Emin Piri – yeni səs, yeni nəfəs
Vaqif Yusifli
Müasir ədəbiyyat
(«Gənc yazarlar, sözüm sizədir..»
silsiləsindən)
Nəhayət, müəyyən fasilədən sonra şeirimizə əsl istedadlar ayaq açır. Mətbuatda yüzlərlə
şairin şeirlərini
oxuyur, amma bu yazıların böyük bir qisminin şairlik sənətinə,
poeziya aləminə heç bir dəxli yoxdur. Şeirimizi yaşadan, ona yeni qollar, budaqlar artıran
istedadlar isə
kütləvi şəkildə deyil, tək-tək gəlirlər ədəbiyyata
və belə istedadlardan biri də EMİN
PİRİdir.
Yaşı iyirmini ötüb, bəlkə iyirmi beşi də keçib, amma mən bilən, otuza çatmayıb. Əsl gənclik dövrünü
yaşayır və məsələ burasındadır ki, Eminin şeirləri ilə yaşı bir-birini
yaxşı tutur. Mənim
fikrimcə, əsl istedadlar şeirə, ədəbiyyat
aləminə birbaşa, kimsənin təsirini şeirlərində yaşatmadan da gələ bilərlər.
Emin
Pirinin şeirləri üzərində hansı ustadınsa təsiri hiss olunmayan, yalnız
özününkü olan və fərdi üslubuyla diqqəti cəlb edən nümunələrdir
Əsgər sinəsi axtarır
isinməyə
fevral
şaxtasından
üşüyən
güllə.
hər əsgər tabutu
bir
ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən
qızın arzularını
götürüb gedər
hər
atılan güllə.
Eminin
«Sağ qalan varmı?!» şeiri müharibənin doğurduğu bəlalardan söz açır. Onun müharibə
ilə bağlı
daha bir neçə
şeiri var, amma bu şeirlərdə nə çağırış var, nə də döyüş marşlarını
xatırladan himnlər…Eminin
müharibə
şeirləri
çox kədərlidir. Və hər bir şeirində itkilərdən, bu itkilərin
doğurduğu bəlalardan
danışır. Məsələn, yuxarıdakı şeirində «tağım komandirinin səngərdən
qıvrıla-qıvrıla boğuq səsi gəlir: kimsə sağdı?»
Başqa bir şeirində («Ayağım özümdən qeyrətli çıxdı») əsgər öz ayağını
itirir:
O da cəbhədəydi
mərmilər
qucaqlamışdı
sağ
ayağının addımını.
Arxada can
verən
addım
səsinə
qayıdıb
itmiş
ayağını aldı əlinə.
Bir vaxt
sevgilisinə
gül
verən əllər
bugün
nə
aparacaqdı?!
danlayır özünü hər səhər-axşam
əlini
başına, dizinə çırpır:
o
qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.
Adına müharibə deyilən o dəhşətli bəlanın hər anı bu cür itkilərlə doludur. Amma müharibəni hamı eyni dərəcədə fəlakət,
müsibət, dəhşətlər kimi dərk
etsə də, onun şair
anlamında poetik ifadəsi
müxtəlifliyi ilə seçilir.
Deyək ki,
müharibə iştirakçısı olan bir şairin şeirləri ilə müharibədə iştirak eləməyən, amma impulsiv şəkildə onun ağrılarını
yaşayan bir şairin şeirləri tamam fərqli nəzərə çarpacaq… Emin
Piri şeiriyyət
aləmində ən sonuncu nəslin
nümayəndəsidir və təbii ki, bu nəsil
müharibəni,
onun doğurduğu bəlaları
fəhmlə dərk ediblər.
Və
ən əsası da odur ki, XXI
əsrin gəncliyində yaşayan bu nəsil anadan olduqları
gündən indiyəcən müharibə
haqqında bəlkə çoxumuzdan məlumatlıdırlar.
Necə
deyim, onlar Atəşkəs dövrünün
müharibə
uşaqlarıdır. Emin Pirinin şeirlərində də müharibə
bədii təxəyyülün real təsəvvürlərlə vəhdətindən yaranan əhval-ruhiyyəni əks etdirir. Doğrudan da, biz yaşlılar hərdən
elə fikirləşirik ki, görək bu sonuncu nəsil müharibə və itgilərimiz
barədə nə düşünürlər (özü də elə bir dövrdə ki, kompüter
inqilabı, qloballaşmaya çağırış,
postmodernizm sevgisi və
s. əsarətindəyik).
Şəhid məzarlarını
mərmərə bükdük,
daş
qoyduq başlarına
qalxa
bilməsinlər
üzümüzə tüpürməyə.
Bu
yaşıma görə
Şəhidlər Xiyabanında
18
yaşlı
baş
daşları
utandırdı məni.
məndən
kiçikdi hələ
məndən
öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başqasının doğum günüymüş.
Emin Piri şeirlərində bədii təzadlarla-kontrastlarla işləməyi çox sevir. Onun şeirlərinin məzmununda iki bir-birinə zidd hadisə ya da ideya
qarşılaşdırılır, bu məzmunu ifadə
edən poetik vasitələrin əksəriyyəti də bədii təzadlardan
ibarətdir.
Diqqət edin: mərmərə bürünmüş şəhid məzarları, müqəddəs məzarlar… amma başlarına
daş qoyduq ki, ayağa qalxıb üzümüzə tüpürməsinlər. Əlbəttə, burada tüpürmək məsdəri çoxlarını
qıcıqlandıra bilər. Niyə
tüpürməlidir
şəhidlər? O səbəbdən ki, itirilmiş torpaqlar hələ də düşmən tapdağıdır. Şairi qınamaq olmaz, onun yaşı və o nəslin yaşı
artıq 18 yaşlı şəhidlərin yaşını
da keçib, amma hələ də torpaqlar əsarətdədir. Bax, Emin Piri
şeirlərini bu
sayaq kontrastlarla qurur.
Dünyada şairlər üçün yazılmamış mövzu
qalmayıb daha. Amma ən
işlək, min dəfə müraciət
olunan mövzularda da təzə söz demək
mümkündür. Emin Pirinin ənənəvi mövzularda təzə söz deməyə can atması və əksər hallarda istəyinə çatması onun poetik
istedadını nümayiş etdirir. Bu mənada iki şeiri
haqqında söz açmaq istərdim.
Birinci şeirin adı «Sevgi»dir. Şeirl «sevgi nədir?»
sualına cavablar üzərində qurulub. Assosiativ düşüncələrlə
müşayiət
olunan bu şeirdə
qəfil, gözlənilməz mənalarla
qarşılaşmırıq, lakin adiliklər qeyri-adiliklər kimi diqqəti
cəlb edir.
Əllərin ovcumda,
ovcumda
dünya
suya
tilov sallayıb
əllərindən
göyərçinə dən atmaqdı
sevgi.
Körpü
üstündə
dalğalanan saçlarında
əllərimin
balıq kimi üzməsi,
sinənə sıxılıb
gözlərində qağayıların uçuşunu
seyr eləmək,
dalğalı dənizdə boğulub
ölməkdi
sevgi.
Şeirdə misralar arasındakı məntiqi əlaqəni də hiss etdiniz, metaforik təfəkkürdən doğan ifadələri də gördünüz. Emin Pirinin «Qız qalası» şeirinə isə müəllifin
tapıntıları kimi baxırıq. O, Qız
qalasının sözlərlə rəsmini çəkir, özü də bu rəsmdə modern əlamətlər daha üstündür, bu azmış kimi onu sanki bir
kino-operator kimi lentə də alır… Bu rəsmdə və «filmdə»: «dolanbac pillələrdə fırlanır zamanın başı Qız qalası-dənizə uzanan barmağımızda
üzüyün qaşı…Gecələr qoynuna qaçıb
cırmaqlayır dalğalar ətəyini tuisa, guya qalxıb siləcək əsrlərdən bəri doluxsunan gözlərini…səhər Qız qalası
üz-gözündə dənizin izi. Günəş
boylanar qızarar öpüş yeri, qızarar qalanın
qızı».
Yaxşı haldır ki, Eminin şeirlərində indidən rəng duyğusu, təbiəti, onun gözəlliklərini duyub mənalandırmaq cəhdi bariz nəzərə çarpır. Sözlərin
yaratdığı rəngarənglik təbiətin rənglərinə qarışır.
Əksər hallarda isə Emin təbiəti peyzaj təsviri kimi yox, təbiətdə insanın əksi kimi götürür. Sən bu şeirlərdə
təbiətin ritmini,
nizamını və
nizamsızlığını, ahəngini
və ahəngsizliyini nəinki hiss edir, hətta görə bilirsən. İşıqforda çaşan külək «döngələrdə
gizlənib
oğrun-oğrun baxır qızlara. Kiminin
taleyini, kiminin telin aparır». Bürkülü
yayda «bürkülü insan baxışları soyundurub şəhərin tərli
pəncərələrini.
Ağaclar sinəsindən cırıb
yaşıl köynəyini
yaydan insaf dilənir».
Və qar
yağır: «Qar qardaş, dünyanın ən təmiz yalanı sənsən. Qar
qardaş, mənə görə yox atama görə yağma o, yalan
danışmağı bacarmır ata oğul arasına girmə, qar…qar istəyir uşaqlar
tanksız, yalansız, əlcəkli qar.
Yağırsansa belə yağ qar!». Bu
misralarda təbiətin ahəngi ilə duyğuların,
hisslərin ahəngi bir-birinə qarışıb.
Emin Piridə şairlik üçün mühüm məziyyət sayılan poetik fikir
aydın, təsirli və konkretdir. Vaxtilə ustad şairimiz Rəsul Rza o zamanın gənc şairi İsa İsmayılzadənin şeirləri barədə yazmışdı ki: «O, həyatın adi hadisələrinə şair gözü ilə baxır, onlarda çox
şey görməyi bacarır». Rəsul
müəllim
sağ olsaydı, Eminin şeirləri
barədə də eyni fikri söyləyərdi.
Emin bəlkə də adi hadisə təsiri bağışlayan abort əməliyyatına bir şeir həsr edib:
Cənnət anaların ayağı
altındadı
deyən
qadın
bətnində doğradığı
körpə bədənini
yığıb ayaqları altına
qalxır
cənnətə sarı.
Təsirlidir.
Amma sonra daha təsirli və həm də düşündürücü lövhələr canlanır: Ana «öz fəryadından tutulan qulaqları
eşidə bilmir bətnindəki körpənin «yaşamaq istəyirəm» hayqırtısını. Alın yazısında həyat ana bətnindən abort stoluna kimi uzanan
yolmuş».
Eminin «Oyun» şeiri mənə bir oxucu kimi daha poetik, daha
düşündürücü, daha səmimi göründü. Bu şeirdəki fəlsəfi çalarlar da Eminin həyatı, gerçəkliyi, dünyanı
özünəməxsus bir tərzdə dərk etdiyini sübuta yetirir. Bu
şeirdə hətta Eminlə mübahisə də edə bilərsən, amma onun düşüncələrinin poeziya dililə necə ifadə edildiyinə heyrətlənməyə bilmirsən: «Ən çox sevdiyi
qadından da bezir adam. Başının
üstə qaldırıb yer
kürəsini soxasan Marian
çökəkliyinə bir qadın ucbatından. Günəş dar
ağacı dünya edam kürsüsü haqq-nahaq
asılır hamı…bu yer kürəsini
sapand daşıtək
atıb Bermud bucağına gizlədəsən özünü». Şeirdəki
fikir oyunu dünyanın, gerçəkliyin
reallıqları ilə
uzlaşır.
Emin Pirinin şeirlərində əqillə hissiyyat, rasionallıqla emosionallıq vəhdətdədir, iç-içədir. Bu şeirlərin ağıllı
ürəyin
çırpıntıları olduğuna qətiyyən
şəkk eləmirəm. Təbii
ki, onun heç də
bütün şeirlərinə bu təhlil prizmasından
boylanmaq olmaz. Özünün yaxşı şeirləri ilə müqayisədə aşağıları da
var. Məsələn, Ramiz Rövşənə, Sergey Yeseninə, Məmməd İsmayıla rəğbətlə yazılan şeirlər poeziyanın yox, rəğbətin, ustadlara hörmətin ifadəsi kimi yadda qalır. Yaxud «Mən zəhərlənəndə şeir qusmuşam» şeirini
heç yazmamaq da olardı.
Ümumi təəssüratım
isə çox
müsbətdir və mənim fikrimcə
Emin Piri bu səviyyəni qoruyub saxlasa,
şeiriyyət aləmində yeni bir
cığırın YOLA çevrildiyinin şahidinə çevriləcəyik. Uğurlar diləyirəm!
Kaspi.-2014.-11-13 yanvar.-S.21.