Bakının
ekran şairi
Ömrünü
əbəs
yaşamadı
Filmlərlə kitabların taleyi demək olar ki, eynidir. Bəziləri işıq üzü görəndən sonra toz altında qalıb tezliklə unudulur, digərləri isə əldən-ələ gəzir, yaxud ekranlardan düşmür. Aylar, illər keçsə də təkrar-təkrar oxunur, baxılır, uzun müddət yaşayır.
Azərbaycanın
əməkdar incəsənət
xadimi, tanınmış kinorejissor Arif Babayevin ən yaxşı filmləri - “İnsan məskən salır”,
“Uşaqlığın son gecəsi”,
“Gün keçdi”, “Ömrün ilk saatı”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”,
“Birisigün, gecəyarısı”
belə kino əsərlərindəndir.
Təsadüfi
deyil ki, “Uşaqlığın son gecəsi”
filmi 1969-cu ildə
Kiyevdə
keçirilən
Zaqafqaziya və
Ukrayna respublikarının III zona kinofestivalında gənclik
üçün ən
yaxşı filmə
görə
mükafata layiq görülmüş, filmin musiqisinə görə bəstəkar
Polad Bülbüloğluna Ukrayna Bəstəkarlar
İttifaqının Xüsusi diplomu verilmişdir.
1968-ci ildə
İrəvanda II
Zaqafqaziya və
Ukrayna respublikaları filmlərinin
“Prometey – 68” zona kinofestivalında quruluşçu rejissor
A.Babayev ən yaxşı
debütə görə (“İnsan məskən salır”) diploma layiq
görüldü. Bundan çox-çox sonralar A.Babayev
çəkdiyi filmlərdən söhbət
düşəndə belə deyəcəkdir: “Mən birinci tammetrajlı bədii filmdən başlayaraq həmişə bir
mövzunu-insanın həyatda
öz yerini axtarıb tapması mövzusunu inkişaf etdirmək istəmişəm.”
“Birisigün, gecəyarısı” macəra filmi də mükafata layiq
görülənlər arasındadır.
1983-cü ildə
filmin yaradıcı qrupu SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafata,
1966-cı ildə isə Azərbaycan Dövlət mükafatına
layiq görüldü.
Bu gün doğum gününün 85 illik yubileyini qeyd etdiyimiz Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, gözəl insan Arif Babayev milli kinematoqrafiya və televiziya tarixində öz yeri, öz sözü olan sənətkarlarımızdandır. Cəmi doqquz bədii film çəkməsinə baxmayaraq bu kino əsərlərindən hər biri müasir kino prosesində rejissorun yaradıcılığının yerini müəyyənləşdirmişdir. A. Babayev son dərəcə müasir sənətkar idi. O, yaşadığı dövrün ruhunu tuta bilmişdi, ab-havasını duya bilmişdi. Toxunduğu mövzular bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Ona görə də tamaşaçılar A. Babayevin filmlərinə hər vaxt maraq göstərir, həvəslə baxırlar.
Arif Hacıağa oğlu Babayev 1928-ci ildə Bakıda, hər bir azərbaycanlının fəxri və iftixarı olan qədim İçərişəhərdə, Xan sarayının yaxınlığında qulluqçu ailəsində dünyaya göz açmışdır. Yeniyetmə çağlarından onda teatra, kinoya, ümumiyyətlə incəsənətə xüsusi bir maraq var idi. O, hələ Bakıdakı 132 saylı orta məktəbdə oxuyarkən, Xalq Yaradıcılığı Evinin və Mərkəzi Pionerlər Sarayının dram dərnəklərində hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edirdi.
40-cı illərin
ortalarında A. Babayev M. F. Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbində oxuyur, 1946-cı ildə məktəbin
bazasında Dövlət
Teatr İnstitutu yaradılanda o, burada rejissor M. Məmmədovun kursunda təhsilini davam etdirir. Onun tədris teatrında
Qoqolun «Müfəttiş»
tamaşasında Qorodniçi rolunda
çıxışı gəncin
istedadından xəbər verirdi.
A. Babayev 1953-cü ildə
institutu bitirdikdən
sonra Naxçıvan Dövlət
Musiqili Dram Teatrında Qoqolun «Evlənmə» əsərini
tamaşaya qoyur, bir müddət
Bakı Xalq Maarif Şöbəsində təlimatçı, Gənc
Tamaşaçılar Teatrında aktyor və rejissor işləyir.
1956-cı ildə
Azərbaycan
televiziyası fəaliyyətə başlayanda Arif burada rejissor
assistenti kimi işə
qəbul edilir,
televiziyamızın yaradıcılarından biri olur. O,
televiziyada çalışdığı ilk gündən bu yeni sahədə yaradıcılıq
imkanlarını sınaqdan çıxarır, az bir zamanda
öz dəst-xətti, səliqə-sahmanı, ekran mədəniyyəti,
əməksevərliyi ilə seçilir. Elə bu keyfiyyətlərinə
görə də rejissor assistentindən televiziya mərkəzinin baş rejissoru vəzifəsinədək yüksəlir.
Televiziyada işlədiyi
illərdə «Şəhərimizin uşaqları», «Xəzər sahilində
şəhər», «Bakı
bulvarı», «Şən
əhvalatlar» və s. sənədli filmlər
çəkir, bu
kinolentlərdən bir neçəsinin ssenarisini də özü
yazır.
A. Babayev müsahibələrinin birində demişdir:
«Televiziya mənim məhəbbətimdir.
Xüsusilə səyyar telestansiyada
işləməyi çox sevirəm. Bir dəfə «Sovremennik» teatrının qastrol
tamaşasını translyasiya eləməli idim. O ərəfədə studiyada bərk məşqul olduğumdan
əvvəlcədən
tamaşaya baxa bilməmişdim.
Translyasiya vaxtı yaman həyəcanlı idim. Məsuliyyətli işdir, axı.
Televiziya rejissoru tamaşaya ya ikinci ömür verir, ya da əksinə, onu tamamilə
öldürür...»
Bununla
belə, 1964-cü ildə «Azərbaycanfilm» kinostudiyasında «Kimi daha çox sevirik»
kinoalmanaxı istehsalata buraxılanda rəhbərlik kinodramaturq
İ.Qasımovun yazdığı «Zirvə» ssenarisini lentə almağı A.Babayevə tapşırır.Bir
qrup alpinistin qarlı dağa çıxmasından,bu zaman
onların çətin sınaq qarşısında qalmalarından və özlərini belə vəziyyətdə necə aparmalarından bəhs edən bu kinonovella rejissorun
özü üçün də böyük kinoda bir
sınaq olur.Həm də uğurlu bir sınaq.
Hazırda fəaliyyət göstərən «Debüt» eksperimental – gənclik yaradıcılıq studiyasını o vaxtlar kinoalmanaxlar üçün çəkilən qısametrajlı bədii filmlər - kinonovellalar əvəz edirdi.Belə bir yaradıcılıq sınağından uğurla keçən gənc rejissora sonralar böyük ekran üçün tammetrajlı bədii film çəkməyə icazə verilirdi.
1967-ci ildə
A.Babayev kinostudiyaya işə
dəvət olundu. Tanınmış televiziya rejissorunun təcrübəli kinodramaturq
İ.Qasımovla yeni birgə
əməkdaşlığı
«İnsan məskən salır»
tammetrajlı bədii
filmində uğurla
davam etdirildi və
bu kino əsəri böyük kinoya
istedadlı sənətkarın gəlməsindən
xəbər verdi.Hətta özü də xırda bir epizodda
neftçi rolunda çəkildi.
Filmin ümumittifaq ekranları üçün qəbul olunması haqqında Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin rəyində oxuyuruq: «Filmi qəbul edərkən Dövlətkino qeyd edir ki,çəkiliş qrupunun kollektivi Neft Daşlarında çalışanların qəhrəmanlığı haqqında yüksək professional səviyyədə film, bizim müasirlərimiz barədə təsirli kino əsəri yaratmağa müvəffəq olmuşdur. . .
Filmin yüksək ideya və
bədii dəyərini,eyni zamanda kino əsərinin geniş tamaşaçı
auditoriyası tərəfindən şübhəsiz maraqla
qarşılanacağını nəzərə alaraq, Dövlətkino onun İttifaq ekranına qəbul edilməsi üçün
baxılmasını mümkün hesab edir..» Filmin uğurlu
alındığını deyən
kino mütəxəssisləri səhv etməmişdilər.
Gənclər haqqında söhbət açan, şəxsiyyətin
formalaşmasından, həyata
yenicə atılan gəncin çətinliklərlə, həyatdakı
mənəvi təzadlarla
qarşılaşmasından, gənc
yaşlarından əsl
insan, prinsipial, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən danışan
«Uşaqlığın son gecəsi»
lirik filmində və digər filmlərində A.Babayev sevdiyi
mövzuya sadiq qalmış, professional kinorejissor kimi
özünü sənətdə təsdiqləmişdir.
Arif içərişəhərli kimi onun hər küçəsinə,
hətta hər daşına - kəsəyinə
yaxşı bələd idi. Sənətşünas H.Sadıxov yazır
ki, Arif adətən şəhəri tək
gəzərdi.Şəhər evlərinin
hansı saatda hansı çalarlarla bərq
vurduğunu və
kölgələrə büründüyünü
öyrənmişdi.
İçərişəhərin bütün dar keçidlərinə,əsrlərin
sərt və çətin sınaqlarına
dözmüş darvaza və
qapılarına ,evlərin
hər tininə bələd
idi.Bütün bunlar ona gələcəkdə
zəngin həyat materialı kimi
lazım olacaqdır. . .
Həqiqətən də rejissorun filmlərində Bakı, xüsusilə İçərişəhər, Qoşa qala qapısı böyük məhəbbətlə tərənnüm olunmuşdur. «Uşaqlığın son gecəsi» filmi ekranlara buraxılandan sonra o vaxt mərkəzi mətbuat yazmışdı: «Rejissor hər şeydən əvvəl, köhnə estetik ölçülərdən uzaqlaşmağa çalışmışdır. Filmdə xüsusi, səliqəli mizanlar yoxdur.Rejissor sanki İçərişəhərin çoxailəli həyətlərinin birində səyyar televiziya kamerası üçün uğurlu bir nöqtə seçmiş və bu həyətin sakinlərinə mane olmadan onların güzaranını, münasibətlərini lentə almışdır». «Uşaqlığın son gecəsi» rejissorun ən yaxşı filmlərindən biridir.
Bizim müasirlərimiz olan iki gəncin – Əsmərlə Oqtayın uğursuz məhəbbətindən bəhs edən «Gün keçdi» filmi buna ən yaxşı misal ola bilər.Bu filmdə bir kədər, bir həsrət duyğusu var.Rejissor İçərişəhərdə aparılan tikinti işləri ilə,köhnə evlərin sökülüb,yeni binaların tikilməsi ilə heç cürə barışa bilmirdi.Hətta «Gün keçdi» filminin çəkilişləri vaxtı binalardan birinin necə uçurulduğunu görüb ürək ağrısı ilə onu lentə köçürmüşdü.
Filmin ədəbi ssenarisində yazılmamış epizodlar
var. Ssenari müəllifi Anarın dediyinə görə, səhərin ala-toranlığında
Malakan bağında heykəllərin sabunla yuyulması, hələ yuxudan oyanmamış adamsız
küçələrlə sirk atlarının aramla aparılması – bütün
bunlar rejissorun öz müşahidələri idi o, yuxusuz gecələrində küçələrini dolaşdığı
şəhəri, səhəri diri gözlə açdığı zaman qarşısına
çıxan mənzərələri canlandırmaq istəyirdi
. Gördüklərini, duyduqlarını yalnız əks etdirmirdi, poetikləşdirirdi, ekran şeirinə çevirirdi… A. Babayev Bakının ekran şairi idi.
Rejissor «Gün keçdi» filmində poetik bir dillə həyatımızın çox
incə məsələlərinə toxunur, burada ilk məhəbbətin uğursuzluğundan, tənhalıq problemindən, yurd, vətən həsrətindən söhbət gedir.Eyni zamanda İçərişəhərin gələcəyi üçün sənətkar
narahatçılığı, vətəndaşlıq mövqeyi ifadə olunur. Əgər desək ki, Oqtay elə Arif Babayevin
özüdür, səhv etmərik. O,
filmdə Oqtayın vasitəsilə İçərişəhərin dolanbac döngələrinə, hər daşına, qala divarlarına canlı obyekt kimi
baxırdı. Biz bunu filmdə hiss edirik,duyuruq,
görürük.
İki qəhrəmanın uğursuz taleyi üzərində qurulmuş «Gün keçdi»
lirik filmi kino mütəxəssisləri tərəfindən «iki aktyorla rejissor işi»
adlandırılmışdır. Əsmər rolunun ifaçısı L.
Şıxlinskayanın dediklərindən: «Əsmər monoroldur. Belə rol hər bir aktrisanın
arzusudur. O vaxtı Arif mənə bu rolu təklif edəndə mən Moskvada təhsil alırdım. Bakıda kino sınaq çəklişi
uğurlu alındı. Moskva məni bu rola təsdiq etdi. Ancaq ssenari müəllifi
Anar SSRİ Dövlətkinonun
sədrinə teleqram göndərmişdi ki, əgər aktrisa Şixlinskayanı bu rola təsdiq etsələr o, müəllif
hüququndan imtina edəcək.
Çünki Anar inana bilmirdi ki, mən bu obrazı yarada bilərəm... Filmi
aparıb Moskvada təhvil
verəndə komissiyanın
üzvləri
baxışdan sonra bizi alqışladılar. Anar durub mənim əlimi sıxdı və dedi: «Filmdə yaxşı
oynadınız. Çox sevinirəm ki, mən səhv etmişəm».
Arif söyləyirdi ki, Anar H. Məmmədovun da bu filmdə çəkilməsinə razı olmurdu. «Böyük dayaq»dakı Qaraşdan sonra
Həsənin içərişəhərli rolunu necə
ifa edəcəyinə şübhə ilə
yanaşırdı. Zaman isə göstərdi ki, rejissor hər iki aktyorun
seçimində
haqlı imiş.
Görkəmli rejissor və dramaturq H. Seyidbəyli bu film ilə bağlı
yazmışdır: «Hekayənin ssenarisi üçün material
verən səhifələri filmin ən yaxşı
epizodlarını təşkil edir. Bu epizodlarda hekayənin öz ruhundan doğan bir
təbiilik, zəriflik və həssaslıq var... Rejissor A. Babayev ssenarinin ən
yaxşı epizodlarını ekrana köçürərkən həssaslıq
göstərmişdir».
Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli, nəsillərin estafeti barədə danışan «Ömrün ilk saatı» kinolentində A. Babayev dolğun xarakterlər yaratmağa
çalışmışdır. Burada müəlliflər nəsillər arasında yaranan
problemə,
qloballaşan ekoloji problemə
və saxta xalqlar
dostluğuna toxunurlar.
A. Babayev
vəziyyətindən, vəzifəsindən, həyatda tutduğu mövqedən asılı olmayaraq, hər bir kəsə - istər dramaturq olsun, istər işıqçı –
qiymət verməyi bacarırdı. Bir rejissor kimi onun ən
böyük ləyaqəti aktyora, insana
qayğı ilə
yanaşması idi. Elə buna görə
də rejissorun filmlərində çəkilən aktyorlar etiraf edirlər ki, onlar çəkliş
meydançasına inamla çıxır, özlərini sərbəst aparır, heç bir həyəcan hissi keçirmirdilər.
«Alma
almaya bənzər» filminin müzakirəsi ilə bağlı «Azərbaycanfilm» kinostudiyası bədii şurasının
iclasının protokolundan
çıxarış.Çıxış edənlərdən Ə.Qulubəyov: «Ssenarinin pis keyfiyyətdə olması ilə bağlı çəkiliş qrupu
qarşısında böyük çətinliklər
dururdu.Baxdığımız materiallar çox yüksək professional səviyyədə yerinə yetirilmişdir. Bu, rejissor A.Babayevin xidmətidir.
Filmdə milli spesifika hiss olunur, fikrin bütövlüyü
vardır».
A.Nərimanbəyov: «Biz filmin faciəvi vəziyyətinin şahidləri olmuşuq. A.Babayev
bu çətin vəziyyətdən ləyaqətlə çıxmışdır.
Bu,onun filmidir. Manera A.Babayevindir, hər bir kadrda onun dəst-xətti hiss olunur».
İ.Şıxlı:-
«Ssenari xaltura idi,onu bizə Moskva
sırımışdı. Əla, Arif Babayev! O,boş
ssenaridən belə yaxşı film yaratmışdır.Hər yerdə rejissorun əli hiss olunur, bütün
yaradıcı qrup boş ssenarini məzmunla doldurmağa
çalışmışdır.Əgər ssenaridə bir şey olsaydı,
A.Babayev öz inkişafında bir addım irəli gedə bilərdi. Mən sənə gələcəkdə belə ssenarilərlə
qarşılaşmağı arzu etməzdim,Arif».
Rejissor A.Babayevin növbəti filmi «Arxadan vurulan zərbə» adlanır. Sujetin gərgin inkişafı, gözlənilməz keçidlər, təqiblər, qətllər,cəsarətli və gözəgəlimli gənc müstəntiqin soyuqqanlığı
,onun hər cür vəziyyətdən çıxış yolu axtarıb tapması, rəngarəng mənzərələr – bütün bunlar kəskin sujetli psixoloji – detektiv
filmi baxımlı etmişdir.
A.Babayev
insan iradəsinin yenilməzliyindən, vətən məhəbbətinin hər şeydən üstün olduğundan danışan bu filmlə bağlı demişdir:
«Arxadan vurulan zərbə» filmi mənim üçün rejissor düşüncələrimin və bizim müasirimizin problemləri
,onun həyatı, cəmiyyətə münasibəti ilə bağlı axtarışlarımın davamı oldu». Mövzu onunku
olmasa da, özünü detektiv janrda sınayan rejissor A.
Babayev maraqlı bir əsər yaratmağa müvəffəq olmuşdur. Filmdə insanların təhlükəsizliyi keşiyində daim sayıq duran
cinayət –
axtarış orqanlarının təmiz
vicdanlı, cəsur
əməkdaşları
haqqında danışılır. Onlar
törədilmiş
cinayəti
açmaq, cinayətkarı
tapmaq üçün hər
an ölümlə
üz-üzə gəlirlər.
Müəllif fikrinin düzgün ekran təcəssümü filmin bədii cəhətdən dolğun
çıxmasına səbəb olmuşdur. A. Babayev professional rejissor idi. O, filmin plastikasını,
stilistikasını, ruhunu, təsvirini incəliklərinə qədər hiss edirdi.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti quruldu. Bundan bir qədər əvvəl U.Çerçill «Nyu – Uc»
ingilis jurnalında yazmışdır: «Əgər neft kraliçadırsa,Bakı onun taxtıdır». 20-ci
ilin yazında bu taxt bolşeviklərin
əlinə keçdi. Lakin yerli sahibkarlar bununla heç cürə barışa
bilmirdilər. İranın Ənzəli
şəhərində yerləşən ingilis ekspedisiya
ordusu Bakını ələ keçirməyə hazırlaşırdı. «Birisigün, gecəyarısı»
sənədli - siyasi detektiv
filmi həmin
dövrün dramatik hadisələrini ekranda
canlandırır. Film respublikanın ilk
çekistlərinə həsr olunmuşdur.
Tarixi – detektiv filmdəki hadisələr eyni vaxtda müxtəlif məkanlarda baş verir. Bakıda əksinqilabi qiyama hazırlıq görülür, uzaq
dağ kəndlərinin birində qərar tutan İsrafil bəy dəstəsinin sayını artırmağa
çalışır; Ənzəlidə isə ingilis ekspedisiya korpusu «Birisigün, gecəyarısı»na
təyin
olunmuş qiyamda iştirak etmək üçün sərhədi keçib Bakıya
hücuma hazırlaşır.
Müəlliflər tarixi hadisələri ekranda canlandırmaqla yanaşı bu üç
süjet xəttini bacarıqla birləşdirmiş və çekistlərin fəaliyyətinin həlledici əhəmiyyətə malik olmasını
qabarıq göstərmişlər.
Rejissor A.
Babayev bu filmlə bağlı demişdir: «İşin çətinliyi təkcə tarixi hadisələrin yenidən bərpasında deyildi, həm də bütün süjet xəttlərinin üzvi surətdə birləşdirilməsində idi. Biz hadisələri elə
«balanslaşdırmağa» çalışmışıq
ki, macəravi
dinamika və kəskinlik
tamaşaçılara Azərbaycan
çekistlərinin
missiyasının nə
qədər çətin olduğunu dərindən başa
düşməyə kömək etmiş olsun».
İstedadlı sənətkar boya - başa çatdığı şəhəri, bu şəhərdə yaşayan insanları, bir
yerdə işlədiyi həmkarlarını qəlbən sevirdi. Hələ indiyə
qədər heç bir Azərbaycan rejissoru filmlərində izdihamlı Bakı
küçələrini, İçərişəhərin əzəmətini, Dənizkənarı bulvarın
gözəlliyini belə
ardıcıllıqla və
səylə təsvir etməyə müvəffəq olmamışdır. Bütün bunlar onun üçün təkcə mühit deyil, həm də
kino əsərlərinin baş qəhrəmanları
idi, özlərinin
daxili aləmləri, həyəcanları, məhz Bakıya xas olan hissləri ilə.
Bu gün A. Babayev adı İçərişəhərlə
sinonim təşkil
edir. A. Babayev dedikdə
bu ad İçərişəhərə
sonsuz məhəbbət, vurğunluq ifadə edir. Təsadüfi deyil ki, bu
gün Arif Babayevin «Uşaqlığın son gecəsi» və «Gün keçdi»
filmləri artıq
klassikadır.
Kinematoqrafçılarımız bu böyük sənətkara borclu qalmamış, onun haqqında «Kinorejissor Arif Babayev» adlı üç hissəli sənədli film yaratmışlar. Rejissor C. Quliyevin lentə aldığı bu film - portretdə A. Babayevin həyat və yaradıcılıq yolu öz əksini tapmışdır. Rejissorun çəkdiyi filmlərdən fraqmentlər, foto və kino arxiv sənədləri filmə daxil edilmiş, həmkarları onun barəsində söhbət açmışlar.
Həssas
yoldaş, vicdanlı, təvazökar,
xeyirxah insan, özünə
qarşı tələbkar, incəsənətə sədaqətli,
gözəl insan A.
Babayev üçün C. Cabbarlı adına «Azərbaycanfilm»
kinostudiyası doğma ev, Azərbaycan
kino sənətinin estetik
simasını müəyyənləşdirən
filmləri isə onun övladları
idi. Şübhə
yoxdur ki, bu övladlar öz yaradıcılarını, -
kinorejissor Arif Babayevi əbədi olaraq
yaşadacaqlar.
Aydın
Kazımzadə,
əməkdar incəsənət
xadimi, dosent
kaspi.-2014.-11-13 yanvar.-S.22-23.