Hamısı
maraqlı repertuar vəd edir
Mədəniyyət mərkəzləri yeni
mövsümə yeni layihələrlə
başlayırlar
Qızmar, isti yay günlərinə əlvida deyib, yeni mövsümü salamlamaq ərəfəsindəyik. Yeni mövsüm yeniliklərlə zəngin yeni iş ili deməkdir. İsti yay aylarında öz guşəsinə çəkilib, qapılarını qapayan mədəniyyət mərkəzləri yeni layihələr və zəngin repertuar proqramları ilə geri dönməyə hazırlaşırlar.
Biz də bu mövsümdə mədəniyyət mərkəzlərinin tamaşaçılara təqdim edəcəkləri layihələrlə bağlı onlara müraciət etdik. Öyrəndik ki, mədəniyyət mərkəzləri yaxşıca dincəldikdən sonra maraqlı repertuarla mövsümü açmaq niyyətindədirlər.
İlk olaraq Heydər Əliyev Sarayının bu mövsümlük repertuarı ilə maraqlandıq. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin bizə verdiyi məlumata görə, bu dəfə də zəngin proqramla tamaşaçıların görüşünə gələcəklər: “Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşan Heydər Əliyev Sarayı bu dəfə də öz adət-ənənəsinə sadiq qaldı. Yeni mövsüm sentyabrın 19-da “İsti payızın sərin nəğmələri” adlı geniş proqramla açılacaq. Konsertdə ölkənin tanınmış sənətçiləri Səbinə Babayeva, Səlim Abbasov, Sevda Yahyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, Gülay Qədirova, Elnur Zeynalov, “Cəngi” rəqs ansamblı və başaqları iştirak edəcəklər. Bunlardan əlavə, yeni mövsümdə də Saray bir çox yubileylər və dövlət tədbirlərinə ev sahibliyi edəcək”.
Saray sentyabrın 25-də Rusiya estradasının populyar müğənnisi Dima Bilan, 28-də rusiyalı müğənni Elena Vaenqa, 10-14 dekabr tarixlərində “Bu şəhərdə”, 25 oktyabrda Ani Lorak 31 oktyabrda Andrey Makareviç, 15-16 noyabrda uşaqlar üçün yeni "Luntik və onun dostları" tamaşasına, 23 noyabrda Lara Fabian, 3-5 dekabr tarixlərində Qriqoriy Leps kimi məşhurlara səhnə verəcək. “Sadaladığım ifaçılarla bərabər yeni mövsümdə bir çox digər yerli və əcnəbi ulduzların konsertlərinin keçirilməsi də planlaşdırılır” – deyə müsahibimiz vurğuladı.
Qeyd edək
ki, açılış konserti
saat 19:00-da başlayacaq.
Biletlərin qiyməti 10 manatdan – 30 manata qədərdir. Biletləri şəhərimizin kassalarından əldə
etmək olar.
Ötən mövsüm vətəndaşların
ziyarət etdiyi məkanlardan biri də Azərbaycan Xalça Muzeyi olurdu. Amma bu mövsümdə
həmin vətəndaşlar
məkanını dəyişməli
olacaqlar. Ötən həftə
müasirliyi və orijinal görkəmi ilə də diqqəti cəlb edən Xalça Muzeyi qapılarını sevimli ziyarətçilərinin
üzünə açıq
elan etdi. Belə ki, Xalça Muzeyinin məkanı dəyişdirildi və muzeyin dənizkənarı
bulvardakı yeni binası istifadəyə verildi. Bükülmüş xalça şəklində
olan muzey binası öz qapılarını seyrçilərin
üzünə açdı.
13300 eksponat və əşyanın saxlanıldığı
muzeydə Azərbaycanın
7 əsas məktəbini
- Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəbini təmsil edən sənət nümunələri
var. Muzeyə giriş
orta məktəb şagirdləri üçün
1 manat, tələbələr
üçün 2 manat,
ölkə vətəndaşları
üçün 5 manat,
xarici turistlər üçün 10 manat müəyyənləşdirilib. Muzeylə əməkdaşlıq edəcək
turizm şirkətləri
üçün endirimli
qiymətlər nəzərdə
tutulub.
Uşaqların və böyüklərin
əyləncə dünyası
olan Bakı Dövlət Sirkinin mətbuat katibinin rəhbəri Mahir Hümbətovla əlaqə
saxladıq. Onun sözlərinə görə, mövsümün
açılış günü
tam olaraq dəqiqləşdirilməyib.
Mövsümün hər zamankı
kimi digər mədəniyyət mərkəzlərindən
daha gec açılacağı gözlənilir.
Xarici sirk ustaları ilə müqavilə bağlanılandan sonra mətbuata dəqiq məlumat veriləcək.
Təxminən yeni mövsümün
açılışı oktyabrın axırlarına
nəzərdə tutulub.
Nizami Kino Mərkəzində isə
bu mövsüm də biri-birindən maraqlı yerli və xarici filmlər nümayiş olunacaq. Mərkəzin mətbuat
xidmətinin rəhbəri
Arzu Əhədovanın
verdiyi məlumata görə, bu mövsüm yeni filmlərin premyeraları,
dünyanın müxtəlif
ölkələrindən ən
maraqlı yeni filmlərin nümayişi
gözlənilir: “Hələlik
dəqiqləşən odur
ki, bu mövsüm
Fellinin filmlərindən
ibarət İtaliya filmləri festivalının
keçirilməsi planlaşdırılıb.
Bundan əlavə, Milli retro filmlərin nümayişi
də plana daxil edilib. Yəni Azərbaycanın köhnə
yerli filmləri silsiləsi şəkildə
Kino mərkəzində böyük
ekranda tamaşaçıların
ixtiyarına buraxılacaq.
Ötən mövsüm
hər həftə repertuarımız mütləq
şəkildə bir milli film daxil etmişdik, bu il də
o ənənəyə sadiq
qalacağıq. Onu da nəzərinizə çatdırım
ki, ötən mövsümün fevralın
sonunda milli filmlərimizi pulsuz nümayiş etdirirdik.
Sentyabrın sonlarına yaxın
bir daha yerli filmlərimizi pulsuz şəkildə tamaşaçılara təqdim
etməyi düşünürük”.
Arzu xanımın sözlərinə
görə, isti yay günlərində belə Nizami Kino Mərkəzi qapılarını
tamaşaçılarının üzünə bağlamayıb. Yayda həftədə
2-3 dəfə filmlər
nümayiş olunub.
Yeni mövsümdə tamaşaçıların
istirahət etdikləri
məkanların sırasına
teatrlar da daxildir. Paytaxtımızdakı teatrlar sentyabrın
15-dən etibarən mövsümü
açıq elan edəcək. Teatr mövsümünün
açılışı isə simvolik olaraq Şəki şəhərində baş
tutacaq. Belə ki, sentyabrın
10-dan Azərbaycan milli
peşəkar teatrının
142-ci mövsümünün təntənəli açılış
mərasimi Şəki
şəhərində baş
tutacaq. Sentyabr ayının 11-dən isə
Şəki şəhərində
I Beynəlxalq Teatr Festivalı öz işinə start verəcək.
Festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər
İcra Hakimiyyətinin
birgə təşkilatçılığı
ilə keçiriləcək.
Azərbaycanda fəaliyyət göstərən
aparıcı teatrların
iştirakı nəzərdə
tutulmuş festivalda Qazaxıstan, Kalmık və bir sıra
başqa xarici ölkələrin teatr kollektivlərinin iştirakı
da nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində
Azərbaycanın görkəmli
komediya aktyoru Lütfəli Abdullayevin büstünün də açılışı gözlənilir.
Xəyalə Rəis
Kaspi. - 2014.-
6-8 sentyabr.- S. 7.