Ermitajda gördüklərimiz

Şaxtalı havada üç saat növbə gözləyən əməkdaşımız dünyanın 7 incisindən biri sayılan muzeylə tanış ola bilib

II yazı

Parisə yolu düşənlər Eyfel qülləsini, Londona səfər edənlər Biq Beni görməyə can atdıqları kimi Sankt-Peterbuqra gələnlər də ilk növbədə Dövlət Ermitajını ziyarət etməyi düşünürlər. “Əgər Ermitajı görməmisənsə, demək heç Piterə getməmisən”- fikri də yəqin buna görə yaranıb.

Hər ayın ilk cümə axşamı ziyarətçilər Ermitaja pulsuz daxil ola bilirlər. Digər günlərdə isə Rusiya və Belarus vətəndaşları 300 (təxminən 7 manat), xarici ölkə vətəndaşları 400 rubl (təxminən 7 manat) ödəyib bilet almaqla muzeyi ziyarət edirlər. Təqaüdçülər, veteranlar, əlillər üçünsə muzeyə giriş azaddır.

Ermitajı ziyarətə gedəndəazad giriş” gününə təsadüf etdiyindən növbədə duranların sayı hesabı yox idi. Muzeyin əsas binası sayılan “Qış sarayı” nın qarşısında sıraya düzülən yüzlərlə insana qoşulub növbə gözləyərkən ardı-arası kəsilməyən axının nə vaxt bitib-tükənəcəyini düşünürdüm. “Qış sarayı”nın möhtəşəm binasını seyr etdikcə yadıma tarix dərslərindən öyrəndiyim: “Leninqrad əhalisi mühasirə günlərində Ermitajın eksponatlarının düşmən əlinə düşməməsindən ötrü onları başqa yerlərə daşıyıblar”- sözləri düşür...

Nə az, nə çox - düz üç saat şaxtalı havada növbə gözlədikdən sonra, muzeyə daxil olmaq mənə də nəsib oldu.

Maraqlı tarixçə

Muzeyə ziyarətə gələnlər ilk növbədə bu möhtəşəm tikilinin tarixçəsi ilə maraqlanırlar. Mənası fransızca “tənha yer” və ya “tənhalıq” anlamına gələn «Ermitaj»ın yaranma tarixi 1764-cü ildən hesablanır. Muzeyin giriş qapısındakı elektron tabloda daMuzeyin 250 ilik yubileyinə 336 gün qaldı” sözləri aydın oxunur. Təbii ki, günlər keçdikcə rəqəmlər də azalır. Borokko üslubunda tikilən bina 1754-1762-ci ildə arxitektor B.F.Rastrelli tərəfindən inşa edilib. Hazırda dünyanın ən zəngin və ən çox ziyarət edilən muzeylərindən sayılan Ermitajın adı Luvr, Metropoliten və Britaniya muzeyləri ilə bir sırada çəkilir.

18-ci əsrdə Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilib. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir. Kolleksiyanı rus imperatriçası II Yekaterina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekaterinanın xüsusi xidməti olub. O, eksponatlar üçün istənilən qiyməti ödəyirdi. 1772-ci ildə Kronştadt limanına Fransadan 17 yeşikdən ibarət yük daxil olur. Bu məşhur filosof Denni Didronun II Yekaterina üçün qraf Jozef Antuan və baron De Tyerin məşhur kolleksiyalarından aldığı rəsm əsərləri idi. Bunların içində Rembrantın «Danaya», «Müqəddəs ailə», Rafaelin «Saqqalsız İosiflə Madonna», Van Deykin rəsmləri və digər nümunələr vardı.

Yekatrinanın dövründə kolleksiyada 4 min portret toplanıb. Məhz 2-ci Yekatrina Fransa, Hollandiya, Finlandiya və İngiltərənin məşhur ustalarının kolleksiyalarını toplayıb.

1-ci Nikolayın dövründə - 1812-ci ildə Vətən Müharibəsi qəhrəmanlarının portretlərindən ibarət Hərbi qalereya açılıb. Təəssüf ki, yanğın zamanı həmin kolleksiyalar üçün təhlükə yaranıb və onların yalnız bir qismini xilas etmək mümkün olub. V.P.Stasovun rəhbərliyi ilə bərpa işləri 1840-cı ilə qədər davam edib. 18-ci əsrin ortalarına qədər muzeyə yalnız nadir adamlar buraxılıb. Görkəmli şair A.S.Puşkin imperatorun oğlunun əlliminin zəmanəti ilə muzeyə daxil ola bilirdi.

Bütün ekspozisiyalar üçün 11 il vaxt...

Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlarQış sarayı”nın otaqlarında yerləşdirilib. “Qış sarayı”nın 1050 otağı var. 18-ci əsrdə baş verən yanğına qədər binanın 1500 otağı olub. 117 pilləkən, 1945 pəncərə, 1080 qapıdan ibarət olan Ermitaj dünyanın 7 incisindən biri sayılır.

Burada Qədim dünya, Qərbi Avropa zalı, Şərq şöbəsi, İlkin mədəniyyət dövrü, Rusiya mədəniyyəti tarixi bölməsi, Brilyant fondu, Numizmatika bölməsi muzeyə gələnlərin ixtiyarına verilib. İnqilabdan sonra incəsənət əsərlərinin ümumi sayı və dəyəri daha da artıb. Böyük Vətən müharibəsi illərində kolleksiya yerli sakinlər tərəfindən Sverdlovsk şəhərinə evakuasiya edilib. 1945-ci ildə isə yenidən muzeyə qaytarılıb.

Muzey bələdçisindən öyrəndim ki, hazırda 400 otaq ziyarətçilərin üzünə açıqdır. Muzeyin 3 milyon eksponatı var.

Bütün ekspozisiyaya baxmaq üçün 20 kilometr məsafə qət etmək lazımdır. Səkkiz satlıq günü ərzində hər bir eksponatın qarşısında bir dəqiqə vaxt sərf etmək üçünsə hər bir ziyarətçi 11 il vaxt sərf etməlidir.

Vestbüldən ikinci mərtəbəyə aparan qırmızı xalılı İordaniya pilləkəni özünün ilkin görkəmini dəyişməyib. 1834-cü ildə baş verən yanğından sonra divar oyuqlarındakı qızılı heykəltəraşlıq nümunələri mərmərlə əvəzlənib. Mərmər sütunları isə qranitlər əvəz edib. Pilləkənə bu ad Neva çayında suyun müqəddəs sayılması mərasimindən sonra verilib.

Bu pillələrlə qalxıb muzeyin pəncərələri birbaşa Nevaya baxan ən böyük zalına daxil olmaq olur. Konsert zalı, Feldmarşal zalı, Petrovski zallarındakı eksponatlarla tanış olub digər otaqlara adladıqca imperatorlar sarayının dəyəri heç bir hesaba gəlməyən əntiq əşyaları adamı heyran edir. Kolleksiyalarda portretlərlə yanaşı, həmçinin qaravürlər, əntiq əşyalar, dekorativ sənət nümunələri, qiymətli daşlar, medallar, kitablar və s. nümayiş etdirilir. Rembrandtın 30-dək əsəri Ermitajda ayrıca zalda nümayiş olunur. Muzeydə fransız filosofu Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da saxlanılır. II Yekaterina zamanında alınan kitablar öz əvvəlki görkəmini saxlayıblar, sanki onlara heç kim toxunmayıb.

Muzeydə I Pyotra həsr olunan xüsusi zal fəaliyyət göstərir. Burada imperatorun şəxsi əşyaları, portretləri, qızıl suyu ilə yazılmış qanunları, taxt-tacı və ikibaşlı qartal nümayiş olunur. Zalda italyan rəssamı Amikoni tərəfindən çəkilmiş portret xüsusi diqqət çəkir. Şəkildə I Pyotr dəniz və gəmilərin fonunda, qədim Romanın müharibə və müdriklik ilahəsi Minervanın müşayiətilə təsvir olunur. Zalda Rusiyada ən böyük vaza hesab olunan Kolivan vazası saxlanılır. 19 ton ağırlığı olan bu vaza Kolivan cilalama fabrikində 14 ilə hazırlanıb. Onu uzaq Altay vilayətindən Peterburqa çatdırmaq üçün 160 atdan istifadə olunub. Vaza qiymətli daş hesab olunan yaşmadan hazırlanıb, ölçüləri isə 5x3,25 metrdir.

Muzeydə Təbriz və Şirvanda toxunulmuş 1881-1885-ci illərə aid Azərbaycan xalçaları muzeyin qiymətli incilərindən sayılır.

Azərbaycan adı haradadır?

Ermitajın Şərq incəsənəti şöbəsində İran, türk, çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyət nümunələri yer alıb. “Şərq incəsənəti şöbəsində İran, türk, çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir. Muzeydə dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xəmsə»sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur” - deyə Vikipediyada yazılsa da onlara rast gəlmədim. Baxmayaraq ki, yazılanlara görə, Ermitajda orta əsrlərə aid olan metal sənəti nümunələrimiz də çoxdur. V-VIII əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurları bu sıradadır. Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə məşğul olan görkəmli akademik K.Trever bu fiqurları Mingəçevirdən tapılmış bu tipli saxsı məmulatların davamı kimi qələmə verir. Qafqaz bölümündə nümayiş etdirilən qazanlar XIII-XIV əsrlərə aid olub öz həcmi, forması və bəzəkləri ilə diqqəti cəlb etsələr də Şərq xalqlarının eksponatları kimi təqdim olunur. Muzeyin zallarında ən qədim dövrlərdən tutmuş XX əsrin əvvəllərindəki Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri, e.ə. II minilliyə aid abidələrimiz içərisində öz orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiqurunun adı yer alıb. Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir. Vaxtı ilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3 min illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir”- deyə Açıq Ensiklopediyada yazılıb. Amma nə muzeyin Şərq zalında, nə də Qafqaz bölməsində sərgilənən eksponatlar arasında açıq-aydın Azərbaycan adı ilə təqdim olunan əşya nəzərə çarpmır. Bələdçidən maraqlananda isəburda yalnız Gürcüstan və Ermənistana aid eksponatlar var” deyə cavab verdi. Yeri gəlmişkən, möhtəşəm muzey Avropa ölkələrinin eksponatlarına səxavətlə qucaq açıb ən baxımlı zallarında yerləşdirsə də, Şərq və Qafqaz bölümünə aid eksponatlar muzeyin ən aşağı mərtəbəsində və gözdən uzaq künc otaqlarındadır.

Amma Ermitaj eksponatlara olan bütün diqqəti və diqqətsizliyi ilə dünyanın ən nüfuzlu muzeyidir. Bəlkə bu möhtəşəm muzeyin hansı hissəsində sərgilənməsindən asılı olmayaraq ekspozisiyalarda yer almağın özü elə ən böyük nüfuzdur...

Təranə Məhərrəmova

Bakı-Sankt-Peterburq

Kaspi.-2014.-9 yanvar.-S.9.