Azərbaycanın
milli hərbi sənaye qüdrətinin nümayişi
Regionda ilk dəfə
Azərbaycanda keçirilən Beynəlxalq Müdafiə Sənayesi
sərgisindən reportaj
Müdafiə sənayesi və
müdafiə nazirliklərinin təşəbbüsü və
dəstəyi ilə sentyabrın 11-dən 13-ə kimi Bakıda Beynəlxalq Müdafiə Sənayesi
- “ADEX 2014” sərgisi keçirildi. Sərginin
birinci günü rəsmi
açılış mərasimi olduğundan
Prezident İlham
Əliyev də orada iştirak
etdi, müxtəlif ölkələrdə
istehsal olunan silah-sursat, hərbi avadanlıqlarla
tanış oldu. Sentyabrın
13-də isə “Xalq günü”
elan edildiyindən bütün
ictimaiyyət nümayəndələrinin sərgini
yaxından izləməsinə şərait yaradıldı. Biz də bu imkandan yararlanaraq “Koroğlu” metrostansiyasından
çıxıb marşrut avtobusla üzü Heydər
Əliyev adına Beynəlxalq Hava
Limanı istiqamətinə yol aldıq.
Sərginin keçirildiyi “Bakı Ekspo Mərkəzi”nə çatanda buradakı qələbəlik diqqətimizdən yayınmadı. Havanın isti olmasına, sərginin keçirildiyi məkanın şəhərin mərkəzindən xeyli uzaqda yerləşməsinə baxmayaraq, ərazidə avtomobil və insan sıxlığı müşahidə olunurdu. Lakin buna baxmayaraq, sərginin keçirildiyi binanın girişindəki təhlükəsizlik, eləcə də içəridəki qeydiyyat şöbəsinin işçiləri ziyarətçilərə nümunəvi xidmət göstərir, sıxlıq yaranmasın deyə, insanları ləngitmirdilər. Biz də asanlıqla yoxlamadan və qeydiyyatdan keçib içəri daxil olduq.
Təbii ki,
sərgidə ilk olaraq
Müdafiə Sənayesi Nazirliyinin pavilyonuna baş çəkdik.
Milli
müdafiə sənayemizin istehsalı olan
məhsullarla maraqlandıq. Öyrəndik ki,
Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya,
cihazqayırma və digər istiqamətlər üzrə
dünyanın inkişaf etmiş
ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq
nazirliyin müəssisələrində istehsal olunan məhsullar
xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi
sərgilərində də nümayiş
etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük
maraqla qarşılanır. İndiyə kimi 15-dən artıq beynəlxalq sərgidə
iştirak edən nazirlik
ilk qatıldığı sərgidə
27 adda məmulatla təmsil olunub. İndiki sərgiyə
isə 168 adda məhsul
çıxarıb. Onların arasında tapançalar, 12,7 millimetrlik
“Mübariz” snayper
tüfəngi, RPQ-7 əl qumbaraatanları üçün
kumulyativ, kumulyativ-tandem
və termobarik döyüş
sursatları, 40 mm çaplı qumbaralardan atəş açan
barabanlı əl qumbaraatanı, “Aselsan”
istehsalı olan SARP – məsafədən
idarə olunan insansız döyüş
modulu ilə silahlandırılan “Kürzə”
döyüş maşını və
başqaları daha çox
diqqət çəkirdi.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) pavilyonunda ANAMA mütəxəssislərinin ölkəmizin müxtəlif ərazilərində aşkar edərək zərərsizləşdirdikləri mina və mərmi nümunələri, eyni zamanda minaaxtaranların geyimləri, istifadə etdikləri avadanlıqlar nümayiş etdirilirdi. ANAMA mütəxəssisləri ziyarətçiləri maraqlandıran sualları da ətraflı cavablandırır, müxtəlif döyüş sursatları, onların istifadəsi, zərərsizləşdirilməsi və sair barədə məlumatlar verirdilər. Söhbət əsnasında o da qeyd edildi ki, 1998-ci ildən fəaliyyət göstərən ANAMA Prezident İlham Əliyevin təsdiq etdiyi 2003-2008 və 2009-2013-cü illər üçün “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq, humanitar mina təmizləmə əməliyyatlarını ölkəmizin 12 bölgəsində aparıb və bu gün də davam etdirir. ANAMA mütəxəssisləri 1999-cu ildən bu günə kimi 613 mindən artıq mina və partlamamış hərbi sursatı aşkar edərək məhv ediblər.
Azərbaycan Tarix Muzeyinin silahlar və bayraqlar fondunun zəngin ekspozisiyası da
sərgidə nümayiş olunurdu. Muzeyin əməkdaşları tərəfindən Azərbaycanın
tarixini, xüsusilə də ölkəmizdə
ordu quruculuğunun
şanlı keçmişini özündə
əks etdirən müxtəlif silahlar,
geyimlər, döyüş
avadanlıqları ziyarətçilərə təqdim edilir, onlar barədə ətraflı
məlumat verilirdi.
Azərbaycanın qida sənayesində özünəməxsus yeri olan “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da ayrıca pavilyonda sərgilənirdi. Burada əsgərlər üçün hazırlanan müxtəlif qida məhsulları, konservlər və sairlər ziyarətçilərə nümayiş olunurdu.
Sərgidə 37 şirkətlə təmsil olunan qardaş Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinə məxsus pavilyonlara da ziyarətçilər böyük maraq göstərirdilər. 1975-ci ildən fəaliyyətdə olan “Aselsan” şirkətinin hərbi rabitə, radar, radioelektron, elektro-optik, naviqasiya və aviasiya elektron avadanlıqları, silah, çoxfunksiyalı məlumat idarəetmə sistemi və digər yüksək texnologiyaları, həmçinin “Roketsan” şirkətinin müxtəlif mənzilli raketləri həm əyani, həm də virtual olaraq nümayiş etdirilirdi.
Azərbaycan Beynəlxalq
müdafiə sənayesi sərgisində İsrail
şirkətləri də yüksək səviyyədə təmsil
olunurdu. Bu ölkənin
“Plasan” şirkəti taktiki
döyüş maşınları, təyyarələr,
vertolyotlar və fərdi mühafizə üçün texnika, “Rafael” şirkəti isə hava,
quru, dəniz və kosmosda
istifadə üçün yüksək
texnologiyalı müdafiə sistemlərinin geniş
çeşidini təklif edirdi.
Bunlarla yanaşı, sərgidə Fransanın dəniz müdafiəsi üzrə dünyada lider şirkətlərindən olan “DCNS Group”, həmçinin Qərbi Avropada nüfuzlu müdafiə sənayesinə malik “MBDA” şirkətləri, Ukraynanın “Ukroboronprom” Dövlət Konserni, Polşanın “Armaments Group” şirkətlər qrupu, Belarusun “AGAT-Control Systems”, Rusiyanın “Rosoboronexport”, Cənubi Afrika Respublikasının “Paramount”, Çinin “CETC” şirkətləri də öz məhsullarını nümayiş etdirirdilər. İri həcmli döyüş maşınları, hərbi texnikalar, sualtı qayıqlar, hərbi gəmilər, helikopter və təyyarələr, bir çox hallarda pilotsuz təyyarələr də ziyarətçilərə maket şəklində təqdim olunurdu.
Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014” sərgisinin keçirildiyi “Bakı Ekspo Mərkəzi”nin həyətində isə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi ZKDM, ZKDM-2, MTLB-AM, BTR-70, MATADOR zirehli döyüş maşınları, minaatanlar, iri çaplı silahlar, Fövqəladə Hallar Nazirliyinin texnika və avadanlıqları, Rusiya istehsalı olan BMPT-72 zirehli texnikası, hərbi helikopter, Türkiyənin “Roketsan” şirkətinin Azərbaycana təhvil verdiyi T-300 “Qasırğa” raket sistemi nümayiş etdirilirdi.
Ümumiyyətlə isə Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edirdi. Sərgidə Türkiyə 37, Belarus 20, İsrail, Fransa 16, Polşa 15, Rusiya 10, Cənubi Koreya, ABŞ 6, Çin 5, CAR 4, Bolqarıstan 3, Niderland, İtaliya, Kipr, Çexiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan 2, Qazaxıstan, Lüksemburq, Pakistan, Sloveniya, Kanada, İsveçrə, İspaniya, İngiltərə, Sinqapur 1 şirkətlə təmsil olunurdu. Azərbaycan isə sərgiyə 37 şirkətlə qatılmışdı.
Rufik İSMAYILOV
Kaspi. -
2014.- 16 sentyabr.- S. 6.