“Yolayrıcında”

 

(hekayə)

 

1 aprel 1962-ci ildə Antalyada doğulub. Səlcuq Üniversiteti Təhsil Fakültəsinin Türk Dili və Ədəbiyyatı bölməsini bitirib. Fəlsəfə üzrə aspiranturanı qurtarıb. Gənc yazarlar və şairlər üçün Yaradıcılıq Məktəbi açıb, Yazarlar Akademiyası Dərnəyini qurub. Bir yayınevini idarə edir. “Temrin” ədəbiyyat dərgisini buraxır. Şeirlər, hekayələr yazır. Çap üzü görmüş bəzi kitabları: “Hər şey sənin üçün” (şeir), “Konsulun köpəyi” və s.

 

***

 

Kəsişən dörd yolayrıcında düşdüyüm xidmət maşını axşamın alaqaranlığında gözdən itdi. Yola, sahilə, dənizə, ağaclara, qumluğa qaranlıq ələnməkdəydi.

Bu güney sahillərində yayın istisini axşam sərinliyi əvəz etməkdəydi. Gündüz böyük bir hamamı andıran dənizin isti suyunda çimən, qumsallıqda qaralanlar bir-bir, iki-iki sahilə çıxırdılar. Sahil ilə şəhərlərarası yol arasındakı barın yanıb sönən işıqları qısa bir zamanda qaranlığın necə qatılaşdığını əyani şəkildə göstərməkdəydi.

Kəndə gedən yolayrıcında gözləyirdim. Fikrim-zikrim evdədi... Necə gedəcəyimi düşünürdüm. Bütün həftəni işləyən adam üçün həftə sonu evinin doğmalığı, arvad-uşağının həsrəti daha böyük əhəmiyyət daşıyır. Gündüz şeflə bir az ağızlaşdım. Həftə sonu gününün belə qurtarmasını istəməzdim, amma bəzən adam başqa çıxış yolu tapmır. İşçinin halını, işin vəziyyətini ona da anlatmayıb kimə anladasan? Keçən həftə sonu nümayəndə yoldaşlarla həmkarlar birliyində idik.

İki həftədir evdən uzaqdayam. Özümü tez evə çatdırmaq, yaxşıca dincəlmək istəyirəm. Yoldan keçən hər bir maşına əl qaldırıram. Dayanan çoxdu, ancaq məni götürən yoxdu. Kimi bir neçə kilometrdən sonra qarşıdakı kəndə, kimi də meşəyə dönəcəyini deyir.

Artıq xeyli keçib. Qarnım acdı, gəlib-gedən də seyrəlib. Axşamdan bəri yol kənarında çöməlmişəm. Yan tərəfdə qiraətxana açıqdı, amma gedib orda oturmayacağam ki...

Fikrim-zikrim evdədi... Görünür bu axşam evə getmək mənə qismət olmayacaq. Ən yaxşısı çayla bir loğma yeməkdi.

Arxamı yola çevirib geri dönmək istəyəndə yolayrıcına şalban yüklü bir yük maşını yaxınlaşdı. Ümidlə yaxın getdim. Sürücü tanış çıxdı. Salamlaşdıq, bir-iki kəlmə kəsdik. Bizim tərəfə gedib getmədiyini soruşdum. Evinə tələsirmiş. Biz tərəfə sabah tezdən çıxacaqdı.

- Sadıq usta, gedək, bizdə qalarsan, sabah erkən o tərəfdən keçəndə səni də kəndində düşürdərəm, - dedi.

Bir azdan başqa bir maşın gələr, onunla gedərəm deyə təklifini qəbul etmədim. O da yola düzəldi. Təzədən yolayrıcında çöməlib gözlədim. Neçə saatdı çöməltmə dayandığıma görə ayaqlarım ağrıyırdı.

Sahildə gəzişənlər tədricən harasa çəkildilər. Bakkal dükanının işığı söndü. Qiraətxananın stol, stulları yığışdırıldı. Mən təmtək qaldım. Həftə sonunu evdə keçirmək üçün neçə saat əvvəl yola çıxsam da hələ buradaydım.

Bir az aralıdakı yanacaqdoldurma stansiyasına getdim.

- Həmyerli, - içəridəki işçiyə dedim, - sabaha qədər burada gecələməyə bir stul olarmı?

Arxa otağa keçib ordan bir stul gətirdi, bir küncə qoyub:

- Əyləş, həmyerlim, - dedi.

Oturdum. Oturan kimi günün yorğunluğu çiyinlərimdən yavaş-yaqvaş bütün bədənimə yayıldı. Yaxşı ki, yaydı, hava istidi... Buna da şükür...

Stulda yatmağa çalışıram. Bu yatmaq deyil, mürgüləməkdi. Dovşan yuxusu kimi bir şeydi. Qapı hər dəfə açılanda mən də gözümü açıram. Bəlkə sabahdı?

Günəş doğmamış oyandım. Dedim də, fikrim-zikrim evdəydi. Bu gün kəndə gedə bilməsəm burdan xidmət maşınına minib geri qayıdacağam.

Yanacaqdoldurmadan bayıra çıxdım. Güney sahillərində səhər mehinin ürəksərinlədən, dalğaları oynadan səhər sərinliyini yaxşıca ciyərkərimə çəkib özümə gəldim. Sahildə bir neçə nəfər gəzintiyə çıxmışdı. Qəhvəxana hələ açılmamışdı. (Bu qəhvəxana sözünə də dilim heç cür yatmır). Baqqal yerindədi. Salam verdim, uşaqlara bir-iki saqqız, şokolad aldım. Hələ evə gedib-getməyəcəyim bəlli olmasa da. Hər halda bu da bir ümiddi. Evə getməsəm yol-rizdə gördüyüm uşaqlara verərəm.

Fikrim evdə, gözüm yoldan keçənlərdədi. Baqqalın yanından çıxdım. Bir az irəlidə bir motosikiletli tərpənməyə hazırlaşırdı. Görəsən hara gedir? Bəlkə tanışdı, gedim bir soruşum.

Əlimdə sumka tələsik adama doğru yaxınlaşdım. Mühərrikin üstündə arxası mənə tərəf oturduğuna görə onu yaxşı seçə bilmirdim. Təzəcə çatmışdım. Salam verməyə imkan tapmamış adammin, Sadıq”, dedi. Mən də mindim. Adam tam sürətlə yola çıxdı. Bir əlimlə onun beilndən, o biri əlimlə sumkamdan yapışdım.

Bu sürətlə getsək, yarım saata kəndə çatardıq. Çıxmayan candan ümid üzülməz. Bir günolsa, qalıb geri dönərəm. Ev başqa şeydi. Arvad-uşağı bir gün belə görmək az işdimi? Adammin, Sadıq”, deyib qaza basmaqda məni tanımış olmalıydı. Amma mən onu tanımırdım. Üzünü belə görməmişdim. İmkan olmamışdı görməyə. O saat tərpənmişdik.

Sərt bir döngəni döndükdən sonra üzünü geri çevirib dedi:

- Adam o gün evdən çıxandı, bir dahaüzünü görən var, nə də haqqında nəsə eşidən. Uşaqları da ki lap kiçikdi, elə deyilmi, qardaş?

Mən yarı çaşqınlıq və maraq içində cavab vermək istədim, ancaq özümü saxladım. Deyəsən, burda nəsə bir dolaşıqlıq vardı, lakin nəydi? Həm Torosları (Ağdəniz tərəfdə sıra dağlarterc.) yarıb keçən şose yolunda tam sürətlə irəli gedir, həm də söhbət edirdik. Daha doğrusu, o danışır, mən dinləyirdim. Hələ söhbətə qoşulmamışdım. Necə, hardan başlayacağımı bilmirdim.

- Bu yaxında yerində Əhmədlə bir az danışdıq. Uşağı yaxşılaşıb, məktəbə getməyə başlayıb.

Söhbətə yenə qoşula bilmədim. Əhməd kimdi? Uşağının dərdi nəymiş? Bunlar mənim bildiyim şeylər deyildi. Bu adamın tanıdığım biri olmadığını anladım. Necəsə motosikiletinə minmişdim. Allah axırını xeyirə calasın baxaq görək nə olur. Əlbəttə, olacağa çarə yoxdu.

Düz yolda gedirdik. Motosikiletin səsi dağlarda əks-səda doğururdu. Adam bu zaman:

- Sadıq, bəs sənin atanın vəziyyəti necə oldu, qardaşım? - dedi.

Daha susa bilmədim.

- Atam hələ mən uşaq ikən vəfat edib, qardaşım, - dedim.

Birdən başını geri döndərdi və böyümüş gözləri ilə diqqətlə üzümə baxdı. Sonra irəli çöndü, motosikileti bir qədər aralıdakı ağacın altında saxladı.

- Həmyerli, sən kimsən, hə? - soruşdu.

- Mən Sadığam, - dedim.

- Kimsən? Allah, allah! Sən Sadıqsansa bəs bizim Sadıq hanı?

- Sizin Sadıq kimdi?

- Allah sən saxla... Yaxşı, sən hardan çıxdın, qardaşım?

- Tutaq ki, lap loto qutusundan çıxdım... - Əsəbiliklə cavab verdim.

Xeyli susdu. Diqqətlə gözlərimin içinə baxdı.

- Bizim Sadıq sənə bənzəmir.

- Mən sizin Sadığa bənzəmirəm.

- Sən harda mindin motosikiletə?

- Dört yolayrıcında...

- Deməli, bizim Sadıq orda qaldı?

- Mən heç bilmirəm. “Min”, dedin, mən mindim.

- Onda səni burda düşürtməli, qayıdıb bizim Sadığı götürməliyəm.

- Həmyerli, adam da adamı burada, bu dağların arasında düşürdərmi, səndə insaf yoxdumu? Barı yolayrıcına qaytar. Həm öz Sadığını götürərsən, həm sizin olmayan Sadığı düşürdərsən.

Çarəsizlikdən başını bulayıb geri döndü. Gəldiyimiz yerə qayıdırdıq, yaxşıdımı? İşə bir bax! Yollar geri dönür, heç cür evə getmir.

Yolayrıcına çatdıq. Yol kənarında gözləyən bir adamın yanında dayandıq. Mən aşağı düşdüm. Gözləyən adam çaşqın-çaşqın bir motosikiletliyə baxdı, bir mənə...

Motosikiletin sahibi ona:

- Sadıq, min, - dedi.

 

Şərəf Yılmaz

 

Türkcədən çevirəni: Eyvaz Zeynalov

 

Kaspi. - 2014.- 13 sentyabr.- S. 14.