«Bu layihə əsrin layihəsidir və ən
azı yüz il ərzində
hamımıza fayda gətirəcək»
Qərb və Rusiya mətbuatı
«Cənub» qaz dəhlizinin təməlinin qoyulma mərasimini diqqətdə saxlayır
Bakıda ötən həftə keçirilən “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən ətraflı şəkildə işıqlandırılıb. Tanınmış nəşrlər, telekanallar, informasiya agentlikləri öz səhifələrində bununla bağlı məqalələr, reportajlar, xəbərlər yerləşdiriblər.
Məsələn, dünyaca məşhur “Euronews”
telekanalı özünün
reportajında Türkiyənin energetika və
təbii sərvətlər naziri Taner Yıldıza istinad edib. Taner Yıldız bildirib ki, “Trans-Anadolu
qaz boru kəməri
(TANAP) layihəsinin Türkiyə hissəsinin təməlqoyma
mərasimi 2015-ci ilin martında olacaq. Bir çox
ölkənin iştirak etdiyi
sülh və əmin-amanlıq layihəsi
olan TANAP-ın həm texniki,
həm də geosiyasi əhəmiyyəti var. “Euronews” televiziya kanalının müxbiri
“Cənub” qaz dəhlizi layihəsi ilə
bağlı prezident İlham
Əliyevdən də müsahibə alıb. “Bu
layihənin Azərbaycan üçün çox böyük
faydası var. Çünki
bu bizə imkan verəcək
ki, öz qaz resurslarımızı dünya
bazarlarına çıxaraq. Bu, qaz alan və istehlak edən ölkələr üçün alternativ yeni qaz mənbəyidir. Bu layihə əsrin layihəsidir və ən
azı yüz il ərzində
hamımıza fayda gətirəcək” -
deyə İlham Əliyev müsahibəsində
qeyd edib. Reportajda deyilir ki, TANAP layihəsinin
birinci mərhələsinin layihə-smeta
dəyəri 45 milyard ABŞ
dollarıdır. 2018-ci ildə istismara
verilməsi planlaşdırılan bu boru kəməri ilə ilk
mərhələdə ildə 16 milyard kubmetr qaz nəql olunacaq, səkkiz il sonra isə bu həcm 31 milyard kubmetrə qədər
artırılacaq. TANAP-a birləşdiriləcək
“Trans-Adriatik” (TAP) boru
kəməri layihəsi “Şahdəniz-2” yatağından
çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik
dənizindən keçməklə İtaliyanın cənubuna,
oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. “Cənub” qaz dəhlizinin
təməlinin qoyulması ilə bağlı silsilə
yazılar təqdim etməkdədir.
Qeyd edək ki, Azərbaycanın
karbohidrogen ehtiyatlarının Avropaya nəqli ilə
bağlı fikirlərini bölüşən analitiklər
bildirirlər ki, Azərbaycanın neft strategiyası Qafqazda,
Anadoluda və Avropanın böyük bir hissəsində
enerji təhlükəsizliyinin təmin olunmasında, yeni
iş yerlərinin açılmasında, bu strategiyanın əhatə
etdiyi ölkələrdə ümumi daxili məhsulun
artmasında mühüm rol oynayır.
TANAP və TAP layihələrinin başlanğıcı olan “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının əhəmiyyətindən danışan mütəxəssislər hesab edirlər ki, Azərbaycan Avropanın enerji resursları ilə təminatı baxımından mühüm və etibarlı tərəfdaşdır. Analitiklər bütün bu nailiyyətlərin əsasında 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının durduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması regionda yeni beynəlxalq iqtisadi layihələrin reallaşması üçün əsas yaradır.
Gəlinən nəticə budur ki, “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir. Ekspertlər gələcəkdə “Cənub” qaz dəhlizinə daha böyük ölkələrin və şirkətlərin qoşulacağına birmənalı olaraq inandıqlarını bildirirlər.
Yaxın
ölkə, Qazaxıstanın “Bnews.kz” və
“inform.kz” internet qəzetlərində
“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr
olunmuş təntənəli mərasim
haqqında xəbərlər yer alıb.
Materiallarda
“Əsrin müqaviləsi”ndən bəhs olunur,
prezident İlham
Əliyevin təntənəli mərasimdəki nitqindən sitatlar verilir. Qeyd edilir ki,
“Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edən
layihədir. Bu layihə bir
çox ölkələrin və bütün regionun taleyinə
ciddi təsir göstərəcək. Enerji təhlükəsizliyi
marşrutlarının şaxələndirilməsi,
hasilatçı, tranzit və
istehlakçı ölkələrin birgə fəaliyyəti
uğur gətirəcək.
Həmçinin məlumat
verilir ki, “Cənub” qaz dəhlizi ilə Avropaya
əvvəlcə ildə 10 milyard kubmetr, gələcəkdə isə 20 milyard kubmetrə qədər qaz
nəql olunacaq. Azərbaycan qazı 2018-ci
ildə Türkiyəyə, 2019-cu ildə Avropaya
çatdırılacaq. Bu qaz
infrastruktur layihələri çərçivəsində
investisiyaların ümumi həcmi 45 milyard dollar təşkil
edəcək.
Öz növbəsində Monteneqronun Radio və Televiziya Kanalı (RTCG) saytında Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki,
səfərin məqsədi “Əsrin müqaviləsi”nin 20
illiyində və “Cənub” qaz dəhlizinin
təməlqoyma mərasimində iştirak
etmək olub.
Yazıda səfər çərçivəsində prezident İlham Əliyev ilə keçirilən görüşdə səsləndirilən fikirlər yer alıb. Müəllif Türkiyənin baş nazirinin sözlərinə istinadla bildirib ki, irimiqyaslı Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi Qafqaz regionu ilə Balkanları birləşdirəcək.
Rusiya
nəşrləri də Bakıda keçirilən tədbiri,
imzalanan sazişi obyektiv olaraq
işıqlandırıblar. Məsələn, nüfuzlu “Nezavisimaya qazeta” nəşri “Bakı Avropaya
qaz dəhlizi çəkir”
başlıqlı məqaləsində “Səncəçal
terminalında bünövrəsi qoyulan” yeni layihədən, onun
mahiyyətindən bəhs edib. “Bu kəmər vasitəsilə
Azərbaycan qazı Şahdəniz yatağından tranzitlə
Gürcüstandan keçməklə
Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq” -
deyən edən nəşr daha sonra tədbirdə iştirak
edən dövlətlərin prezidentlərini, baş
nazir və yüksək rütbəli
dövlət rəsmilərinin adlarını
sadalayıb. Müəllif yazır ki, “Əsrin müqaviləsi”nin
imzalanmasının 20 illiyi ilə
bağlı keçirilən tədbiri açan
prezident İlham
Əliyev bildirdi ki, bu irimiqyaslı enerji layihəsi
bütövlükdə regionun bir çox ölkələrinin
taleyinə çox ciddi
təsir etmiş olacaq”.
Qəzet yazır ki, dövlət
başçısı tədbirdə çıxış
zamanı bildirib ki, “enerji təhlükəsizliyi əslində hər
bir ölkənin milli
təhlükəsizliyi məsələsidir”. “Onun
sözlərinə görə, bu gün enerjini siyasətdən,
iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil.
“Şahdəniz” qaz yatağı əsas resurs mənbəyidir. Ancaq
Azərbaycanın qaz ehtiyatları daha da böyükdür.
Təsdiq edilmiş qaz
ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir.
Ehtimal olunan,
proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir.
Xəzər qazı Avropa üçün
yeganə yeni mənbədir. Digər mənbələr
var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin
həcmi arta bilər, ancaq
yeni mənbə hazırda Azərbaycandır.
Enerji təhlükəsizliyi
marşrutlarının şaxələndirilməsi,
hasilatçı, tranzit və
istehlakçı ölkələrin birgə fəaliyyəti
əminəm ki, uğur
gətirəcək. Çünki bu işlərdə çox
ciddi əlaqələndirmə
aparılmalıdır. Bu günə qədər
bizim qaz və neft layihələrimizdə ancaq
3 ölkə iştirak edirdi
- Azərbaycan, Gürcüstan və Türkiyə.
Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq
prosesinə qədəm qoyuruq. Azərbaycan
qaz istehsalçısı kimi
öz resurslarını dünya
bazarına çıxaracaq. Ondan sonra Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya,
İtaliya, gələcək mərhələdə
Monteneqro, Xorvatiya və
digər ölkələr bu layihəyə
qoşula bilərlər. Ona
görə, burada əlaqələndirmə
işləri çox yüksək səviyyədə
aparılmalıdır”. Rusiya nəşri yazır ki, “Gürcüstan baş naziri İraklii Qaribaşvili də TANAP layihəsinin
reallaşması ilə Avropanın enerji
xəritəsinin dəyişəcəyini, Qara
və Xəzər dənizi hövzələri ölkələri
üçün yeni imkanlar açılacağını, yoxsulluğun həddi aşağı
düşəcəyini bildirib. Bolqarıstanın prezidenti Rosen Plevneliev isə öz növbəsində qeyd
edib ki, Avropa ölkələri üçün
alternativ qaz mənbələri
axtarıb tapmaq və onların
çatdırılması məsələsi başlıca prioritet məsələdir. 2009-cu ilin qaz böhranı Avropaya onun enerji
resurslarından necə asılı vəziyyətdə olduğunu göstərmiş oldu.
Bizim ölkədə bu
böhrandan çox ciddi şəkildə böhran
yaşadı”.
“İqtisadiyyatımız ay ərzində milyonlarla avro itirdi” deyə qəzet bolqar prezidentinin sözlərini sitat gətirib. Qəzet daha sonra mütəxəssislərin fikirlərini ortaya qoyub. Qeyd edilir ki, Azərbaycan il ərzində Avropaya 16 mlrd. kub metr qaz çatdırmağı planlaşdırır. Sonrakı illərdə isə bu rəqəmi 20 milyard kub metrə çatdırmağı nəzərdə tutub. Nəşr daha sonra qeyd edir ki, bu həcmdə qaz belə Rusiyanın Avropaya satdığı qaza rəqabət gətirə bilməz.
BBC-də dərc edilən “Bakıda “Cənub” qaz dəhlizinin əsası qoyuldu” başlıqlı məqalədə qeyd edilir ki, “Azərbaycan 2014-cü il, sentyabrın 20-də “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı “nəhəng mərasimə” ev sahibliyi edib. Bu dəhlizin TANAP (Transanadolu təbii qaz kəməri) adlanan Türkiyə sektorunun torpaq işlərinin inauqurasiyası 2015-ci ilin yazında olacaq. Təxmini qiyməti 10 milyard dollar olan TANAP, BP-nin rəhbərliyi ilə Şahdəniz layihəsinin 2-ci fazasının qazını Avropa bazarlarına nəql edəcək. Qeyd edilib ki, “TANAP-da 12 faiz payı olan BP şirkəti ilə partnyorluqda səhmlərin 58 faizinə Azərbaycanın dövlət neft şirkəti SOCAR sahibdir. Bu layihədə Türkiyənin dövlət əməliyyatçısı BOTAŞ-ın payı 30 faizdir. TANAP-ın tikintisinin 2018-ci ildə başa çatacağı gözlənilir və kəmər 40 il ərzində istifadədə olacaq. Onun ilkin mərhələdəki ildə 16 milyard kubmetrlik həcmləri sonrakı mərhələdə iki dəfə artacaq. Şahdəniz qazının həcmləri aşağıdakı nisbətlərdə bölüşdürüləcək: qazın 6 milyard kubmetrindən Türkiyənin daxili tələbatı üçün istifadə olunacaq və 10 milyard kubmetri Avropa bazarlarına nəql ediləcək. Yeni qaz kəməri Azərbaycanı böyük regional təchizatçıya çevirəcək.
Azərbaycandan
Avropaya qazın nəqli Rusiya
təchizatları ilə rəqiblik təşkil etməyəcək,
beləki, SOCAR rəsmilərinin vurğuladığı kimi “Azərbaycan qazının Avropaya
gedən həcmləri Rusiyanın həcmləri ilə rəqabət
aparacaq qədər böyük
olmayacaq”.
“Birjevoy lider” məcmuəsi isə “Azərbaycan Avropaya çatdırılacaq TANAP qaz kəmərinin inşasına başladı” başlıqlı məqaləsini belə başlayıb ki, çox yaxın zamanlarda Avropa Azərbaycandan alternativ yolla çəkiləcək qaz almağa başlayacaq. Yeni kəmər hazırda mövcud olan Bakı-Ərzurum qaz kəməri ilə paralel fəaliyyət göstərəcək. Dünyanın enerji sahəsi üzrə ixtisaslaşan aparıcı ekspertləri Azərbaycanın qazın nəqli və ixracı məsələsində çox ciddi potensialının olduğunu çoxdan qeyd edirlər.
Azər NURİYEV
Kaspi. -
2014.- 24 sentyabr.- S. 3.