«Məni yazmağa vadar edən prosesin
özü idi…»
Nobel
mükafatı laureatı Harold Pinter: «Güzgüyə
baxır və soruşurdum: «Bu lənətə gəlmiş
kimdir?»
1930-cu il,
oktyabrın 30-da Londonda anadan olan Harold Pinter XX əsr İngiltərə
və dünya ədəbiyyatının nadir istedada sahib
dramaturqlarından biri kimi tanınır. Yaradıcılığı
boyu qələmini ssenarist, şair kimi də sınayan ədib
zaman-zaman aktyor, teatr direktoru kimi də fəaliyyət göstərib.
Dəfələrlə beynəlxalq ədəbi
mükafatların qalibi olan Pinter 2005-ci ildə “Öz pyeslərində
gündəmin təlaşları əsasında duran
uçurumları aydınlaşdırdığına və
işgəncə yerinə daxil olduğuna görə” Ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülüb. “Xidmətçi” (“The Servant” 1963), “Fransız
Leytenantın xanımı” (“The French Lieutenant’s Woman” 1981),
“İttiham” (“The Trial” 1993), “Xəyanət” (“Betrayal” 1978) kimi əsərlərin
müəllifi olan yazar 2008-ci dekabrın ayının 28-də
Londonda dünyasını dəyişib. Beynəlxalq
“PEN” ədəbiyyat mükafat fondu 2009-cu ildən dramaturqun
şərəfinə “Pinter” mükafatı təsis edib.
Mükafat hər il İngiltərənin ən
yaxşı şairinə təqdim edilir. Ədibin
“The Paris Review” jurnalından Lari Benskiyə verdiyi müsahibəni
təqdim edirik.
- Dram
yazmağa nə zaman başladınız, bu ciddi girişimin səbəbi
nə idi?
- İlk
pyesim 27 yaşımda yazdığım “Otaq” (“The Room”) olub. O zamanlar ölkə
universitetləri arasında yeganə dram ºübəsi olan Bristol Universitetinin
dramaturgiya fakültəsində Henri Vulf adlı dostum oxuyurdu. Onun dram səhnələşdirmək imkanı var
idi, yəni onlara icazə verirdilər. Henri
mənim köhnə dostum olduğuna görə bilirdi ki, qələmə
almasam da, mənim dramaturgiyaya böyük həvəsim var və
hər zaman beynimdə səhnələşdirilə biləcək
ideyalar olur. Həmin vaxtlar isə nəsə
repə meyl göstərmişdim, replə məşğul
olurdum. Bir dəfə Henri dedi ki, bir həftəyə
kimi ona dram lazımdır, yəni tapşırıq belə
idi. Təbii ki, bu çox gülməli səslənirdi,
bir pyes altı aya ancaq hazır olur. Amma mən
ilk dəfə onda yazmağa başladım və bu, dörd
gün içində dram yaza bildiyim ilk və son təcrübə
idi.
- Yazmaq
sizin sizin həmişə belə asan olub?
- Bəlkə
təsvir etməyim bu sualın cavabı olar – mən illərlə
şeir yazmışam, yüzlərlə şeirin müəllifiyəm,
çoxlu qısa hekayələr qələmə
almışam və bunların əksəriyyəti qəzet,
jurnallarda dərc olunub. Dərc olunacaq qədər
yaxşı alınmasa da, roman da yazmışam. Ciddi deyirəm, o heç vaxt da nəşr
olunmadı. Romandan sonra “Otaq” pyesini
yazdım, o həftələrlə səhnələşdirilmədi.
Amma mən onun səhnələşdirilməsini
gözləmədim də, dərhal yeni bir şey yazmağa
başladım – ikinci oyunum “Ad günü şənliyi”
(“Birthday Party”).
- Belə
tələsik, dayanmadan işləməyinizin səbəbi nə
idi?
- Dram
yazmaq prosesi var. Məni dayanmağa qoymayan, yazmağa vadar edən
o prosesin özü idi. Sonra bir dəfə
“Otaq”-ı izləməyə getdim, bu çox qəribə, möhtəşəm
təcrübə idi. Çünki, ondan əvvəl
heç oyun yazmamışdım, öz oyunumun
nümayişini görməmişdim, onu izləməmişdim
və mənim orda oturan qədər auditoriyam olduğunu
bilmirdim. Yazdığım oyunları sadəcə
bir neçə dostum və həyat yoldaşım
görmüşdü.
- Belə
gənic auditoriya ilə əlaqənin ya da
qarşılaşmanın üzərinizdə başqa nə
kimi təsiri oldu?
- Universitetin
işi bilən auditoriyasının rəyləri məni
çox cəsarətləndirdi, buna baxmayaraq, əminəm
ki, əksi də olsa, yenə də “Ad gğnğ ºənliyi”-ni yazardım, yəni
reaksiyanın necəliyi mənə təsir etməyəcəkdi.
O vaxtdan bəri oyunları bir neçə dəfə izləsəm
də, ilk dəfə izləyərkən aldığım həzzi
almıram. Sanki heç biri onun qədər
yaxşı alınmır. Öz
yazdığını ilk dəfə izləmək insanın
əsəblərini, hisslərini zorlayan qəribə təcrübədir.
Burada məsələ pyesin yaxşı və
ya pis olmasında deyil, heç auditoriyanın reaksiyasında
da deyil. Bu mənim əsərlə bağlı hiss
etdiklərimdir, onu izləyərkən verdiyim reaksiyadır.
Auditoriyaya qarşı o qədər də mehriban adam deyiləm – bir məqsəd
üçün toplaşmış kütləni məmnun
etmək məcburiyyətindən nifrət edirəm, ona
görə də onlar məni o qədər də
maraqlandırmır. Üstəlik bu
auditoriyaların nə qədər müxtəlif olduğu,
onun tərkib hissəsi olan insanların bir-birlərindən nə
qədər fərqli olduqları hamıya məlumdur, ona görə
də düşünürəm ki, onları nəzərə
almaq, razı salmağa cəhd etmək olduqca yanlış
davranışdır. Dramaturqu narahat edən,
onu maraqlandıran yeganə məsələ onun qələmə
aldıqlarının səhnələşdirilərkən
ifadə edilib-edilə bilməməsi olmalıdır.
Çox az hallarda səhnədə müəllifin
göstərmək istədikləri əskiksiz əks etdirilə
bilir.
- Necə
düşünürsünüz, sizcə, Bristolda oxuyan
dostunuzun verdiyi təkan olmasaydı, siz yenə dramaturq
olacaqdınız?
- Bəli,
düşünürəm ki, artıq “Otaq”-ı yazmaq üzrəydim,
yəni o olmasaydı da, o oyun yazılacaqdı. Henri sadəcə
bəzi şeyləri tətiklədi, onsuz da olacaq hadisə
bir qədər tez baş verdi.
- Niyə
oyunlarınızda sizi təmsil edən xarakter yox idi?
- Məndə
özüm haqqında deyiləsi bir şey olmadığı
fikri var idi. Özüm haqqında
danışmaq lazım olanda hardan başlamalı olduğumu
bilmirdim. Xüsusilə də güzgüdə
tez-tez özümə baxmağı vərdiş etdikdən
sonra bu daha da zətinləşdi. Güzgüyə
baxır və soruşurdum: “Bu lənətə gəlmiş
kimdir?”
- Bəlkə,
öz üzərinizdə yaratdığınız qəhrəmanı
səhnədə görmək sizə güzgüdəki
adamın kim olduğunu tapmağa kömək
edəcəkdi?
- Xeyr.
- Yazmağa
başladığınız illərdə aktyorluq oxuyurdunuz. Yəni əsas ixtisasınız bu idi.
- Hə,
bütün ömrüm boyu da aktyor olaraq qaldım. Əslində heç universitetə getmirdim.
Latın dilini bilmədiyim üçün ingilis dili və ədəbiyyatı
fakültəsinə qəbul ola bilmədim.
Sonra bir neçə dram məktəbinə
yazıldım, amma açığı elə maraq naminə
gedirdim, yəni ciddi yanaşmırdım. Zamanla
bu janra olan marağım artıq bağlılıq
formasına çatdı.
- Bəlkə
sizi yazmağa meyilləndirən elə dram məktəbləri
olub?
- Yox.
Bu sadəcə gün keçirmək
üçün idi.
- Yazdıqlarınızda,
ya da düşündüyünüz,
canlandırdığınız kimi ifa edilən rollarda necə
özünüzü görürsünüzmü? Yəni yaratdığınız istənilən
obrazı səhnədə canlandıra bilərsiniz? Aktyorluğunuz dramaturgiyanıza necəsə kömək
edirmi?
- Yazarkən
onların hamısını öz-özümə yüksək
səslə oxuyuram. Amma özümü hər
rolda görmürəm - mən onların çoxunu heç
oynaya bilməzdim. Aktyor kimi
çatışmayan cəhətlərin heç biri məhdudiyyət
deyil, yəni canlandıra bilmədiklərimi yazmağıma
mane olmur, əksini bilmirəm. Məsələn,
indi beynimdə bir oyun ideyası var – nədənsə bu
tez-tez ağlıma gəlir – ancaq qadınlar haqqında olan
oyun yazmaq istəyirəm, onu oynaya bilmərəm, amma bu
yazmağıma mane olmur.
- Həyat
yoldaşınız, Viviyan Merçant, tez-tez sizin
oyunlarınızda çıxış edir. Onun
üçün xüsusi parçalar
yazırsınızmı?
- Yox.
Heç vaxt hansısa aktyor üçün
xüsusi parça yazmamışam və bu eynilə
xanımıma da aiddir. Sadəcə
düşünürəm ki, o çox yaxşı
aktrisadır, onunla birgə işləmək çox
maraqlıdır və onu öz oyunlarımda görmək istəyirəm.
- Gənclikdə
teatra çox gedirdiniz?
- Yox,
bəzilərinə. Donald Uolfitin
oyunlarını çox bəyənirdim. Onun
“Lear” əsəri mənim üçün hələ də
izlədiyim ən yaxşı oyundur. Sonra
uzun illər yalnız qiraətlə məşğul oldum,
müasir dünya ədəbiyyatı, xüsusilə roman
oxumağı sevirdim.
- Heç
bir dramaturq yox idi oxuduqlarınızın arasında - Brez,
Pirandello...?
- Əlbəttə
ki, yox, uzun illər dramla maraqlanmamışam. Hələ
erkən yaşlarımdan Dostoyevski, Ceyms Coys, Henri Miller,
Heminquey və Kafkanı mütaliə edirdim. Bekketin romanlarını da oxumuşam, amma
özüm oyun yazana qədər İoneskonun adını
eşitməmişdim.
- Sizcə,
bu yazarların yaradıcılığınıza hər
hansısa təsiri var?
- Şəxsi
mənada keyfiyyət, işgüzarlıq və digər cəhətlərdə
oxuduğum hamının təsiri olub, öyrənməyə
və mənimsəməyə çalışmışam. Amma
yazdıqlarıma, üslubuma heç bir
yazıçının hansısa formada təsiri olmayıb.
- Musiqini
çox sevirsiniz. Sizcə, musiqi necə yazmağınıza,
iş prosesinə təsir göstərirmi?
- Musiqinin
yazı prosesinə necə təsir göstərə biləcəyi
ilə bağlı bir fikrim yoxdur, amma ümumilikdə musiqini
sevirəm, xüsusilə də caz və klassik musiqi. Yazıda isə musiqinin məndə
yaratdığı xoş və qalıcı əhval-ruhiyyəni,
dalğanı hiss edirəm. Bu isə
birbaşa musiqidən təsirlənməkdən
çox-çox fərqlidir. Hazırda
daha çox Boulez və Uebernin bəstələrini dinləyirəm.
- Hansısa
pyes üzərində işlədiyiniz zaman yazar-direktor
münasibətləri necə tənzimlənir? Yazıçı-direktor əlaqəsində əsas
detal nədir?
- Ən
vacib məsələ müəllif və direktorun aradakı
özünümüdafiə məqsədli baryerləri
aşa bilməsidir. Bu həm də ona görə vacibdir ki,
qarşılıqlı inam və səmimiyyəti
formalaşdırır. Əgər bunlar
yoxdursa, nəyinsə üzərində işləmək
onsuz da alınmayacaq, bu, sadəcə vaxt itkisidir.
- Yazmağa
başlamazdan əlinizdə süjetin ilkin versiyası olurmu? Yoxsa hər şey yazı prosesində
sıralanır.
- Demək
olar ki, yox. Oyunlarımda kimlərin, hansı tip xarakterlərin
olacağını onlar, bəli məhz özləri var olana,
yaranana, mənə hardan gəldiklərini, kim
olduqlarını göstərənə qədər bilmirəm.
Əsla ideyanı və ya süjeti hansısa
formada konspektləºdirmirəm.
Sadəcə başlayanda əlimdə azar
nöqtələr olur və mənim işim həmin
açar detalları izləməkdir.
- Daha
çox hansı hissələri yazarkən çətinlik
çəkirsiniz, ya da belə deyək, bütün
dramlarınızda həmin hissələr sizi yorur?
- Bilirsiniz,
dramın tərkib hissələri elə qırılmaz şəkildə
əlaqəlidilər ki, indi onun hansısa hissəsini mənə
daha çox əziyyət verir deyə ittiham edə bilmirəm.
- Siyasi
fikirlərinizi, ideyalarınızı
yaratdığınız personajlar vasitəsilə ifadə
etmək ağlınızdan keçibmi heç?
- Yox.
Baxmayaraq ki, siyasətçilərin də ən
azı mənim qəhrəmanlarım qədər çətin
işlər üçün məsuliyyət
daşıdıqlarını bilirəm, amma siyasət mənə
qəti olaraq darıxdırıcı gəlir.
- Teatr rəqabətə ən meyilli biznes sahəsidir. Yazar kimi başqa dramaturqlarla rəqabət halında olduğunuzun fərqindəsinizmi? Sizcə, həmkarlarınıza qarşı qərəzli rəqabət aparmırsınız ki?
- Yaxşı yazılar, ədəbi
nümunələr məni həyəcanlandırır və
həyatı yaşamaq üçün daha da dəyərli
edir gözümdə. Mən istər öz sahəmdə, istərsə
də ədəbiyyatda nəinki hansısa qərəzli rəqabətə,
ümumiyyətlə, rəqabətə qoşulmamışam.
- Haqqınızda yazılanları oxuyursunuzmu?
- Hə. Amma çox vaxt nədən danışdıqlarını, söhbətin nədən getdiyini anlamıram, çünki hamısını izləmək imkanım olmur.
- Yazarkən auditoriyadan, onun zövqündən nə qədər xəbərdar olursunuz?
- Çox yox. Sadəcə bilirəm ki, bu fərqli insanlardan ibarət ictimai mühitdir. Çalışıram ki, auditoriyanı darıxdırmayım, onları baş verənlərin marağında, hadisələrin izində saxlayım. Bacardığım qədər maraqlı yazmağa çalışıram. Amma bunu da sırf onlar üçün etmirəm, yəni auditoriya olsa da, olmasa da edərdim.
- Yazdıqlarınızın bir neçəsini özünüz səhnələşdirmisiniz. Bu fəaliyyəti davam etdirəcəksinizmi?
- Xeyr. Belə qənaətə gəlmişəm ki, bu yanlış addım olub. Mənim işim yazmaqdır, yazanda daha məhsuldar oluram, daha çox iş görürəm. Dram səhnələşdirmək üçün mütəmadi olaraq çoxsaylı işlə paralel məşğul olmaq lazım olur. Özümü hər iki işdə sınamışam və yazıçı kimi daha işəyarar olduğumu düşünürəm.
- Səhnələşdirdiyiniz ilk pyesiniz hansı olub?
- “Kolleksiya”
(“The Collection”) pyesini Piter Hol ilə birgə səhnələşdirmişik,
yəni direktor yox, ko-direktor idim. Sonra “Sevgili” (“The Lover”) və
“Cırtdanlar” (“The Dwarfs”) pyeslərini təxminən elə
eyni vaxtlarda səhnələşdirdim.
- Qəhrəmanlarınızın
qələminizin diktə etdiklərinə boyun əyməyib,
beyninizdəki ideyanı – hətta ən dəyərli ideyanı
– dəyişdirdikləri olubmu?
- Onlara
səyahət, yeni fikir gətirmək imkanı versəm də,
ipləri möhkəm tutur, çox uzaqlaşmaqlarına,
tamamilə fərqli hekayələrlə qayıtmaqlarına
imkan vermirəm. Onda yazmaq, nəyisə tamamlamaq
çətin olar.
Hazırladı:
Elcan SALMANQIZI
Kaspi. - 2014.-
13 sentyabr.- S.12-13.