Allahın
möcüzəsi – Bal arısı
Bəşəriyyətin sonuncu səmavi kitabı olan Qurani-Kərimin 16-cı surəsi Allah-Təala tərəfindən “ən-Nəhl (Bal arısı)” adlandırılmışdır. Surə 128 ayədən ibarət olsa da, bu ayələrdən yalnız ikisi sırf bal arısına aid edilmişdir. Həmin ayələrin Azərbaycan dilinə tərcümələrinin aşağıdakı variantlarını təqdim etməklə, surə və aidiyyəti ayələr arasındakı məntiqi asılılığı və bağlılığı araşdıracağıq:
68. Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); (Tərcümə və şərh: Z.M.Bünyadov, V.M.Məmmədəliyev).
69. “Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.” Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır. (Tərcümə: A.Mehdiyev, D.Cəfərli, şərh Mirzə Əli Meşkini Ərdəbili).
Qurani-Kərimdə nə üçün məhz 16-cı surənin “Bal arısı” adlanmasının özünün məntiqi əsası olmaqla yanaşı, Quranın Allah kəlamı olmasını sübut edən maraqlı hikmətlərindən biridir. Belə ki,
1. Bal arısı ailəsini idarə edən, yəni arıların inkişafını təmin edən və yumurta qoyan ana arının yumurtadan çıxdığı günlərin sayı 16-dır;
2. Ana arının uzunluğu 16 mm-dən böyük (17-25mm), erkək arı 16 mm, işçi arı isə 16 mm-dən kiçik (12-15mm) olur, yəni hər bir fərd arının uzunluğu 16 ədədi ilə sərhədə malikdir;
3. Bal arısının 16
xromosomu vardır (bax. Q.D.Bilaş,
N.İ.Kribçov. “Arı seleksiyası”,
Moskva, “Aqropromizdat”, 1991-ci il, səh.140).
Həmçinin maraqlıdır ki,
“Nəhl” sözünün əbcəd hesabı
(nun)50+(ha)8+(lam)30=88 edir, bu isə 8+8=16 ədədinə
uyğun olur. Göründüyü kimi, VII əsrdə
yaşamış bəşər övladı tərəfindən
bunları bilmək qeyri-mümkündür və surənin
nömrəsinin 16 olması təsadüfi deyildir.
Digər bir maraqlı məqam ondan
ibarətdir ki, Qurani-Kərimin 16-cı surəsinin 128 ayəsindən
yalnız iki ayəsi, yəni 68 və 69-cu ayələri
sırf bal arısı barəsindədir. Surənin
16-cı olması və aidiyyəti iki ayənin 68 və 69-cu
yerdə olmasının digər bir hikmətinə nəzər
yetirək. Belə ki, hər üç ədəddə,
yəni 16-68-69 ədədlərində “6” rəqəmi
iştirak edir. Bu rəqmin bal
arısı ilə birbaşa əlaqəsinin olmasını
aşağıdakılar sübut edir:
1. Bal arısının
şanı 6-bucaqlıdır;
2. Bal arısının 6 məhsulu
var (bal, mum, vərəmum, güləm,
arı südü və arı zəhəri);
3. Bal arısının 6 ətrafı
var;
4. Bal arısının 6 geni
(idarəetmə sistemi) var.
16-68-69 ədədlərinin
hikmətini araşdırarkən tərəfimizdən daha
maraqlı məqamlar aşkar edildi. Belə ki, bal
arısı ailəsi ana arı, işçi arı və erkək
arı olmaqla 3 fərddən ibarətdir. 16-68-69
ədədlərini üç-üç, yəni bu ədədlərdən
6 rəqmini ayrırsaq, 18=6+6+6=1+8+9=18 düzgün bərabərlik
alınır. Ana arıya 16 ədədini
(surənin nömrəsi) aid etsək, onun rəqəmləri
cəminin 7 olduğunu görərik (yəni 1+6=7).
İşçi arıya aid olan 68 ədədinin (aidiyyəti
ayənin nömrəsi) rəqəmləri cəmi 6+8=14, erkək
arıya aid olan 69 ədədinin (aidiyyəti ayənin nömrəsi)
rəqəmləri cəmi isə 6+9=15-dir. Ana arının
qoyduğu yumurtadan həm işçi, həm də erkək
arı çıxdığını və ana arıya aid 7
rəqəmi ilə işçi arıya aid 14 ədədinin
cəminin, yəni 7+14=21 olduğunu nəzərə alsaq,
alınan 21 ədədin işçi arının yumurtadan
çıxdığı günlərin sayına bərabər
olduğunu görərik.
Digər bir maraqlı məqam ondan
ibarətdir ki, həşəratlar arasında yeganə bal arısıdır ki, “partagenoz” hadisəsinə
malikdir. Yəni bu o deməkdir ki, ana arı 2
yumurtalığa malikdir və o, həm mayalanmış, həm
də mayalanmamış yumurta qoyur. Mayalanmış
yumurtadan işçi arı, mayalanmamış yumurtadan isə
erkək arı çıxır. Deməli, ana arıya
aid olan 16 ədədindən onun rəqəmləri cəmi
olan 7 rəqəmini çıxsaq, alınan 9 rəqəminin
üzərinə erkək arıya aid olan 69 ədədinin rəqəmləri
cəmini, yəni 15-i gəlsək 24 alınar. Maraqlı
odur ki, bu ədəd erkək arının yumurtadan
çıxdığı günlərin sayına bərabər
olur.
Həmçinin 16-68-69 ədədlərinin
cəminin müxtəlif seçmə üsulları ilə
9-a bərabər olduğunu müəyyən edə bilərik. Məsələn:
16+68+69=153=(rəqəmləri cəmi)1+5+3=9 və ya
6+6+6=18=1+8=9 və ya 1+8+9=18=1+8=9 və ya 128 ayədən bal
arısına aid olan 2 ayənin sayını çıxsaq
yerdə qalan 126 ayənin də rəqəmləri cəmi
1+2+6=9 olur. Həmçinin surənin nömrəsi 16=1+6=7,
aidiyyəti ayələrin nömrələri 68=6+8=14 və
69=6+9=15 olduğundan bu ədədlərin cəmi, yəni
7+14+15=36=3+6=9 alınır. Bütün hallarda 9
rəqəminə bərabərlik almaq mümkündür.
Məlumdur ki, bütün bal
arılarının pup dövrü 9 gündür.
Bilirik ki, Allah-Təala
Qurani-Kərimin 3 ayəsində məhz bu kitabın ərəb
dilində nazil olduğunu vəhy etmişdir. Oxucularmız
üçün maraqlı olacağını nəzərə
alaraq, Azərbaycanın tanınmış ilahiyyat alimlərinin
XX əsrin əvvəllərində nəşr etdirdikləri
Qurani-Kərimin təfsirinə aid kitablarından fikrimizi əsaslandıran
seçmələr veririk:
Surə 16 (ən-Nəhl) ayə 103:
“Əlbəttə, biz bilirik ki, kafirlər deyirlər:- Ona, Quranı bəşər təlim edir, o
Allah tərəfindən deyil. Bu o kəslərin
dilidir ki, müşriklər haqqdan ona tərəf meyil edirlər.
O adam Əcəmdirmi, bir halda ki, bu Quran
aşkar ərəb dilindədir. Ərəblər
belə fəsahətli kəlam gətirməyə aciz
olduqları halda, qeyri-ərəb olan əcəmlər onu gətirə
bilərlərmi?” (Tərcümə və şərh:
“Kitabül-Bəyan”, Şeyxül-İslam Məhəmməd
Həsən Mövlazadə Şəkəvi).
Surə 26 (əş-Şuara) ayə
195: (Bu Quranı sənin qəlbinə) aşkar olan fəsih ərəb
dilində nazil etdi. (Hər peyğəmbər gərək
özünə və qövmünə məxsus olan dillə
göndərilən kitab gətirsin. Əgər
öz dilindən başqa bir dillə kitab gətirsə, o dili
nə qədər yaxşı bilsə də, onun iddiası
batil və o kitab etibarsız sayılar). (Tərcümə
və şərh: “Kəşfül-Həqayiq”, Hacı Mirməhəmməd
Kərim əl-Bakuvi).
Surə 46 (əl-Əhqaf) ayə 12:
Bu Quran ərəb dilində olan halda təsdiq edəndir. (Tərcümə
və şərh: “Kitabül-Bəyan”, Şeyxül-İslam
Məhəmməd Həsən Mövlazadə Şəkəvi).
Qurani-Kərinin 16-cı surəsinin
68 və 69-cu ayələrindəki “tikmək”, “yemək”, “getmək”,
“qət etmək” və “çıxarmaq” felləri ərəb
dilinin qrammatikasına görə qadın cinsinə mənsub
şəkildə verilmişdir. Son əsrlərdə elm və
texnikanın imkanları ilə sübut olundu ki, bal gətirən arılar işçi
arılardır və onlar dişi (qadın) cinslidir. Məhz bu səbəbdən də Qurani-Kərimdə
qeyd etdiyimiz fellərin dəqiq olaraq qadın cinsində verilməsi,
yəni işçi-dişi arılara aid verilməsi Qurani-Kərinin
fəsahətli kəlam olmasına və onun ərəb dilində
nazil edildiyinə dair sübutlardan biridir.
Yuxarıda qeyd etdiyimiz kimi, bal arısına aid olan “partogenoz” hadisəsi
xüsusi bir hadisədir. Belə ki, ana arı
Allah-Təalanın buyruğu ilə elə yaradılıb ki,
heç vaxt öz qardaşı ilə cütləşmir və
ana arı erkək arılar ilə cütləşmədən
də yumurta qoymaq qabiliyyətinə malikdir. Fəqət
bu mayalanmamış yumurtalardan çıxan arının
cinisiyyəti erkək (kişi) olur. Qurani-Kərimin
16-cı surəsinin 68-ci ayəsində Allah-Təalanın bal arısına vəhy etdiyi aşkar bilinir. Allahın vəhy etdiyi varlığın kamil bir varlıq
olmasına şübhə olmamalıdır. Bu fakt həm
islam, həm də xristian aləmi
üçün mühüm bir faktı təsdiq etməyə
kömək edir. Belə ki, Məryəmin İsa peyğəmbəri
dünyaya gətirməsi barədə sonuncu səmavi kitab
olan Qurani-Kərimdə verilən aşağıdakı ayələrə
diqqət edək:
Surə 3 (Ali-İmran) ayə 47: (Məryəm:) “Ey Rəbbim! Mənə bir insan
əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə,
(Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini
yaradır. O, bir işin əmələ gəlməsini qərara
aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.
Surə 19 (Məryəm) ayə
20. (Məryəm)
dedi: “Mənim necə oğlum ola bilər
ki, mənə indiyədək bir insan əli belə
toxunmamışdır. Mən zinakar da deyiləm!”
(Tərcümə və şərh: Z.M.Bünyadov, V.M.Məmmədəliyev).
Ayə 21. (Cəbrayıl) dedi: “Dediyin
kimidir, (ərsiz arvadın övladı olmaz), (amma) sənin rəbbin
Allah-Təala buyurdu ki, (sənə atasız oğul vermək)
mənim üçün çox asandır. (onu
atasız yaradarıq ki,) insanlar üçün bizim tərəfimizdən
(rəhmət və qüdrətimizə işarə olan) dəlil
və sübut olsun. (ey Məryəm, bu
uşağın - İsanın səndən olması Allah-Təalanın
elmində sabit olan) bir hökmdür”, (gərək olsun).
(Tərcümə və şərh: “Kəşfül-Həqayiq”,
Hacı Mirməhəmməd Kərim əl-Bakuvi).
Ayə 22. (Cəbrail Məryəmin yaxasına üfürməsi ilə) Məryəm (İsaya) hamilə qaldı. (Doqquz saatdan sonra doğuş əlaməti Məryəmdə zahir olanda) şəhərdən uzaq olan yerə çəkildi. (Tərcümə və şərh: “Kitabül-Bəyan”, Şeyxül-İslam Məhəmməd Həsən Mövlazadə Şəkəvi).
Doğurdan da Cəbrailin üfürməsi ilə Məryəmin İsa peyğəmbərə hamilə olmasına şübhə edənlərə yuxarıda qeyd etdiyimiz ana arıların cütləşmədən də yalnız (buna diqqət edin!) və yalnız erkək arı çıxardacaq yumurta qoymaları tutarlı bir misal olmalıdır. Deməli Məryəmin İsa peyğəmbəri dünyaya gətirməsinin Allahın iradəsi ilə baş verdiyinə heç bir şübhə olmamalıdır.
Digər bir maraqlı məqam
ondan ibarətdir ki, bal arısının maksimal məhsuldar
uçuşu 3km radiusundadır. Bal arısı
bu radiusda tapdığı çiçək sahəsini, eləcə
də pətəkdən həmin sahəyə qədər
olan məsafəni müəyyən edir və bu barədə
pətəkdə olan arı ailəsinə özlərinə
məxsus nitq vasitəsilə xəbər verir. Bu o deməkdir ki, pətəkdən həmin sahəyə
neçə arının və hansı məsafədə
getməsi pətəkdəki arı ailəsinə nitq vasitəsilə
çatdırılır. Çünki artıq sayda
arının həmin sahəyə getməsi əlavə bal
tükənməsinə səbəb olar və ailə
heç bir nəticə əldə etməz və ya gətirdiyi
məhsul apardığından az miqdarda olar. Eyni zamanda
artıq sayda arının məhsul olan sahəyə
aparılması həmin arılarının artıq əziyyət
çəkməsinə səbəb ola bilər. Deməli belə
bir informasiyanı arıların yalnız özlərinə məxsus
nitq vasitəsilə çatdırması mümkündür
(sahə, say və məsafəni müəyyən edib
çatdırmaq). Bu isə Qurani-Kərimin
yuxarıda qeyd etdiyimiz 69-cu ayəsində verilmiş “Rəbbinin
(xam maddələri bala çevirmək barəsində olan
instink) yollarını ram və itaətkarlıqla get və pətəklə
meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən
ilham olunmuş yolları bir kəsə əziyyət etmədən
qət et.” hikmətin tam doğruluğunu və
arıların buna tabe olduğunu sübut edir.
Daha bir maraqlı məqam
ondan ibarətdir ki, həşaratlar arasında yeganə olaraq
bal arıları Allah-Təalanın hikmətilə öz
ömürlərini bir neçə dəfə artırmaq
qabiliyyətinə malikdirlər. Məsələn normal bal
arısı mövsüm ərzində 30-35 gün
yaşadığı halda, qışlamaya gedəndə
ömrünü 6-7 ay (180-210 gün) artırır. Eyni
yumurtadan çıxan ana arı isə 5 il (60 ay, 1800 gün)
yaşamaq qabiliyyətinə malikdir. Bu nisbəti,
yəni 1800 ədədini 30 ədədinə bölsək
K=60 ədədini əmsal olaraq alarıq. İnsanın bu
dünyada təxmini yaşamaq müddəti 60-115 il
olduğunu nəzərə alsaq, həmin K=60 əmsalını
tətbiq etsək 3600-6900 il edər. Bu isə Nuh,
Əyyub və digər peyğəm¬bər¬lərin uzun
müddət yaşaya bilməsini, həmçinin Hz. İsa
peyğəmbərin və İmam Hz. Mehdi Sahib əz-Zamanın
qeybə çəkilərək qiyamət günü
zühur edəcəklərinin mümkün olmasını
sübut edə bilər. Bunların hamısının Allah-Təalanın
hikmətilə mümkün olmasına şübhə
qalmamalıdır.
Deməli, belə bir nəticəyə gəlmək olar ki, bal arıları bütün fəaliyyətlərini Allah-Təalanın iradəsi ilə həyata keçirir, onlara edilən vəhyə tabe olur və əməl edirlər. Həmçinin bunu Qurani-Kərimin 16-cı surəsinin 68-ci ayəsində qeyd edilən “Rəbbin bal arısına belə vəhy etdi” hikməti də təsdiq edir.
Rövşən Tağıyev,
arıçı
Mətləb Məmmədov,
riyaziyyat üzrə fəlsəfə doktoru
Kaspi. - 2014.-
11 sentyabr.- S. 12.