Bakı türk jurnalistlərini valeh etdi

 

Zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir

 

Artıq heç kimə sirr deyil ki, Türkiyə və Azərbaycan arasında günbəgün güclənən strateji dostluq və qardaşlıq münasibətləri son illər ərzində özünün ən yüksək nöqtəsinə çatıb. Təsadüfi deyil ki, qardaş ölkənin prezidentibaş naziri ali postlara seçilən kimi ilk xarici səfərlərini məhz Azərbaycana edirlər. Və bu artıq ənənə halını alıb.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlərin eynisini başqa bir ölkənin timsalında görmək sadəcə mümkünsüzdür. Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Bakıya etdiyi səfərlə ölkəsinin Azərbaycanla münasibətlərinə necə yüksək qiymət verdiyini, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu və qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək istədiyini bir daha ortaya qoydu.

Hər dəfə olduğu kimi bu dəfə də Ərdoğan Azərbaycana tək dövlət başçısı kimi deyil, həm də dostqardaş ölkənin rəhbəri kimi gəldi. Şübhəsiz ki, bu gün Türkiyənin sevinci Azərbaycanın sevinci, onun qarşılaşdığı problemlər Azərbaycanın problemidir və yalnız iki qardaşdost ölkənin birgə fəaliyyəti, bir-birinə yaxınlığı bu problemləri həll edə, dostluğu daha da möhkəmləndirmək olar.

Əvvəllər də qeyd etdiyimiz kimi, səfər Türkiyənin əksər mətbu orqanlarında, televiziyalarında geniş şəkildə işıqlandırıldı, şərh edildi. Verilən informasiyalarla yanaşı, Türkiyənin aparıcı mətbu orqanlarının nüfuzlu köşə yazarları da Bakı barədə təəssüratlarını, Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən məqalələri dərc etdilər. Ən maraqlısı odur ki, Türkiyə prezidentini səfərdə müşayiət edən mətbu orqanlar arasında AKP iqtidarına müxalif olan media mənsubları olsa da, onlar bir yerdə də olsun səfərlə bağlı hər hansı bir qərəzli, tənqidi yazılara yer ayırmadılar. Əksinə, Türkiyə rəhbərliyinin necə yüksək səviyyədə qarşılanmağından, göstərilən qonaqpərvərlikdən, eləcə də paytaxtın tanınmaz dərəcədə dəyişdiyini qeyd ediblər.

Məsələn, “Yeni Akıt” qəzetinin köşə yazarı Yener Dönməz “hesab edirəm ki, iki ölkə arasında dostluğun tellərinin ən qədim dövrlərə gedib çıxdığını kimsəyə anlatmağa ehtiyac yoxdur. Bu hiss altında Bakıya sanki evimizə gedirik kimi rahatıq” yazıb. “Bakı 4 il bundan əvvəllə müqayisədə xeyli dəyişmiş, şəhər geniş və gözəl yollarıyla, super işıqlandırmasıyla göz qamaşdırır. Dəyişən, böyüyən Bakı yeni hədəflər, yeni məqsədləri qarşıya qoyub. Paytaxt 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək. Şəhər köklü şəkildə hazırlıqlar içindədir. Hər yerdə yeni idman qurğuları, obyektlər salınır. Bu səfərlə Azərbaycan ilə aramızdakı siyasi, hərbi, ticarət, iqtisadi, mədəni və sosial sahədəki münasibətlərin daha da gücləndirilməsi istiqamətində addımlar atıldı. Azərbaycan iqtisadiyyatı, ticarəti və enerjisiylə güclənən parlayan bir ulduzdur” - yazıb. “Azərbaycanın müstəqilliyini ilk tanımaq şərəfi də məhz Türkiyənin payına düşüb” - deyə müəllif əlavə edib. “Kommunizm dövründən qalma köhnə binalar yeniləri ilə əvəzlənmiş, binalar daşlarla bəzədilib. Bu səfərlə yeni iqtisadi təməllər və enerji körpüləri quruldu. Yuxarıda da qeyd etdiyim kimi Azərbaycanda özümüzü qonaq kimi hiss etmirik” deyə köşə yazarı vurğulayıb. Müəllif sonra ümummilli lider Heydər Əliyevdən sitat gətirib. “Rəhmətlik Heydər Əliyevin aşağıdakı sözləri nə gözəl səslənir - “bizim tariximiz bir, dilimiz bir, dinimiz bir. Heç bir qüvvə, kimsə, heç bir ölkə Türkiyə-Azərbaycan dostluğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olaraq qalacaq. Biz bir millət iki dövlətik. Bundan həm türk xalqının, həm də azərilərin heç bir şübhəsi yox”” - deyə müəllif ümummilli liderin sözlərini sitat gətirib.

Müəllif daha sonra Bakıdakı türk şəhid abidəsinə yer ayırıb: “1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanı işğaldan qurtarmaq üçün canını qurban verməyə gəldi. Gözünü qırpmadan belə burada şəhid oldular. Əziz şəhidlərimizin ruhu bu dostluğun, qardaşlığın, ortaq davanın təminatı, canlı şahididir. Allah bu milləti 1918 ruhundan qoparmasın”.

“Türkiyə” qəzetinin köşə yazarı Nuri Elibol da qəzetin səhifəsində Azərbaycan paytaxtının gözəlliyindən, əsrarəngiz təbiətindən, yeniliklərdən bəhs edib. “Azərbaycan prezidenti İlham Əliyev bir qardaşa yaraşır formada ev sahibliyi etdi. Türkiyə-Azərbaycan dostluğunun daha da yüksələcəyini bəyan etdi. Burada aparılan yenidənqurma işləri Bakını bir Avropa şəhərinə çevirib. Neçə il bundan əvvəl gördüyüm Bakıdan əsər-əlamət qalmayıb” - deyə müəllif daha sonra Bakı gecələrinin füsunkarlığını qeyd edib.

Sabah” qəzetinin köşə yazarı Bekir Hazar isə “İki dövlət gəlir” başlıqlı məqaləsində prezident Ərdoğanın Azərbaycan ziyarətini həm simvolik, həm də tarixi baxımdan böyük önəm daşıdığını qələmə alıb. “Müdhiş bir dəyişikliklər gedir Azərbaycanda. Zənginliyin hər işarətini Bakı küçələrində görmək olur. 15 il öncə bura gələnlər indi bir Avropa şəhəri ilə rastlaşacaqlar. Şəhər bu müddət ərzində inanılmaz dərəcədə dəyişib. İllər öncə Bakıda olmuşamindi insanı çaşdıran biri kimi küçələrdə gəzirəm. Neftqaz satışından əldə olunan gəlirlər ölkə iqtisadiyyatının inkişafına, yeni-yeni tikililərin inşasına sərf edilir. Türkiyədə olmayan dünya markaları Bakının hər guşəsində mağazalar açmış və bir-biri ilə rəqabətə girirlər. Mükəmməl restavrasiya edilmiş binalar göz oxşayır, göydələnlərin sayı durmadan artır”. Müəllif daha sonra vurğulayır ki, bir zamanlar adambaşı milli gəlir 100 dollar təşkil edən Azərbaycanda indi bu rəqəm 8 min dollara kimi yüksəlib. Yazar daha sonra Türkiyənin yeni prezidentinin Azərbaycana səfərinin böyük önəm daşıdığını bildirib. Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq investisiya yatıracağını qeyd edən müəllif “Türkiyə Azərbaycan enerjisinə rəsmən şərik olur” yazıb. Qeyd edilir ki, İtaliyaya qədər uzanacaq bu layihə 4 min km-dir: “Avropanın venası bu iki qardaş ölkə olacaq”.

“A24 qazete” adlı qəzetin yazarı da Türkiyə prezidentinin Azərbaycanda necə böyük coşğu ilə qarşılanmasından yazıb. “Ərdoğanın qələbəsi hər bir azərbaycanlının evində sevinclə qarşılanıb. Azərbaycanda hər kəs Türkiyəni özünü bir qardaş kimi görür” deyə müəllif yazıb: “Həm Azərbaycanın, həm də, Türkiyənin seçkilərdən sonra liderlərinin qarşılıqlı ziyarətləri olur. Türkiyə rəhbəri də seçimdən sonra ilk olaraq Azərbaycana səfər etdi. Azərbaycanın narahatçılığı Türkiyənin Ermənistanla sərhədləri açacağı ilə bağlı idi. Lakin həm Türkiyə prezidentiyeni baş nazir Əhməd Davudoğlu əminliklə bəyan etdilər ki, Ermənistan işğal altında olan Azərbaycan torpaqlarını azad etməyənə kimi, bu açılımdan söhbət gedə bilməz”.

Zaman” qəzetinin yazarı Fatma Turan isə yazır ki, türkdilli dövlətlər içərisində Türkiyə özünə ən yaxın dövlət kimi Azərbaycanı görür. AKP hakimiyyətə gəldikdən sonra qarşılıqlı ziyarətlər mütəmadi hal alıb. “Azərbaycan prezidenti seçiləndən sonra ilk ziyarətini Türkiyəyə edib. Belə bir praktika digər türkdilli dövlətlərlə yaşanmır. Bu iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunun göstəricisidir”.

“Milliyət” qəzetinin yazarı Serpil Çevikcan isə “Qəlblər Bakıda, başlar NATO-da” başlıqlı müəllif yazısında diqqəti Ərdoğanın Bakıda yüksək səviyyədə qəbuluna yönəldib. “Ərdoğanı böyük bir səmimiyyətlə qarşılayan prezident İlham Əliyev toplantılar üçün sürpriz bir yer seçmişdi. Çox uzun bir müddət heç bir dövlət başçısı üçün açılmayan Gənclik Sarayı ilk dəfə olaraq Ərdoğan və türk heyəti üçün açıldı” deyə müəllif yazıb. O daha sonra İlham Əliyevin Ərdoğan barəsində söylədiyi “öz vətəninizə gəldiniz” sözlərini sitat kimi göstərib.

Akşam” qəzetinin köşə yazarı Emin Parazçı isə Ərdoğanı Bakı səfərində müşayiət etdiyini yazıb. “90-cı illərdə gördüyüm şəhər tamam itib gedib. Son dərəcə fərqli, baş gicəlləndirici bir Azərbaycan gördüm qarşımızda. Böyük investisiyalar yatırılır, milli gəlir yüksəlir. Azərbaycan gələcəyi parlaq. Bu dəyişiklik Türkiyənin də lehinədir” - deyə müəllif vurğulayıb. “Azərbaycanda böyük dəyişiklik və irəliləmə hər keçən gün onları daha da qüvvətləndirir. Ermənilər isə sıxıntılar içində qıvrılır və yerində sayırlar. Zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir”.

“TRT Haber” kanalı isə Türkiyə dövləti başçısının Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılanması, prezidentlərin mətbuata birgə bəyanatda səsləndirdikləri fikirlər, Ərdoğanın ali mükafat – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi kimi məqamlar reportajda ətraflı təhlil edib. Reportajda vurğulanıb ki, Türkiyə prezidentinin Azərbaycana səfərinin müəyyən etdiyi istiqamətlər hər iki ölkənin strateji inkişaf hədəflərinin reallaşması üçün əhəmiyyətli stimul olacaq.

 

Azər NURİYEV

 

Kaspi. - 2014.- 9 sentyabr.- S.3.