“Gənclər
siyasəti dövlət başçısının daim diqqət mərkəzindədir”
Təşkilat rəhbərlərinin fikrincə, ASAİF-in XII Forumunda səsləndirilən
tövsiyələr bütövlükdə Azərbaycanın,
onun gəncliyinin inkişafına xidmət
edəcək
Ötən həftə Bakıda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumu keçirilib. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin, kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin iştirak etdiyi Foruma Prezident İlham Əliyev də təbrik məktubu göndərib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısının təbrik məktubunu oxumaqla yanaşı, öz fikirlərini də Forum iştirakçılarına çatdırıb.
Sözügedən Forumla bağlı fikirlərini “Kaspi”yə bölüşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə yüksək səviyyədə təşkil olunan bu tədbirin iştirakçılarına ölkə başçısının təbrik məktubu göndərməsini gənclərə göstərilən dövlət qayğısının, diqqətin növbəti nümunəsi kimi dəyərləndirib. O, Forumda PA rəsmisi Ə.Həsənovla yanaşı, təhsil naziri Mikayıl Cabbarovun, gənclər və idman naziri Azad Rəhimovun çıxış etməsinə, öz tövsiyələrini gənclərə çatdırmalarına da diqqət çəkib. Bildirib ki, rəsmi şəxslərin Foruma bu cür münasibəti onu sübut edir ki, dövlət üçün ASAİF sadəcə xaricdə təhsil alan tələbə şəbəkəsi deyil: “ASAİF-in 12-ci Forumu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramlarının sona çatması ərəfəsində keçirilirdi. Tədbirə Böyük Britaniya, Türkiyə, Almaniya, Fransa Avstraliya, İsveçrə, Rusiyada təhsil alan 300-dən çox tələbə və məzun qatılmışdı. Forumu bir növ ASAİF-in, Dövlət Proqramlarından irəli gələrək görülən işlərin hesabatı kimi də dəyərləndirmək olar. XII Forumun əsas məqsədi isə Azərbaycan qarşısında duran yeni çağırışlarla əlaqədar ASAİF-in fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün rəy və təklifləri dinləyib müzakirə etmək və yeni istiqamətləri müəyyənləşdirmək idi. Bu tədbirdə dövlət rəsmiləri iştirakçıların suallarını cavablandırdı, suallar ətrafında yaranan müzakirələrdə yaxından iştirak etdilər. Müzakirələr zamanı xüsusi olaraq vurğulandı ki, xaricdə təhsil alan tələbələr və məzun olmuş gənclər yüksək səviyyəli mütəxəssis olaraq ölkəmizi layiqincə təmsil etməli, milli mənafelərimizin və dəyərlərimizin qorunması sahəsində əməli işlər görməlidirlər. Bununla yanaşı, qeyd olundu ki, dövlətimizin maraqlarının beynəlxalq aləmdə qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun acı nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması, zəngin Azərbaycan mədəniyyəti və tarixinin təbliği gənclərimizin əsas vəzifələri olmalıdır. Hesab edirəm ki, bu Forum həm də gələn il yekunlaşmaqda olan Dövlət Proqramlarının ikinci mərhələsi üçün, yəni, yeni Dövlət Proqramları üçün əsaslar yaratdı. Forumda çıxış edərək öz fikirlərini gənclərə çatdıran Əli müəllimin tövsiyələri də ASAİF üçün, eləcə də Azərbaycan gəncləri üçün olduqca dəyərlidir. Digər tərəfdən, dövlət başçısı İlham Əliyev hər zaman çıxışında bildirirdi ki, bizim əsas vəzifələrimizdən biri təbii sərvətlərimizdən əldə etdiyimiz gəliri insan kapitalına çevirməkdir. ASAİF-in XII Forumunda biz bu fikirlərin nə qədər müdrikliklə söyləndiyinin, bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyinin bir daha şahidi olduq. Həmin forumun iştirakçıları gələcəkdə Azərbaycanı xaricdə təmsil edəcək diaspor nümayəndəsi, ölkəmizin gənc səfirləridirlər. Məhz onların vasitəsilə də Azərbaycanın problemləri, Dağlıq Qarabağ dərdi dünyaya çatdırılır. Müasir dövrdə tələbələr tərəfindən bu cür işlərin aparılması ən effektiv yollardan biri sayılır”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Prezident İlham Əliyev tərəfindən bu kimi forumların keçirilməsinə hər zaman xüsusi diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, XII Forumun işinə birbaşa dövlət başçısının mesajının ötürülməsi ASAİF-in dövlətimizin maraqlarında olmasından xəbər verir: “Biz bilirik ki, dövlət hər zaman xaricdə təhsil alan gəncinə xüsusi diqqət və qayğı ilə yaxınlaşır. Forum zamanı Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli müəllim tərəfindən qeyd olunan 7 istiqamət isə gənclərin birbaşa diqqət yönəltməli olduğu məqamlar idi. Məhz bu məqamlardan da aydın olur ki, gənclər xaricdə təhsil müddətində Azərbaycanın gənc elçisi adını qazanırlar. Bu isə olduqca ciddi, məsuliyyətli vəzifədir. Forumun texniki proseslərinə gəlincə, bu da yüksək standartlara cavab verirdi. Təhsil naziri cənab Mikayıl Cabbarov tərəfindən moderatorluğun edilməsi, onun gənclərin dilində danışması forumun işində sərbəstlik yaratmışdı. Gənclər üçün gənclər və idman nazirini, təhsil nazirini, mədəniyyət və turizm nazirini, Neft Fondunun rəhbərliyini, millət vəkillərini, universitet rektorlarının hamısını bir arada görmək, onlardan məsləhət və tövsiyələr almaq həqiqətən çox böyük şans və imkan idi. Gənclər bu ölkənin elçisi, Azərbaycanlı adını qürurla daşımaq və vətəninə, ölkəsinə düzgün xidmət etmək istiqamətində çalışmalıdırlar. Düşünürəm ki, qeyd olunan məqamlar və göstərilən istiqamətlər birbaşa gənclərin inkişafına yönəlik addımlardır. Gənclər intellektlərinə, xaricdə təmsilçiliklərinə, xarici mədəniyyətə inteqrasiya olunmalarına, Azərbaycan mədəniyyətinə, musiqisinə yüksək diqqət etməlidirlər. Təhsil alınan universitetlərdə, şəhərlərdə şəbəkələşməli, daima Azərbaycan lobbiçilik fəaliyyətlərinə dəstək olmalıdırlar. Bununla yanaşı, onlar hər bir zaman Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə, xarici mətbuat nümayəndələrinə, dövlət rəsmilərinə çatdırmaqda gecikməməlidirlər”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov Azərbaycanda 300-dən artıq gənclər təşkilatının dövlət qeydiyyatına alınmasına, onlardan birinin də ASAİF olmasına diqqət çəkib. Bildirib ki, həmin təşkilatlarda bir araya gələn gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. ASAİF-in XII Forumuna gəlincə, Ş.İsmayılov bu tədbirin dövlət rəsmilərinin də iştirakı ilə ən yüksək səviyyədə keçdiyini söyləyib. O, ölkə başçısı İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunda, həmçinin PA rəsmisi Ə.Həsənovun tövsiyə xarakterli çıxışında gənclər üçün olduqca vacib mesajların verildiyini xatırladıb. ATGTİ sədrinin fikrincə, bütün bunlar gənclərin və gənclər siyasətinin daim dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir: “Dəfələrlə şahid olmuşuq ki, ölkə başçısı həm xarici, həm də bölgələrə səfərlərində ölkə gəncləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, onların üzərinə düşən vəzifələr barədə öz tövsiyələrini çatdırıb. Bu addımdan, nümunədən irəli gələrək, administrasiya rəsmisi Əli müəllimin Forumdakı çıxışına xüsusi diqqət yetirmək istərdim. O, öz çıxışında gənclər siyasəti ilə bağlı çox mühüm tezisləri dilə gətirdi. Bildirdi ki, gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, ölkəmizin mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Eyni zamanda qeyd etdi ki, xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən əlaqələndirilməlidir. Sözügedən qrupların əsas işi isə diaspor və lobbiçilik olmalıdır. Hesab edirəm ki, Əli müəllimin bu tövsiyələrindən, mesajlarından Azərbaycan gəncliyi nəticə çıxarmalı, öz fəaliyyətlərini bundan sonra da düzgün qurmalıdırlar”.
Rufik İSMAYILOV
Kaspi. - 2014.-
9 sentyabr.- S. 5-6.