istirahət etməklə
yanaşı, həm də yeni seriallar, kinolar, layihələr
üzərində əmək sərf edirlər.
Tamaşaçı da öz
növbəsində indidən izləyəcəkləri seriallar və verilişlərlə
maraqlanıb, öz maraq
dairələrinə uyğun olanı diqqətlərində
saxlamağa çalışırlar.
Biz də bütün bunları nəzərə alaraq yeni mövsümdə telekanallarımızda nümayiş olunacaq seriallarla maraqlandıq. Öyrəndik ki, bu mövsüm tamaşaçılarımız bəzi kanallarda ötən ildən qalan serialların ardını izləməkdə davam edəcəklər. Müxtəlif kanallara yeni seriallar təqdim olunsa da onların nümayişinə noyabr ayından start veriləcək. Belə ki, serialları hazırlayan prodakşınlar serialın ilk bölümlərini çəkib telekanallara təqdim etməyi planlaşdırırlar. Yeni çəkilən serialın ilk bölümlərini izləyən telekanallar isə bu aydan etibarən izləyicilərinin zövqünə uyğun serialları yayıma buraxacaqlarını bildirirlər.
Bu mövsüm də yeniliklərlə...
İlk olaraq ATV telekanalında reytinq toplayan və uzun müddətdir ki, kiçik komanda ilə tamaşaçıların sevimlisinə çevrilən “Bacanaqlar” serialından başladıq. Serialın baş rejissoru Ramin Hacıyev bizimlə söhbətində hər mövsümdə olduğu kimi, bu mövsümdə də köklü dəyişikliklər olacağını qeyd etdi. Onun sözlərinə görə növbəti həftədən efirdə nümayiş olunacaq bölümdə, ilk olaraq serialın adı dəyişiləcək: “Yeni mövsümdən serialın ssenarisində böyük dəyişikliklər olacaq. Bizim baş qəhrəmanlarımız Talehlə Qismət həyat yoldaşlarından ayrılıb, başqa xanımlarla ailə həyatı quracaqlar. Taleh Mətanət xanımla ailə həyatı qurduqdan sonra onun başı bəlalardan açılmayacaq. Əslində çox məsum görünən bu xanım ailəyə daxil olduqdan sonra qayınanası, baldızı və həyat yoldaşı Taleyin həyatını bir növ cəhənnəmə çevirəcək. Artıq Qismətlə Taleh bacanaq olmadıqları üçün serialın adı “Köhnə bacanaqlar” adlandırmağı məsləhət bildik”.
Rejissorunun
sözlərinə görə, serial əvvəlki
axarı ilə davam edəcək: “Serialda əvvəlki aktyorlar
rol alacaq. Bundan əlavə komandaya
8 aktyor əlavə etdik
ki, onların ifası ilə növbəti
həftələrdə tanış olmaq
imkanınız olacaq. Onu
da qeyd edim
ki, çəkiliş məkanında
yeniliklər də etdik. Çəkilişlər
tamam başqa bir məkanda aparılır”.
Ötən mövsümdən
həftənin bazar günü
21:00 da efirə nümayiş
olunan serial öz vaxtını dəyişməyib.
Artıq çəkilişlərə start
verilib. Demək olar ki tamaşaçılara təqdim olunacaq serialın ilk bölümü hazırdır.
Ramin
Hacıyevin sözlərinə görə,
tamaşaçıları ekran
qarşısında əyləşdirmək üçün
yeni bir serial nümayiş etdirirlər
ki, onlar seriala baxmaqdan
yorulmasınlar: “Bu il
də serialda bir çox yeniliklər olacaq.
Mən deyərdim ki, əgər
aktyorları dəyişsək bu, tamamilə
yeni bir serial olacaq. Serialda ssenari və dekorasiya dəyişib deyə insana
sanki başqa serial təsiri bağışlayacaq. Ümid edirəm ki, bu mövsüm də
tamaşaçıların sevgisini qazana biləcəyik”.
Daha sonra «Xəzər»
televiziyasında yayımlanan “Bir ailəm var” serialının
baş rejissoru Rüfət Şahbazova yeni mövsümdəki
dəyişikliklərlə bağlı müraciət etdik.
Rejissorun
verdiyi məlumata görə, serialı yeni mövsümdə tərk edən aktyor hələ ki,
olmayıb. Belə ki, serialda
Elnur Kərimovun
canlandırdığı Samir obrazı
dünyasını dəyişib: “Yeni
mövsümdən 4 nəfər yeni xarakterli obraz seriala daxil oldu.
Aktyor heyətindən əlavə
serialın çəkiliş məkanı tamamilə dəyişib.
Buna səbəb isə efir
vaxtımızın həftədə 5 gün
olmasıdır. Seriala tələbat
yaxşıdır deyə, onun nümayişini həftədə 5 dəfə
əlavə ediblər. Oxucularınızın diqqətinə
çatdırım ki, həftə içi hər gün saat 22:20-də efirdə olacağıq”.
“Bir
ailəm var” serialı sentyabrın 8-dən
etibarən yeni bölümləri nümayiş olunacaq.
Əvvəllər çəkiliş zamanı 5-6 məkandan
istifadə olunurdusa indi
20 məkandan istifadə olunacaq.
Serialın çəkilişi paytaxtın kənarında da həyata keçiriləcəyi nəzərdə
tutulur.
Serialın ssenarisində ana xətt öz aktuallığını qoruyub saxlayacaq. Serial ötən mövsümdən qaldığı yerdən genişlənmiş formada davam edəcək. Mövzuya köməkçi xətlər daxil olacaq. Belə ki, 5 paralel süjet xətti ilə serialı davamı çəkiləcək. Hansı xətt daha çox güclənərsə onunla da mövsüm ərzində o xətt üzərində işləniləcək.
Telekanallarımızda yeni seriallar
“Oskar”
prodakşının rəhbəri, “Toy
gecəsi”, “Məhkuìlar” serialının quruluşçu rejissoru və
serialın baş prodüseri
Yaşar Əhmədov bizimlə söhbətində
yeni serial çəkilişlərinə
başladığını, ancaq hələ
efirlərdə yayımlanmayacağını bildirdi.
Onun sözlərinə görə üzərində
işlədiyi serial melodrama
janrındadır: “ATV kanalında nümayişi
nəzərdə tutulan serialın nümayişini noyabr
ayı üçün
planlaşdırırıq. Çəkilişlər yeni başladığı üçün
şərti olaraq “Səni ürəyim sevdi” qoymuşuq. Ola bilər ki, müzakirələr
zamanı adda dəyişikliklər olsun. Serialda Nazir Rüstəmov, Şəlalə Şahvələdqızı,
Anar Heybətov və tanınmış
istedadlı aktyorlar iştirak
edəcəklər. Serialın mövzusu bir qədər fərqli və maraqlı olacaq. Ssenarinin ana xəttində sevgi durur. Ailəyə kənardan olan
müdaxilələr nəticəsində parçalanmaya
qədər gəlməsi sonda həqiqətin
meydana çıxması olacaq”.
Bu
mövsümdən Space televiziyasında yeni serial izləmək
şansımız olacaq. Belə ki, bu mövsüm
Space televiziyasında “Səadət”
serialı nümayiş olunacaq.
Hazırda serialın çəkiliş prosesi
gedir. Serialda İncəsənət
və Mədəniyyət Universitetinin tələbələri,
gənc rejissorlar, Xalq
artisti Vaqif Mustafayevin tələbələri, Anar Məmmədəliyev və Elvin Rüstəmlinin bir gənc
kadrlar iştirak edirlər.
Qeyd edək ki, filmin bədii rəhbəri,
Vüqar Təhməzovun da seenaristlər, Tural Bakuvi və
Ramal Rəsula məxsusdur.
Başqa bir yeni serial isə Hüseynbala Mirələmovun romanı əsasında çəkilən “Gənlik paltarı” serialıdır. Serialın ssenari müəllifi Əyyub Qiyas, rejissoru Elşən Heydərovdur. Əyyub Qiyasın sözlərinə görə tamaşaçılar fərqli bir serial görəcəklər: “Mən serialın ssenarisini yazıram və prodüserəm. Serial Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı əsasında çəkilir. Elə serial da “Gəlinlik paltarı” adlanacaq. Baş rollarda əməkdar artist İlqar Cahangir və aktrisa Ülfət Bəşir çəkilir”.
“Eşq
aşiqlər üçün əzab,
vüsalına çatanlar üçün imtahandır. Bura
vüsalın başlandığı, sevginin
bitdiyi yerdir”
şüarı ilə oktyabrdan efirə
gedəcək serialın hansı kanalda nümayiş olunacağı hələlik gizli saxlanılır.
Yerli televiziyalarla yanaşı Azərbaycan
tamaşaçısı Türk seriallarına
da maraq böyükdür. İzləyicilərin qonşu telekanalın seriallarına
marağını nəzərə alaraq
Türkiyədə bu mövsüm
nümayiş olunacaq
serialları da araşdırdıq. Odur ki, Türkiyə telekanallarında
biri-birindən maraqlı
“Bana Artık Hicran De”, “Benim Adım Gültepe”, “Reaksiyon”,
“Aşktan Kaçılmaz”, “Yılanların
Öcü”, “Ah Neriman”,
“Emanet”, “Kadim Dostum” kimi yeni
seriallar nümayiş
olunacaq.
Beləliklə, müraciət etdiyimiz rejissorların sözlərinə görə, bu il Azərbaycan tamaşaçıları ötən mövsümdən fərqli, bugünkü izləyicilərin zövqlərini oxşaya biləcək səviyyədə seriallar təqdim olunacaq. Nə deyirik, yaşayarıq görərik.
Xəyalə Rəis
Kaspi. - 2014.-
3 sentyabr.- S. 12.