“Burada xəstəxanalar pulsuzdur”
Kəmalə
Məmmədli: “Azərbaycanda xəstə həkimdən
çəkinir, əlavə sual verməkdən qorxur”
Uğurunun sirrini ilk növbədə böyük istəyi və qarşısına məqsəd qoyub ona doğru irəliləməkdə görür. Müsahibimiz Kəmalə Məmmədli İngiltərənin Mançestr şəhərində Trafford Hospitalında Xəstəxanadaxili infeksiyaya qarşı mübarizə komitəsində çalışır. K.Məmmədli orada işləyənə qədər hansı etaplardan keçdiyi, ümumiyyətlə, sözügedən ölkədə tibb sahəsi barədə suallarımızı cavablandırdı.
- Tibb Universitetini bitirib Azərbaycanda
1 il çalışandan sonra
2003-cü ildə həyat yoldaşımın işiylə
bağlı Böyük Britaniyaya
köçməli olduq. Buraya
köçəndə ingilis dilində bazam olsa da,
sürətli danışdıqlarından ingilislərlə
ünsiyyət mənə o qədər də
asan gəlmədi. Dərhal kollecə
yazıldım, bir ilə ingilis
dilini mükəmməl səviyyədə
öyrənib sertifikat aldım. Amma işləmək
mənim üçün uzaq
bir xəyal kimi görünürdü. Öyrəndim ki, həkim işləmək üçün
bir neçə etapdan
keçmək lazımdır. Əvvəlcə İELTS
imtahanı verib ən azı 7 bal toplamalı, sonra ixtisasdan 2 mərhələli - PLAB 1 ve PLAB 2 imtahanlarını verməli idim. Elə bir insan yox idi
ki, mənə sözlə də olsa, yardım etsin,
hansısa istiqamət göstərsin. Tamamilə tək idim, bunun özü
böyük bir
çətinlik idi. Mənimlə birlikdə
Suriya, İran, Pakistan, Hindistandan imtahan verməyə hazırlaşan həkimlər
var idi. Onların həm
təcrübəsi çox idi, həm də sözügedən millətlərdən
imtahan verənlər çox
olduğundan bir-birlərinə yardım
edirdilər. Bir suriyalı həkimin mənə
köməyi oldu, imtahan
suallarını ondan götürdüm
və test sualları mənə çox rahat gəldi. Sadəcə,
o vaxt artıq
azyaşlı oğlum olduğundan
hazırlaşmaq çox çətin idi. Hərdən fikirləşirəm ki, uşağın o illərini
itirdim, oğlum ağlaya-ağlaya üstümə gəlirdi,
başını qatmaq üçün
əlinə nəsə verirdim ki, getsin, mənə mane olmasın. Oğlumun 3
yaşına kimi imtahanlara
hazırlaşdım. Imtahan vermək üçün həm də böyük
miqdarda pul ödəməliydim.
Birinci imtahandan keçdim, ikinci imtahan praktiki idi. 14 otağın hər birində xəstə
olurdu. Professorların nəzarəti
altında həmin xəstələrlə görüşüb
diaqnoz qoymalı, müalicə yazmalı,
xəstəylə münasibət qurmalı idin.
Imtahandan keçəcəyimə ümid bəsləmirdim. Cavabların
çıxması, 1 ay yarım çəkdi.
Interneti açıb adımı oxuyanda elə bilidim ki, bütün
dünyanı fəth etmişəm. Amma tez bir müddətdə sevincim alt-üst oldu. Çünki iş tapmaq asan deyildi. 2 il müddətinə iş
tapmadıqda isə, həmin imtahanları yenidən verməli
idin. Müxtəlif xəstəxanalara CV
göndərdim. Irlandiyadan iş
təklifi gəldi. Amma İrlandiya
yaşadığımız yerə uzaq olduğundan orada işləmək
əl vermirdi və imtina
etdim. Sonra eşitdim ki, Mançestrdə
Stretford xəstəxanasında
könüllülərə ehtiyac var və oraya da CV-mi təqdim etdim. Qəbul etdilər, sözügedən klinikada mədə-bağırsaq xəstəlikləri
üzrə könüllü olaraq çalışmağa başladım və
burada gözəl insanlarla
rastlaşdım, özümə qarşı diqqət,
kömək gördüm. Xəstəxanada
müxtəlif yerlərdən olan millətlərin
nümayəndələri var idi. Azərbaycanı isə heç
kim tanımırdı. Üzr
istəyib ölkəmizin harada yerləşdiyini
soruşurdular. Mən izah
edəndən sonra yalan-doğru
yadlarına düşdüyünü
deyirdilər.
- Deyəsən, xəstəxanada işləyərkən araşdırma məqalə də hazırlamısınız...
- Bəli. Xəstəxanada işləyə-işləyə qərara gəldim ki, statistik məlumatlar əsasında araşdırma aparıb məqalə yazım ki, CV-im daha da zənginləşsin. Mənə rəhbərlik edən professor dedi ki, məqaləm GUT jurnalinda cıxsa, Vienaya konfransda çıxış etmək üçün dəvət alacam. Üstündən 3 ay keçəndən sonra telefonuma zəng gəldi ki, məqaləm çıxıb və Vienada konfransda çıxış etməliyəm. Amma elə oldu ki, ailə üzvlərimdən biri xəstələndi və mənim onu qoyub getməyim heç cür mümkün olmadı.
- Hazırda harada çalışırsınız?
- Artıq 3 ildir ki, Trafford Hospitalında Xəstəxanadaxili infeksiyaya qarşı mübarizə komitəsində yarım iş günü çalışıram. Əslində hazırkı işim o qədər də ürəyimcə deyil. Qürbətdə 2 uşaqla karyera baxımından irəli getmək çətindir. Hərçənd yoldaşım mənim irəliləməyim üçün əlindən gələn köməyi edir. Düşünürəm ki, hələ istədiyimi əldə etməmişəm. Göz xəstəliklərinə marağım çoxdur. Planımda var ki, göz xəstəlikləri üzrə magistratura təhsili alıb, ixtisasımı dəyişim.
- Azərbaycanda həm həkim kimi işləmisiniz, həm də Tibb Universitetində oxuyarkən müxtəlif xəstəxanalarda təcrübədə olmusunuz. İngiltərə və Azərbaycanda həkimlərin xəstəyə münasibəti arasında hansı fərqləri gördünüz?
- Azərbaycanda həkimə
dahi kimi baxırlar. Düzdür, İngiltərədə də
hörmət var. Amma unutmayaq ki, həkim də oxuyub xəstəyə xidmət etmək, onu sağaltmaq üçün işləyir. Azərbaycanda
həkimlərin bir çoxu
xəstələrlə çox kobud davranır, elə münasibət göstərirlər
ki, xəstə əlavə sual verməyə qorxur. O
qədər şahidi olmuşam
ki, xəstə həkimə sual verəndə, üstünə
qışqırıb ki, “sən həkimdən
çox biləcəksən?” və s. İngiltərədə isə hər bir halda xəstə
haqlıdır. Xəstə ilə nəzakətli davranmaq, xəstəyə xidmət etmək həkimin
borcudur.
- Necə düşünürsünüz, yaxşı həkim olmaq üçün nə etmək lazımdır? Həkimdə hansı xüsusiyyətələr cəmləşməlidir?
- Həkimdə məsuliyyət, işində diqqətli olmaq, empatiya, yəni özünü xəstənin yerinə qoya bilmək bacarığı,bir də sənətinə sevgi olmalıdır. Azərbaycanda valideynin arzusudur deyə, Tibb Universitetinə daxil olan tələbələr var idi. Atalarımız, analarımız özləri edə bilmədiklərini övladlarının timsalında həyata keçirməyə çalışırlar. Buna görə də Tibb Universitetini bitirəndən sonra tələbələrin bir çoxu ya işləmək istəmir, ya da məcburən işləyənlər yaxşı həkim olmurlar. İngiltərədə isə Tibb Universitetinə daxil olmaq istəyən tələbələrə hələ imtahan verməmiş şans verilir ki, 2 ay müddətinə hansısa xəstəxanada həkimləri, xəstələri müşahidə etsinlər. Ola bilər, həkim olmaq istəyən qandan qorxduğunu aşkarlayacaq, ya ağır rejimdə işləyə bilməyəcəyini dərk edəcək. Yeri gəlmişkən, İngiltərədə həkimlər hədsiz dərəcədə çox işləyirlər. Bütün günü palatalarda gəzir, xəstələrlə təmasda olurlar. Elə vaxt olub ki, mən evə gəlib ayaqlarımı isti suya qoymuşam ki, bəlkə ağrısı kəsə. Gənc həkimlər arasinda hətta işin ağırlığından depressiyaya düşənlər də olur. Burada həkimlər yazı-pozu işləri ilə də məşğul olur, xəstələrin xəstəlik tarixçələrini kompyuterə köçürür, xəstə yeniden müayinəyə ehtiyac duyursa, müxtəlif xəstəxanalarla əlaqə saxlayıb xəstə üçün qəbul günərini təyin edirlər. Bir sözlə, çox əziyyətli işdir. Buna görə də İngiltərədə tələbənin sənədlərini tibb sahəsinə verməmiş xəstəxanalardakı vəziyyətlə tanış olması vacibdir.
- 3 il
idi ki, Azərbaycana
gəlmirdiniz. Bu yay oğlanlarınızla
birgə təşrif
buyurdunuz. Ingiltərəyə hansı təəssüratla
qayıtdınız?
- Bakı gözəlləşib, hətta
regionlarda da bu dəyişiklik hiss olunur. Ölkəmdəki bəzi dövlət
orqanlarında çox
yüksək xidmət,
müştəriləri gülərüzlə
qarşılamaq kimi müsbət dəyişikliklər
gördüm və çox sevindim ki, bizdə də belə şeylər var. Amma bəzi problemlər hələ də həll edilməyib. Ümid edirəm ki, onlar da düzələcək.
Çünki Azərbaycanla İngiltərə
arasında dövlət
quruculuğu baxımından
fərqlər var. Biz yeni
yaranmış dövlətik.
Çox
istərdim ki, gələn dəfə Azərbaycana gələndə
tibb sahəsində də müsbət dəyişikliklər görüm.
Müşahidələrimə əsasən, deyə
bilərəm ki, əslində xəstəxanalarda
hər cür şərait yaradılıb,
yeni texnika ilə təminat var. Amma bahalıq, xəstələrin həkimə
inamının itməsi,
dövlət xəstəxanalarında
pullu xidmət göstərilməsi yaxşı
hal deyil. Hesab edirəm ki, tibb sahəsində hələ də geridəyik.
- Britaniyada pulsuz xəstəxanalar var?
- Britaniyada, ümumiyyətlə, xəstəxanalar
pulsuzdur. Burada sığorta sistemi
yoxdur, xəstəxanalar
dövlət tərəfindən
maliyyələşdirilir. Düzdür,
özəl xəstəxanalar
da var, amma
çox azdır.
Belə xəstəxanalara imkanlılar
gedir. Bunun da səbəbi
odur ki, dövlət xəstəxanasında
diaqnozun cavabı 1 həftəyə çıxır,
özəllərdə bir
azca tez başa gəlir. Burada 60 yaşından yuxarı insanlara, 16 yaşına qədər olan uşaqlara dərmanlar pulsuz verilir. Bütün xəstəxanalarda sənin
xəstəlik tarixçən
barədə bütün
detallar olur. Prosedur belədir ki, hər kəs öz yaşadığı
ərazidəki poliklinikada
qeydiyyata düşür.
Yüngül hallarda poliklinikalarda
sənə xidmət göstərilir, amma onlarda müayinə və müalicə üçün lazımi
imkan olmayanda, xəstəni yazılı
göndərişlə müvafiq
xəstəxanaya yolllayırlar.
Bir də burada məlumat xəstədən
başqa heç kəsə verilmir. Hətta ən yaxın qohumu olsa belə,
məxfi saxlanılır.
- Son ənənəvi
sualımız: uğurunuzun
sirri nədədir?
- Məncə,
ilk növbədə istəkdir.
Bir də qarşına məqsəd qoymalısan.
Mən İngiltərəyə
gələndə qarşıma
məqsəd qoymuşdum
ki, nəsə etməliyəm, bütün
günü evdə oturub ev
işləri ilə məşğul ola bilmərəm. Ümumiyətlə, orta məktəbdə
də, universitetdə
də rəqabəti sevirdim və həmişə daxilimdə
böyük istək olub. Böyük istək varsa
və qarşına məqsəd qoyub ona doğru irəliləyirsənsə, uğur
qazanacaqsan.
Lalə MUSAQIZI
Kaspi. - 2014.-
19 sentyabr.- S. 15.