İnternet televiziyaları ekstremal şəraitdə
Onların fəaliyyətinə nəzarətin
olmaması ölkənin informasiya təhlükəsizliyinə
təhdidlər yaradır
Bir müddət öncə
cəbhədə yaranmış gərginlik ölkənin informasiya təhlükəsizliyi ilə
bağlı məsələni gündəmə gətirdi və
mövzu ötən bir
aydan çox müddət
ərzində ciddi şəkildə
müzakirələrə səbəb oldu.
Məlum olduğu kimi, avqust ayının əvvəlində
erməni kəşfiyyat-təxribat qruplarının Ermənistan-Azərbaycan
dövlət sərhədində və qoşunların təmas
xəttində Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərinə basqınlar edərkən baş
verənləri işıqlandırarkən bir
sıra yerli internet
saytları, televiziyaları, xəbər portalları dövlətin
hərbi və informasiya təhlükəsizliyinə
zidd olan ciddi xətalara yol verdilər.
Reytinq
xatirinə bir-biri ilə ucuz
rəqabətə girişmiş media təmsilçiləri cəbhədəki
vəziyyət, qoşunların və hərbi texnikanın hərəkəti
və s. barədə qeyri-rəsmi mənbələrə
istinadən, daha çox
düşmən üçün
faydalı ola biləcək informasiyalar yaymışdılar. Bütün bunlar məsələnin
dövlət səviyyəsində müzakirəsi zərurətini
doğurdu.
Beləliklə də, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yanında Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə həsr olunmuş geniş müşavirə keçirildi. Müşavirədə ekstremal situasiyalarda medianın üzərinə düşən vəzifələr, ölkənin informasiya təhlükəsizliyinin qorunması kimi aktual problemlər KİV nümayəndələri və dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə müzakirə olundu, bu sahədə nöqsanlara yol vermiş bir sıra media orqanlarının fəaliyyəti kəskin şəkildə tənqid edildi. Həmçinin dövlət qurumlarının da üzərinə düşən vəzifələr xatırladıldı, onların məsul olduğu sahələrdə daha həssas fəaliyyət göstərmələri məqsədəuyğun sayıldı.
Məlum olduğu kimi, bu gün ölkədə 5 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Həmçinin dünya təcrübəsinə dayanaraq medianın yeni qolları sürətlə intişar tapır və kütləviləşir. İnternetin kütləviləşməsi internet mediasının ölkədə sürətlə populyarlaşmasına gətirib çıxarır. İnsanlar zamanlarının böyük bir hissəsini virtual sferada keçirirlər. Facebook, tvitter kimi sosial şəbəkə istifadəçilərinin sayı milyonlarla ölçülür. Bununla yanaşı, internet medianın mühüm növlərindən olan internet televiziyalarının sayının da Azərbaycanda çoxalması və populyarlaşması tendensiyası müşahidə olunmaqdadır.
Ölkədə elektron medianın çəkisinin artması, İKT-nin inkişafı və insanların informasiyaya əlçatanlığının
təmin edilməsi baxımından müsbət göstərici
olsa da, onun tənzimlənməsi ilə bağlı
çətinlikləri də bərabərində gətirir.
Məlum olduğu kimi,
bu gün hətta
dünyanın ən inkişaf etmiş ölkələrində belə, internet mediasının tənzimlənməsi
ilə bağlı konkret praktika,
sahəvi hüquqi baza
yoxdur. Belə vəziyyət isə bir sıra problemlər doğurur.
Bu problemlər ölkənin informasiya təhlükəsizliyi ilə
bağlı olduqda, yeni
medianın tənzimlənməsi məsələsi xüsusilə
aktuallıq kəsb edir.
Yeni media bu gün istənilən dövlətin milli təhlükəsizliyinə təhdidlər doğura bilir.
Məsələn, 2011-ci ildə İngiltərə kimi qüdrətli bir dövlətin sosial-siyasi həyatına ciddi təsir edə bilmiş kütləvi ixtişaşlar məhz sosial şəbəkələr vasitəsilə qızışdırılmışdı. Bunu əsas götürərək dövlət Facebook və Tvitter sosial şəbəkələrinə girişi məhdudlaşdırdı.
Bundan başqa, ötən il bələdiyyə seçkiləri öncəsi Türkiyədə baş verən qarışıqlığın artmasında da sosial şəbəkələr- tvitter və youtube-un mühüm rolu olduğu ortaya çıxmış və onlara giriş ölkə hüdudunda müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Göründüyü
kimi, dünya ölkələri
zaman-zaman internet
medianın tənzimləməsi zərurəti ilə
qarşılaşırlar. Bu mənada
sürətlə populyarlaşan internet TV-lərin fəaliyyətinin tənzimlənməsi
də akuallıq kəsb edir. Bu gün ökəmizdə fəaliyyət
göstərən İP TV-lərin konkret
statistikası məlum olmasa da, onların durmadan
artığını söyləmək olar
(İP TV-lərin statistikasının aparılmaması da bu sahənin nəzarətsiz
qalmasının nəticəsidir!).
Əhalisinin
70%-nin internetə çıxış imkanları olan ölkədə fəaliyyəti heç cür tənzimlənməyən
İP televiziyaların, lisenziya əsasında
və qanunun mövcud
tələbləri ilə müəyyən çərçivələnmiş
şəkildə yayım həyata keçirən digər
TV-lərlə rəqabət mühitində fəaliyyət
göstərməsi bir sıra problemlər
ortaya çıxarır. Belə ki, aparılan təhlillərin də göstərdiyi
kimi, İP TV-lər artıq adi TV-lərin auditoriyasına sahib
olmaq istiqamətində ciddi
cəhd göstərirlər. Bu isə
İP TV-lərin adi TV
yayımçılarının reklam
bazarına da ortaqlıq etməsi deməkdir.
Lakin əgər adi
TV-lər reklam fəaliyyətlərini konkret hüquqi məhdudiyyətlər
çərçivəsində qururlarsa,
İP TV-lər üçün belə bir məhdudiyyət yoxdur.
Onlar sərbəst şəkildə fəaliyyət
göstərirlər. Bu, isə qeyri-sağlam rəqabətə gətirib
çıxarır.
Lakin razılaşmaq olar ki, bu gün İP TV-lərin iştirakı ilə reklam bazarında yaranmaqda olan qeyri-sağlam rəqabət mühiti ilə bağlı problem nə qədər ciddi olsa da, bu, ölkənin informasiya təhlükəsizliyi qədər mühüm deyil.
Belə ki, məlum «avqust
praktikası» belə bir iddia
irəli sürməyə imkan verir ki, hansısa «X»
günündə sayları durmadan artan və yaradılması, fəaliyyəti üçün heç bir hüquqi şərt olmayan İP TV-lərin ölkənin informasiya təhlükəsizliyinə təhdidlər
doğurmayacağına kim qarantiya verə bilər?
Çünki
avqustun əvvəllərində cəbhə
bölgəsində baş verən gərginlik
zamanı bir sıra İP TV-lərin də
ciddi «canfəşanlıq» etmələri
faktları ortadadır. İP TV-lərin adi
xəbər portallarından fərqli olaraq
təqdim etdikəri video materialların daha təsirli olması isə
narahatlığı bir qədər də
artırır.
Bütün bunlar
göstərir ki, İP TV-lərin fəaliyyəti
ilə bağlı tezliklə qanunvericilik
bazası formalaşdırılmalıdır. Əks təqdirdə
istənilən ölkə və xarici vətəndaşın
sərbəst şəkildə İP televiziya
yaradaraq fəaliyyət göstərməsi
informasiya təhlükəsizliyi baxımından
ciddi təhdidlər doğura
bilər.
İP TV-lərlə
bağlı qanunvericilik təcrübəsinə
gəldikdə isə bunu ölkəmiz tərəfindən
yaradılmış model qanunla
da ortaya qoymaq olar. Çünki
ölkəmizin KİV sahəsini tənzimləyən kifayət
qədər normal liberal
qanunvericilik bazası vardır. Buradan çıxış edərək, eyni zamanda müasir
dünyanın çağırışlarını, təcrübəsini
nəzərə alaraq model
qanunvericilik bazası hazırlamaq olar.
Qeyd edək ki, ölkəmizin bu sahədə təcrübəsi də vardır. Belə ki, hazırda dünyada məxsusi Azərbaycan brendi kimi tanınan «Asan Xidmət» buna əyani misal ola bilər. Məlum olduğu kimi, dünyanın bir sıra inkişaf etmiş ölkələri «Asan Xidmət»in fəaliyyəti ilə tanış olmaq üçün mütəmadi olaraq ölkəmizə nümayəndə heyətləri göndərirlər.
Bundan başqa ölkəmizdə və yaxud ölkəmizin iştirakı ilə
hazırlanmış elə qanunvericilik
nümunələri vardır ki, hətta Avropa üçün model qanun səciyyəsi
daşıyır.
Bu mənada ölkəmizin yeni bir örnək ortaya qoyması onun beynəlxalq imicinin artmasına təkan verərdi.
Həmin qanunvericilik örnəyinin necə olacağı isə hüquqşünasların işidir. Lakin faktiki həssas durum, ölkəmizin müharibə şəraitində olması, dünyada gedən geosiyasi proseslər, həmçinin internetin bu gün yeni termin kimi, tez-tez istifadə edilən «infoimperializm»in əsas alətinə çevrilməsi ölkəmizin öz informasiya təhlükəsizliyinə həssas yanaşmasını zəruri edir. Bütün bunlar internet mediasının, o cümlədən internet TV-lərin fəaliyyətinin hüquqi çərçivəyə salınması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini labüdləşdirir.
Təvəkkül Dadaşov
MTRŞ Aparatının Ekspertiza,
proqramlaşdırma və analitik
şöbəsinin müdiri
Kaspi. - 2014.-
17 sentyabr.- S. 15.