Dövlətin
gənclərdən gözləntiləri nədir?
Ölkəyə sadiqlik, xarici qüvvələrin alətinə
çevrilməmək, dövlətimizi xaricdə təmsil
etmək, xalqın işinə yaramaq əsas
tələblərdəndir
Məlumdur ki, cəmiyyətin ən aktiv təbəqəsi gənclərdir. Yəqin elə bu səbəbdən də, Azərbaycan dövləti üçün gənclər siyasəti həmişə prioritet mövzu olub. Dövlət hər zaman gənclərə xüsusi diqqət ayırmaqla, onlar üçün bir çox proqramlar təşkil etməklə yaradıcılıq qabilliyyətlərinin, kreativliklərinin aşkar edilməsində, aralarında ən çox potensialı olanların fərqləndirilməsində maraqlı olduğunu ortaya qoyub. Bu siyasətin əsas məqsədi həmin gənclərin üzə çıxarılaraq irəli çəkilməsi və dövlətçilik işinə fayda vermələrinə nail olmaqdır. Son günlər bir neçə gənc kadrın mühüm orqanlarda işlə təmin olunması da bunun göstəricilərindən biri hesab oluna bilər. Təbii ki, dövlət öz gənclərinin düşüncəsini formalaşdırmaqda, onların fəaliyyətini müəyyən istiqamətə yönəltməkdə maraqlıdır. Hökumət tərəfindən yürüdülən siyasət, gerçəkləşdirilən layihələr dövlətin öz gənclərindən nə istədiyini anlamağa bir növ, yardımçı olur. Rəsmi şəxslərin çıxışlarına diqqət etdikdə anlaşılır ki, dövlətin gənclərdən əsas tələbləri öz ölkəsinə sadiq olmaq, xarici qüvvələrin alətinə çevrilməmək, dövlətini xaricdə yüksək səviyyədə təmsil etmək və həqiqətən də xalqının işinə yaramaqdır. Bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunda çıxışı zamanı bu məqamlara toxunub. Bildirib ki, ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən də gənclərlə işə xüsusi diqqət yetirib. Çünki o, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verib. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilibsə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub. Sonrakı illərdə artım yüksələn xətt üzrə davam edərək, 1000 nəfərə çatıb. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikadan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatıb. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri olaraq qalıb və gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başlayıblar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başlayıb.
Qeyd edək ki, ölkəmizdə forumlar gənclərin cəmiyyətə daha çox inteqrasiya etməsi, onların ölkədəki mövcud problemlərin aradan qaldırılmasındakı rolunu artırmaq, dövlət qurumları ilə münasibətlərini və əlaqələrini genişləndirmək məqsədilə keçirilir. Bu təklif ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb və ilk forum 1996-cı ildə baş tutub. Bununla, ölkədə gənclər forumunun keçirilməsinin təməli qoyulub və bu hal artıq ənənə halını alıb. Sevindirici haldır ki, ölkə gənclərinə ayrılan diqqət forumla məhdudlaşmır. Prezident İlham Əliyev gənclərin daha da inkişaf etməsi üçün dövlət proqramları imzalayıb. "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq olunması ilə ölkədə gənclərə xüsusi diqqət və qayğı göstərildiyi bir daha nümayiş olunub. Həmçinin, Prezident yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verilib. Bundan əlavə, ölkə başçısı gənclərin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq edib. Bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alıb və almaqdadır.
Dövlət öz gənclərinə bu cür şərait yaratmaqla onların nümunəvi şəxslər olmasına öz töhfəsini verir və azyaşlılar üçün nümunəyə çevrilmələrinə yardımçı olur. Bunun qarşılığında isə gənc vətəndaşlarından dövlətinə qarşı çıxmamağı, onun suverenliyinin qorunması və beynəlxalq aləmdə tanınması üçün əlindən gələni etməsini gözləyir. Ə.Həsənov da çıxışında gənclərin xarici ölkələrdə şəbəkələşməsi məsələsinə toxunub. Bildirib ki, xarici ölkələrdə təhsil alan gənclərimizin təhsili ilə yanaşı, ictimai həyatı və təşkilatlanması da önəmli məsələlərdəndir. Bu baxımdan, ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır: “ASAİF ölkəmizin hüdudlarından kənarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsini və fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılıb. Söhbət xaricdəki gənclərin şəbəkələşməsindən və təşkilatlanmasından gedirsə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi və rəhbəri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatını (AMOR) nümunə göstərmək olar. O, Rusiya Federasiyasının bütün subyektlərində və ali təhsil müəssisələrində vahid bir şəbəkə yaradaraq səmərəli fəaliyyət mexanizmini qurmağa nail olub. AMOR çoxşaxəli fəaliyyəti ilə gənclərimizi milli maraqların qorunması ətrafında sıx birləşdirir, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır".
Bu gün ölkə iqtisadiyyatının sürətlə
inkişaf etdiyi, Azərbaycanın
ölkə sıralanmalarında hər il
daha bir neçə
pillə önə getdiyini nəzərə
alsaq, peşəkar gənc kadrlara ehtiyacın artdığını deyə
bilərik. Ona görə də gənclər
yaxşı təhsil almalı, öz işinin mütəxəssisi kimi
yetişməlidir. Ə.Həsənov hesab
edir ki, gənclər bununla işlərini bitmiş
hesab etməməli, təhsil
aldıqları ölkələrin mədəni həyatına
sıx inteqrasiya olunmalıdırlar. Onlar həmçinin Azərbaycan mədəniyyəti,
tarixi, turizm
potensialı, ölkədə gedən inkişaf
prosesi haqda xarici vətəndaşlara məlumat verməli,
tolerant ölkə imicimizi
qorumalıdırlar. Bundan əlavə,
xaricdə təhsil alan gənclərimiz
oxuduqları ali məktəblərdə,
şəhərlərdə və ölkələrdə
şəbəkələşməli, qrup
halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib
hissəsi kimi fəaliyyət göstərərək
vahid mərkəzdən koordinasiya
edilməlidir. Onların əsas işi isə
diaspora və lobbiçilik
olmalıdır.
Ə.Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşamaqdadır. Bu dövrün məsuliyyətinin, ağırlığının bir hissəsi də gənclərin üzərinə düşür. Gənclər bütün sahələrdə aktiv olmalı, xüsusən, dövlətçilik işində vətənpərvər mövqe sərgiləyərək ölkə maraqlarını qorumalıdırlar. Heç bir gənc Dağlıq Qarabağ münaqişəsini unutmamalı, fəaliyyətində bu mövzuya xüsusi yer ayırmalıdır. Xaricdə təhsil alan gənclər həmin ölkənin yerli mediasına çıxış əldə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əlindən gələni etməli, ölkənin imicinə müsbət təsir edəcək işlərə qol qoymalıdır. Sevindirici haldır ki, ölkə gənclərində yüksək potensial, savad, bilik, dövlətçilik işində yaxından iştirak etməyə maraq və ölkəsini layiqli şəkildə təmsil etmək arzusu var.
Şəfa Tapdıq
Kaspi. - 2014.-
9 sentyabr.- S. 6.