İkiqat yubiley

 

Bakıda doğulan Vladimir Menşov yubileyini qeyd edir

 

Vladimir Menşov. Onu kim tanımır? Onun haqqında ən yaxşı sözləri çəkdiyi filmləri, oynadığı rolları deyir. O, şedevr filmlərdə çəkilib. O, şedevr filmlər çəkib.

Vladimir Menşov Bakıda doğulub. Uşaqlığı bu günəşli və qaynar şəhərdə keçib. Atası dəniz kapitanının köməkçisi işlədiyindən sonra Arxangelsk şəhərinə köçüblər. Volodya orada məktəbə gedib. Uşaqlıqdan ədəbiyyatla, klassika ilə maraqlanıb. Bu sevgisi onu böyük kinoya gətirib.

Bu gün 75 yaşını qeyd edən böyük aktyoru Rusiya prezidenti Vladimir Putin də təbrik edib. Ölkə başçısı “Siz yerli kinematoqrafiyanın inkişafında böyük xidmətlər göstərmisiniz, kinomuzu dünyada tanıtmısınız”- deyə bildirib.

 

Ədalətsiz cəmiyyətdə yaşayırıq

 

- Vladimir Valentinoviç, həsəd nə deməkdir? Həmkarlarınıza görə soruşuram.

- Mən hər şeydən əvvəl yaxşı bilirəm ki, şəxsi həsəd hissi nədir. Ancaq mən “ətrafdakı hansı insanlar pisdir, mən yaxşıyam və s.” deyə gileylənmirəm. Ancaq mən paxıllığı hələ 9-10-cu sinifdə oxuyanda görmüşəm. Detallarından danışmayacam, amma mən onda başa düşdüm ki, heç vaxt o cür ola bilmərəm. Mən bir dəfə bir adama paxıllıq eləmişdim. İndi də onu həyatımın ən rüsvayçı hərəkəti kimi xatırlayıram.

- Siz ümumiyyətlə, ziyalılığa necə baxırsınız? Özünüzü bu cərgəyə aid edirsinizmi?

- Mən əyalətdə doğulmuşam. Çox oxumuşam və bu sözə dua eləmişəm. Biz Moskva Bədii Teatrına gələndə bizə “özünüzü ziyalı kimi tərbiyələndirin”, “siz axı ziyalı adamlarsınız” deyirdilər. Müəllimim Mixail Romm mənim üçün ziyalılıq nümunəsi idi. Ancaq mənim ziyalılığa inam və sevgim 80-ci illərin axırları və 90-ci illərdə kəskin dəyişdi. Ziyalılıq tezliklə sosial-darvinizm mövqeyinə qalxdı. Hər kəs tənhalıqda yaşayırdı. Güclü haqlı sayılırdı. Onların şüarları daha çox şey əldə etmək idi. Bu isə cinayətdir. Mən hələ pulun quluna çevrilən adamları demirəm. Bu, bizim ziyalılığın rüsvayçı səhifəsi idi.

- Siz uğurlu rejissorsunuz. Çox filmlər çəkir və yaxşı qazanırsınız. İnsanların maaşdan maaşa yaşadığını bildiyiniz bir vəziyyətdə öz rifahınızdan imtina etməyə hazırsınızmı?

- Əgər insanlar küçədə qiyam edirlərsə, bu, mənə də gəlib çatacaq. Mən deməyəcəm “nə üçün?” Mənim bu, axmaq sualı verməyə haqqım yoxdur. Qiyam baş verəcək, nəhayət divara dayanacaqlar. Hətta, Ukrayna hadisələri də bir gün bitəcək. Mən oyunun qaydalarını pozmamışam. Mən ölkədəki qaydalara uyğun oynamışam. Mən oğurluq etməmişəm. İşimə görə mənə qonorar veriblər. Sonra o pulu artırıblar. Əlbəttə, mən başa düşürəm ki, hətta incəsənətin bəzi adamları da özlərinə az qala malikanələr tikir, xaricdə mənzillər, bahalı maşınlar alırlar. Bu, xalqın vəziyyətinə baxanda ədalətsizlikdir. Biz indi də ədalətsiz cəmiyyətdə yaşayırıq.

- Siz başqalarından yaxşı yaşadığınıza görə utanırsınızmı?

- Hə, mən utanıram. Xüsusən 90-cı illərdə zibil yeşiklərindən, künclərdən çörək qurusu axtaran qocaları görəndə utanmışam. Ancaq mən rəsmən elan olunsa belə xeyriyyəçiliklə məşğul olanlara və ya bu tip təşkilatlar yaradanlara inanmıram. Mənə kömək üçün müraciət edəndə imtina edirəm. Ən yaxşısı, bunun ünvanı olmalıdır ki, kimə kömək etdiyini biləsən.

 

Jukov mənə çox kömək edir

 

- Sizin həyatınızda büdrəmələr çox olub. Amma həmişə özünüzdə güc tapıb ayağa qalxmısınız. Bununla belə, sizin dostlarınızın arasında ruhdan düşənlər və erkən həyatdan köçənlər oldu. Vladimir Vısotçki deyən kimi: “Nə vaxt ki, qırılan qanad görürəm, yazığım gəlmir...”

- Onların taleyini yaşadıqları zamandan ayırmaq olmaz. İnsanın öz taleyinə heyifslənməyini az görməmişəm. Məsələn, 20 il bundan əvvəl Yeltsinə görə qışqırırdılar. Mənsə fikirləşirəm: nə üçün özümü belə xilas etməliyəm? Səni bir nahar yeməyi təmin edə bilər. Ancaq sən axı bu həyatı həmişə istəyirsən.

- Mən sizdən siyasət haqqında soruşmadım. Bu peşədən asılılığınızdan danışdım.

- Biz belə cəmiyyətdə yaşamırıq. Və müşahidə etmirik. Amma sonra belə xəbər verirlər: “o, aclıqda öldü”. Mənə elə gəlir ki, bu söz lap yalandır. Heç olmasa, insanların mənzili və təqaüdü var. Əgər o bütün günü intəhasız içirsə və ona butulka çatmırsa, ona necə kömək edə bilərsən? Siz Tatyana Somoylova haqqında eşitdinizmi? Mən həmişə onu Kino Evinin restoranında yemək yeyən görürdüm. Sonra isə birdən eşitdim ki, o, aclıqdan ölüb. Burdan öyrənməli şey çoxdur.

- Siz sovet dövründə “Oynama”, ”Moskva göz yaşlarına inanmır” və “Məhəbbət və göyərçinlər” filmlərini çəkdiniz. Küt senzura sizə asan başa gəlmədi. Budur, yeni zaman və azadlıq gəldi. Siz “Şirli-mırli” və “Allahların həsədi”ni çəkdiniz. Məni bağışlayın, əgər düzünə qalsa, mən yenidən bədii şuranın qayıtmasını istərdim. Çünki siz SSRİ dövründə üç filmdən ikisini şedevr çəkdiniz. Sonra isə senzurasız bunları... Mənə elə gəlir ki, əvvəlkilərin fərqi böyükdür. Bəlkə azadlıq çoxlarına mane olur?

- Bu sözləri mənə çox deyirlər. Ancaq mənə elə gəlir ki, sonradan çəkdiyim filmlər də mükəmməldir. Mən bu filmləri çəkərkən böyük həzz duymuşam. Mən quş kimi azad idim və kino nə istəyirsə, onu edirdim. Bu azadlıq mənim ürəyimcə idi. Sovet dövründə məni bu cür filmləri çəkməyə qoymurdular. Özünüz fikirləşin, məgər o zaman “Allahların həsədi”ndə erotik səhnələr çəkmək olardımı? İndi mən bu cür kadrlar üçün özümə asanlıqla icazə verirəm. Erotika çəkirəm, amma çərçivələri aşmıram. Amma siz düz deyirsiniz, mədəni səviyyəsi aşağı olan adam hər şey çəkər, Hətta pornoqrafiya da. Amma mən əllərimi kəsərəm.

- “Allahların həsədi”ndə Jerar Depardeni çəkmisiniz. O zaman düşünə bilirdinizmi, nə vaxtsa o, bizim həmyerlimizə çevriləcək?

- Çəkilişlər zamanı bizim ünsiyyətimiz qısa olurdu. Mən qeyd edim ki, o meqaulduzdur. Bundan əlavə, sözün yüksək mənasında ləyaqətli və sadə adamdır. Ancaq o həyatından bir fraqmenti mənə danışmağa fürsət tapdı. O, motosikillə haranısa yarıb keçmişdi. Onda qəzetlərdə məsələ qaldırıblar ki, onun Fəxri Legion ordeni əlindən alınsın. O, prezidentin yanına gedib və ordeni stolun üstünə qoyub. “Yox-yox, siz nə danışırsınız?”- deyə prezident dərhal əllərini yelləyib. Depardye mənə təmiz və hiylədən uzaq adam təsiri bağışladı. O, həmçinin butulka ilə yaxından dost olduğunu da gizlətmədi. “Mən nə vaxt içirəm, axmaq adama çevrilirəm”- deyə mənə etiraf da edib. Mənə görə, yenidənqurmanı yaşayan insanı heç nə ilə təəccübləndirmək mümkün deyil. Rusiya vətəndaşlığına gəlincə, dediyinə görə bununla qürur duyur.

- Siz Marşal Jukovu iki dəfə oynamısınız. Bir “Ləğvetmə” filmində, bir də “Generallar”da. Belə çixir ki, bu estafeti Mixail Ulyanovdan almısınız?

- Deməliyəm ki, o, bu rolu oynamağıma o qədər də razı deyildi. Rejissor İqor Nikolayev ilk dəfə mənə bu rolu oynamağı təklif edəndə Mixail Aleksandroviçin diqqətindən yayınmadı və özü oynamaq istədi. Sonra Yuri Kara mənimlə əlaqə saxladı və mən təklif etdim ki, filmə “parad” və “Jukov ağ atın belində” kadrlarını da əlavə etsin. Kara bu fikirlə razılaşdı, amma nədənsə sonradan bu aradan itdi. Film ekrana çıxanda Kara mənə etiraf etdi ki, Mixail Aleksandroviç ondan çox xahiş edib ki, həmin səhnə kəsilsin. Amma Jukov mənə çox kömək edir. Yol polisləri saxlayanda “o.... yoldaş marşal, buyurun”- deyirlər.

- Siz nə qədər azadsınız? Sizin kompromissin həddi hansı səviyyədədir?

- Mən hələ tələbə olanda “qanunlaşmış” yalanları görürdüm. Hansı ki, bütün sənətkarlar bu mühitdə yaşayırdılar. Onların gözünün içinə “sən dahisən” deyirdilər. Sonra beş addım ayrılan kimi “necə riyakarlıq oldu” - deyə pıçıldayırdılar. Onda mən özümə daxilən and içdim ki, heç vaxt elə olmayacağam. Əlbəttə, bu prinsipi qoruyub saxlamaq asan deyil. Bilirsinizmi, Nemiroviç -Dançenkonun “Slavyan bazarı”nda Stanislaviski ilə xatirələri var. Teatr haqqında danışanda Nemiroviç deyib ki, “biz bir-birimizə yalnız həqiqəti danışacağıq”. Konstantin Sergeyevic: “Mən bunu bacarmaram”- deyə cavab verib. Bu, onları düşmənçiliyə aparan razılaşmanın başlanğıcı idi. Stanislavski həqiqəti eşitməyi bacarmırdı. Və mən həqiqətə dözməyən insanları da görürdüm. Əgər kiməsə “sizin filminiz alınmyıb” desəydin, az qala dünya dağılardı. Mənim də bu baxımdan zəifliyim var. Amma Allah məni bu vəziyyətdə böyük səhvlərdən xilas edib. Əgər həmin məqamda mənim düşünmək imkanım varsa, mən inamla cavab verirəm.

- Bəs əgər sizə həqiqəti deyirlərsə, onda necə yanaşırsınız?

- Əgər qərəz yoxdursa asan qarşılayıram. Mən həmişə özümə tənqidi yanaşan adam olmuşam. Özüm özümü qınamağı da, səhvlərimi görməyi də, onları etiraf etməyi də bacarıram. Mənə həqiqəti deyən adam heç vaxt mənim düşmənim ola bilməz. Bu işdə mənə dostlarım da, ailəm də kömək edir.

 

Yubileydən qaça bilməzsən

 

- Mən həmişə deyirəm ki, “Moskva göz yaşlarına inanmır”dakı Katerina mənəm. Bu, mənim taleyimdir. Siz də belə deyə bilərsiniz?

- Hansısa mənada deyə bilərəm. Amma mən hansısa mənada Qoşayam. Hələ Qurini, Nikolayı demirəm. Yox, mən bütünlükdə Katerina deyiləm. Olsa-olsa onun bir parçasıyam.

- İndi bütün söhbətlər Ukrayna ilə başlayır və Ukrayna ilə qurtarır.

- Mən artıq yarım ildən çoxdur ki, orada nə baş verdiyini anlamağa çalışıram. Çünki barrikadalarda, küçələrdə zombiləşmiş adamlar görürəm. Mən başa düşmürəm, nə üçün məhz müharibə? Qohumların bir-biri ilə danışmağa başqa dilləri yoxdurmu? Rusiyada elə bur adam yoxdur ki, onun Ukraynada qohumu olmasın. Amma bizim ukraynalı qardaşlarımız bir-birlərini öldürürlər – orda vətəndaş müharibəsi gedir. 20 il ərzində Ukrayna psixoloji ab-havada yaşayıb. İndi vəziyyət daha da kəskinləşib. Bu yolu seçən adamlara mənim çox yazığım gəlir.

- Siyasət haqqında bəsdir. Ailədə vəziyyət necədir?

- Nəvəm artıq orta məktəbi bitirib. Qız nəvəm 5-ci sinifdə oxuyur. Qızım Yuliya həmişə mənim qürur rəmzim olub, həyat yoldaşım isə sevgi rəmzi. Bax-belə!

- Axı indi sizin ikiqat yubileyinizdir...

- Siz “Moskva göz yaşlarına inanmır?” filmi haqqında danışırsınız? Hə, o film 1979-cu ildə ekrana çıxıb. 35 il əvvəl. Mən o vaxt onu çəkəndə inana bilmirdim ki, film belə xəlqi ola bilər. Film “Oskar” laureatı oldu. Bu, Rusiya kinosunun böyük uğuru idi.

İkiqat yubileydən qaça bilməzsən. Mən də bunu məmuniyyətlə qarşlayıram!

 

Rusiya mətbuatından tərcümə etdi

Təranə Məhərrəmova

 

Kaspi. - 2014.-  25 sentyabr.- S. 9.