İstedad
Xalq artisti İlham Namiq Kamalın 65
yaşı tamam olur
Xalq
artisti, görkəmli aktyor İlham Namiq Kamalın 65 yaşı tamam olur və onun 45 illik sənət yolu barədə bu yazını qələmə almamışdan öncə bir ad axtardım. Elə bir ad ki, 45 illik (bəlkə bir az da çox)
yaradıcılıq yolu keçən, bu müddət ərzində öz parlaq sənətçi (aktyor, rejissor,
pedaqoq, təşkilatçı) ömrü ilə müasir Azərbaycan teatrı tarixinə iz salan bir insanı layiqincə əks etdirə bilsin. Elə bir ad ki, İlham
Namiq Kamalın özünəməxsus fərdi, bənzərsiz aktyor oyununun, onun teatral
simasının incəliklərini əks etdirsin, bir sənətçi obrazı canlansın.
Nəhayət, yazıya belə bir ad tapıldı:
İSTEDAD. Bu ad İlhamın sənətə
ilk addımlarını atan gündən
səslənib. Əvvəllər bir az tərəddüdlə, necə deyərlər, titrək səslə, amma sonralar bu səs getdikcə gurlaşıb və indi inamla səslənir: İSTEDAD.
İlham Namiq Kamal (İlham Namiq Kamal oğlu Əhmədov) professional səhnədə ilk addımlarından
(altmışıncı illərin sonları-yetmişinci illərin əvvəlləri)
tamaşaçıların və ümumən teatr ictimaiyyətinin diqqət mərkəzində olub. Mən bir
tamaşaçı kimi İlhamın oynadığı
rolların əksəriyyətini
görmüşəm.
Deyim ki, 2008-ci ilə qədər biz tanış deyildik, onun əksər tamaşalarına
baxmışdım. Sonra tanış olduq,
onu təkcə bir aktyor kimi yox, bir gözəl insan kimi də kəşf elədim. İnsan
kimi də o,
istedadlıdır.
İlham Namiq Kamal Akademik teatra gələnə qədər «Tədris» teatrında bir çox
rollar oynamışdı. Və «Tədris»
teatrında İlham dünya dramaturgiyasının, həmçinin milli
dramaturgiyamızın ən
seçimli nümunələrində özünü
sınamışdı və
o zaman Azərbaycanın
ən irəliçi
rejissorlarından biri-Tofiq Kazımov da onun oyununu bəyənmişdi. Ona
görə də İlhamın
Akademik teatra gəlişi
heç bir çətinlik
yaratmadı.
Hər bir aktyorun öz siması, öz sifəti və səhnədə özünün yaratdığı
portreti olur. Deyirik ki, bu, faciəvi
rollar ustasıdır, deyirik ki, bu komik aktyordur, deyirik ki, bu elə bir aktyordur ki, onun
üçün fərqi
yox faciəviliyin,
komikliyin. İlham Namiq Kamalda necə?
Onu aktyor səciyyəsinə görə komik adlandırmaq olar. Doğrudur, İlham
sırf dramatik rollar da oynayıb, amma təbiəti etibarilə o, komediya
adamıdır. Mən
onun yetmişinci illərin
əvvəllərindən
bu çağa qədər ifa etdiyi
bütün rollarını nəzərdən keçirdim, gördüm ki, əksəriyyəti
komik plandadır. Baxın bu siyahıya: Qubuş
(İlyas Əfəndiyev-«Bağlardan gələn səs»), Hacı Kərim və Hacı Mədinə (C.Məmmədquluzadə-«Ölülər» və «Dəli yığıncağı»), Müsyö Jordan və Dərviş Məstəli şah (M.F.Axundovun
«Müsyö Cordan və «Dərviş Məstəli şah»), Tarik Tərlan (Anar-«Adamın adamı»), İran şahzadəsi (İ.Əfəndiyev- «Xurşidbanı Nviəvan»), Pedro (Mirzə İbrahimov («Bəşərin komediyası və yaxud Don Juan»), Camal (S.Rəhman-«Nişanlı qız»),
Ziyad müəllim (V.Səmədoğlu-«Yayda qartopu oyunu»), Kişi (Elçin Əfəndiyev-«Mənim ərim dəlidir»), Feyzulla (Ə.Əylisli-«Quşu
uçan budaqlar» və s. Bunlar İlhamın Akademik teatrda oynadığı
çoxsaylı rolların yalnız kiçicik bir qismidir.
Buraya onun Musiqili Komediya teatrında, Dövlət Gənclər teatrında,
özünün yaratdığı «İlham» miniatür
teatrında, həmçinin Azərbaycan televiziyasında, «Azərbaycanfilim»
kinostudiyasının çəkdiyi filmlərdə, «Mozalan» süjetlərində canlandırdığı
rolları da əlavə etsək, panorama getdikcə böyüyər, genişlənər. İlhamın oynadığı bir
sıra rollar da var ki, onlar ya sırf ya da yarıbayarı mənfi plandadır, yaxud,
əksinə, lirik, yumoristik səpgidə olanları da diqqəti cəlb edir. Amma o «komik panorama»da bunlar azlıq təşkil edir. İlham üçün komik situasiyalar yaratmaq, komik
vəziyyətləri özünəməxsus
şəkildə canlandırmaq elə tələbəlik illərində - «Tədris» teatrında
oynadığı illərdə nəzərə
çarpırdı. «Tədris» teatrında ən çox yaddaqalan oyunu
«Müsyö Jordan və
Dərviş Məstəli şah» pyesində dərviş
Məstəli şah olmuşdu.
Komediyada, obrazın dilində
səslənən çətin
və
anlaşılmaz sözləri,
ifadələri elə səlis, elə
anlaşıqlı tərzdə (sanki bu sözlər və ifadələr heç uydurma deyilmiş) səsləndirirdi ki, müəllimləri
və kurs
yoldaşları lap mat qalmışdılar.
İlham Namiq Kamal ənənəyə, əvvəlki sənət məktəblərinə, ustadlara yaradıcı şəkildə yanaşan, onlardan öyrənən, amma təqlid yolunu tutmayan bir sənətçidir. Biz Cahangir
Zeynalovu Azərbaycan
komik aktyor məktəbinin banisi kimi yad
edirik. Onun öz sevimli tələbəsi Mirzağa Əliyevə dediyi bu sözləri xatırlayaq: «Məbadə-məbadə tamaşaçıları
güldürməyə çalışasan. Ancaq obrazı
düzgün verməyə çalış.
Tip və surət düzgün verilirsə, o vaxt öz-özünə gülüş əmələ gələcək». Böyük aktyorun bu
fikirləri, əslində, komik teatrın ən zəruri elementlərindən birini ifadə edir: səhnədə varlığı, həqiqəti düzgün ifadə etmək, güldürməkdən daha çox
düşündürməyə çalışmaq. Bu meyarla
İlhamın yaratdığı komik səpgili obrazlara diqqət yetirsək,
onun bu obrazları realist sənət prinsiplərinə və gerçəkliyə uyğun tərzdə
canlandırdığının şahidi oluruq.
Əlbəttə, İlham Namiq Kamalın aktyor səciyyəsini sırf «komik»
sözüylə məhdudlaşdırmaq da olmaz. Onun oynadığı rollar içərisində öncə qeyd etdiyim kimi, lirik-dramatik səpgidə olanlar da az
deyil. KOMİK İLHAM «Unuda bilmirəm»də (İlyas Əfəndiyev) Cəmili oynayır, bu
rolda o, ciddidir, tamaşaçıda obraza qarşı məqfi emosiya doğura
bilir. Hüseyn Cavidin «Afət» pyesindəki
Doktor Qaratay da İlhamın aktyor sərgiləməsində
yenidir. Nəbi
Xəzrinin «Mirzə Şəfi» əsərindəki
Bodenştedt rolu isə
o zaman İlhamı sırf komik aktyor kimi tanıyanları
xeyli təəccübləndirdi.
Əslində, istedadlı aktyor üçün hər hansı səpgidə rolun heç bir əhəmiyyəti yoxdur. Burada istedad məsələsi
başlıca rol oynayır.
İlhamda obrazı «əbədiləşdirmək», yəni onu
tamaşaçıların beyninə həkk etmək cəhdləri bəzən uğurlu alınıb. Biz,
üstündən
illər keçməsinə baxmayaraq onun Xor
Dirijoru kimi maraqlı, komik rolu unutmamışıq. Gənclər teatrında
«Dadaşbala əməliyyatı» əsərində
(Rəhman Əlizadə) Dadaşbala rolunu
da İlhamın sənət taleyində bir uğur saymaq
olar. Cəmiyyət öz
inkişafında yeni bir mərhələ yaşayır, hər şey dəyişir,
meyarlar təzələnir və
bu dəyişikliyi ən çox
Dadaşbala obrazında görmək
olar. Gənclər teatrında bu
tamaşanın uzun müddət
oynanılması da elə
İlhamın uğurlu oyununun hesabınaydı. Əgər bu tamaşaya qədər İlham Əntərzadə, Paşa Paşayev kimi «tanınırdısa», bu
tamaşa onu «Dadaşbala» kimi də tanıtdı. Daha sonra
«İlham» miniatür teatrındakı Don Juan Abşeronskini (Rəhman Əlizadə), «Kişilər»
tamaşasındakı (Altay Məmmədov) Hüseynağa
bacını da bu sıraya qatmaq olar.
Hər bir istedadlı aktyorun içində bir rejissor mürgüləyir. İlham Namiq Kamal da
illər boyu
içində o
rejissoru yaşadıb. Və illər
boyu arzulayıb ki, özünün yaratdığı bir
teatr olsun.
Dünya teatr praktikasında ayrı-ayrı
tanınmış rejissorların, hətta aktyorların öz
teatrı olduğu məlumdur.
Azərbaycan teatr təcrübəsində bizim ən qüdrətli rejissorlarımızın belə öz teatrları
olmamışdır. Yalnız müstəqillik
qazanandan sonra ölkəmizdə belə teatrların
yaranmasına zaman özü şərait
yaratdı. Hüseynağa Atakişiyevin Gənclər teatrı, Afaq Bəşirqızının «Bəşir» teatrı və bir də İlham Namiq Kamalın
«İlham» miniatür teatrı bu yolda ilk addımlar oldu.
«İlham» miniatür teatrı 1993-cü ildən fəaliyyət göstərirdi. Təxminən on üç il də yaşadı. Özünün repertuar
siyasəti və aktyor ansamblı ilə fərqlənə bildi. Fəaliyyət göstərdiyi illərdə özünün
tamaşaçı auditoriyasını da yarada bildi. Bu teatr haqqında danışmağa
başladılar, orda gedən
tamaşalar haqqında yazılar çap olundu. Təbii
ki, bu teatrda əsas
sima İlham Namiq Kamal idi. O, teatrda tamaşaya qoyulan əsərlərin əksəriyyətinə özü quruluş verirdi
( M.F.Axundzadə- «Müsyö Jordan və Məstəli şah», Anar-«Əl əli yuyar», R.Əlizadə-«Dünyanın
axırı», «Don Kixot Abşeronski», «Bəxtimin kələyi», R.Səməndər- «İlhamın sərgüzəştləri», «Başsındıran məsələ», «Novruz», «Hoqqabaz Şaxta
babalar» C.Aslanoğlu-«Karnaval yaxud şifonerdə eşq-məhəbbət» və s.). Əsas rolların da bir
çoxunu özü oynayırdı . Tamaşalara musiqini əsasən tanınmış bəstəkar Cavanşir Quliyev
yazır, rəqslərə Əli Əşari quruluş
verirdi.
Orada oynanılan tamaşalar əsasən şən, yumoristik səciyyəli idi. Tamaşaçılar
gülməkdən çox
düşünürdülər.
Axı, hər
bir komik, karnaval tipli teatr təkcə güldürmək və əyləndirmək üçün
yaranmır. O, həm də öncə zalda güldürə-güldürə düşündürmək missiyasını yerinə yetirir. Bu
tamaşaların bir neçəsinə mən də
baxmışam. Fikrimcə, Rəhman Əlizadənin «Don Kixot Abşeronski» əsərində İlham dünya ədəbiyyatının bu korifey
obrazına «millilik statusu» bəxş edir, obrazı bütün
temperamenti ilə əks etdirməyə çalışır və gözlərimiz qarşısında Azərbaycan Don Kixotu
janlanırdı. Onun Rafiq Səməndərlə birgə
yazdığı «Yorğanına baxıb ayağını
uzadan teatr» pyesinin də
uğurlu tamaşa həlli
haqqında söz açmaq olar. Bu əsərdə klassik qəhrəmanlar - Otello, Leyli və Məcnun, Romeo və Cülyetta, Mehdi Hüseynzadə, Sevil klassik əsərlərdən qopub, bizim ənənəvi təsəvvürlərimizdən sıyrılıb
müasir dövrə gəlib çıxırlar. Məqsəd budur, baxıb görsünlər ki, biz necə
yaşayırıq, nə
ilə nəfəs alırıq, hansı ideallar
naminə
çalışırıq, onları ucalıq zirvəsinə qaldıran məhəbbət,
sədaqət, cəngavərlik, qəhrəmanlıq bu dövrdə də yaşayırmı?
İndi isə istəyirəm 65 yaşlı İlham Namiq Kamal özü
danışsın. Ömründən,
günündən,
keçmişdən,
bu gündən, gələcəkdən də.
«Mən İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu il yanvarın 9-da
Bakıda anadan olmuşam. Əslimiz isə Şamaxının
Sarıtorpaq məhəlləsindəndir. Atam sənətinə görə mühəndis-energetik idi, amma
şeiri, musiqini, teatrı çox sevirdi. 31
nömrəli orta məktəbdə
heç də pis
oxumamışam, amma şuluxçu olmuşam, deyilənə görə
gözüm oyur-oyur oynayırmış, əllərim
dinc durmurmuş. 9-cu sinifdə oxuyanda tarix müəlliminə belə bir sual verdim: «müəllim, konfransla konqresin fərqi nədədir?»
–«Heç dəxli vardı?» Müəllim cavab verə bilmədi, həmin rüb mənə «nizam –intizamı pozduğuma
görə» əxlaqdan «2»
yazdılar.
Teatr aliminə
ilk addımımı Məmmədağa Dadaşovun
Oktyabr rayon pionerlər
evində
apardığı dram dərnəyində atmışam. Məni ora qardaşım
Cəfər aparıb (indi
tanınmış aktyordur, Xalq artistidir).
Mənə bəlkə
yüz dəfə belə bir sual veriblər: «Aktyor
olmasaydınız, daha hansı sənəti seçərdiniz?» Mən də həmişə
eyni cavabı vermişəm
ki: «Aktyor olmasaydım, yenə
aktyor olardım!». Mən
1962-ci ildə dram dərnəyinin hazırladığı
«Anacan» (Yusif Əzimzadə)
pyesindəki Rəcəb roluyla səhnəyə gəlmişəm.
Ailədə məni artist görmək istəmirdilər. Ya ADU, ya APİ deyirdilər.
Ona görə
də tez-tələsik sənədlərimi verdim Teatr institutuna və daxil oldum.
Mənim bir aktyor kimi-İlham Namiq
Kamal kimi yetişməyimdə bir çox görkəmli sənətkarların rolu olub: Adil İsgəndərovun, Rza Təhmasibin, Tofiq Kazımovun və Akademik teatrdakı tərəf-müqabilim olmuş ustad
aktyorların, televiziya tamaşalarında
qayğısını məndən əsirgəməyən Mailə Muradxanlının, «Mozalan»da zəhmətimi çəkən Ziyafət Abbasovun, daha sonra
Hüseynağa Atakişiyevin və bütün gözəl rejissorların…Əgər bu gün xalq məni sevirsə, bu sevgi əbəs deyil. O adlarını
çəkdiyim və çəkmədiyim gözəl insanlar bu sevgi üçün mənə qanad veriblər. Mən də eyni məhəbbətlə öz
xalqımı sevirəm-hər dəfə şənimə alqış səsi ucalanda, bu
alqışları özümdən
çox, Azərbaycan
teatrına aid edirəm.
Xoşbəxtəm ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin imzası, dəst-xətti ilə Respublikanın Xalq artisti, möhtərəm prezidentimiz İlham Əliyevin fərmanı ilə «Şöhrət» ordeninə və prezident təqaüdünə layiq görülmüşəm».
Vaqif
YUSİFLİ
Kaspi.-2014.-9 yanvar.-S.12.